Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7476/2025 20.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27600,00 manat əsas məbləğ, 4968,00 manat ƏDV olmaqla, ümumilikdə 32568,00 manat məbləğində borcun və müqaviləyə əsasən gecikdirilmiş məbləğ üçün hesablanmış 1628,4 manat cərimənin və 192,59 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 mart 2025-ci il tarixdə, № 01CS/28-25saylı, tikinti materialları və avadanlıqlarının alqı-satqısına dair müqavilə bağlanılmışdır. Müqavilənin tələblərinə əsasən sifarişçi CavabdehMMC 27600,00 (iyirmi yeddi min altı yüz manat, 00 qəpik) manat əsas məbləğ, 4968,00 (dörd min doqquz yüz altmış səkkiz manat,00 qəpik ) manat ƏDV olmaqla ümumilikdə 32568,00 (otuz iki min beş yüz altmış səkkiz manat,00 qəpik) manat dəyərində tikinti malları təhviltəslim aktı əsasında öz anbarına qəbul etmiş və sifarişçi icraçı “Caspimmex Group" MMC yə malın dəyərin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilərək xidmətlər icra edilsə də, Sifarişçi tərəf öz öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. “Caspimmex Group" MMC və Cavabdeh MMC arasında 01 mart 2025-ci il tarixdə, № 01CS/28-25 saylı, müqaviləyə 1 №-li əlavəyə əsasən tikinti mallarının satınalması üzrə qiymətlərin razılaşma protokolları imzalanmışdır. Həmin protokollara əsasən Cavabdeh MMC-nin "xxxx" MMC-yə ödənilməmiş borcu ümumilikdə 32568,00 (otuziki min beş yüz altmış səkkiz manat,00 qəpik) manat təşkil edir. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmişdir. Belə ki, sonuncu dəfə 08 avqust 2025-ci il tarixdə pretenziya məktubu ilə “Azərbaycan Respublikasının Vergilər Nazirliyi” nin elektron kabineti vasitəsilə cavabdehə müraciət edərək, 10 (on) gün ərzində 27600,00 (iyirmi yeddi min altı yüz manat, 00 qəpik) manat əsas məbləğ, 4968,00 (dörd min doqquz yüz altmış səkkiz manat,00 qəpik ) manat ƏDV olmaqla ümumilikdə 32568,00 (otuz iki min beş yüz altmış səkkiz manat,00 qəpik) manat məbləğində olan borcun ödənilməsini tələb etmişik. Lakin həmin pretenziya məktubu elektron formada cavabdehə təqdim olunsa da, cavabdeh tərəfindən heç bir məbləğ ödənilməmişdir. Bununla yanaşı, tərəflər arasında bağlanmış müqavilənin 3.4-ci bəndinə əsasən,cavabdehin müqavilə öhdəliklərini gecikdirməsi halında,hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 0,1% miqdarında cərimə nəzərdə tutulmuşdur, o şərt ilə ki belə cərimənin tam məbləği gecikdirilmiş məbləğin 5%-dən çox olmayacaq. Müvafiq hesablamalara əsasən xx.xx.2025-ci il tarixinədək 1380,00 (min üç yüz səksən manat,00 qəpik) əsas məbləğ, 248,4 (iki yüz qırx səkkiz manat, 40 qəpik) manat ƏDV olmaqla ümumilikdə 1628,4 (min altı yüz iyirmi səkkiz manat,40 qəpik) manat məbləğində cərimə hesablanmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Quliyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 01 mart 2025-ci il tarixli, 01CS/28-25 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya müqaviləyə əlavədə (qiymət razılaşma protokolunda) və elektron qaimə fakturada göstəriləcək çeşiddə, miqdarda, qiymətdə və dəyərdə olan mal və avadanlıqları satır, alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir.
8. Müqavilənin 2.2.2-ci bəndinə əsasən alıcı malların dəyərini hesab-faktura və təhvil-təslim aktının imzalanmasından 7 (yeddi) təqvim günü ərzində köçürmə yolu ilə satıcıya ödəyir.
9. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulan bütün ödənişlər alıcı tərəfindən bu müqavilədə göstərilən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. Yalnız Ədv tərəflərə aid ədv-nin depozit hesabına ödənilməlidir.
10. Müqavilənin 3.4-cü bəndinə əsasən alıcı müvafiq əlavədə müəyyən olunmuş müddət ərzində ödənilməsi nəzərdə tutulan məbləği satıcıya vaxtında ödəmədiyi təqdirdə, həmin gecikdirilmiş məbləğin ödənilməsinin gecikdirilmiş hər bir günü üçün gecikdirilmiş məbləğin 0,1%-i qədər cərimə hesablanacaqdır, o şərti ilə ki, belə cərimənin tam məbləği gecikdirilmiş məbləğin 5%-dən çox olmayacaq.
11. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq olunmuş xx.xx.2025-ci il tarixli xx.xx.2025-ci il tarixli 01CS/28-25 nömrəli alqı-satqı müqaviləsinə 01 saylı əlavəyə əsasən müqavilə üzrə satılacaq malların dəyəri razılaşdırılmışdır.
12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli, MT2504 11755568 nömrəli 32586 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.
13. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq olunmuş xx.xx.2025-ci il tarixli, 1CS/25 nömrəli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ümumi dəyəri ədv daxil 32568,00 manat olan mallar cavabdehə təhvil verilmişdir.
14. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
15. Belə ki, iddia 2 hissədən ibarətdir: 1. əsas borcun ödənilməsi; 2. cərimə borcunun ödənilməsi;
16. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.
17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 01 mart 2025-ci il tarixli, 01CS/28-25 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
18. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
26. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
28. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.
30. Belə ki, materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 27600 manat əsas, 4968 manat ƏDV olmaqla, ümumilikdə 32568,00 manat dəyərində mal təhvil verilmiş, cavabdeh tərəfindən həmin malların dəyəri ödənilməmişdir.
31. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı qalıq 27600 manat əsas, 4968 manat ƏDV olmaqla, ümumilikdə 32568,00 manat borcun ödənilməsini tələb etməklə haqlıdır, iddia həmin hissədə təmin edilməlidir.
32. Məhkəmə iddianı ikinci hissədə də əsaslı hesab edir.
33. Belə ki, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 1628,4 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
35. Məhkəmə hesab edir ki, borcun gecikdirilməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir.
36. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 27600 manat əsas borc, 4968 manat ədv borcu, 1628,4 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 192,59 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 27600 manat əsas borc, 4968 manat ƏDV, 1628,40 manat cərimə, 192,59 manat dövlət rüsumu, ümumilikdə 34388,99 (otuz dörd min üç yüz səksən səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X3