Məhkəmə qərarları › İş №e-2-2(113)-75/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-75/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-75/2022 11.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dividendin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “dividendin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2019-cu il üçün dividendin və 2020-ci il üçün xalis mənfəətin müəyyən olunaraq iddiaçının payının mütənasib olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və X3 birlikdə "xxxx" MMC-ni 16.01.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyinin yanında X7 Milli Gəlirlər Baş İdarəsinin X8 Qeydiyyat İdarəsi tərəfindən qeydiyyatdan keçirməklə cəmiyyəti yaratmışlar. İddiaçı 50 faiz və X4 50 faiz paya sahib olmaqla eyni zamanda X4 cəmiyyətin qanuni təmsilçisi təyin olunmuşdur. Cəmiyyət fəaliyyətinə 26 fevral 2019-cu il tarixdən başlamış ve hal-hazıradək davam etməkdədir. Cəmiyyət fəaliyyətə başladığı ilk vaxtdan 2020-ci ilin oktyabr ayınadək iddiaçının istifadəsində olan Azure Business center 6-cı mərtəbə, 26-da fəaliyyət göstərmiş, bu müddət ərzində icarə haqqı ödəmədiyi üçün iddiaçının tələbi ile ofisdən çıxmışdır. Cəmiyyət fəaliyyətə başladığə ilk dövrlərdən müxtəlif şəxslərlə müqavilələr bağlamış, aktiv işləmişdir. S.Babazadə ilk aylarda qazandıqları vəsaiti guya cəmiyyeti böyütmək adı altında investisiya etdiyini bildirmiş, lakin verdiyi vədlərinə əməl etməyərək artıq bir ilin tamamından sonra yenə də, gəlirləri bölüşdürməkdən yayındığı üçün iddiaçı dəfərlərlə yazılı və şifahi şəkildə cavabdeh camiyyetin təsisçisi ve direktoru S.Babazadəyə 15.08.2020-ci il tarixdə ərizə ile müraciət edərək, 19.09.2020-ci il tarixde cəmiyyətə məxsus ofisdə görüş təyin edərək "cəmiyyətin fəaliyyet göstərdiyi dövr ərzində əldə etdiyi gəlirlər ve xərclərlə bağlı bütün sənədlərin surətlərini, vergi orqanına təqdim olunmuş bəyannamələrin surətlərini ve dividendin ödenilməsini xahiş etmiş, lakin Babazade salman Mehemmed oğlu iddiaçıya whatsapp vasitəsilə məktub göndərərək 26.08.2020-ci il tarixde saat 14:00-da görüşün keçirilməsinin uyğun olduğunu bildirmiş, lakin həmin tarixdə iclasa gəlməmişdir. Bundan sonra dəfələrlə iddiaçının cavabdehə müraciətlərinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə dəfərlərlə müraciət olunmasına baxmayaraq Ümumi yığıncaq keçirilməmiş, cəmiyyətin əldə etdiyi xalis mənfəət iştirakçılar arasında bölüşdürülməmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2019 və 2020-ci illər üzrə əldə edilmiş mənfəətin bölüşdürülməsi üçün Ümumi yığıncaq keçirilməmiş, mənfəətin bölünməsi barədə qərar qəbul edilməmişdir. Bundan əlavə, ekspert rəyi ilə müəyyən edilmiş cəmiyyətin əldə etdiyi xalis mənfəətlə razı deyil, belə ki, cəmiyyətin kreditorları qarşısında icra edilməmiş öhdəlikləri vardır. Belə olan halda, xalis mənfəətin bölüşdürülməsi mümkün deyildir. Cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Vergilər Nazirliyi yanında Milli Gəlilər Departamentinin X8 Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin Nizamnaməsindən görünür ki, hüquqi ünvanı ünvan 1ə kapitalı 10 manat pul həcmindədir və hər biri 1 manat olmaqla 10 paydan ibarətdir. Cəmiyyətin Nizamnaməsinin: 2.2-ci bəndinə əsasən cəmiyyət iştirakçılarçıların nizamnamə kapitalındakı payı İddiaçı – 5 manat, 5 pay, 50 % pul şəklində, X4 – 5 manat, 5 pay, 50 % pul şəklindədir. 2.5-ci bəndinə əsasən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağın qərarı əsasında bölüşdürülür. 4.1-ci bəndinə əsasən cəmiyyətin ali idarəetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağrılan ümumi yığıncağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, o, ümumi yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir. 4.2-ci bəndinə əsasən cəmiyyətin X1 müstəsna səlahiyyətlərinə qanunvericiliklə başqa şərtlər müəyyən edilməmişsə, aşağıdakılar aiddir: ... cəmiyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəət və zərəri bölüşdürmək ... . 4.3-cü bəndinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Ümumi yığıncaqda cəmiyyətin nizamnamə kapitalındakı payların 50%-ə malik olan iştirakçıların təmsil olunduğu ümumi yığıncaq səlahiyyətli sayılır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 01.07.2021-ci il tarixi **********646000 nömrəli məlumatdan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən 2019-2020-ci illər ərzində dövlət büdcəsinə 11329,14 manat vergi borcu ödənilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2022-ci il tarixli 9/1924 nömrəli rəyindən görünür ki, iş materiallarında olan təqdim edilmiş sənədlərə əsasən Cavabdeh MMC-nin 2019-2020-ci illər üzrə təqdim edilmiş xərcləri çıxıldıqdan sonra əldə etdiyi xalis gəliri ümumilikdə 87680,10 manat (36608,80+51071,30) məbləğində, eyni zamanda İddiaçı məxsus 50 % paya uyğun olaraq əldə etməli olduğu dividendin 2019-2020-ci illər üzrə 43840.05 manat (87680,10 x 50 %) təşkil etdiyi müəyyən edilir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Materiallardan görünür ki, iddiaçı Cavabdeh MMC-də 50 % paya sahibdir və MMCnin 2019-cu il üçün dividendin və 2020-ci il üçün xalis mənfəətin müəyyən edilərək onun payına mütənasib surətdə ödənilməsini tələb edir. Belə ki, Cəmiyyətin Nizamnamənin 2.5-ci bəndinə əsasən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı payların mütənasib qaydada və ümumi yığıncağın qərarı əsasında bölüşdürülür. Eyni zamanda AR Mülki Məcəlləsinin 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Həmin Məcəllənin 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. Həmin Məcəllənin 91.1-3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Qeyd edilən Məcəllənin 91.3.3-cü maddəsinə əsasən cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır və məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəət ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərar əsasında iştirakçılar arasında bölüşdürülür. Beləliklə, sadalanan normaların məzmunundan görünür ki, məhdud məsuliyyətli cəmiyyətin mənfəətini bölüşdürmək ümumi yığıncağın müstəsna səlahiyyətindədir. Bundan əlavə Cavabdeh MMC-nin nizamnaməsindən də göründüyü kimi xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağın qərarı əsasında bölüşdürülməlidir. Təsisçi dividend almaq hüququna malik olsa da, bu hüququn həyata keçirilməsi Mülki Məcəllənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının iddia tələbində göstərdiyi illər üzrə, yəni 2019-2020-ci illər üzrə Cavabdeh MMC-nin iştirakçılarının ümumi yığıncağı keçirilməmiş və xalis gəlirin bölüşdürülməsi, o cümlədən, 50 % paya malik olan iddiaçıya dividenin ödənilməsi barədə qərar qəbul edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 2019-2020-ci illər üzrə MMC-nin iştirakçılarının ümumi yığıncağı keçirilmədiyindən və xalis mənfəətin bölüşdürülməsi, o cümlədən iddiaçıya dividendin ödənilməsi ilə bağlı qərar qəbul edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 145 (bir yüz qırx beş) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar