Məhkəmə qərarları › İş №e-2-2(113)-75/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-75/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-75/2023 04.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdehdən satın alınmış avadanlığın (müqavilədə göstərilən adı: 2000*6000mm CNC 100A PLAZMA Kəsim maşını) cavabdehin vəsaiti hesabına ona (cavabdehə) geri qaytarılması, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 19850 ABŞ dolları pul vəsaitinin və iddiaya baxılması üçün ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçının təqdim etdiyi bank hesabına geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2 iyul 2021-ci il tarixində 2306AA saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavadeh iddiaçıya 2000*6000mm CNC 100A PLAZMA Kəsim maşının (avadanlığının) satılmasını, iddiaçı isə həmin maşının (avadanlığın) qəbul edərək razılaşdırılmış müddətlərdə qiymətini ödəməyi öhdələrinə götürmüşlər. Avadanlığın qiyməti 17700 ABŞ dollar məbləğində razılaşdırılmışdır və bu məbləğ iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Həmçinin çatdırılma xərci olaraq, əlavə 2150 ABŞ dolları məbləğində vəsait də iddiaçı tərəfindən ödənilmişdir. İddiaçının cavabdehə hər hansı borcu qalmamışdır. Müqavilə üzrə satın alınan avadanlıq xx.xx.2021-ci il tarixdə iddiaçıya çatdırılmışdır. Avadanlıq iddiaçıya çatdırıldıqdan sonra iddiaçı cavabdehi avadanlığın yerində işlək vəziyyətdə, aralarında imzalanmış müqavilə şərtlərinə uyğun keyfiyyətdə təhvil verilməsi üçün dəvət etsə də, cavabdeh tərəfindən avadanlığın təhvil verilməsi və təhvil-təslimin rəsmiləşdirilməsi üçün hər hansı addımlar atılmamışdır. Tərəflər arasında imzalanmış 2 iyul 2021-ci il tarixli, 2306AA saylı Alqı-satqı müqaviləsinin 2.1.3-cü bəndinə əsasən təhvil vermə anında malların kəmiyyətində və keyfiyyətində çatışmamazlıq üzə çıxarsa, cavabdeh malı yenisi ilə əvəz etmək öhdəliyi daşıyır. Həmin müqavilənin 2.2.3-cü maddəsinə əsasən mallar təhvil alınandan və təhvil-təslim sənədləri rəsmiləşdiriləndən sonra “Alıcı” (iddiaçı) “Satıcıya” (cavabdehə) malların keyfiyyyət və kəmiyyəti barəsində iddia verə bilməz. Müqavilənin qeyd edilən bəndlərindən göründüyü kimi, satın alınan avadanlıq (mallar) lazımi qaydada iddiaçıya təhvil verilmədiyindən, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən pozulmaqdadır. Belə ki, iddiaçı malın keyfiyyətinin razılaşmaya uyğunluğunun yoxlanılaraq qəbul edilməsinin cavabdehin günahı ucbatından yubanması səbəbindən maldan məqsədinə uyğun istifadə edə bilmir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət edilmişdir ki, aralarında bağlanmış müqavilə əsasında satın alınmış avadanlığın keyfiyyət üzrə təhvil verilməsi öhdəliyini icra etsin. Lakin edilmiş müraciətlər nəticəsiz qalmışdır. Cavabdeh tərəfindən avadanlığın keyfiyyət üzrə təhvil verilməsi və müvafiq sənədləşmənin aparılması, malın keyfiyyətinin razılaşdırılmış və iddiaçının məqsədlərinə uyğunluğu şəkildə təhvil verilməsindən imtina edilmişdir. İddiaçı tərəfindən cavabdehin öz öhdəliklərinin icra edilməsi üçün ona pretenziya məktubu ünvanlanmışdır. Məktubda təkrarən cavabdeh müqavilə öhdəliklərini icra edərək avadanlığı tam yararlı vəziyyətdə, razılaşdırılmış keyfiyyətdə iddiaçıya təhvil verməsi üçün dəvət edilmişdir. Cavabdeh pretenziya məktubuna hər hansı cavab verməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununa əsasən iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasıya prosesində iştirak etmiş, lakin cavabdeh ilkin mediasiya sessiasında iştirak etməmişdir. Bununla bağlı mediator Nüşabə Mirzəyeva tərəfindən tərtib edilmiş “İlkin mediasiya sessiaysında iştirak edilməməsi barədə” MŞ 2***-*******2 saylı, 17 noyabr 2021-ci il tarixli Arayış təqdim edilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər poçtla cavabdehə göndərilsə də, cavabdeh sənədlərin qəbulundan imtina etmişdir. İddia ərizəsi və qoşulmuş sənədlər təkrar olaraq, sifarişli express poçt xidməti (DHL Express) vasitəsilə cavabdehə göndərilsə də, cavabdeh tərəfindən həmin sənədlərin qəbul edilməsindən imtina edilmişdir. Bu barədə poçt xidmətinin müvafiq məktubu iddiaya əlavə edilir. Bundan başqa məhkəmənin nəzərinə çatdırılır ki, müstəqil ekspert xidməti olaraq, "xxxx" MMC tərəfindən müqavilənin obyekti olan avadanlıq qiymətləndirilmiş və verilmiş rəyə əsasən müəyyən edilmişdir ki, avadanlığının faktiki göstəriciləri Müqavilədə göstərilən xüsusiyyətlərə uyğun gəlməyərək keyfiyyətcə daha aşağı göstəricilərə malikdir. Müvafiq rəy iddiaya əlavə edilir. Hazırki iddianın qiyməti 19850 (on doqquz min səkkiz yüz əlli) ABŞ Dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi valyuta məzənnəsi üzrə: 33745 (otuz üç min yeddi yüz qırx beş) manat) təşkil edir. Müqavilə öhdəliklərinin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi səbəbindən hesab edir ki, müqavilə üzrə satın alınmış avadanlıq cavabdehə geri qaytarılaraq, avadanlığın qiyməti və daşınmaya çəkilmiş xərc olaraq ödənilmiş cəmi 19850 ABŞ dollar pul vəsaiti iddiaçıya cavabdeh tərəfindən ödənilməlidir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı uzun müddətdir ki, Azərbaycan Respublikasında fərdi sahibkar kimi fəaliyyət göstərir, cavabdeh isə Türkiyə Respublikasında dövlət qeydiyyatına alınmış fərdi sahibkardır. Tərəflər arasında avtomatik idarə etmə sistemi ilə idarə olunan kəsim avadanlığının alqı-satqısı razılaşdırılsa da, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş avadanlıq avtomatik deyil, əl əməyi ilə çalışdırılır. Bu səbəbdən iddiaçı hazırda həmin avadanlığın cavabdehə geri qaytarılmasını xahiş edir. Belə ki, dəfələrlə cavabdehə bu barədə məlumat verilsə də, cavabdeh onlarla əlaqə saxlamaqdan və avadanlığı dəyişməkdən imtina etmişdir. Həmin avadanlıq iddiaçı tərəfindən heç vaxt təyinatı üzrə istifadə edilməmiş, hazırda iddiaçıdadır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (alıcı) ilə cavabdeh (satıcı) arasında bağlanmış 02 iyul 2021-ci il tarixli 2306 AA nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya müqavilədə göstərilən 2000*6000 mm CNC 100A Plazma kəsim maşınını satır, alıcı isə həmin texnikanı qəbul edir və razılaşdırılmış müddətlərdə texnikanın haqqını ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin məbləği 17700 ABŞ dollarıdır. Müqavilənin 2.1.2-ci bəndinə əsasən satıcı təhvil verilmə anında malların kəmiyyətində və yaxud keyfiyyətində çatışmazlıq üzə çıxarsa yenisi ilə əvəz edilməlidir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci i tarixli invoysdan görünür ki, 2000*6000 mm CNC 100A X1 qiyməti 17700 ABŞ dolları, çatdırılma qiyməti isə 2150 ABŞ dolları təşkil edir. xx.xx.2021-ci il tarixli gömrük bəyənnaməsindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya qiyməi 19850 ABŞ dolları olan 2000*6000 MM CNC 100A Şimşek Plazma markalı 1 ədəd X1 göndərilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli FP0000005 nömrəli xarici valyutada köçürmə orderindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 2150 ABŞ dolları məbləğində pul köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli FP0000002 nömrəli xarici valyutada köçürmə orderindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 4000 ABŞ dolları məbləğində pul köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli FP0000004 nömrəli xarici valyutada köçürmə orderindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 13700 ABŞ dolları məbləğində pul köçürülmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 05 fevral 2022-ci il tarixli KC/O 10-018/21 nömrəli daşınar əmlakın qiymətləndirilməsi barədə hesabatın nəticə hissəsindən görünür ki, alqısatqı müqaviləsinə görə bu avadanlıq CNC100A Plazma avadanlığı əvəzinə PLC 100A Plazma avadanlığı göndərilmişdir. Normalda alqı-satqı müqaviləsində göstərilən CNC100A Plazma avadanlığı olması üçün Servo motorları (reduktorlarla birlikdə), CNC kontrol paneli, dişli çarxlar, avtomatik hündürlük sensoru və kəsim proqramının işləməsi üçün elektrik təchizatı panosunun CNC100A Plazma avadanlığına uyğunlaşdırılmasına ehtiyac var. Bunlar yerinə yetirildikdən sonra alqı-satqı müqaviləsi ilə uyğunluq yaranacaq. Hüquqi dəyərləndirmə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 436-cı maddəsinə əsasən əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Belə ki, materiallardan görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmış, cavabdeh tərəfindən iddiaçıya kəsim maşını (avadanlıq) satılması və əvəzində cavabdehə 17700 ABŞ dolları məbləğində pulun ödənilməsi razılaşdırılmışdır. Materiallarda olan hesabdan çıxarışlardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə icra edərək cavabdehə avans olaraq 17700 ABŞ dolları əsas borc, əlavə olaraq 2150 ABŞ dolları məbləğində daşıma haqqı ödəmişdir. Materiallarda olan yük gömrük bəyannaməsinə əsasən xx.xx.2021-ci il tarixdə kəsim maşını (avadanlıq) cavabdeh tərəfindən iddiaçıya çatdırılsa da, müqavilənin 2.2.3-cü bəndinə əsasən iddiaçıya rəsmi qaydada təhvil verilməmiş, bundan əlavə, iddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş 05 fevral 2022-ci il tarixli KC/O 10-018/21 nömrəli daşınar əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən çatdırılmış avadanlıq tərəflər arasında müqavilədə razılaşdırılmış xüsusi tələblərə (kəmiyyət və keyfiyyət barədə xüsusi müəyyən edilmiş şərtlər) cavab verməməklə, müqavilə ilə razılaşdırılmış avadanlığa uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən, cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmədiyindən, müqavilə ilə razılaşdırılmış avadanlıq alıcıya (iddiaçı) təhvil verilmədiyindən iddiaçı həmin müqavilənin icrasından imtina etməkdə və cavabdehə ödənilmiş pul vəsaitinin geri ödənilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 iyul 2021-ci il tarixli Alqı-satqı müqaviləsi əsasında cavabdehdən satın alınmış avadanlıq (müqavilədə göstərilən adı: 2000*6000mm CNC 100A PLAZMA Kəsim maşını) cavabdehin vəsaiti hesabına cavabdehə geri qaytarılmalı, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 19850 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 iyul 2021-ci il tarixli Alqı-satqı müqaviləsi əsasında cavabdehdən satın alınmış avadanlıq (müqavilədə göstərilən adı: 2000*6000mm CNC 100A PLAZMA Kəsim maşını) cavabdehin vəsaiti hesabına cavabdehə geri qaytarılmalı, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 19850 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 192 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2021-ci il tarixli Alqı-satqı müqaviləsi əsasında Cavabdeh satın alınmış avadanlıq (müqavilədə göstərilən adı: 2000*6000 mm CNC 100A PLAZMA Kəsim maşını) Cavabdeh vəsaiti hesabına Cavabdeh geri qaytarılsın. Cavabdeh 19850 (on doqquz min səkkiz yüz əlli) ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 192 (bir yüz doxsan iki) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar