Məhkəmə qərarları › İş №e-2-2(113)-750/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-750/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-750/2025 17.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 01 fevral 2022-ci il tarixli, 012021 saylı və xx.xx.2022-ci il tarixli, 012022 saylı müqavilələr üzrə yaranmış 23.895,24 (iyirmi üç min səkkiz yüz doxsan beş manat iyirmi dörd qəpik) AZN borc məbləğinin, həmçinin 161,69 AZN dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 fevral 2022-ci il tarixli, 012021 saylı və xx.xx.2022-ci il tarixli, 012022 saylı alqı-satqı müqavilələri bağlanılmışdır. Həmin müqavilələrə əsasən, “Satıcı” malları “Alıcı”nın təqdim etdiyi sifarişə əsasən müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə “Alıcı” ya təhvil verməyi öz öhdəsinə götürür və “Alıcı” malları “Satıcı”dan təqdim etdiyi sifariş əsasında tələb etdiyi keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində bu müqaviləyə əlavə olunmuş xx.xx.2022-ci il tarixli Qiymətlərin razılaşma protokolunda göstərilən qaydada, müddətdə və ünvanlarda ödəniş etməyi üzərinə götürür. xx.xx.2024-cü il tarixli Akta əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə vergi daxil olmaqla 23.895,24 manat məbləğində borcu yaranmışdır. Qeyd olunan vəsaitdən heç bir ödəniş həyata keçirilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

4. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi haqqında məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı (satıcı) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələrinin bağlanması işin mübahisələndirilməyən halıdır.

11. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli qiymət razılaşdırılma protokolu imzalanmış və onlar 23.895,24 manat dəyərində malların adı, miqdarı və qiyməti barədə razılığa gəlmişlər.

12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

13. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

14. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, H.İ.S Supply Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 23.895,24 manat dəyərində aktda qeyd olunmuş malların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsini tərəflər öz imzaları və möhürləri ilə təsdiq etmişlər.

15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCK seriyalı 531420 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 23.895,24 manat olan elektron qaimə göndərilmişdir.

16. Cavabdeh tərəf iddiaya etiraz edərək, müqavilə üzrə malların verilmədiyini bildirmişdir. Ancaq Məhkəmənin sualına cavab olaraq qiymət razılaşma protokolu, təhviltəslim aktındakı möhürün cavabdeh hüquqi şəxsə aid olduğunu bildirmişdir. Cavabdeh tərəf həmçinin, iddiaçı hüquqi şəxsin məsul şəxsi ilə, cavabdeh hüquqi şəxsin işçisinin qohumluq münasibəti olduğunu və bu sənədlərin onun vasitəsi ilə tərtib edildiyini bildirmişdir.

17. Məhkəmə cavabdehin qeyd olunan dəlillərini əsassız hesab edir.

18. Belə ki, ilk növbədə işdə olan xx.xx.2022-ci il qiymət razılaşma protokolu və təhviltəslim aktına nəzər yetirildikdə görünür ki, hər iki sənəd cavabdeh hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

19. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, həqiqətən də, qeyd edilən dəyərdə mallar cavabdehə təhvil verilmişdir.

20. Çünki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir.

21. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur.

22. Ona görə də, hətta qeyd edilən sənədlərdə, cavabdeh hüquqi şəxsin adından kimin imzalamasının belə, hazırkı mübahisənin həlli baxımından əhəmiyyəti yoxdur.

23. Bundan başqa da, qeyd edilən dəyərdə malların verilməsi ilə bağlı elə xx.xx.2022ci il tarixdə cavabdehə elektron qaimə göndərilmiş və ona hər hansı bir etiraz edilməmişdir.

24. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

25. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 23.895,24 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır

26. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia 23.895,24 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödəniməlidir.

27. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 161,69 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 23.895 (iyirmi üç min səkkiz yüz doxsan beş) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq H.İ.S Supply Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 161 (bir yüz altmış bir) manat, 69 (altmış doqquz) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq H.İ.S Supply Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar