Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7506/2025 05.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi/vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar yaranmış 95750 AZN əsas borcun, onun 17 235 AZN ƏDV-sinin, 400 AZN vəkil xidmət haqqının, 7181,25 AZN bank faiz dərəcəsinin, ümumi cəmi 120566,25 AZV vəsaitin cavabdeh ”Oscar Building and Construktion” MMCdən tutularaq İddiaçı MMC-nin Bank Respublika ASC-nin “Azneft” filialındakı AZ07BRES******************** hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli 10/10-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəflərindən cavabdehə hər tonunun qiyməti ƏDV-siz 950.00 AZN təşkil edən KMİ S90 markalı və hər tonunun qiyməti ƏDV-siz 800.00 AZN təşkil edən “KMİ AC 500” markalı beton qatqılarının (mal) satılması və cavabdeh tərəfindən isə alınmış malın dəyərinin müqavilədə şərtləşdirilmiş vaxtda (mal alıcıya tərhvil verildikdən 15 gün ərzində) tam şəkildə ödənilməsi razılaşdırılmışdır. Müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən edilmiş sifarişlərə uyğun olaraq müqavilədə nəzərdə tutulmuş qaydada tərəfimizdən cavabdehə müqavilədə razılaşdırılmış mallar göndərilmiş, lakin cavabdeh aldığı malların dəyərindən ƏDV-siz 95 750 AZN əsas borc və onun 17 235 AZN ƏDV-si, cəmisi 112 985 hazırkı vaxta kimi iddiaçının hesabına ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borc hazırkı vaxta kimi ödənilməmişdir. Bununla bağlı cavabdehə 07 nömrəli, xx.xx.2025-ci il tarixli pretenziya məktubu ünvanlanmışdır. Lakin hazırkı vaxta kimi cavabdeh tərəfindən pretenziya məktubuna cavab verilməmiş və borc ödənilməmişdir.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı bu borc məbləğininin mötəbərliyini, həqiqətən mövcud olmasını, malların təhvil verilməsini və sair mübahisəli məsələləri dolayısı ilə istinad etdiyi halları sübuta yetirmir. İddiaçının əlavə etdiyi elektron qaimələr eyni zamanda təhvil-təslim kimi dəyərləndirdiyi və əlavə etdiyi elektron olmayan digər qaimə fakturalar arasında ziddiyyətlər var. Belə ki, onların tarixləri arasında uyğunsuzluqlar var. Eyni zamanda tərəfindən verilən suallara iddiaçı tərəfdən verilən cavablar malların təhvil verildiyini və yaxud təhvil alındığını sübut etmir. Təhvil təslim aktı kimi nəzərdə tutduqları elektron olmayan digər qaimələrdə və qatqı çıxış/təslim formu adlandırdıqları kağızda təslim edən və təhvil verdi qrafasındakı imzalar fərqlidir və eyni zamanda Zamin Əhmədzadənin kim olduğu, hansı müəssisədə çalışdığı bəlli deyil. Belə ki, müvafiq suallara cavab olaraq həmin şəxsin iddiaçı tərəf olan müəssisə ilə əmək müqaviləsinin olmadığı müəyyən edildi. Bundan əlavə Təhvil təslim aktı kimi nəzərdə tutduqları elektron olmayan digər qaimələrdən başqa elektron qaimələrin təhvil verdi hissəsində imza olmasına baxmayaraq təhvil aldı hissəsində isə heç bir imza yoxdur. Əlavə olaraq malların hansı sifariş əsasında göndərildiyini, və ümumiyyətlə tərəflər arasında sifarişlərin necə formalaşdırılması ilə bağlı suallarına cavab olaraq iddiaçı tərəf sifarişlərin şifahi qaydada formalaşdırıldığını qeyd etmişdir. Yəni bu barədə hər hansı yazılı və ya digər sübut təqdim edə bilmir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsini xahiş etdi. 2024-2025-ci il tarixləri üçün illik 5 faiz məbləğində əldən çıxmış fayda hesablanmışdır. Qarşı tərəf elektron qaimələri təsdiq etmişdir, tərəflər arasında bu müqavilədən başqa da əmkdaşlıqları olmuşdur və həmin ödənişlər əməkdaşlığın sübutu üçün sistemə əlavə olunmuşdur.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli 10/10-23 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır.
8. Müqavilənin 1.1-ci maddəsinə əsasən bu Müqavilə ilə satıcı alıcının hər dəfə təqdim edəcəyi sifarişə əsasən uyğunluq sertifikatında nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə tam cavab verən qatqını istismara tam yararlı vəziyyətdə alıcıya təhviltəslim verməyi, alıcı isə həmin malı qəbul edərək onun məbləğini tam miqdarda satıcıya ödəməyi öhdələrinə götürürlər.
9. Müqavilənin 1.2-ci maddəsinə əsasən malın daşınması satıcının nəqliyyət vasitələri ilə öz hesabına həyata keçiriləcəkdir.
10. Müqavilənin 1.3-cü maddəsinə əsasən mal hər dəfə Alıcının sifarişi əsasında Satıcı tərəfindən tədarük olunacaqdır.
11. Müqavilənin 2.1-ci maddəsinə əsasən malın markası və qiyməti Qiymət protokoluna əsasən təyin edilir.
12. Müqavilənin 2.2-ci maddəsinə əsasən malın hər bir sifarişinin dəyəri Satıcı tərəfindən təqdim olunacaq hesab fakturalara əsasən Mal tədarük edildikdən sonra ödəniləcəkdir.
13. Müqavilənin 2.3-cü maddəsinə əsasən bu Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləğ Satıcıya Alıcı tərəfindən yalnız Mal sonuncunun təyin etdiyi ünvanda ona təhvil verildikdən sonra 15 (on beş) gün ərzində ödəniləcək.
14. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən malın bu Müqavilə ilə müəyyən edilmiş qiyməti birtərəfli qaydada artırıla və ya azaldıla bilməz.
15. Müqavilənin 6.1-ci maddəsinə əsasən tərəflərin bu Müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməməsinə, yaxud lazımi qaydada yerinə yetirməməsinə görə məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq qaydada müəyyənləşdirilir.
16. 02 oktyabr 2023-cü il tarixli X1 əsasən KMİ S90-nın 1 kq-nın qiyməti 0,95 manat məbləğində, KMİ AC 500-ün 1kq-nın qiyməti 0,80 manat məbləğində müəyyən edilmişdir.
17. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli 10/10-23 nömrəli alqı-satqı müqaviləsi üzrə 113280 manat məbləğində satılmış mallara dair 2024-cü il tarixli eqaimələr göndərilmişdir.
18. 2024-cü il tarixini əhatə edən dövr üzrə qaimə-fakturalara əsasən 80.000 kq KMİ S90 beton qatqıları və 25.000 kq KMİ AC 500 beton qatqıları iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
19. Hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2023-cü il tarixli müqavilə üzrə təyinatı həmin müqavilə və müvafiq e-qaimə (hazırkı iş üzrə mübahisə predmeti olmayan qaimə) göstərilməklə 9500 manat ödəniş edilmişdir.
20. Maliyyə arayışına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixə olan borcu ƏDV daxil 112985 manat təşkil etmişdir.
21. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən tələbi təmin olunmalıdır.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
24. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
26. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
27. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 10/10-23 nömrəli alqı-atqı müqaviləsi bağlanmış. Müqavilənin 1.1-ci maddəsinə əsasən bu Müqavilə ilə satıcı alıcının hər dəfə təqdim edəcəyi sifarişə əsasən uyğunluq sertifikatında nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə tam cavab verən qatqını istismara tam yararlı vəziyyətdə alıcıya təhvil-təslim verməyi, alıcı isə həmin malı qəbul edərək onun məbləğini tam miqdarda satıcıya ödəməyi öhdələrinə götürürlər. İddiaçı tərəf öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən ödənişlər tamamlanmamışdır. Cavabdehin etirazı isə ondan ibarət olmuşdur ki, iddiaçının təqdim etdiyi elektron qaimələr ilə malların təhvili kimi qiymətləndirilən sadə qaimələrin tarixlərində fərqlər var, elektron qaimələrin təhvil verdi hissəsində imza olmasına baxmayaraq təhvil aldı hissəsində isə heç bir imza yoxdur, malların hansı sifariş əsasında satıldığı müəyyən deyil, ona görə də hesab edir ki, iddia rədd edilməlidir.
30. Məhkəmə cavabdehin nümayəndəsinin etiraz arqumentlərinə dair qeyd edir ki, elektron qaimələrin tarixlərinin malların təhvil qaimələrin tarixləri ilə fərqlənməsi malların təhvil verilməməsi anlamına gəlməməlidir. İkincisi, e-qaimələri satıcı tərəfindən cavabdehə elektron qaydada göndərilir və həmin qaimələr fiziki olaraq qələmlə deyil, elektron təsdiq olunur (iddiaçının təqdim etdiyi sübutlardan görünür ki, onun göndərdiyi bütün e-qaimələr sistem üzərindən təsdiq edilmişdir). Üçüncüsü, cavadeh qeyd edir ki, malların hansı sifariş əsasında verildiyi müəyyən deyil - buna dair məhkəmə qeyd edir ki, düzdür, tərəflər arasında bağlanmış Müqavilənin 1.3-cü maddəsinə əsasən mal hər dəfə Alıcının sifarişi əsasında Satıcı tərəfindən tədarük olunacaqdır. Lakin, müqavilədə qeyd edilmir ki, sifarişlər mütləq yazılı qaydada olmalıdır. Göründüyü kimi tərəflər arasında uzun müddətli, hətta hazırkı müqavilədən başqa müqavilə əsasında da, işgüzar münasibətlər olmuşdur. Məhkəmə tərəfindən cavabdehin nümayəndəsinə cavabdeh tərəfindən ödəniş edilmiş (mübahisə edilməyən) e-qaimələr və satış fakturaları üzrə işgüzar münasibətlərin iddiaçının təqdim etdiyi sənədlərdən fərqli sənədlər və fərqli qayda əsasında aparılmasını göstərəcək (yazılı şifarişlər, dəqiq olaraq səlahiyyətli şəxs hesab etdikləri şəxsin imzası ilə təsdiq edilmiş təhvil-təslim aktları və s.) sübutların məhkəməyə təqdim edilməsi dəfələrlə təklif edilsə də, tərəflər arasında fərqli münasibətlərin formalaşmasını göstərəcək hərhansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, cavabdehin arqumentləri məhkəmə tərəfindən formal, sadəcə borcun ödənilməsindən yayınmaq məqsədi ilə edildiyini kimi giymətləndirilir.
31. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, qiymət razılaşdırma protokolu, qaimə fakturalar, e-qaimələr və qismən ödənişlər ilə təsdiq olunduğu üçün ƏDV daxil 112985 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
32. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə ƏDV daxil 112985 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.
33. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 7181,25 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə qismən əsaslı hesab edir.
34. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
35. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını qismən əsaslı hesab edir.
37. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borcun bugünə kimi ödənilmədiyini (2024-2025-ci il ərzində) nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 5650 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində iddiaçı haqlı olmuşdur.
38. Beləliklə, bu hissədə iddia qismən təmin edilərək borcun ödənişinin gecikdirilməsinə görə 5650 manat faiz məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
39. Bundan əlavə iddiaçı 452 manat məbləğində dövlət rüsumunu və 400 manat məbləğində vəkil xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir
40. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
41. İşdən də göründüyü kimi iddiaçı 400 manat məbləğində vəkil xərcinin cavabdehdən tutulmasını tələb etmiş, lakin qeyd edilən ödənişə dair hər hansı sənədsübutu təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 409 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 112985 manat əsas borc, borcun ödənişinin gecikdirilməsinə görə 5650 manat faiz borcu olmaqla, cəmi 118635 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 409 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova