Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7508/2025 05.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC cavabdeh “X1” MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, dəbbə pulu) X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC cavabdeh “X1” MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 36641,94 əsas borc, 9976,37 manat cərimə, 300 manat vəkil xərci və 352 manat dövlət rüsumunun, ümumilikdə 47270,31 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış və hal-hazırda qüvvədə olan 02 iyul 2024-cü il tarixli, 020724 saylı malların alqı-satqısı haqqında müqaviləyə əsasən iddiaçı cavabdeh üçün ət və ət məhsullarını təchiz etməyi (satmağı), cavabdeh isə təchiz edilmiş Malların dəyərini vaxtında iddiaçıya ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə ümumilikdə 276113,32 manat məbləğində mallar cavabdehə təchiz edilsə və elektron qaimə-fakturalar təqdim edilsə də, cavabdeh tərəfindən ümumilikdə 199278,48 manat ödəniş edilmişdir. Müqavilə üzrə öhdəliklər icra edilərək alıcının bütün sifarişləri yerinə yetirilsə də, alıcı Cavabdeh MMC tərəfindən təhvil verilmiş ət məhsullarının qiymətindən 76834.84 manat məbləğində borc ödənilməmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən təhvil verilmiş malların/məhsulların dəyərinin təhvil günündən etibarən 45 təqvim gün ərzində ödənilməsi nəzərdə tutulsa da, ayrı-ayrı qaimələr üzrə aylarla müddətin ötməsinə və hər iki tərəfdən imzalanmış sonuncu üzləşmə aktının tarixindən belə təqribən 3 (üç) təqvim ayına yaxın vaxt keçməsinə baxmayaraq bu günə qədər alıcı tərəfindən satıcıya ödənişlər həyata keçirilməmişdir. Müqavilənin 6.3-cü bəndinə əsasən alıcı ödənişin gecikdirildiyi hər gün üçün satıcıya gecikdirilmiş məbləğin 0.1%-i həcmində cərimə ödəməlidir. Bugünkü tarixə alıcının müqavilə üzrə satıcıya ödəyəcəyi hesablanmış dəbbə pulu məbləği 9976.37 manat təşkil edir. Dəbbə pulunun hesablanmasına dair dəqiq cədvəl bu iddia ərizəsinə qoşma edilərək təqdim edilir. Müqavilənin 8-ci bəndinə uyğun olaraq mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədilə 08 avqust 2025-ci il tarixində pretenziya məktubu ilə cavabdehə müraciət edilmiş, mövcud olan borcun 5 iş günü ərzində ödənilməsi xahiş edilmişdir. Lakin, cari tarixə qədər cavabdeh tərəfindən iddiaçıya hər hansı ödəniş edilməmişdir. İddiaçı tərəfindən müqavilə üzrə mübahisə ilə bağlı hüquqi yardımın göstərilməsi üçün “Hümbətov və Partnyorları” Vəkil Bürosu ilə Hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və müqavilə üzrə hüquqi yardıma görə vəkilə 300 manat ödəniş edilmişdir. Müvafiq vəkil xərci də cavabdehin öhdəliklərini icra etməməsi nəticəsində yarandığından həmin 300,00 manat məbləğ də cavabdehdən tutularaq İddiaçıya ödənilməlidir. Cavabdeh iddiaçıya 76834.84 maatn əsas borc, 9976.37 manat cərimə və 300 manat vəkil xərci olmaqla cəmi 87111.21 manat məbləğində pul ödəməlidir. Həmçinin, İddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar 352 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənlərə əsasən, cavabdehdən 76 834.84 manat əsas borc, 9976.37 manat cərimə, 300,00 manat vəkil xərci və 352 manat dövlət rüsumu olmaqla, ümumilikdə 87463.21 manat pul tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin həcminin azaldılması barədə ərizədə qeyd edilmişdir ki, işin məhkəmə icraatında olduğu müddətdə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə 40192,90 manat ödəniş edildiyindən iddia tələbinin əsas borc hissəsinin həcminin müvafiq ödəniş nisbətində azaldılmasına dair hazırkı ərizə məhkəməyə təqdim edilir. Belə ki, cari tarixə əsas borc 36641,94 manat təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 442, 448.1, 448.2, 462.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, məhkəmənin suallarına cavab olaraq ət məhsulları satıldığını, tərəflər arasında 2 üzləşmə aktı olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 02 iyul 2024-cü il tarixli, 020724 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan ayrı-ayrı Əlavələrində müəyyən edilən sifarişlərə və göstəricilərə uyğun ət və ət məhsullarını razılaşdırılmış qiymətlə və şərtlərlə alıcıya satmağı, alıcı isə malları təhvil alıb dəyərini müqavilədə və qarşılıqlı razılıqla yazılı qaydada tərtib edilmiş müqaviləyə dair əlavə razılaşmalarda müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürür. 2.6-cı bəndə əsasən əgər müqavilənin əlavələrində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada təsdiq olunan qaimə-faktura və ya təhvil-təslim aktları əsasında həyata keçirir. Müvafiq qaimə-fakturalar və ya təhvil-təslim aktları malların təhvili anında satıcı və alıcı tərəfindən imzalanmalıdır. Qaimə-fakturalar və ya təhvil-təslim aktları satıcı tərəfindən öhdəliyin lazımi qaydada icrasını təsdiq edir və tərəflər arasında hesablaşmalar üçün əsas hesab edilir. Alıcı qaimə-fakturaları və ya təhvil-təslim aktlarını imzalamaqdan hər hansı əsaslandırma olmadan imtina edərsə mallar qəbul edilmiş hesab olunacaq. 3.2-ci bəndə əsasən alıcı tərəfindən malların qiymətinin 100% hissəsi mallar müqavilə ilə nəzərdə tutulmuş qaydada alıcıya təhvil verildikdən sonra tədarük tarixindən hesablanmaqla ən geci 45 təqvim günü ərzində satıcının təqdim etdiyi ödəniş sənədləri əsasında nağdsız hesablaşmalar qaydasında satıcıya ödənilməlidir. Mallar hissə-hissə təhvil verildikdə, alıcı hər partiya malların qiymətini bu bənddə qeyd edilən müddətdə ödəməlidir. 3.7-ci bəndə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflərdən hər biri digər tərəfin təqdim etdiyi hesablaşmalarla bağlı üzləşmə sənədlərininin (aktlarının) düzgünlüyünə 5 iş günü ərzində münasibət bildirməlidir. 6.3-cü bəndə əsasən satıcı alıcıdan hər gecikmə günü və ya pozuntunun davam etdiyi hər gün üçün gecikdirilən məbləğin və ya təhvil alınmayan malların ümumi dəyərinin 0,1%-i həcmində dəbbə pulu ödənilməsini tələb edə bilər. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə cəmi 276 116,12 manat məbləğində malın dəyərinin ödənilməsi üçün 59 sayda elektron-qaimə fakturalar göndərilmişdir. Hər iki tərəfin imzaları və Cavabdeh MMC-nin möhürü ilə təsdiq olunmuş xx.xx.2025-xx.xx.2025 dövrü əhatə edən üzləşmə aktından görünür ki, Cavabdeh MMCnin xx.xx.2025-ci il tarixə borcu 66 658,14 manat təşkil edir. Hər iki tərəfin imzaları və Cavabdeh MMC-nin möhürü ilə təsdiq olunmuş xx.xx.2025-xx.xx.2025 dövrü əhatə edən üzləşmə aktından görünür ki, Cavabdeh MMCnin xx.xx.2025-ci il tarixə borcu 76 723,05 manat təşkil edir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçıya 40192,9 manat pul ödənilmişdir. “Hümbətov və Partnyorları” Vəkil Bürosu ilə xx.xx.2025-ci il tarixdə imzalanmış “hüquqi yardımın göstərilməsi haqqında müqavilə”nin 2.1-ci bəndə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən hüquqi yardım üzrə vəkil xərcinin əvəzi olaraq 300 manat məbləğində pul “Hümbətov və Partnyorları” Vəkil Bürosunun hesabına ödənmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumunun əvəzi olaraq 352 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 632.3-cü maddəsinə əsasən əgər göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı göndərilməsi gecikdirilmiş malların qəbulundan mal göndərənə bildiriş verməklə imtina edə bilər. Alıcı mal göndərənin bildirişi aldığı vaxtadək göndərdiyi malları qəbul etməyə və ödəməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilə. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (qaimələr, üzləşmə aktları) öz təsdiqini tapmışdır. Cavabdeh tərəf məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, borcun tam ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmədə işə baxıldığı müddətdə cavabdeh tərəfindən borcun yarıdan çoxunun, 40192,9 manatın ödənilməsi onun borc məbləğini qəbul etdiyini təsdiq edir. Buna görə də, iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların qalan dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək təhvil aldığı malların dəyərindən 36641,94 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, məhkəmədə işə baxıldığı müddətdə cavabdehin qismən ödəniş etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 36641,94 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı cavabdehdən 9976,37 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 1000 manat müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 352 manat dövlət rüsumunun 202,93 manatının əvəzi, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “X1” MMC-dən 36641,94 manat əsas borc, 1000 manat cərimə olmaqla, ümumilikdə 37641 (otuz yeddi min altı yüz qırx bir) manat 94 (doxsan dörd) qəpik pul vəsaiti, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun 202 (iki yüz iki) manat 93 (doxsan üç) qəpiyin əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7508/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7508/2025
05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver