Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-752/2025 11.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı (X11 və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi, sığorta haqqı ödənişi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı (X11 və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) əmlaka dəymiş zərərə görə 21631 manat məbləğində sığorta ödənişinin, ekspert rəyinin alınması üçün ödənilmiş 250 manat xidmət haqqı və ödənilmiş 156 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X12 arasında bağlanmış xx.xx.2022-ci il tarxli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan “BMW 520 D” minik markalı, gümüşü rəngli avtomobili X8 lizinqə verilməsi məqsədilə iddiaçı tərəfdən əldə edilmişdir. MR0016169-2022 saylı xx.xx.2022-ci il tarixli maliyyə lizinq müqaviləsinə əsasən “BMW 520 D” minik markalı avtomobilini lizinq alanın, yəni X6 müvəqqəti istifadəsinə və sahibliyinə verilmişdir. Bundan sonra, lizinq obyekti olan “BMW 520 D” minik markalı, gümüşü rəngli, **-AF-*** dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı avtomobil "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 3 il müddətinə 13500 manat dəyərində sığorta edilmiş, bununla bağlı xx.xx.2022-ci il tarixli “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında KSK********** saylı nömrəli sığorta şəhadətnaməsi imzalanmışdır. 30 avqust 2023-cü il tarixdə saat 23:00 radələrində “BMW 520D” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən avtomobildə yanğın hadisəsi baş vermiş, nəticədə avtomobilin mühərrik və ön hissələri yanaraq yararsız vəziyyətə düşmüş və avtomobilə maddi ziyan dəymişdir. Bundan əlavə, baş vermiş məlum hadisənin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində təhqiqatı aparılmış, habelə həmin idarənin təhqiqatçısının 01 aprel 2024-cü il tarixli qərarında “BMW 520 D” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 30 avqust 2023-cü il tarixdə saat 23:00 radələrində X11 tərəfindən idarə edildiyi təsbit edilmişdir. 12 iyul 2024-cü il tarixli müstəqil ekspert rəyinə əsasən yol nəqliyyat qəzasına uğramış BMW 520D minik markalı, **-AF-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 21631 (iyirmi bir min altı yüz otuz bir) manat məbləğində müəyyən edilmişdir. Həmçinin ekspert rəyinin alınması üçün tərəfimizdən 250 (iki yüz əlli) manat məbləğində xidmət haqqı ödənilmişdir. "xxxx" ASC tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (ləğv prosesindədir) tərəfindən BMW 520D minik markalı, **-AF-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmiş, habelə 30 sentyabr 2024-cü il tarixli “sığorta ödənişinin ödənilməsindən imtina barədə” bildirişində sığorta ödənişinin ödənilməsindən imtinanın səbəbi kimi sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülər arasında X1 olmaması qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyatİstintaq İdarəsinin təhqiqatçısının 01 aprel 2024-cü il tarixli qərarında “BMW 520 D” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 30 avqust 2023-cü il tarixdə saat 23:00 radələrində Valid Kazımlı tərəfindən idarə edildiyi açıq aşkar göstərilmişdir ki, sonuncunun da adı xx.xx.2022-ci il tarixli “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında KSK********** saylı nömrəli sığorta şəhadətnaməsində əks etdirilmişdir. Deməli, cavabdeh tərəfin sığorta ödənişini ödəməkdən imtina etməsi tam əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə(ləğv prosesindədir) pretenziya qaydasında müraciət edilərək, mübahisənin məhkəməyədək həll edilməsi təklif edilmiş, lakin bunun hər hansı bir formada nəticəsi olmamışdır. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 425.1, 443, 445.1, 883, 884.6, 922.1, 927-ci maddəsinin 2-ci hissəsinin 1-ci və 2-ci bəndləri, 927.4-cü, 933.1.1-ci maddələrinə "Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin 1-ci hissəsinə istinad etmişdir. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra - Şirkət) qarşı sığorta ödənişinin verilməsi tələbi ilə bağlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddianı qəbul etmədiklərini, iddia tələbi əsassızdır və rədd edilməsini xahiş edir. İşin faktiki halları ondan ibarətdir ki, “Merkuri BOKT" ASC ilə X11 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MR0016169-2022 saylı maliyyə lizinq müqaviləsinə əsasən, X8 avtomobil alınması məqsədi ilə 36 ay müddətinə 13500 manat məbləğində vəsait verilmişdir. Lizinq obyekti sayılan “BMW 520” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda ləğv prosesində olan Şirkət tərəfindən 3 il müddətinə 13500 manat dəyərində sığorta edilmiş, bununla bağlı olaraq “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında xx.xx.2020-ci il tarixli, KSK********** nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada sığortalanmışdır. 30 avqust 2023-cü il tarixində saat 23:00 radələrində "BMW 520 D" markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən avtomobildə yanğın hadisəsi baş vermiş, nəticədə avtomobilin mühərrik və ön hissələri yanaraq yarasız vəziyyətə düşmüş və avtomobilə maddi ziyan dəyişmişdir. Baş vermiş hadisə barəsində Şirkətə məlumat verildikdən sonra əməkdaşlar tərəfindən müvafiq araşdırılma aparılmış və məlum olmuşdur ki, Şirkətin iddiaçı qarşısında heç bir öhdəliyi yaranmamışdır. Belə ki, iddiaçı və Şirkət arasında sığorta müqaviləsinin bağlanması ilə əlaqədar iddiaçıya təqdim edilmiş sığorta şəhadətnaməsində sığortalanmış avtomobili idarə etməyə səlahiyyətli şəxs qismində yalnız X6 qeyd edilməsinə baxmayaraq, hadisə ilə əlaqədar toplanmış sənədlər əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sığortalanmış avtomobil iddiaçı tərəfindən X4 və digərlərinin istifadəsinə verilmiş, hadisənin baş verdiyi zaman avtomobil X2 istifadəsində olmuşdur. Bu fakt Xəyal Niftəlizadə tərəfindən Şirkətə verilən video izahatla öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçı qeyd olunan avtomobili üçüncü şəxsə təqdim etməsinə baxmayaraq bu barədə Şirkətə məlumat verməmişdir. Bu hal qanunvericiliyin və Şirkətin “Avtonəqliyyat vasitələrinin tam sığortası” Qaydalarının tələblərinə ziddir. Azərbaycan Respublikası Maliyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-20 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydalarının 5.3-cü bəndinə əsasən, sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. İş üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Etirazın maddi hüquqi əsası kimi AR Mülki Məcəllənin 912.1, 912.2, 922.1, 922.2, 935.1.8-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əalvə olaraq bildirmişdir ki, hadisə baş verdikdən sonra tələb olunan Formaya uyğun 2 dəfə rəsmi məktubla qarşı tərəfə müraciət etmişlər, lakin həmin məktubların heç biri cavablandırılmamışdır. Nə sığorta şəhadətnaməsində, nə də onlar tərəf arasında olan müqavilə sığorta ödənişindən faydalanan şəxs olaraq sürücünün kim olmasının əhəmiyyəti, həmçinin avtomobilin üçüncü şəxsə təqdim edilməsi barədə qarşı tərəfə hər hansı məlumat vermək öhdəlikləri qeyd edilməmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə münasibətdə təqdim edilmiş etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin əlavə olaraq qeyd etmişdir ki, “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta” qaydalarının 3.1.-ci bəndində qeyd edilir ki, bu Qaydalar fiziki şəxslərin sahibliyində olan avtomobillərin tam sığortası növü üzrə sığorta siniflərini əhatə edir. Avtomobilə dəymiş zərərlə bağlı, avtomobilə zərər istənilən formada dəyə bilər, avtomobilin yanması mübahisəsiz haldır. Hadisə baş verdikdən sonra onun sığorta hadisəsi olub-olmaması araşdırılımalıdır. Etirazlarının əsası hadisə baş verərkən avtomobilin başqa sürücü tərəfindən idarə olunmasıdır. Həmçinin bu fakt, Xəyal Niftəlizadə tərəfindən Şirkətə verilən video izahatla öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçı qeyd olunan avtomobili üçüncü şəxsə təqdim etməsinə baxmayaraq bu barədə onlara məlumat verilməmişdir. Ümumiyyətlə sığorta hadisəsinin baş verməsi ilə bağlı müvafiq dövlət orqanının təqdim etməli olduğu sənəd də yoxdur. Qaydaların 20-ci maddəsinə əsasən sığorta ödənişinin edilməsi üçün göstərilən tələblərdən biri də sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı bu Qaydaların 18.1-ci bəndinə uyğun olaraq hər hansı dövlət orqanına məlumat verilməlidirsə, bu Qaydaların 21-ci bəndi nəzərə alınmaqla həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd avtomobilin oğurlanması və ya qaçırılması halında bu sənəd müvafiq hadisə ilə bağlı açılan cinayət işinin nəticələri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətli orqanının təqdim etdiyi arayış hesab edilir. Hadisə baş verəndən 1 gün sonra sığortaçıya məlumat verilib, lakin hadisə ilə bağlı orqana məlumat verilsə də verilən məlumatla bağlı hazırda yekun qərar yoxdur. Müvafiq işlə bağlı yekun qərarın olmaması da iddianın əsassız olması üçün bir haldır. Həmçinin həmin qərarı mübahisələndirdiklərini və şikayət verdiklərini bildirmişdir. Eyni zamanda bildirmişdir ki, sürücünün adının orada qeyd edilməsinin heç bir əhəmiyyəti yoxdursa, o zaman tərəf avtomobili 5 nəfər sürücünün idarə edəcəyini bildirsəydi, ona uyğun sığorta haqqı müəyyən edilb 5 nəfər sürücünün adını qeyd ediləcəkdi. Tərəflər arasında bağlanan müqavilə Qaydalardan əlavə şərtləri müəyyən edir. Qarşı tərəf lizinq şirkəti olsa da MM-nin 912-ci maddəsinə əsasən Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir. Müqavilədə konkret olaraq avtomobili idarə edən şəxsin dəyişməsi barədə məlumat verilməsi barədə əməkdaşlığa dair müqavilədə birbaşa göstəriş yoxdur, lakin Sığorta Qaydalarında qeyd edilmişdir. Çünki müqavilə Qaydalarda nəzərdə tutulmuş halları istisna etmir. Sonda o, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Alıcı” "xxxx" QSC ilə “Satıcı” X12 arasında bağlanmış xx.xx.2022-ci il tarxli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən Satıcı bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş avtomaşının (bundan sonra “Əmlak” adlandırılacaqdır) Alıcıya satılmasını, Alıcı isə həmin Əmlakın bu Müqavilənin 2.1. bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Alıcı Əmlakı X11 (Lizinq alan) lizinqə verilməsi məqsədi ilə əldə edir. “Lizinq verən” "xxxx" QSC ilə “Lizinq alan” X11 arasında imzalanmış MR0016169- 2022 saylı xx.xx.2022-ci il tarixli maliyyə lizinq müqaviləsinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş, etibarnamə əsasında X7 (Şəxsiyyət vəsiqəsi: AA3699903 Asan 2 xx.xx.2022) istifadəsində olan BMW 520 D Minik markalı avtomobilini (mühərrik: 1995 sm3, ban: WBANX310AC183603, buraxılış ili: 2009, rəngi: Gümüşü metalık; bundan sonra “Lizinq obvekti” adlandırılacaq) mülkiyyət hüququ ilə əldə etməyi və Lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin muddəaldiıııa uyğun olaraq Lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən BMW 520 D markalı (mühərrik: 1995 sm3, ban: WBANX310AC183603, buraxılış ili: 2009, rəngi: Gümüşü metalık) avtomobil X12 tərəfindən X8 verilmişdir. Lizinq predmeti olan avtomobilin qiymətləndirilməsinə dair AKT-a əsasən, “BMW 520 D” minik markalı, gümüşü rəngli 10FM888 dövlət qeydiyyat nişanı olan avtomobilin likvid dəyəri 17 000,00 manat, avtomobilin bazar dəyəri isə 20 000,00 manat müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixli Hesablaşma-Aktına əsasən, Lizinq məbləği 13500,00 manat olan, Komissiya məbləği 945 manat, İlkin ödəniş 6 500,00 manat olmaqla, Satıcının hesabına köçürüləcək məbləğ 20 000.00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (ləğv prosesindədir) tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, KSK********** saylı Sığorta Şəhadətnaməsinə əsasən BMW/520 markalı, 77AF208 qeydiyyat nömrəli, 2009-cu il buraxılışlı, gümüşü-metalik rəngli avtomobilin dəyəri 20000 manat, sığorta məbləği 13500 manat, sığorta haqqı 733,05 manat, azadolma məbləği 200 manat, faydalanan şəxs və sığortalı "xxxx" QSC, sürücü X11 müəyyən edilmiş, avtomobil qismən, 67,50% sığortalanmışdır. xx.xx.2022-ci il tarixli, 04/2022 saylı, "xxxx" QSC ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (ləğv prosesindədir) arasında bağlanmış “Sığorta sahəsində əməkdaşlığa dair” müqayiləyə əsasən Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal sığorta hadisəsi hesab edilir. Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Sığortaçı sığorta hadisəsinin səbəblərini və təfsilatını aydınlaşdırmaq hüququna malikdir. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinäyət törətməsi; Baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə gorə sığorta hadisəsi hesab edilməməsi; Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Sığorta müqaviləsinin şərtlərində sığorta ödənişinin verilməsindən imtina üçün qanunvericiliyə zidd olmayan başqa əsaslar da göstərilə bilər. Sığorta ödənişjnin verilməsindən imtina edilməsi barəsində qərar sığortalıya yazılı şəkildə verilir və burada imtinanın səbəbləri əsaslandırılır. Sığortalı sığortaçının sığorta ödənişini verməkdən imtina etməsi barədə məhkəməyə şikayət edə bilər. xx.xx.2024-cü il tarixli “materialın aidiyyəti üzrə göndərilməsi haqqında” qərara əsasən 30 avqust 2023-cü il tarixdə, saat 23 radələrində "xxxx" ASC-nə məxsus, X6 idarə etdiyi, “BMW 520 D" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən avtomobildə yanğın hadisəsi baş vermiş, nəticədə avtomobilin mühərrik və ön bölmələri yanaraq yararsız vəziyyətə düşmüş və əmlaka maddi ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsinin araşdırılması Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin səlahiyyətinə aid olmadığından toplanmış material aidiyyəti üzrə Bakı şəhəri Suraxanı RPl-nə göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, MT2407, 11029693 nömrəli hesab-fakturaya və elektron qaiməyə əsasən dəymiş zərərin həcminin qiymətləndirilməsi üçün 250 manat xidmət haqqı müəyyən edilmiş, ödənilməsi üçün X9 tərəfindən "xxxx" QSC-yə təqdim edilmişdir. Müstəqil sığorta eksperti - X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, avto yol nəqliyyat qəzasına uğramış BMW 520 D minik markalı, ** AF *** dövlət nömrə nişanlı, ban №WBA3d5C51F291222,2009-cı il buraxılışdan, Gümüşü metallik rəngdə, "X18 Kredit Təşkilatı” QSC-nin mülkiyyətində olan avtomobilə dəyən ziyanın məbləğini təyin etmək üçün yerində baxış keçirdilmiş, baxış zamanı məlum olmuşdur ki, avtomobilə yanğın zamanı zədə ön hissədən dəymişdir. Avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan, işlərin dəyəri (manatla): 18551 manat, işçilərin (rəngsaz, dəmirçi, elektrik, çilingər, armaturçu və s.) gördüyü iş üzrə məbləğ 3080 manat olmaqla, cəmi 21631 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" QSC 156 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 896.1-ci maddəsinə əsasən əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. 904.1-ci maddəsinə əsasən sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. 904.2-ci maddəsinə əsasən sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. 915-ci maddəsinə əsasən sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir. 922-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 923.1-ci madəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: 925.5.1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 925.5.2. sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; 925.5.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında ödənilir. 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. 935.3-cü maddəsinə əsasən bu Məcəllənin 935.1.5-ci maddəsində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1.3-cü maddəsinə əsasən sığortaçı – bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxsdir. 1.1.4-cü maddəsinə əsasən sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. 1.1.5-cü maddəsinə əsasən sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxsdir. 1.1.19-cü maddəsinə əsaəsn sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 1.1.21-ci maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 3.3-cü madəsinə əsasən bu Qanunun 16.5-ci maddəsini nəzərə almaqla könüllü sığortanın növləri və müvafiq sığorta qaydaları sığortaçı tərəfindən müəyyən edilir. 16.5-ci maddəsinə əsasən bu Qanunun 16.6-cı maddəsinin tələbi nəzərə alınmaqla, Mərkəzi Bank fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növü üzrə bütün sığortaçılar üçün məcburi olan sığorta qaydalarını qəbul edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014cü il tarixli Q-20 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın: 1-ci bəndinə əsasən “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” (bundan sonra “bu Qaydalar”) “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-ci il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 16.5-ci maddəsinə uyğun olaraq, avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə fiziki şəxslərə təqdim edilən könüllü sığorta növünün aparılmasının əsaslandığı, bütün sığortaçılar üçün məcburi olan qayda və şərtləri müəyyən edir. Sığorta müqaviləsindən irəli gələn və bu Qaydalarda nəzərdə tutulmayan hallar Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar, habelə sığortalı tərəfindən doldurulmuş sığortalanma haqqında ərizə (Əlavə) sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunur. 5.3-cü bəndinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. 5.4-cü bəndinə əsasən sığorta müqaviləsində fiziki şəxs olan sığortalı sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. 6.1-ci bəndinə əsasən sığorta müqaviləsi sığortalının sığortalanma haqqında ərizəsi əsasında bağlanır. Sığortalanma haqqında ərizə X19 nəzərdə tutulmuş ərizə formasının doldurulması yolu ilə tərtib edilir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta Qaydaları”na Əlavənin 6-cı bəndində avtomobili kimin idarə edəcəyi sualına cavab olaraq 3 variant qeyd edilmişdir ( a) avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs, b) yalnız sığortalı, c) sığortalı və aşağıda göstərilən şəxslər). Həmin bənddə aşağıdakı məzmunda qeyd göstərilmişdir: “Mənə izah olunub ki, avtomobilin bu ərizənin 6-cı bəndində qeyd etdiyim şəxslərdən başqa digərləri tərəfindən idarə edilməsi halında dəyən zərər sığorta təminatına daxil deyil və belə hallarda sığorta ödənişi verilməyəcək. Mənə həmçinin o da izah olunub ki, şəxslərə avtomobili idarəetmə hüququnun bu ərizənin 7-ci bəndində qeyd etdiklərimdən başqa digər şəxslərə verilməsindən əvvəl mən həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün həmin müqaviləyə müvafiq dəyişiklik edilməsi məqsədilə sığortaçıya yazılı məlumat verməliyəm.” Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunmuş sübutlar əsasında işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" ASC-nin mülkiyyətində olan lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən “BMW 520 D” minik markalı, gümüşü rəngli avtomobili X8 lizinqə verilməsi məqsədilə Fuad Muradovdan əldə etmişdir. Sığorta məbləği 13500 manat olan (qismən sığorta-67.50%, azadolma məbləği 200 manat) avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən qismən sığorta edilmişdir. xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi (sığorta hadisəsi) nəticəsində nəqliyyat vasitəsinə zərər dəymiş və dəymiş zərərin müəyyən edilməsi ilə bağlı müstəqil ekspert tərəfindən rəy tərtib edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı sığortalı olaraq baş vermiş sığorta hadisəsi nəticəsində sığortaçı olan cavabdehdən sığorta ödənişini tələb etməkdə haqlıdır, lakin sığorta ödənişinin məbləği hissəsində tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı yönəldilmiş tələb üzrə işin mübahisəli halı sığorta hadisəsi zamanı avtomobili sığorta şəhadətnaməsində qeyd edilmiş X6 idarə edibetməməsi ilə bağlıdır. Bununla bağlı cavabdehin nümayəndəsi etirazında bildirmişdir ki, yanğın hadisəsi baş verən zaman avtomobili sürücü olaraq Valid Kazımov deyil, sonuncunun dostu Xəyal Niftəlizadə idarə etmiş, sığorta şəhadətnaməsində isə yalnız sürücü Valid Kazımov göstərilmiş, Qaydalara əsasən qeyd edilən sürücüdən başqa sürücü idarə etdiyi halda sığorta ödənişi ödənilmir. İddiaçının nümayəndəsi isə bildirmişdir ki, cavabdehlə iddiaçı arasında olan razılaşmada sürücünün şəhadətnamədə göstəriləndən başqası olduğu halda sığorta ödənişindən imtina əsası qeyd edilməmişdir. Hər iki tərəfin qeyd etdikləri ilə əlaqədar məhkəmə bildirir ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən sığorta müqaviləsi sığortalının sığortalanma haqqında ərizəsi əsasında bağlanır. Sığortalanma haqqında ərizə X19 nəzərdə tutulmuş ərizə formasının doldurulması yolu ilə tərtib edilir. Cavabdehin nümayəndəsi etirazının əsası kimi istinad etdiyi həmin Qaydaların Əlavəsində nəzərdə tutulmuş ərizənin iddiaçı tərəfindən doldurulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki həmin Əlavədə nəzərdə tutulmuş ərizədə avtomobilin kimin idarə edəcəyi ilə bağlı ayrıca bənd və qeyd göstərilmişdir ki, orada da sığortalıya avtomobilin qeyd etdiyi şəxslərdən başqa digərləri tərəfindən idarə edilməsi halında dəyən zərərin sığorta təminatına daxil olmadığı və belə hallarda sığorta ödənişi verilməyəcəyi, həmçinin avtomobili idarəetmə hüququnun qeyd etdiklərindən başqa digər şəxslərə verilməsindən əvvəl həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün həmin müqaviləyə müvafiq dəyişiklik edilməsi məqsədilə sığortaçıya yazılı məlumat verməli olduğu izah edilməlidir. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli “Sığorta sahəsində əməkdaşlığa dair” müqayilədə də bu barədə heç bir qeyd aparılmamış, avtomobili idarə edəcək sürücü dəyişdiyi halda məlumat verməli olması və ya sığorta ödənişindən imtina olunacağı göstərilməmişdir. Odur ki, cavabdehin etirazı əsassızdır. Buna görə də məhkəmə qanunvericilik normalarını, iddiaçı ilə cavabdeh arasındakı müqavilənin şərtlərini, avtomobili idarə edəcək şəxs barədə tərəflər arasında ayrıca razılaşma olmadığını nəzərə alaraq hesab edir ki, avtomobildə baş vermiş yanğın sığorta hadisəsi hesab olunmalı və iddiaçıya sığorta ödənişi ödənilməlidir. Lakin, bununla belə, məhkəmə sığorta ödənişinin məbləği ilə bağlı qeyd edir ki, iddiaçı sığorta hadisəsi nəticəsində 21631 manat sığorta ödənişi tələb etsə də, sığorta müqaviləsi bağlanarkən avtomobil qismən, 67.50%-lə sığortalanmaqla, cəmi 13500 manat sığorta məbləği nəzərdə tutulmuş və 200 manat azadolma məbləği müəyyən edilmişdir. Belə olan halda iddiaçı dəymiş ziyanın hamısını, 21631 manatı deyil, 67,50%-ni (21631x67,5%=14600,93) tələb edə bilər, həmin 14600,93 manat məbləğ isə 13500 manat sığorta məbləğindən çox olduğu və 200 manat azadolma məbləği olduğu üçün iddiaçının tələbi sığorta məbləği həddində, azadolma məbləği çıxılaraq (13500- 200=13300), 13300 manat məbləğində təmin olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, ekspert rəyinin alınmasına görə ödənilmiş 250 manat məbləğində pul, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 156 manat dövlət rüsumunun 130,65 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) əmlaka dəymiş zərərə görə 13300 (on üç min üç yüz) manat məbləğində sığorta ödənişi, ekspert rəyinin alınması üçün ödənilmiş 250 (iki yüz əlli) manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun 130 (yüz otuz) manat 65 (altmış beş) qəpiyinin əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-752/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-752/2025
11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver