Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7520/2025 22.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə (açar sözlər:) (ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ
1. Fiziki şəxs haqqında məlumat ilə müəyyən edilir ki, Maraqlı şəxs xx.xx.2014-cü il tarixdə vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmaqla (VÖEN: **********) fəaliyyət göstərmişdir. Əsas fəaliyyət istiqaməti güllərin pərakəndə satışı fəaliyyəti ilə bağlı olmuşdur.
2. Maraqlı şəxsə aid olan şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2025-ci il tarixə cəmi ödənilməli borcu 1641,55 manat təşkil edir.
3. Ərizəçi tərəfindən maraqlı şəxsə ünvanlanmış – xx.xx.2024-cü il tarixli **********764700, xx.xx.2024-cü il tarixli **********343900, xx.xx.2024-cü il tarixli **********676300, xx.xx.2024-cü il tarixli **********713000 nömrəli bildirişlər ilə borcun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) Ərizəçinin tələbi və tələbinin dəlilləri
4. Ərizəçi Vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1641,55 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 280,55 manat, İşsizlikdən sığorta fonduna olan 7,64 manat, İcbari Tibbi Sığorta Fonduna olan 73,49 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 1641,55 manat məbləğində (o cümlədən, vergilər üzrə 467,84 manat, faizlər üzrə 173,71 manat, maliyyə sanksiyası üzrə 1000 manat) , Dövlət Sosial Müdafiə Fonduna 280,55 manat, İşsizlikdən sığorta fonduna 7,64 manat, İcbari Tibbi Sığorta Fonduna 73,49 manat olmaqla, ümumilikdə 2003,23 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65- ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********764700, xx.xx.2024-cü il tarixli **********343900, xx.xx.2024-cü il tarixli **********676300, xx.xx.2024-cü il tarixli **********713000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs Baki Şəhəri, ünvan 1 ünvanında yaşayır.
b) Ərizəyə qarşı etirazın dəlilləri
6. Maraqlı şəxs tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs məhkəməyə ödəniş qəbzləri təqdim edərək borc barədə məlumat əldə etdikdən dərhal sonra bütün borcu ödədiyini bildirdi. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
9. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır (MPM-in 305.1.12-ci maddəsi).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi:
11. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.
12. Maddə 23.1.15-3. Vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
14. Maddə 355-7.4. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
MƏHKƏMƏNİN MÖVQEYİ
15. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir.
16. Belə ki, Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, məhkəmə icraatının gedişində Maraqlı şəxs hesablanmış dövlət büdcəsinə və büdcədənkənar fondlara vergi borcu üzrə ödənişi tam olaraq həyata keçirmişdir. Qeyd edilən fakt maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərində öz əksini tapır.
17. MPM-nin 355-5.1-ci maddəsindən də göründüyü kimi vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında məqsəd vergi və qanunla müəyyən edilmiş digər məcburi ödənişlər ödənilməni təmin etməkdən ibarətdir. Şərh edilənlərdən də görünür ki, maraqlı şəxs məhkəmə prosesi gedişində onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün ərizənin verilməsinə əsas olmuş bütün borclarını ödədiyindən onun ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti aradan qalxmışdır. Belə olan halda maraqlı şəxsin ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması qanunvericiliyə uyğun olmamaqla bərabər onun konstitusion hüququnu pozmuş olur.
18. Məhkəmə qeyd edir ki, sərbəst hərəkət etmək hüququ həm də, İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərədə tutulan əsas hüquqlardan biridir (Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 2-ci bəndi). Beləliklə, məhkəmə vergi borcu ilə əlaqədar şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının yalnız müvafiq məqsədə - borcun ödənilməsinin təmin edilməsinə istiqamətləndiyini, maraqlı şəxs tərəfindən vergi borcunun isə tam ödənildiyini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməməlidir.
1. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı