Məhkəmə qərarları › İş №e-2-2(113)-754/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-754/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-754/2024 01.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 991-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 1388 manat gecikdirilmiş borcun və hesablanmış 1331,90 manat cərimə borcunun, xx.xx.2014-cü il tarixli 12-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış ******* manat gecikdirilmiş borcun və hesablanmış 945919,10 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, 400 manat mediasiyaya dair xərcin, cəmi ******* manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 991-GL/15 nömrəli, xx.xx.2014-cü il tarixli 12-LA/14 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2015-ci il tarixli 991-GL/15 nömrəli müqavilə üzrə yaranmış 1388 manat gecikdirilmiş borcu və hesablanmış 1331,90 manat, xx.xx.2014-cü il tarixli 12- LA/14 nömrəli müqavilə üzrə yaranmış ******* manat gecikdirilmiş borc, 945 919,10 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun MŞG/MT007/2023-03320 saylı, xx.xx.2023-ci il taixli arayışı təqdim edilmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat vemiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən qəbul edərək bildirmişdir ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında 13 aprel 2012-ci il tarixində 19- İM/12 saylı ilkin müqavilə bağlanmışdır. İlkin müqaviləyə əsasən "xxxx" ASC Cavabdeh MMC-yə məxsus Samux rayonunda olan 2ha əkin sahəsinə istixana avadanlıqları quraşdırılması ilə birlikdə 10 il müddətinədək lizinqə verilməsini təmin edir. Cavabdeh MMC həmin avadanlığın dəyərinin 10% hissəsini, yəni 100.000 manatını əvvəlcədən ödəyir. İlkin razılaşmaya görə də ödənilən 100.000 manat heç bir halda geri qaytarılmır, qalan məbləğ isə əsas müqavilə bağlandıqdan sonra 10 il müddətinə ödəniş qrafikinə uyğun olaraq ödəniləcəkdir. İlkin müqavilə əsasında "xxxx" ASC tender keçirmiş, tenderin qalibi “Red Trade” LTD şirkəti olmuşdur. Tenderdən sonra "xxxx" ASC tərəfindən texniki avadanlıqların və onların quraşdırılmasının ümumi dəyərinin 2.248.800 manat olduğu bəlli olmuşdur. Cavabdeh MMC müqavilənin ümumi dəyərinə etiraz edərək, onun həddindən artıq yüksək olduğunu qeyd etdikdə, "xxxx" ASC-dən müqavilədən imtina etdiyi halda ödənilmiş ilkin 100.000 manatın geri qaytarılmayacağı bildirilmişdir. Cavabdeh MMC ilkin ödənilən 100.000 manatın geri qaytarılmadığını gördükdən sonra məcburiyyət qarşısında qalaraq əsas müqavilənin bağlanmasına razılıq vermişdir. Beləliklə, cavabdehlə iddiaçı arasında 22 sentyabr 2014-cü il tarixində ümumi dəyəri ******* manat olan 12-LA/14 saylı əsas müqavilə bağlanmışdır. Müqavilənin ümumi qiymətinin həddən artıq şişirdilməsi sahibkarlıq subyekti olaraq cavabdehi əlverişsiz vəziyyətə salmışdır. Halbuki, "xxxx" ASCnin Cənab Prezident tərəfindən yaradılmasında məqsəd dövlət büdcəsi hesabına alınmış texnika və avadanlıqların fiziki və hüquqi şəxslərə münasib şərtlərdə verilməsi, kənd təsərrüfatı sahəsinin stimullaşdırılması, bu sahədə istehsal olunan məhsulun həcminin artırılması olmuşdur. Lakin "xxxx" ASC qanunun ona verdiyi səlahiyyətlərdən sui-istifadə edərək dövlət büdcəsi hesabına alınmış texnika və avadanlıqları mövcud bazar qiymətindən bir neçə dəfə artıq qiymətə MMC-yə lizinq yolu ilə vermişdir. Nəticədə bu cür borc məbləği yaranmışdır. Yəni, Cavabdeh MMC-nin öhdəliklərinin yerinə yetirməmə səbəbi lizinq avadanlığının qiymətinin bazar qiymətindən dəfələrlə yüksək olmasıdır. Bununla bağlı dəfələrlə məhkəməyə müraciət edib və məlum olub ki, müqavilə bağlanılan zaman müqavilə üzrə ekvivalenti göstərilən istilik avadanlığının qiyməti daha aşağı qiymətdədir. Məhkəmənin qərarına əsasən tərəflər arasında yenidən bir müqavilə bağlanmışdır. Sonda o, xx.xx.2015-ci il tarixli müqavilə üzrə əsas borcu qəbul etdiyini, lakin cərimə borcunu və xx.xx.20214-cü il tarixli müqavilə üzrə ümumi borcu qəbul etmədiyini bildirərək iddianın qismən təmin olunmasını xahiş etmişdir.

Tədqiq olunan sübutlar:

6. "xxxx" ASC və Cavabdeh MMC arasında imzalanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə xx.xx.2015-ci il tarixli 991-GL/15 nömrəli müqaviləyə əsasən lizinq verən aşağıda göstərilən kənd təsərrüfatı texnikasını (bundan sonra texnika) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir: “Traktor Belarus-892” markalı, 1 ədəd, bir ədədin qiyməti 28500 manat, 7 il ödəmə müddətinə. 1.1-ci bəndə əsasən lizinq alan texnikanın dəyərindən 9900 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

7. "xxxx" ASC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2015-ci il tarixli 991- GL/15 nömrəli lizinq müqaviləsi üzrə ödəniş qrafikindən məlum olur ki, 2021-ci ilin İİ rübü sonuncu ödəniş tarixi olaraq tərəflər arasında razılaşdırılmışdır.

8. "xxxx" ASC və Cavabdeh MMC arasında imzalanmış "xxxx" ASC-yə məxsus istixana avadanlıqlarının lizinqə verilməsi barədə 2014-cü il 22 sentyabr tarixli 12-LA/14 nömrəli lizinq müqaviləsinə əsasən dəyəri ******* manat olan Samux rayonunda 2ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarının dəyərini lizinq ödəniş qrafıkində (1 nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 (on) il müddətədək lizinqə verir. Lizinq alan obyektin dəyərindən 174 876,0 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafıkində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır.

9. "xxxx" ASC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2014-cü il tarixli 12- LA/14 nömrəli lizinq müqaviləsi üzrə ödəniş qrafikindən məlum olur ki, 2024-cü ilin İV rübü sonuncu ödəniş tarixi olaraq tərəflər arasında razılaşdırılmışdır.

10. Tərəflər arasında imzalanmış 12-LA/14 nömrəli, 22 sentyabr 2014-cü il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli, D-12-LA/14 nömrəli razılaşmaya əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 avqust 2017-ci il tarixli, 2-2(82)-81/2017 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2- 2(103)-801/2017 saylı qətnamələrinin icrasını təmin etmək məqsədilə tərəflər arasında bağlanmış 22 sentyabr 2014-cü il tarixli 12-LA/14 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: lizinq verən ümumi dəyəri ******* manat olan Samux rayonunda 2 ha sahədə xüsusi polietilen örtükülü kompleks istixana avadanlıqlarının (bundan sonra - Obyekt) dəyərini lizinq ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki (Əlavə 2) yeni redaksiyada verilmişdir (əlavə olunur). Bu razılaşma "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 22 sentyabr 2014-cü il tarixli 12-LA/14 nömrəli lizinq müqaviləsinin tərkib hissəsi hesab olunmaqla imzalandığı gündən qüvvəyə minir.

11. "xxxx" ASC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2018-ci il tarixli, D- 12-LA/14 nömrəli nömrəli lizinq müqaviləsi üzrə ödəniş qrafikindən məlum olur ki, 2024-cü ilin İİİ rübü sonuncu ödəniş tarixi olaraq tərəflər arasında razılaşdırılmışdır.

12. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdehnə göndərilmiş 31 avqust 2023-cü il tarixli 3-22-2/2- 1704/2023 saylı xəbərdarlıq məktubunda xx.xx.2015-ci il tarixli 991-GL/15 nömrəli müqavilə üzrə yaranmış 1388 manat gecikdirilmiş borcun və hesablanmış 1331,90 manat cərimə məbləğinin, xx.xx.2018-ci il tarixli D-12-LA/14 nömrəli müqavilə üzrə yaranmış ******* manat gecikdirilmiş borc, 945919,10 manat cərimə məbləğinin qısa zaman ərzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

13. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və "xxxx" MMC arasında imzalanmış 23 may 2023-ci il tarixli məhkəmə hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili baradə müqaviləyə əsasən “icraçı” “sifarişçi”nin adından məhkəmə hüquq xidmətlərinin həyata keçirilməsi ilə bağlı müvafiq müqavilələr bağlayır, habelə vəkil qurumlarına və ya fərdi vəkillərə ödənilən haqqın büdcə təşkilatının vəsaitinə qənaət etmək üçün “vəkillərə etdikləri yardım üçün ödənilən xərc” kimi qarşı tərəfdən alınıb xeyrinə qətnamə çıxarılan “sifarişçi”yə ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görür.

14. 000İPX********** saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 5 saylı Vəkil Bürosunun bank hesabına 500 manat köçürülmüşdür.

15. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında lizinq müqavilələri imzalanmış, daha sonra xx.xx.2014-cü il tarixli müqaviləyə dəyişiklik olmuşdur. Müqavilələr üzrə müvafiq olaraq lizinq predmeti olan kənd təsərrüfatı texnikaları və istixana avadanlıqları cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilələr üzrə iddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2014-cü il tarixli müqavilə üzrə borcu qəbul etməsə də, öz etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin hər iki lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehin nümayəndəsinin xx.xx.2015-ci il tarixli 991-GL/15 nömrəli müqavilə üzrə əsas borc məbləğini qəbul etdiyini və etirazını təsdiq edəcək sübutlar təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, xx.xx.2015-ci il tarixli 991-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 1388 manat gecikdirilmiş borc və xx.xx.2014-cü il tarixli 12-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış ******* manat gecikdirilmiş borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. İddiaçı eyni zamanda, iddia tələbində tərəflər arasında müqavilələrə uyğun olaraq 1331,90 manat və 945919,10 manat cərimə borcunun ödənilməsini tələb etmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli 991-GL/15 nömrəli, xx.xx.2014-cü il tarixli 12-LA/14 nömrəli müqavilələrdə razılaşdırılmışdır ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə 1331,90 manat və 945919,10 manat cərimə məbləğinin tələb edilməsini əsaslı hesab etmir. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hesablanmış 1331,90 manat cərimə məbləği azaldılaraq 65 manat, 945919,10 manat cərimə məbləği azaldılaraq 60000 manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

21. Qeyd edilənlərdən əlavə məhkəmə MPM-in 119 və 121-ci maddələrinə əsasən hesab edir ki, ödənilmiş 400 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 500 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2015-ci il tarixli 991-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 1388 manat gecikdirilmiş borc və 65 manat cərimə borcu, xx.xx.2014-cü il tarixli 12-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış ******* manat gecikdirilmiş borc və 60000 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat, 400 manat mediasiya xərci olmaqla, cəmi ******* (bir milyon üç yüz on iki min altı yüz iyirmi bir) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar