Məhkəmə qərarları › İş №e-2-2(113)-756/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-756/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-756/2021 23.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə (indiki “xxxx” MMC) qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (indiki “xxxx” MMC) (bundan sonra – cavabdeh) qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1003.00 manat əsas borc, 100.30 manat penya borcunun, 800 manat hüquqi xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1933.30 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli SM/EH-003 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan müxtəlif inşaat məhsulları almışdır. Müqavilənin şərtlərinə əsasən təhvil verilmiş malların dəyəri sifariş tarixindən etibarən, sabit limit olaraq 30.000 AZN məbləğində 30 gün müddətində ödənilməsi, həmçinin gecikmə halında isə hər gecikən gün üçün ödəmə müddəti keçmiş məbləğin 0.01 % penya ödənilməsi razılaşdırılmışdır. Bütün bunlara və cavabdehə göndərilmiş xəbərdarlıq məktublarına baxmayaraq bu günədək 1003.00 AZN borc və 100.30 AZN faiz borcu ödənilməmiş və iddiaçı tərəfindən göndərilmiş xəbərdarlıq məktublarına cavab verilməmişdir. Bundan əlavə iddiaçı hüquqi xidmət göstərilməsi üçün nümayəndəyə 800 manat ödəmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Şahbazov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Cavabdeh MMC ilə “xxxx” MMC arasında bağlanan xx xxxxx 2019-cu il tarixli, SM/EH-003 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı təsviri, çeşidi, ölçü vahidi, miqdarı, dəyri, təhvil verilmə qaydası və təhvil verilmə müddəti hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr – Razılaşma Protokolları ilə müəyyən olunan malları müqavilə ilə razılaşdırılmış şərtlərlə alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib qarşılığıda müqavilə ilə razılaşdırılmış pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür. Malların dəyəri protokolda göstərilir. Müqavilənin 3.3-cü bəndinə əsasən malların alıcıya təhvil verilməsi tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, tərəflərin hər birində bir nüsxə saxlanılmaqla satıcı tərəfindən tərtib edilən təhvil-təslim aktı vasitəsilə rəsmiləşdirilir. - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, İddiaçı MMC-nin əvvəlki adı “xxxx” MMC olmuşdur. - İnternet Vergi İdarəsinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi sistemindən görünür ki, ********** nömrəli VÖEN AZ1065, ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-yə (əvvəlki adı Cavabdeh MMC) məxsusdur. - 206128 nömrəli, EBAC seriyalı xx.xx.2019-cu il tarixli elektron qaimədən məlum olur ki, iddiaçı tərəfindən cavabdehə 1003,00 manat məbləğində mallar təhvil verilmişdir. - iddiaçı xx xxxxxxx 2020-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu ünvanlayaraq müqavilə üzrə yaranmış borcun ödənilməsinin təmin edilməsini xahiş etmişdir. - iddiaçı xx xxxxxxx 2020-ci il tarixdə cavabdehə pretenziya qaydasında məktub ünvanlayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrini rəhbər tutaraq noyabr ayının 10-dək yaranmış borcun və ona hesablanmış faizlərin tamamının ödənilməsini tələb etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 1003,00 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1003,00 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5-ci maddəsinə əsasən hesablanmış 100.30 manat məbləğində penya pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 50 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa məhkəmə 800 manat vəkil xidməti ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən belə xərcin çəkilməsini sübut edən hesabdan çıxarış və ya ödənişi təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən (indiki “xxxx” MMC) 1003.00 (bir min üç) manat məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 50 (əlli) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 1083.00 (bir min səksən üç) manat pul tutularaq İddiaçı MMCyə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar