Məhkəmə qərarları › İş №e-2-2(113)-7562/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7562/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7562/2024 17.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 10560,40 məbləğində pul vəsaitinin, habelə ödənilmiş 121,68 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, 316/2022 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 10560,40 (on min beş yüz altmış manat qırx qəpik) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində doqquz ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və 3 (üç) ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 10560,40 (on min beş yüz altmış manat qırx qəpik) manat hissəsini bu günədək ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Allahverdiyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə üzrə təhvil verilmiş mallar üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlər mötəbər sübut hesab edilə bilməz. Belə ki, təqdim etdikləri bütün sənədləri cavabdeh birbaşa özü imzalamışdır.

4. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında alqı-satqı müqaviləsi üzrə iddiaçının təqdim etdiyi sənədlərin imzalandığı tarixə onun iddiaçıya ümumilikdə 1500 manat borcu olmuş, o, həmin borcla bağlı sənədlərə imza etdiyini ehtimal edib iddiaçının təqdim etdiyi çoxsaylı sənədləri oxumadan imza etmişdir. Həmin sənədlər ona imzalatdırılan zaman sənədlərdə hər hansı əlyazma olmamış, əllə olan yazılar sonradan, onun xəbəri olmadan sənədlərin məzmununa daxil edilmişdir. Qalıq 1500 manat borcu təxminən 4 dəfə olmaqla iddiaçının Xəyal adlı ekspeditoruna qaytarmış (ödənişlərin məbləğləri, tarixləri, ümumi dövriyyə, iddiaçıya ödənilmiş ümumi məbləğlər yadında deyildir), başqa borcu qalmamışdır. Hazırda ondan tələb edilən borc əsassızdır, belə ki, onun aktlarda göstərilən həcmlərdə birdəfəlik sifarişləri olmamışdır. İddia əsassızdır, belə ki, təmin olunacağı təqdirdə belə həmin icra sənədinin himayəsində 3 uşağı olması, işsiz olması halları ilə bağlı icrası mümkün olmayacaqdır.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 316/2022 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilənin 1-ci bəndinə görə Satıcı (İddiaçı MMC) Alıcıya (Cavabdeh) nisyə borc olaraq ümumi dəyəri 10560,40 manat məbləğində müxtəlif çeşid məhsulları (və ya taranı) satır.

7. Müqavilənin 2-ci bəndinə görə Alıcı satıcıdan ümumi dəyəri 10560,40 manat olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir.

8. Müqavilənin 3-cü bəndinə görə alıcı satıcıya 10560,40 manat məbləğində olan borcunu 9 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür.

9. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə görə kreditor (İddiaçı MMC) tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında Borclunun (Cavabdeh) kreditora 10560,40 manat məbləğində borcunun yarandığı müəyyən olunmuş və borclu kreditora 10560,40 manat məbləğində borcunun olduğunu tam etiraf edir.

10. Müqavilənin 2.1-ci bəndinə görə borclu borc məbləğini müqavilə bağlandıqdan sonra hər ay 300 manat olmaqla xx.xx.2023-cü il tarixinə qədər tam olaraq kreditora ödəməyi öhdəsinə götürür.

11. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına görə xx.xx.2022-ci il tarixli, 316/2022 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən 10560,40 manat dəyərində məhsullar satıcı tərəfindən alıcıya təhvil verilmişdir.

12. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində 10560,40 manat borcunu xx.xx.2023-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 316/2022 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

16. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

17. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir.

21. Cavabdeh həmin sənədləri oxumadan imza etdiyini, iddiaçının təqdim etdiyi sübutların (müqavilələr, ərizə, təhvil aktı) tərəfindən imzalanan zaman borcun məbləği ilə bağlı qrafaların boş olduğunu, iddiaçı tərəfindən sonradan əl yazıları ilə doldurulduğunu, həmin tarixə iddiaçıya 10560,40 manat deyil, 1500 manat borcunun olduğunu bildirir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

26. Beləliklə, məhkəmə cavabdehin bu izahatını qeyri-səmimi qəbul etməklə, iddiaçıya olan hazırkı borcunun ödənilməsi ilə əlaqədar yaranmış məsuliyyətdən yayınması cəhdi kimi qiymətləndirir.

27. Bundan əlavə, cavabdeh alqı-satqı müqaviləsi üzrə iddiaçıya hazırkı müqavilə üzrə 1500 manat ödədiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, borcun hansı tarixlərdə, hansı hissələrlə qaytarılması barədə məhkəmənin suallarına ağlabatan şəkildə cavab verə bilməmiş, üzərinə düşən sübut etmə vəzifəsini icra edə bilməmişdir.

28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 10560,40 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 121,68 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 10560,40 manat məbləğində pul, 121,68 manat dövlət rüsumu, ümumilikdə 10682,08 (on min altı yüz səksən iki manat səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar