Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7574/2025 08.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İdddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc – 23.800 (iyirmi üç min səkkiz yüz) manat, ƏDV – 4.284,40 (dörd min iki yüz səksən dörd manat 40 qəpik, ümumilikdə – 28.084,40 manat və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən, ödənilməmiş borc məbləği üzrə faktiki ödəniş gününə qədər Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsi ilə hesablanmaqla faizlərin tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 noyabr 2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında №11/01 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə 05 mart 2023-cü il tarixli Əlavə №03 razılaşdırma protokolu əlavə edilmiş, 11 aprel 2023cü il tarixli təhvil-təslim aktı ilə mallar tam həcmdə cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə elektron qaimə-faktura təqdim edilmişdir: xx.xx.2023 tarixli EBDB-095130 saylı elektron qaimə-faktura – ümumilikdə 60.392,40 manat (o cümlədən 51.180,00 manat əsas məbləğ və 9.212,40 manat ƏDV). Cavabdeh tərəfindən bu qaimə üzrə yalnız 27.380 manat əsas məbləğ və 4.928 manat ƏDV ödənilmiş, sonuncu ödəniş xx.xx.2024-cü il tarixində həyata keçirilmişdir (maliyyə əməliyyatlarına əsasən). Hal-hazırda cavabdehin iddiaçı qarşısında 23.800 manat əsas məbləğ və 4.284,40 manat ƏDV olmaqla ümumilikdə 28.084,40 manat ödənilməmiş borcu mövcuddur. 22 iyul 2025-ci il tarixdə iddiaçı tərəfindən Cavabdeh MMC-yə rəsmi pretensiya məktubu göndərilmiş, öhdəliyin icrası tələb olunmuş, lakin cavabdeh heç bir cavab verməmiş və borcu ödəməmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh "xxxx" MMCdən əsas borc – 28084.40(iyirmi səkkiz min 84 manat 40 qəpik) X4 uçot dərəcəsi– 5315.6 AZN ( beş min üç yüz on beş manat altmış qəpik) dövlət rüsumlarına dair ödənişlərin tutulmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh MMC-dən: 21.300,00 manat əsas borcun; 3.834,40 manat ƏDV borcunun; 2.404,03 (iki min dörd yüz dörd manat 03 qəpik) manat məbləğində Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış faizlərin; İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Bakı Kommersiya Məhkəməsinə ödənilmiş 176(yüz yetmiş altı manat 00 qəpik) manat dövlət rüsumunun cəmi 27.714,43 (iyirmi yeddi min yeddi yüz on dörd manat 43 qəpik) manatın İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müarciət edərək,məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinixahiş etdi.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
10. İddiaçı MMC (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 11/01 nömrəli nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcf’ya Mal satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcf’ya ödəyir. - 1.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. - 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. - 3.4.1-ci bəndinə əsasən əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək alıcının vəzifəsidir. - 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Alıcı” sifariş olunan malın dəyərini “Satıcı”nın təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra gün ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
11. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 11/01 nömrəli nömrəli alğı-satqı müqaviləsinə 03 saylı Əlavəyə əsasən satıcı tərəfindən alıcıya veriləcək malların adı,ölçü vahidi və qiyməti razılaşdırılmışdır.
12. 03 noyabr 2022-ci il tarixli xx-xx/2022-ci il savlı müqavilənin 03 saylı Razılaşdırma protokoluna əsasən təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə müxtəlif adda və sayda mallar təhvil verilmişdir.
13. İddiaçı tərəfindən cavabdehə EBDB 095130 saylı xx.xx.2023-cü il tarixli 60392.40 manat məbləğində elektron qaimə göndərilmişdir.
14. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarış məlumatına əsasən cavabdeh tərəfindən iddiaçının hesabına müxtəlif vaxtlarda müxtəlif ödənişlər edilmişdir. V. Tətbiq edilən hüquq:
15. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
18. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
19. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimə, eləcə də malların təhvil-qəbul aktları,bank hesabından çıxarış məlumatları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
21. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 25 134.4 (ƏDV daxil) manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, məhkəmə cavabdeh tərəfindən məhkəmə icraatı dövründə etdiyi ödənişləri nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 25 134.4 (ƏDV daxil) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
22. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 2.404,03 manat məbləğində Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq gecikdirilmə faizlərin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
23. Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti (mallar təhvil veriləndən iddia ərizəsi verilənədək 17 ay müddət) və 25134.4 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 1755 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 169 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 25134.4 manat malın dəyəri, 1755 manat illik 5% faiz məbləği və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 169 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova