Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7576/2024 12.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: barışıq sazişi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12988,16 manat məbləğ üzrə 606 gün gecikdirilmiş müddət üzrə borc 1078,19 manat, 9446,10 manat məbləğ üzrə 532 gün gecikdirilmiş müddət üzrə borc 688,35 manat, müqavilə üzrə 12988,16 manat və 9446,1 manat məbləğ üzrə ümumi məbləğin 30 faiz dəbbə pulu 6730,27 manat, iş üzrə vəkilə ödənilmiş 1000 manat xidmət haqqı olmaqla, ümumilikdə 9496,81 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 115 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “Novamatic" Məhdud Məsuliyyətli Cəmiyyəti” arasında xx.xx.2022-ci il tarixdə yük daşınmasına dair müqavilə bağlanmışdır. Müqavilənin 4.2-ci maddəsinə əsasən daşıyıcı tərəfindən hesab faktura təqdim edildikdən dərhal sonra daşıyıcının hesablaşma hesabına sifarişçi ödənişi həyata keçirməli idi. Daşıyıcı şirkət tərəfindən 12988,16 manat pul məbləğinə görə xx.xx.2022-ci il tarixdə 335/22 saylı hesab faktura təqdim edilmiş, lakin sifarişçi pulun ödənilməsini həyata keçirməmişdir. Daha sonra 9446,10 manat pul məbləğinə görə xx.xx.2022-ci il tarixdə 398/22 saylı hesab faktura təqdim edilmiş, lakin sifarişçi bu ödənişi də həyata keçirməmişdir. Daha sonra yaranmış kommersiya mübahisəsi ilə bağlı ilkin olaraq Bakı 18 saylı Mediasiya Təşkilatına müraciət olunmuşdur. İş mediasiya təşkilatında baxılan zaman sifarişçi Cavabdeh ilə daşıyıcı İddiaçı arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 1-ci maddəsi üzrə Cavabdeh MMC barışıq sazişinin bağlandığı tarixə İddiaçı MMC-yə 22434 (iyirmi iki min dörd yüz otuz dörd) manat borcu olduğunu etiraf etmiş, sazişin 2-ci maddəsi üzrə qeyd edilən borcu 6 (altı) ay ərzində hər ay 3739 (üç min yeddi yüz otuz doqquz) manat verməklə ödəməyi öhdəsinə götürmüşdür. Həmin sazişin 3 və 4-cü maddələri üzrə ödəniş hər ayın sonuncu gününədək həyata keçirilməli, ilk ödəniş 2023-cü ilin dekabr ayının sonuncu iş gününədək ödənilməli idi. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq sifarişçi heç bir ödəniş həyata keçirməmişdir. Bu səbəbdən barışıq sazişinin təsdiq edilməsilə bağlı məhkəməyə müraciət olunmuş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il tarixli qətnaməsi ilə barışıq sazişi təsdiq edilmişdir. Bundan sonra iş icra mərhələsində olan zaman xx.xx.2024-cü il tarixdə hər iki hesab faktura üzrə borc tam şəkildə ödənilmişdir. Borcun bu qədər gec müddət sonra ödənilməsi Mülki Məcəllənin 445.7-ci maddəsinə əsəsən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 faiz daşıyıcının sifarişçiyə pul tələb etməsi zərurətini yaratmışdır. Yuxarıda qeyd edildiyi kimi 12988,16 manat pul məbləğinə görə xx.xx.2022-ci il tarixdə 335/22 saylı hesab faktura təqdim edilmiş, 9446,10 manat pul məbləğinə isə xx.xx.2022-ci il tarixdə 398/22 saylı hesab faktura təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli 335/22 saylı hesab faktura üzrə elektron qaimə (EBCİ 996996) xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə 398/22 saylı hesab faktura üzrə elektron qaimə (EBCN 468723) isə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Müqavilə şərti üzrə hesab faktura göndərildikdən dərhal sonra pul ödənilməli idi. Deməli sifarişçi daşıyıcıya 12988,16 manat pulu xx.xx.2022-ci il tarixdə, 9446,10 manat pulu isə xx.xx.2023-cü il tarixdə ödəməli idi. Lakin qeyd edilən pul məbləği daşıyıcıya xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Göründüyü kimi 12988,16 manat pul məbləği 606 gün sonra, 9446,10 manat pul məbləği isə 532 gün sonra ödənilmişdir. İllik 5 faiz gecikdirilmə faizi üzrə 12988,16 manat pul məbləği üçün 1 günə gecikdirilmiş pul 1,7792 manat, (12988x5%=649,408, 649,408/365=1,7792 manat) 9446,10 manat pul məbləği üçün 1 günə gecikdirilmiş pul 1,2939 manat (9446,10x5%=472,305 472,305/365=1,2939 manat) təşkil edir. Beləliklə 12988,16 manat məbləğ üzrə 606 gün gecikdirilmiş müddət üzrə borc 1078,19 manat, (606x1,7792=1078,19) 9446,10 manat məbləğ üzrə 532 gün gecikdirilmiş müddət üzrə borc 688,35 manat (532x1,2939=688,35 manat) təşkil edir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə əsasən ödənişin gecikdirilmiş hər günü üçün məbləğin 0,5%-i qədər əlavə ödəniş hesablanacaq. Yuxarıda qeyd olunduğu kimi 12988,16 manat pul məbləği 606 gün sonra, 9446,10 manat pul məbləği isə 532 gün sonra ödənilmişdir. 12988,16 manat pul məbləğinin 0.5%-i 64,94 manat təşkil edir. (12988,16x0.5%=64,94) 1 gün üçün dəbbə pulu 64,94 manat təşkil edirsə 606 gün üçün dəbbə pulu 39353,64 manat təşkil edir. (64,94x606=39353,64) 9446,10 AZN pul məbləğinin 0.5%-i 47,23 manat təşkil edir. (9446,1x0,5%=47,23) 1 gün üçün dəbbə pulu 47,23 AZN təşkil edirsə 532 gün üçün dəbbə pulu 25126,36 manat təşkil edir. (47,23x532=25126,36 manat) Göründüyü kimi müqavilə üzrə dəbbə pulu 12988,16 manat pul məbləğinə görə 39353,64 manat, 9446,10 manat pul məbləğinə görə 25126,36 manat olmaqla ümumilikdə 64480 manat təşkil edir. Lakin iddiaçı şirkət cavabdehlə əvvəllər aralarında olan işgüzar münasibətlərə əsasən 64480 manat dəbbə pulu tələb etmək hüququ olduğu halda daha humanist davranaraq hesab edir ki, dəbbə pulu ümumi borc məbləğinin 30 faizi təşkil etməlidir. (12988,16+9446,1=22434,26, 22434,26x30%=6730,27) Hesab edilir ki, müqavilə üzrə ümumlikdə 22434,26 manat məbləğin 30 faizi olan 6730,27 manat məbləğ dəbbə pulu olaraq hesablanmalıdır.
3. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Mülahizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin maddələrinin pozulması ilə müşahidə olunan şəkildə verilmişdir. İddia tamamilə absurddur və qətiyyən qəbul edilmir. İddiaçı özü özünün iddiasını iddia ərizəsində təkzib edir. Beləki, iddia ərizəsində qeyd edildiyi kimi tərəflər arasında öhdəliyin icrası təsdiqlənmiş və tərəflərin arasında yekun öhdəliklər müəyyən olunmuşdur. Mediasiya sessiyasının sonunda imzalanmış barışıq sazişinə əsasən yekun məbləğ 22434 manat müəyyən olunmuşdur. Eyni zamanda borcun ödənilməsi üçün 6 aylıq müddət müəyyən olunmuşdur. Tərəflərin qarşılıqlı razılığı ilə hissə-hissə ödənilmə müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən Azərbaycan Respublikasınin MPM-nin tələblərinə uyğun şəkildə barışıq sazişi xüsusi icraat qaydasında təsdiq edilmişdir. İcra şöbəsi tərəfindən verilmiş icra vərəqəsinə uyğun olaraq cavabdeh tərəfindən xx.xx.2024cü il tarixdə 20000 manat, xx.xx.2024-cü il tarixdə isə 2434 manat pul ödənilmiş və iddiaçı ilə tam hesablaşma olunmuşdur. Lakin iddiaçı tərəfindən verilmiş iddianın absurdluğu bundadır ki, iddiaçı yekun məbləğin barışıq sazişi ilə təsdiqləndiyi öhdəliklərin cavabdeh tərəfindən tam icra edilib qurtardıqdan sonra heç bir qanuni əsasa dayanmayan iddia ilə müraciət etmişdir. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Eyni zamanda iddiaçının da imzaladığı və təsdiqlədiyi xx.xx.2023-cü il tarixli mediasiya barışıq sazişinin 3-cü maddəsində göstərilir ki, “Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur”. Bundan başqa barışıq Sazişin 5-ci maddəsində göstərilir ki, və tərəflər təsdiq etmişlər ki, Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar, öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edilirlər. Mülki Məcəllənin 399.3-cü maddəsinə görə müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikasının 405-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Tərəflər arasında müqavilənin ləğvinə və ya etibarsızlığına dair hər hansı müqavilə, razılaşma, saziş və ya məhkəmə qətnaməsi mövcud deyil. Bu da ona əsas verir ki, Mülki Məcəllənin 460.2-ci maddəsində göstərilir ki, öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Bir halda ki, iddiaçının daşıma müqaviləsi üzrə yekun tələbi 22434 manat olmuşdur və bu məbləğ tam olaraq ödənilmişdir. Tərəflər arasında öhdəliklərə xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Süleymanov iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddianın təmin edilməməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (daşıyıcı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 025/22 nömrəli yük daşınması müqaviləsinə görə daşıyıcı sifarişçinin tapşırığı ilə müxtəlif növ yüklərin daşınmasını həyata keçirməsini və ya təşkil edilməsini, sifarişçi isə daşımanın müqabilində daşıyıcıya müvafiq sifarişdə nəzərdə tutulmuş daşımanın dəyərini ödəməyi öz öhdəsinə götürür.
9. Müqavilənin 4.2-ci bəndinə görə sifarişçi müvafiq sifariş üzrə ödənişi yükün boşaldılacağı ölkədə təyinat gömrük terminalına daxil olduqdan sonra və daşıyıcı tərəfindən hesab-faktura təqdim edildikdən sonra dərhal daşıyıcının hesablaşma hesabına ödəniş həyata keçirir. Ödənişlər gecikdirilərsə, hesaba daxil olmazsa və ya həyata keçirilməzsə daşıyıcı yükün təhvil verilməmə hüququnu özündə saxlayır. Ödənişin gecikdirilmi hər günü üçün məbləğin 0,5%-i qədər əlavə ödəniş hesablanacaq.
10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli EBCİ 996996 nömrəli 29887,12 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCN 468723 nömrəli 9446,10 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
11. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli, 398/22 nömrəli hesab fakturaya görə 5550 ABŞ dolları, xx.xx.2022-ci il tarixli 335/22 nömrəli hesab fakturaya görə 17560 ABŞ dolları məbləğində vəsait ödənilməlidir.
12. İddiaçı ilə cavabdeh arasında bağlanmış mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-01659 nömrəli barışıq sazişi imzalanmış, sazişin 1-ci bəndinə görə tərəflər sazişin bağlandığı günə cavabdehin iddiaçıya 22434 manat məbləğində borcunun olduğunu qəbul etmişlər.
13. Sazişin 2-ci bəndinə görə cavabdeh müqavilənin 1-ci bəndində göstərilmiş borcunu 6 ay ərzində həy ay 3739 manat verməklə ödəyəcək.
14. Sazişin 4-cü bəndinə görə ilk ödəniş 2023-cü ilin dekabr ayının sonuncu iş gününədək həyata keçiriləcək.
15. Sazişin 3-cü bəndində göstərilmişdir ki, sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur.
16. İddiaçının bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 22634 manat vəsait ödənilmişdir.
17. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
18. Belə ki, iddia ərizəsi iki hissədən ibarətdir: İ. 1766,54 manat illik 5 faizlə hesablanmış faiz borcunun ödənilməsi; 2. 6730,27 manat dəbbə pulunun tutulması.
19. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 025/22 nömrəli yük daşınması müqavilə bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında yük daşınmaları həyata keçirilmiş, həmin daşınmalara görə 22434 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Göstərilən müqavilə üzrə tərəflər arasında yaranmış mübahisə xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə həll edilmiş, cavabdeh göstərilən borcu 6 ay ərzində - 2023-cü ilin dekabr ayınının son iş günündən başlanmaqla iddiaçıya aylıq 3739 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi sazişdə müəyyən edilmiş müddət ərzində icra etməmiş, yaranmış borcunu xx.xx.2024-cü il tarixdə iddiaçıya ödəmişdir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
22. 881.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.
23. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
24. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
26. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
27. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
28. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi əsaslıdır.
29. Bununla yanaşı, iddiaçı borcun məbləğinin 1766,54 manat olmasını iddia etsə də, iddia ərizəsindən görünür ki, iddiaçı həmin borcun hesablanmasının hesab fakturalar təqdim edildiyi gündən borcun tam ödənildiyi günə qədər olan müddət üçün hesablamışdır.
30. Halbuki, iddiaçı xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə cavabdehə yaranmış borcun ödənilməsi üçün əlavə vaxt vermiş, borcun hissə-hissə olmaqla 6 ay ərzində ödəniləcəyi tərəflər arasında razılaşdırılmışdır.
31. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq faiz borcunun məbləği xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtləri nəzərə alınmaqla ümumilikdə 349,35 manat müəyyən edilməlidir.
32. Belə ki, materiallardan görünür ki, cavabdehdən birinci ödənişin ödənilməsini 190 gün gecikdirdiyi üçün 96,9 manat faiz borcu (gecikdirilmiş 1 gün üçün faiz borcu - 3739*5/100/365 gün = 0,51 manat), ikinci ödənişin ödənilməsini 159 gün gecikdirdiyi üçün 81,09 manat faiz borcu, üçüncü ödənişin ödənilməsini 130 gün gecikdirdiyi üçün 66,30 manat faiz borcu, dördüncü ödənişin ödənilməsini 99 gün gecikdirdiyi üçün 50,49 manat faiz borcu, beşinci ödənişin ödənilməsini 69 gün gecikdirdiyi üçün 35,19 manat faiz borcu, altıncı ödənişin ödənilməsini 38 gün gecikdirdiyi üçün 19,38 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
33. Məhkəmə iddia tələbini ikinci hissədə əsassız hesab edir.
34. Məhkəmə iddianın həmin hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisəli məsələ xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə həll edilmişdir. Göstərilən razılaşmada öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə, o cümlədən icranın gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmamışdır.
35. Halbuki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
36. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
37. Odur ki, tərəflər arasında dəbbə pulunun ödənilməli olması barədə barışıq sazişində yazılı razılaşma olmadığından məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
38. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 349,35 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
39. Bundan başqa iddia ərizəsində 1000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 50 manat hüquqi yardıma görə xərc ağlabatan hesab edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, hüquqi yardımla bağlı çəkilmiş qalan xərc iddiaçının özünə aid edilməlidir.
40. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə hüquqi yardımla bağlı Bakı şəhəri 20 saylı Vəkil Bürosuna hüquqi xidmət haqqına görə 1000 manat vəsait ödənilmişdir.
41. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 82 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 349,35 manat faiz borcu, 50 manat hüquqi yardıma görə xərc, 30 manat dövlət rüsumu, ümumilikdə 429,35 (dörd yüz iyirmi doqquz manat otuz beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 82 (səksən iki) manat dövlət rüsumu İddiaçı MMCnin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova