Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7590/2025 09.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 1109/24 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin: 1.1. 1-ci bəndinə əsasən, Bu “Müqavilə” ilə müəyyənləşdirilmiş qaydada Satıcı (iddiaçı) bu “Müqavilə”yə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavələrində göstərilmiş çeşiddə malları (bundan sonra – mallar) Dövlət Standartları ilə müəyyən edilmiş normalara uyğun olmaqla, Alıcıya (cavabdehə) təhvil verir, alıcı isə alqı-satqı predmetini qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürür. 1.2. 2.1-ci bəndinə əsasən, 2.1.1. Bu müqavilədə nəzərdə tutulmuş malları təhvil almaq; 2.1.2. Malların razılaşdırılmış dəyərini ödəmək alıcının öhdəlikləridir. 1.3. 3.1-ci bəndinə əsasən, Malların qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə (hesab-faktura, e-qaimə, qiymət razılaşma protokolları və s.) göstərilir. 1.4. 4.3-cü bəndinə əsasən, Alıcı bu Müqavilədə nəzərdə tutulmuş müddətlərdə malların dəyərini Satıcıya ödəmədikdə, hər gecikdirilən gün üçün Satıcı Alıcıya gecikdirilmiş məbləğin 1 faizi məbləğində penya tətbiq edə bilər. Bu zaman ödənilən penyanın ümumi məbləği bu Müqavilənin ümumi dəyərinin 60 faizindən çox ola bilməz.
2. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 1109/24 saylı alqı-satqı müqaviləsinə 1 saylı Əlavə ilə 72275 manat (ƏDV daxil) məbləğində, 2 saylı Əlavə ilə 4626 manat (ƏDV daxil) məbləğində, 3 saylı Əlavə ilə 6855,8 manat (ƏDV daxil) məbləğində, 4 saylı Əlavə ilə 64935,4 manat (ƏDV daxil) məbləğində, 5 saylı Əlavə ilə 46492 manat (ƏDV daxil) məbləğində, 6 saylı Əlavə ilə 84275,6 manat (ƏDV daxil) məbləğində, ümumilikdə 279 459,8 manat (ƏDV daxil) məbləğində malların cavabdehə satılması razılaşdırılmış, ödəniş şərtləri təhvil-təslim aktı imzalandıqdan sonra 3 iş günü ərzində qalan vəsaitin ödənilməsi şəklində müəyyən edilmişdir.
3. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından görünür ki, müqaviləyə Əlavələr ilə razılaşdırılmış məbləğdə, miqdarda və növdə mallar cavabdehə təhvil verilmişdir. Bundan başqa iddiaçı tərəfindən cavabdehə ümumilikdə 279 458,8 manat məbləğində elektronqaimə göndərilmişdir.
4. Bundan başqa, iş materiallarına əlavə edilmiş bank hesabından çıxarışdan görünür ki, 145170 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüşdür. Həmçinin cavabdeh tərəfindən 26130,6 manat məbləğində pul iddiaçının ƏDV hesabına köçürülmüşdür.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı tərəflər arasında 11 sentyabr 2024-cü il tarixində bağlanmış, 1109/24 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 108.158,80 manat əsas borc, xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinədək günlük 1% hesablanmaqla 167.675,64 manat dəbbə pulu və 565.83 manat məhkəmə rüsumu daxil olmaqla, ümumilikdə 276.400,27 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı ərizəsində göstərmişdir ki, tərəflər arasında, 11 sentyabr 2024-cü il tarixində 1109/24 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, Müqavilənin 20 dekabr 2024-cü il tarixli 5 saylı əlavəsində və 10 fevral 2025-ci il 6 saylı əlavəsində göstərilən malların iddiaçı tərəfindən 130.767,60 manat məbləğində satılması və həmin məbləğin Cavabdeh tərəfindən müəyyən edilmiş müddətdə və tam həcmdə ödənilməsi, eləcə də malların növ, miqdar və keyfiyyət göstəricilərinə uyğun şəkildə təhvil verilməsi barədə tərəflər arasında qarşılıqlı razılıq əldə edilmişdir. İddiaçı, qeyd edilmiş Müqavilə üzrə öhdəliklərini Azərbaycan Respublikasının müvafiq Mülki qanunvericiliyi və Müqavilənin müddəalarına uyğun olaraq tam, vaxtında və qüsursuz şəkildə yerinə yetirmişdir. Həmin öhdəliklərin icrası nəticəsində cavabdehə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli elektron qaimə-faktura və xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli Forma 2-lər (təhvil-təslim aktları) təqdim edilmişdir. İddiaçı, yaranmış borc öhdəliklərinin məhkəməyə qədər sülh yolu ilə tənzimlənməsi məqsədilə dəfələrlə cavabdehlə telefon danışıqları apararaq, ümumi borc məbləğinin tam şəkildə ödənilməsini tələb etmişdir. Bu tələblər nəticəsində, Cavabdeh tərəfindən hissəvi ödəniş həyata keçirilmiş, lakin qeyd edilən əlavələr üzrə qalan 108.158,80 manat məbləğində əsas borc könüllü qaydada ödənilməmişdir. Bu əsasla, 08 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının “Elektron Məhkəmə” informasiya sistemi və “E-Taxes” platforması vasitəsilə Cavabdehə rəsmi yazılı pretensiya məktubları göndərilmişdir. Lakin göstərilən bütün cəhdlərə baxmayaraq, Cavabdeh bu günədək borcun ödənilməsi istiqamətində hər hansıaddım atmamışdır. Bu səbəbdən İddiaçı, yaranmış mübahisənin həlliməqsədilə Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlielektron qaimə-faktura və xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli Forma 2-lər (təhvil-təslim aktları) əsasən sifarişçi tərəfindən icraçıya ödənilməsi nəzərdə tutulan əsas məbləği təhvil-təslim aktı imzalandıqdan sonra 3 iş günü ərzində qalan məbləği tam şəkildə ödəməyi öhdəliyinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə borcun tam ödənilməsini 225 təqvim günü gecikdirmişdir. Tərəflər arasında 11 sentyabr 2024-cü il tarixində 1109/24 nömrəli alqı-satqı Müqaviləsinin 4.3-cü bəndinə əsasən, hər gecikdirilən gün üçün cavabdehə gecikdirilmiş məbləğin 1%-i həcmində cərimə tətbiq edilə bilər. 225 gün üçün hesablanan cərimə məbləği 243.357,30 manat təşkil etsə də, vicdanlılıq prinsipinə uygun olaraq İddiaci tərəfindən ödənilməli cərimə məbləği 167675,64 manata azaldılmışdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim etməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
10. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
14. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Maddə 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
17. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Maadə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.
24. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
25. MM-nin 386.1-ci maddəindən də göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
26. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
27. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 1109/24 saylı alqı-satqı müqaviləsinin bağlanması ilə müqavilə üzrə öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilənin predmetinə əsasən, iddiaçı bu “Müqavilə”yə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavələrində göstərilmiş çeşiddə malları Dövlət Standartları ilə müəyyən edilmiş normalara uyğun olmaqla, cavabdehə təhvil verməyi, cavabdeh isə alqı-satqı predmetini qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.
28. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 1109/24 saylı alqı-satqı müqaviləsinə 1 saylı Əlavə ilə 72275 manat (ƏDV daxil) məbləğində, 2 saylı Əlavə ilə 4626 manat (ƏDV daxil) məbləğində, 3 saylı Əlavə ilə 6855,8 manat (ƏDV daxil) məbləğində, 4 saylı Əlavə ilə 64935,4 manat (ƏDV daxil) məbləğində, 5 saylı Əlavə ilə 46492 manat (ƏDV daxil) məbləğində, 6 saylı Əlavə ilə 84275,6 manat (ƏDV daxil) məbləğində, ümumilikdə 279459,8 manat (ƏDV daxil) məbləğində malların cavabdehə satılması razılaşdırılmış, ödəniş şərtləri təhvil-təslim aktı imzalandıqdan sonra 3 iş günü ərzində qalan vəsaitin ödənilməsi şəklində müəyyən edilmişdir.
29. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından görünür ki, müqaviləyə Əlavələr ilə razılaşdırılmış məbləğdə, miqdarda və növdə mallar cavabdehə təhvil verilmişdir. Bundan başqa iddiaçı tərəfindən cavabdehə ümumilikdə 279458,8 manat məbləğində elektronqaimə göndərilmişdir.
30. Beləliklə, iddiaçı müqavilə ilə üzərinə götürdüyü malların təhvil verilməsinə dair öhdəliyini lazımınca icra etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə və ona Əlavələrə əsasən təhvil-təslim aktı imzalandıqdan sonra 3 iş günü ərzində qalan vəsaiti ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. İş materiallarından görünür ki, cavabdeh tərəfindən 145170 manat əsas, 26130,6 manat məbləğində ƏDV olmaqla, cavabdeh tərəfindən cəmi 171300,6 manat ödəniş edilmişdir. Şərh edilənlərdən göründüyü kimi cavabdeh göstərilən müqavilə əsasında malları almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini tam ödəməyərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki iddiaçı 108158,80 manat (279459,8 - 171300,6 = 108159,2 manat) məbləğində əsas borcun cavabdeh tərəfindən ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.
31. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
32. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
33. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 5408 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.
34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən (təqribən 39% həcmində) dövlət rüsumu da ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 11 sentyabr 2024-cü il tarixində bağlanmış, 1109/24 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 108158,80 manat əsas borc, 5408 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun 221 manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 344,83 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı