Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-760/2023 03.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndələri Nümayəndə, X5 və X2, Cavabdeh QSC-nin nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 63150 manat məbləğində borc pulun və ödənilmiş 420 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, bağlanmış müqaviləyə əsasən Cavabdeh QSC Aİ-92 və dizel yanacağını lazımi keyfiyyətdə İddiaçı MMC-yə verilməsini öhdəsinə götürmüşdür. İddiaçı MMC isə alınmış Aİ-92 və dizel yanacağının dəyərinin Cavabdeh QSC-ə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı MMC müqavilə əsasında aldığı yanacağın dəyərini tam olaraq Cavabdeh QSC-ə ödəmişdir. Lakin Cavabdeh QSC müqavilə üzrə öhdəliklərin icrası şərtlərini pozaraq dizel yanacağını lazımi keyfiyyətdə verməmiş, bu səbəbdən İddiaçı MMC-yə məxsus avtomobillərin yanacaq sistemləri yararsız vəziyyətə düşmüş və MMC-yə ümumilikdə 63150 manat məbləğində ziyan dəymişdir. Belə ki, yük avtomobillərində yanacağın tərkibində su olması və keyfiyyətsiz olması səbəbindən "xxxx" MMC tərəfindən dəymiş zərərin hesablanması məqsədi ilə qiymətləndirmə aparılmış və xx.xx.2022- ci il tarixdə rəy tərtib olunmuşdur. Tərtib olunmuş № 001155 saylı rəyə əsasən İddiaçı MMC-yə məxsus MAN TGX YÜK markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobilə 25740 manat və № 001156 saylı rəyə əsasən MAN TGX YÜK markalı 99 JM012 dövlət qeydiyyat nişanlı avtomobilə 26020 manat zərər dəymişdir. Həmçinin İddiaçı MMC-nin müraciəti əsasında şirkətə məxsus yük avtomobillərinə "xxxx" MMC tərəfindən texniki baxiş keçirilmiş yük avtomobillərinin yanacaq sistemlərində su aşkar olunması və yanacağın keyfiyyətinin aşağı olması səbəbindən təmir olunmuşdur. Ehtiyat hissələri AVTO 999 mağazasından № 060300, № 060296, № 060304, № 060298, № 060303 nömrəli qaimələr əsasında alınmışdır. Həmin avtomobillərin ehtiyat hissələri və təmir xərcləri aşağıdakı kimi qiymətləndirilmişdir. 1. MAN TGA **-JR-*** (ehtiyat hissə 1740 manat + təmir 400 manat = 2140 manat) 2. MAN TGA **-JM-*** (ehtiyat hissə 1870 manat + təmir 540 manat = 2410 manat) 3. MAN TGA **-JM- *** (ehtiyat hissə 1620 manat + təmir 450 manat = 2070 manat ) 4 MAN TGA **-JK-*** (ehtiyat hissə 1870 manat + təmir 550 manat = 2420 manat) 5 MAN TGA 99- JK-019 (ehtiyat hissə 1870 man + təmir 480 man = 2350 man) Göründüyü kimi Cavabdeh QSC ilə bağlanmış müqaviləyə əsasən dizel yanacağını İddiaçı MMC-yə lazımi keyfiyyətdə verməmiş və bu səbəbdən də İddiaçı MMC-yə ümumilikdə 63150 manat məbləğində ziyan dəymişdir (25740+26020+2140+2410+2070+2420+2350 = 63150 manat). İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanan müqavilənin beşinci bəndinin şərtlərini Cavabdeh QSC-i pozmüşdur. Belə ki, həmin müqavilənin 5.1-ci hissəsində qeyd edilmişdir ki, bu müqavilə əsasında təhciz edilən Malın keyfiyyəti DÜİST-ə, TŞ-ə və istehsalçı tərəfindən verilmiş keyfiyyət pasportuna uyğun olmalıdır. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinə əsasən – tərəflər bu Müqavilədə nəzərdə tutulan vəzifələrin lazımı qaydada yerinə yetirmədikdə, bunun nəticəsində digər tərəfə dəymiş bütün zərərlərin ödənilməsinə görə məsuliyyət daşıyırlar. Müqavilənin 10.2-ci bəndinə əsasən mübahisənin yaranma tarixindən etibarən iki həftə ərzində Tərəflər qarşılıqlı razılığa gəlmədikdə, bütün mübahisələr Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində baxılmalıdır. Bu barədə Cavabdeh QSC-ə pretenziya məktubu göndərilməsinə baxmayaraq heç bir cavab gəlməmişdir. Ona görə də Cavabdeh QSC tərəfindən İddiaçı MMC-ə vurulmuş ziyan ödənilməlidir. Cavabdeh QSC iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, Cavabdeh QSC və İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli, AZ201002734 Ns-li neft məhsullarının alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə 2021-2022-ci illər ərzində “Likard” yanacaq kartları ilə neft bazasından dizel yanacağı buraxılmışdır. Sözügedən müqavilənin 5.1-ci bəndinə əsasən təhciz edilən neft məhsullarının keyfiyyəti DÜİST-ə, TŞ-ə və istehsalatçı tərəfindən verilmiş keyfiyyət pasportuna uyğun olmalıdır. Həmin müqavilənin 5.6-cı maddəsinə əsasən neft məhsullarının təsadüfi məhvi, zodələnməsi və ya keyfiyyətinin pisləşməsi riski, habelə neft məhsullarına mülkiyyət hüququ onun alıcıya faktiki təhvil verilməsi zamanı tam həcmdə satıcıdan alıcıya ötürülür. Satıcı neft məhsullarının yanacaq kartları ilə obyektdə buraxılmasından sonra neft məhsullarına dəymiş ziyana görə məsuliyyət daşımır. Həmin müqavilənin 5.7-ci bəndinə əsasən neft məhsullarının satıcıdan alıcıya ötürülməsi anı neft məhsullarının obyektdə buraxılması tarixi və vaxtı hesab edilir. Neft məhsullarının (Aİ-92 və dizel yanacağının) xx.xx.2021-ci il tarixli, 01/001 N 2-İİ alqı-satqı müqaviləsi üzrə təchizatçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan Cavabdeh QSC-nin neft bazasına boru kəməri vasitəsilə çatdırılması həyata keçirilir. Boru kəməri vasitəsilə Aİ-92 və dizel yanacağının çatdırılması tərəflərlə imzalanmış neft məhsullarının qəbulu haqqında aktla və neft məhsullarının pasportu ilə təsdiq edilir. xx.xx.2022-ci il tarixində neft məhsullarının boru kəməri vasitəsilə qəbulu haqqında 117 JŞfo-li akt tərtib edilmiş və dizel yanacağının TŞ AZ 35 36601.243-2015 tələblərinə uyğun olması barədə 107 N 2-İİ pasport təqdim edilmişdir. Cavabdeh QSC-nin neft bazasından müştərilərə neft məhsulları buraxılaraq müvafiq əmtəə-nəqliyyat qaimələri tərtib edilir və müştərilərə nəft məhsulları qəbul edilərkən təqdim edilir. xx.xx.2022-ci il tarixində İddiaçı MMC-nin ** JM *** (** ZJ ***) yük avtomobilinin mayeləri saxlamaq və daşımaq üçün böyük çəninə 40 torın dizel yanacağı doldurulmuş və yanacağın buraxılması zamanı əmtəə-nəqliyyat qaiməsi tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndələri Nümayəndə, X5 və X6 iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq izahatlarında tərəflərin arasında imzalanmış xx.xx.2021-ci il tarixli, AZ201002734 Ns-li neft məhsullarının alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC mülkiyyətində olan üzərində təxminən 40 ton yanacaq çəni olan yük avtomobili vasitəsi ilə Cavabdeh QSC-nin yanacaq bazasından yanacaq alır, həmin yanacaq daşıyan yük maşınına sözügedən bazada dizel yanacağı vurulandan sonra yanacaq çəninin üzərinə İddiaçı MMC-nin plombu vurulur, daha sonra həmin yanacaq daşıyan yük maşını şirkətə qayıdır və həmin avtomobilin üzərində olan xüsusi avadanlıq vasitəsi ilə İddiaçı MMC-nin istifadəsində olan sement daşıyan avtomobillərə dizel yanacağı vurulur. Müqavilə bağlanan tarixdən Cavabdeh QSC ilə 17 iyun 2022-ci il tarixədək yanacağın keyfiyyəti və həcmi ilə bağlı heç bir mübahisə olmamış, yalnız 17 iyun 2022-ci il tarixdə Cavabdeh QSC tərəfindən 30000 litr dizel yanacağının əvəzində yalnız 28329 litrinin təhvil verildiyini və 1671 litr dizel yanacağının əskik olması ilə bağlı cavabdehə sadəcə olaraq məlumat verildiyini, buna baxmayaraq işdə ləngimələrin qarşısını almaq məqsədi ilə növbəti dəfə 02 iyul 2022-ci il tarixdə Cavabdeh QSC-dən 40 ton dizel yanacağı aldıqlarını, lakin şirkətdə ilk vurulan 5 ədəd yük avtomobilində bir müddətdən sonra yaranan nasazlıqlara görə dizelin keyfiyyətinin yoxlanıldığı və yanacağda su aşkarlandığını bunu hətta məhkəməyə təqdim edilən SGS şirkətin analitik hesabatında təsdiq olunduğunu, həmin dizelin yük avtomobillərə vurulmasını dayandırdıqlarını, lakin buna baxmayaraq 2 ədəd yük maşınının mühərrikinin sıradan çıxdığını və təmirlərinə 51760 (25740+26020) manat, 5 ədəd yük maşınının ehtiyyat hissələrin sıradan çıxması nəticəsində cari təmirinə 11390 (2140+2410+2070+2420+2350) manat məbləğində xərcin çəkildiyini bildirmişlər. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamənin məhkəmədən çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndələri X3 və X4 etiraza uyğun izahat vermiş, əlavə olaraq isə izahatlarında dizel yanacağı bazadan götürülən zaman iddiaçının nümayəndələrinin iştirakı ilə təhvil verildiyini, iddiaçı tərəfindən yanacaq təhvil götürülən zaman yanacağın keyfiyyəti ilə bağlı onlara heç bir etirazın bildirilmədiyini, təhvil götürüldükdən sonra isə məsuliyyətin artıq onlara aid olmadığını, belə ki, iddiaçının yanacaq daşıyan yük maşını Cavabdeh QSC-nin bazasını tərk edəndən sonra satılmış yanacağa üçüncü şəxslərin müdaxiləsi ola biləcəyini bildirərək, həmçinin həmin dövrdə yanacağı almış digər şirkətlərin dizelin keyfiyyəti ilə bağlı pretenziyaların olmadığını nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış neft məhsullarının Likard yanacaq kartları ilə satılması barədə müqavilədən görünür ki, Cavabdeh QSC Likard yanacaq kartları ilə təmin edilməsi, neft məhsullarının satıcının yanacaqdoldurma məntəqələrində yanacaq kartları ilə satılmasını, İddiaçı MMC isə bu müqavilənin şərtləri əsasında malın yanacaq kartları ilə alınması və alınan malların dəyərinin tam olaraq ödənilməsi öhdəliyini götürür. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə əsasında təhciz edilən malın keyfiyyəti DÜİST-ə, TŞ-ə və istehsalçı tərəfindən verilmiş keyfiyyət pasportuna uyğun olmalıdır. Müqavilənin 5.6-cı maddəsinə əsasən neft məhsullarının təsadüfi məhvi, zodələnməsi və ya keyfiyyətinin pisləşməsi riski, habelə neft məhsullarına mülkiyyət hüququ onun alıcıya faktiki təhvil verilməsi zamanı tam həcmdə satıcıdan alıcıya ötürülür. SGS şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli analitik hesabatının sürətindən görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilən dizel yanacağında suyun miqdarı 450 ppm (m/m) təşkil edir. 2021 və 2022-ci il tarixlərdə sistemə yüklənilən elektron qaimələrdən görünür ki, Cavabdeh QSC həmin dövr ərzində İddiaçı MMC-yə dizel yanacağı satmışdır. Sistemə əlavə edilmiş bank hesablarından çıxarışlardan görünür ki, İddiaçı MMC Cavabdeh QSC-yə yanacağın satışı üçün 195254,2 manat məbləğində pul köçürmüşdür. xx.xx.2022-ci il tarixli D-01 dizel yanacağının keyfiyyətinin müəyyən edilməsi ilə bağlı tərtib edilmiş 107 nömrəli pasportdan görünür ki, məhsul TŞ AZ 3536601.243-2015 tələblərinə uyğundur. xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş zərər aktından görünür ki, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissəsi üçün 1740 manat nasos təmiri üçün çəkiləcək xərc isə 400 manat hesablanmışdır. xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş zərər aktından görünür ki, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissəsi üçün 1870 manat, enjektor təmiri üçün çəkiləcək xərc isə 540 manat hesablanmışdır. xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş zərər aktından görünür ki, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissəsi üçün 1620 manat, nasos təmiri üçün çəkiləcək xərc isə 450 manat hesablanmışdır. xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş zərər aktından görünür ki, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissəsi 1870 manat, nasos təmiri üçün çəkiləcək xərc 550 manat hesablanmışdır. xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş zərər aktından görünür ki, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissəsi 1870 man, nasos təmiri və söküb taxılması üçün çəkiləcək xərc isə 480 manat hesablanmışdır. xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə rəyindən görünür ki, 001155 nömrəli İddiaçı MMC-yə məxsus MAN TGX YÜK markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobilə 25740 manat və 001156 nömrəli rəyə əsasən MAN TGX YÜK markalı 99 JM012 dövlət qeydiyyat nişanlı avtomobilə 26020 manat zərər dəymişdir. xx.xx.2022-ci il tarixli Cavabdeh QSC-nin İddiaçı MMC-yə göndərdiyi məktubdan görünür ki, Cavabdeh QSC-yə məxsus olan neft bazasından xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin aldığı yanacağın tərkibində suyun olub-olmaması barədə müraciət öz təsdiqini tapmamışdır. Həmin gün neft bazasından bir sıra yanacaqdoldurma məntəqələrinə göndərilmiş və müxtəlif şirkətlərin aldığı dizel markalı yanacağın yararsızlığı, keyfiyyətinin aşağı olması barədə şikayət daxil olmamış və tərkibində su olduğu aşkarlanmamışdır. 23 dekabr 2022-ci il tarixli “Star Mining” şirkətinin Cavabdeh QSC-yə ünvanladığı məktubdan görünür ki, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Cavabdeh QSC tərəfindən bir maşını 37 ton olmaqla iki maşın 74 ton dizel yanacağı alınaraq sahəyə göndərilmiş, yanacaq istifadə edilmiş, istər kəmiyyət, istərsə də keyfiyyət baxımından heç bir uyğunsuzluq aşkar edilməmişdir. 14 mart 2023-cü il tarixli 30 nömrəli "xxxx" QSC-nin Cavabdeh QSC-yə ünvanladığı məktubdan görünür ki, 2022-ci ilin may-iyul aylarında Cavabdeh QSC-nin neft bazasından 1516 ton həcmdə dizel yanacağı alınmış və şirkətin ehtiyaclarının qarşılanmasına yönəldilmiş, dizel yanacağının yüksək keyfiyyətinə Cavabdeh QSC-yə minnətdarlıq bildirilmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 567, 571.1, 571.2 və 588.1-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alğı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alğısatqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında xx.xx.2021-ci il tarixdə, AZ201002734 Ns-li neft məhsullarının alqı-satqı müqaviləsi imzalanmış və sözügedən müqaviləyə əsasən həmin tarixdən ayda təxminən iki dəfə İddiaçı MMC-nin təqribən 40 ton həcmində çəni olan yanacaq daşıyan yük avtomobili Cavabdeh QSC-nin yanacaq bazasından müxtəlif həcmdə topdan dizel almış, daha sonra həmin yanacaq daşıyan yük maşını şirkətin qarajına qayıdandan sonra həmin avtomobilinin üzərində olan xüsusi avadanlıq vasitəsi ilə aldıqları dizel İddiaçı MMC-nin istifadəsində olan sement daşıyan avtomobillərə fərdi şəkildə vurulurdu. Müqavilə bağlanan tarixdən Cavabdeh QSC ilə 17 iyun 2022-ci il tarixədək yanacağın keyfiyyəti və həcmi ilə bağlı heç bir mübahisə olmamış, yalnız 17 iyun 2022-ci il tarixdə iddiaçının izahatına əsasən Cavabdeh QSC tərəfindən 30000 litr dizel yanacağının əvəzində yalnız 28329 litrinin təhvil verildiyini və 1671 litr dizel yanacağının əskik olmasına baxmayaraq İddiaçı MMC bu məsələni hazırki tələbdə mübahisələndirməmişdir. Bundan sonra iddiaçının nümayəndələri izahatlarında növbəti dəfə 02 iyul 2022-ci il tarixdə Cavabdeh QSC-dən aldıqları yanacağın lazımi keyfiyyətdə olmadığını, tərkibində su olduğunu və nəticədə 2 ədəd yük maşınının mühərrikinin sıradan çıxdığını və təmirlərinə 51760 (25740+26020) manat, 5 ədəd yük maşınının ehtiyyat hissələrin sıradan çıxması nəticəsində cari təmirinə 11390 (2140+2410+2070+2420+2350) manat məbləğində xərcin çəkildiyini bildirmişlər. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixli İddiaçı MMC tərəfindən təqdim edilən dizel yanacağında suyun miqdarının 450 ppm (m/m) həcmdə olmasını əks etdirən SGS şirkətin analitik hesabatını həmçinin "xxxx" MMC və "xxxx" MMC-nin yük avtomobillərin təmirini əks etdirən sənədlər təqdim edərək çəkilən xərcinin ödənilməsi ilə bağlı iddianın təmin edilməsinin xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir, belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 588.1-ci maddəsinə əsasən alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir, iddiaçı isə məhkəməyə Cavabdeh QSC-dən alınan dizel yanacağının məhz bazada İddiaçı MMC-nin yanacaq daşıyan yük avtomobilinə vurularkən keyfiyyətsiz olmasını sübuta yetirə bilməmişdir. Həmçinin iddiaçının nümayəndələri izahatlarında məhkəməyə təqdim etdiyi SGS şirkətinin analitik hesabatına əsasən Cavabdeh QSC-nin satdığı dizel yanacağının tərkibində suyun olduğuna istinad etsələr də, məhkəmə hesab edir ki, iddiaçı ilk öncə məhkəməyə yanacağın məhz Cavabdeh QSC-nin bazasında olarkən keyfiyyətsiz olması barədə sübut təqdim etməli idi, lakin bunu etməmişdir. Bununla yanaşı iddiaçı izahatlarında məhkəməyə təqdim etdiyi SGS şirkətinin analitik hesabatının məhz Cavabdeh QSC-nin satdığı dizel yanacağına aid olması ilə bağlı qeyd edir ki, 02 iyul 2022-ci il tarixdə İddiaçı MMC-nin yanacaq daşıyan yük avtomobilinin çəninə topdan alınmış dizel vurulandan sonra həmin çənin üzərinə yanacağa üçüncü şəxslərin müdaxiləsini qarşısını alan plomb Cavabdeh QSC tərəfindən vurulsaydı və sonuncunun iştirakı ilə həmin plomb qırılmaqla götürülən dizelin nümunəsi SGS şirkətinə təqdim edilsəydi, analitik hesabat mübahisə doğurmazdı, lakin yanacaq daşıyan yük maşını Cavabdeh QSC-nin bazasını tərk edəndən sonra sonuncunun nəzarətində olmadığını, həmçinin satılmış dizel yanacağa üçüncü şəxslərin müdaxiləsinin ehtimallarını nəzərə alan, məhkəmə hesab edir ki, hazırki tələb üzrə maraqlı olan iddiaçının təqdim etdiyi SGS şirkətinin analitik hesabatında məhz Cavabdeh QSC-nin satdığı dizel yanacağına aid olması hissəsində mötəbər sübut deyil. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh QSC-nin məhkəməyə təqdim etdiyi bir neçə şirkətin məktublarında 2022-ci ilin iyul ayında həmin şirkətlərin Cavabdeh QSCnin bazasından aldıqları yanacaq istifadə edilmiş, istər kəmiyyət, istərsə də keyfiyyət baxımından heç bir uyğunsuzluq aşkar edilmədiyi qeyd edilmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı 63150 manat məbləğində borc və ödənilmiş 420 manat məbləğində dövlət rüsumunun tutulması tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı 63150 manat məbləğində borc və ödənilmiş 420 manat məbləğində dövlət rüsumunun tutulması tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-760/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-760/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver