Məhkəmə qərarları › İş №e-2-2(113)-7603/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7603/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7603/2025 14.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehn qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə S263/22 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə görə Təchizatçı (iddiaçı) Alıcıya (cavabdehə) mal satır, Alıcı isə malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürür. Bu müqavilə çərçivəsində mal termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. Müqavilənin: 1.1. 1.2-ci bəndinə görə malların miqdarı, çeşidi, qiyməti və dəyəri ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər mallara əlavə edilən qaimələrlə və hesab fakturalarla tərəflərin razılaşdığı və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə əks olunur; 1.2. 2.1-ci bəndinə əsasən malların təchizatı bu müqavilənin bütün müddəti ərzində bu müqaviləyə əlavələr və onun ayrılmaz hissəsi olan Spesifikasiyalar əsasında ayrı-ayrı partiyalarla hissə-hissə həyata keçirilir; 1.3. 2.2-ci bəndinə görə malların təchizatı tərəflərin yazılı şəkildə razılaşdığı əraziyə (o cümlədən elektron poçtdan istifadə etməklə) uyğun olaraq partiyalarla həyata keçirilir; 1.4. 2.3-cü bəndinə əsasən Alıcı malların qəbulunu təmin etməyə, ona baxış keçirməyə, keyfiyyətini, çeşidini və kəmiyyətini (o cümlədən əlavələrin tamlığını) yoxlamağa borcludur. Bu “Müqavilə”yə əsasən tədarük olunan mallar lazımi keyfiyyətə malik olmalıdır. 1.5. 2.4-cü bəndinə əsasən mallar Təchizatçı və ya onun cəlb etdiyi daşıyıcı tərəfindən Alıcının müvafiq lisenziyaya malik olduğu bilavasitə Alıcının anbarına (mağazaya, digər binalara) çatdırılır. Malların Alıcıya faktiki təhvil verildiyi və mallar üçün əlavə hesab-fakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən mallara qulluq yükü və malların təsadüfən itirilməsi riski Alıcının üzərinə düşür; 1.6. 2.5-ci bəndinə əsasən, mallara mülkiyyət hüququ tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən mallar üzrə qaimə sənədlərinin imzalandığı andan təchizatçıdan alıcıya keçir. 1.7. 4.1.-ci bəndinə görə bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların Təchizatçı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində Təchizatçının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, Alıcı satılan malların bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. 1.8. 5.1-ci bəndinə əsasən, alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı təchizatçıya hər gecikən gün üçün 0,3% dəbbə pulu (cərimə) ödəyir.

2. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli müştəri sifarişində 513,13 manat (ƏDV daxil) məbləğində malların cavabdehə təhvil verilməsi əks olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə 513,13 manat məbləğində malların verilməsinə dair EBCN seriyalı, 956756 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə göndərilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı xx.xx.2022-ci il tarixli, S263/22 saylı Alqı-Satqı Müqaviləsi əsasında 513,13 manat əsas, 51,31 manat dəbbə pulu və 30 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 594,44 manat cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə tərəflər arasında S263/22 saylı “Alqı-Satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalarıəsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 513,13 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni iddiaçıya ödəməmişdir

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Cavabdeh iddia tələbinə etiraz edərək malların bir qismini nağd şəkildə ödədiyini, bir qismini isə iddiaçıya geri qaytardığını bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

8. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.

18. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

19. Tərəflər arasında mübahisə cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsi ilə bağlıdır.

20. Qeyd edilən müddəadan da (MM-nin 386.1-ci maddəsi) göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

21. Mülki Məcəllənin 567-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

22. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə S263/22 nömrəli təchizat müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imzası ilə təsdiq edilmiş “müştəri sifarişi” adlı sənəd əsasında müxtəlif çeşidli içki məhsulları cavabdehə təhvil verilmişdir. Məhkəmə malların təhvil verilməsini “müştəri sifarişi” adlı sənəd əsasında icra edildiyini tərəflər arasında artıq formalaşmış işgüzar qayda olmasını nəzərə alaraq alaraq hesab edir ki, iddiaçı müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan öhdəliyini, yəni malların ayrı-ayrı hissələrlə lazımınca çatdırılmasını yerinə yetirmişdir.

23. Bundan başqa, malların təhvil verilməsini cavabdeh məhkəmə iclasında, onların bir hissəsinin pulunu nağd qayada ödədiyini, bir hissəsini isə geri qaytardığını deməklə özü də etiraf etmiş, lakin qeyd etdiyi dəlillə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, cavadbeh malların bir qismini iddiaçıya (iddiaçının ekspeditoruna) nağd qaydada ödəməsi, bir qismini isə geri qaytarması barədə dəlillərini sübut etmədiyi halda təqsirli sayılır. Bu isə onunla nəticələnir ki, cavabdeh aldığı malların dəyərini ödəməməklə öhdəliyini tam icra etməmişdir.

24. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malları almaq hüququna malik olduğu kimi, eyni zamanda onların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə əsasında malları almasına dair hüququndan istifadə etsə də, onun dəyərini ödəməli olmasına dair vəzifəsini (öhdəliyini) yerinə yetirməmiş və bununla da öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı 513,13 manat məbləğində əsas borcun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır.

25. Məhkəmə cərimənin tələb edilməsi ilə bağlı dəlilləri və hüquqi əsasları nəzərdən keçirərək hesab edir ki, cərimə tələbi hüquqi baxımdan əsaslı olsa da, həcmi iddiaçı tərəfindən əssassız olaraq şişirdilməklə irəli sürülmüşdür. Məhkəmə cərimənin hüquqi əsasları ilə bağlı qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun qanunda və ya müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).

26. Cərimənin həcminə gəldikdə isə, məhkəmə həm öhdəliyin icra edilməməsi müddətini, həm də həcmini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən cərimə məbləği həddindən artıq hesablanmışdır. Odur ki, məhkəmə şərh edilənləri nəzərə alaraq cərimənin 20 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, S263/22 saylı alqı-satqı müqaviləsi əsasında 513,13 manat əsas, 20 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi, 563,13 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar