Məhkəmə qərarları › İş №e-2-2(113)-766/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-766/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-766/2025 25.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə3 və vəkil Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 320 manat, iddia ərizəsi verilməsi üçün ödənilmiş 170 manat dövlət rüsumu, 10244,76 manat əsas borc, yaranmış borcun ödənilməsinin gecikdirilməsi üçün xx.xx.2024-cü il tarixdən hal-hazıradək olan müddət ərzində əsas borcun ödənilməsinin gecikdirilmiş hər gün üçün 1 faiz məbləğində faiz borcunun, yəni 15367 manatın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AVŞ-02-17-01/24 saylı alqı-satqı müqaviləsinə əsasən Alıcı müxtəlif çeşidli tikinti materialları almaq üçün Satıcıdan bu Müqavilənin şərtlərinə uyğun olaraq sifariş etməyi, Satıcı malları Alıcının sifarişinə uyğun olaraq ona satmaq üçün Alıcıya bu Müqavilənin şərtlərinə uyğun olaraq təhvil verməyi və Alıcı malların dəyərini Satıcıya müqavilədə nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəlikləri icra edərək Alıcıya ümumilikdə 20864,76 manat tikinti materiallarını təhvil vermiş, bununla bağlı Alıcıya elktron qaimə göndərmiş, Alıcı tərəfindən həmin qaimələr təsdiqlənsə də, həmin məbləğ üzrə ödənişlər qismən icra edilmiş, yəni 10620 manat hissəsində ödəniş edilsə də, 10244,76 manat hal-hazıradək Alıcı tərəfindən ödənilməmiş, borc məbləği olaraq qalmışdır. Bununla da, Alıcı aldığı məhsulların ödənişini tam icra etməməklə Müqavilənin 2-4-6 və 2-5-ci bəndlərində qeyd edildiyi kimi vaxtında ödənişləri dərhal icra etmək öhdəliyi daşısa da, Alıcı müqavilə üzrə öhdəliklərini tam icra etməmişdir. Belə ki, tərəflər rasında bağlanmış xx.xx.2024-cü il tarixli, AVŞ-02-17-01/24 saylı alqı-satqı Müqaviləsinin: 2-4-4-cü bəndinə əsasən ödəniş üçün razılaşdırılmış tarix Aktın tərtib edilməsi üçün nəzərdə tutulan gündür. 2-4-5-ci bəndinə əsasən Aktın tərtib edilməsi üçün nəzərdə tutulan tarix tamamlandıqdan sonra Satıcı tərəfindən elektron qaimə tərtib edilir. 2-4-6-cı bəndinə əsasən Alıcı, tərtib edilmiş Akta yaxud onu əvəzləyən Mail-ə əsasən tərtib edilmiş Qaimə əsasında Satıcının bank hesabına köçürmə yolu ilə ödəniş edir. 2-5-ci bəndinə əsasən ödəniş üçün razılaşdırılmış tarix bitdikdən sonra ödəniş həyata keçirilmədikdə ödənişlərin gecikdiyi hər təqvim günü üçün ödənilməmiş məbləğin 1%-i qalan məbləğə əlavə ediləcəkdir. 7-2-ci bəndinə əsasən Tərəflər arasında hazırkı müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr danışıqlar yolu ilə razılaşdırıla bilmədiyi təqdirdə, Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməlidir. Alqı satqı müqaviləsi üzrə öhdəliklərini tam icra etməyən Alıcının Satıcıya ümumilikdə 10244,76 manat borcu yaranmışdır. Müqavilə üzrə öhdəliyini icra etməyən Alıcıdan dəfələrlə müqavilə üzrə ödənişləri icra etməsini tələb etsə də, Alıcı həmin məbləğin tam ödənilməsini təmin etməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli,AVŞ-02-17-01/24 saylı Müqavilənin 2-4.6-cı bəndində bəyan edilir ki, Alıcı, tərtib edilmiş Akta yaxud onu əvəzləyən Mail-ə əsasən tərtib edilmiş Qaimə əsasında Satıcının bank hesabına köçürmə yolu ilə ödəniş edir. Lakin Alıcı müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Müqavilənin 2-5-ci bəndinə əsasən, ödəniş üçün razılaşdırılmış tarix bitdikdən sonra ödəniş həyata keçirilmədikdə ödənişlərin gecikdiyi hər təqvim günü üçün ödənilməmiş məbləğin 1%-i qalan məbləğə əlavə ediləcəkdir. İddia ərizəsinə əlavə edilmiş Seriya: EBDZ №: 987240, xx.xx.2022 -ci il tarixlielektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 8335.52 manat dəyərində malların təhvil verilməsinə dair elektron qaimə qarşı tərəfə göndərilmiş, qarşı tərəfi isə onu təsdiqləmişdir. İddia ərizəsinə əlavə edilmiş Seriya: EBEB №: 371499, xx.xx.2022 -ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 10407.60 manat dəyərində malların təhvil verilməsinə dair elektron qaimə qarşı tərəfə göndərilmiş, qarşı tərəfi isə onu təsdiqləmişdir. İddia ərizəsinə əlavə edilmiş Seriya: EBED №: 077721, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 2121,64 manat dəyərində malların təhvil verilməsinə dair elektron qaimə qarşı tərəfə göndərilmiş, qarşı tərəfi isə onu təsdiqləmişdir. Elektron qaimələrdən görünür ki, cavabdeh tərəf iddiaçıdan ümumilikdə 20864,76 manat məbləğində tikintimateriallarıalmışdır. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, cavabdeh iddiaçıya olan 20864,76 manat borcundan xx.xx.2024-cü il tarixdə 5900 manat ƏDV daxil, xx.xx.2024-cü il tarixdə isə 4720 manat ƏDV daxil ödəniş etmiş, yəni ümumilikdə 10620 manat ödəniş etmiş, nəticədə cavabdehin iddiaçı qarşısında 10244,76 manat borcu qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 425.1, 442, 445.1, 448.1, 465.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənləri müdafiə etdiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, ƏDV ilə birlikdə ödənilməli olan məbləğ 10200 manat təşkil edir. Müqavilədə qeyd olunmuşdur ki, pul hansı hesaba ödəniləcək, lakin 400 manat pul karta ödənilmişdir. Daşla qumun dəyəri ümumilikdə 17620 manat təşkil edir. Bu məbləğdən 8624 manat məbləği və ƏDV hissə çıxılmışdır. İddiaçı ödənilən məbləği ümumi qaimələrin dəyərindən çıxmışdır. 3 ədəd qaimə vurulmuşdur. 9000 manat məbləğlə yanaşı onun ƏDV-si də ödənilmişdir. 10620 manat ödənilmişdir. 9000 məbləğ hesaba ödənilmişdir, 400 manat karta köçürülmüşdür. 400 manat şəxsi münasibətlər zəminində ödənilmiş borcdur, lakin hazırda mübahisələndirilən borc şirkətə ödənilməli borcdur. Cavabdeh 1650 manat da ƏDV ödəmişdir. Müqavilədə daşın hansı ölçüdə olması ilə bağlı şərt olmamışdır. Tərəflər arasında səs yazıları var və ordan görünür ki, qarşı tərəfə 4 maşın qum təhvil verilmişdir. Ola bilər ki, qaimələrdə müəyyən səhvlər olsun, lakin mallar qəbul olunmuşdur və dəyəri istəniləndə bildirilmişdir ki, cavabdeh tərəfindən borc ödəniləcəkdir. İddiaçı məhkəməyə müraciət edəndən sonra qarşı tərəf qaimələrə etiraz etmişdir. Elektron qaimələr qarşı tərəfdən təsdiqlənmişdir. Sonda o, iddia tələbinin tam təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.İmamquliyev izahat verərək bildirmişdir ki, onlar cavabdehlə bir-birilərini əvvəllər tanımamışdır. Cəmil adlı ortaq dostları olmuşdur. İlk əvvəl qarşı tərəf onlara avans ödəməli idi və sonra mallar verilməli idi. İddiaçı qarşı tərəfə inanmış və malları göndərmişdir. İddiaçı aktları tərtib etmək istəmişdir, lakin hər dəfə cavabdeh tərəfdən vaxt yoxdur, başqa yerdə olduqları kimi əsaslar gətirərək aktları imzalamamışlar. Yanvar ayına qədər 800 və ya 900 ədəd daş ona görə daşınmışdır ki, ölkə ərazisində, yollarda yüklərin müəyyən çəki ilə daşınma qaydaları mövcuddur. Fevral ayından sonra qərar verildi ki, daşların çəkisi 25 tondan artıq ola bilməz. Qarşı tərəf elekton qaimələr təsdiq edəndən sonra ödəniş etməyə başlamışdır. İddiaçıya bir dəfə də malları keyfiyyətsiz olması barədə narazılıq bildirilməmiş və onlar ödənişi gözləmişdir. Dəfələrlə iddiaçıya müraciət olunmuşdur ki, işləri dayanıb və onlara daş göndərsinlər. Ümumilikdə 27120 ədəd daş verilmişdir. Aprel ayına qədər 60 qəpikdən, aprel ayından sonra isə 62 qəpikdən daşları satmışlar. Aprel ayında 2900 daş, mart ayında 14700 daş, yanvar ayında 9520 ədəd daş verilmişdir. Daşlara görə 9000 manat hesaba ödənilmişdir, 1600 manat məbləğ ƏDV hesabına ödənilmişdir. 400 manat şəxsi borc olmuşdur, müqavilə üzrə ödənilməmişdir. 4 maşın qum göndərilmişdir. Sonda o, iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il müqaviləsinə əsasən iddiaçı tərəf cavabdehin xüsusi təyinatlı hərbi hissədə podrat müqaviləsinə əsasən apardığı tikinti işlərində cavabdehi tələb olunan tikinti materialları ilə- mişar daşı və qum ilə təchiz etməli idi. İddiaçı ilkin olaraq 6-7 maşın daş göndərməyi öhdəsinə götürmüşdür. Lakin Hərbi hissəyə yük maşınları ilə daşınan mişar daşları standart ölçüyə, yəni standart 19x19x39 sm olmalı olduğu halda 13x15x38 ölçüdə olmuş və keyfiyyətə uyğun olmamışdır. Keyfiyyət üzrə uyğunluq sertifikatı təqdim edilməmiş, malların təhvil verilməsi zamanı iddiaçı tərəf nə özü, nə də hər hansı nümayəndəsi iştirak etməmiş və təhvil-təslim aktı cavabdehə təqdim olunmamışdır. Bununla da müqavilənin 3.2-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də podrat müqaviləsi üzrə digər tərəf sifarişçi tərəfindən cavabdehin işlər dayandırılmışdır. Bu haqda iddiaçı tərəfi keyfiyyətli daş göndərməsi barədə dəfələrlə şifahi olaraq məlumatlandırmışlar. Daha sonra göndərilən mişar daşları da standart ölçüyə uyğun gəlməmiş 15x17x38 sm ölçüsündə olmuşdur. Sifarişçi tərəfdən razılıq aldıqdan sonra cavabdeh işlərini davam etdirmişdir. Cavabdehin hərbi hissə ilə bağladığı müqaviləyə əsasən cavabdeh tələb olunan keyfiyyətdə malları verməli idi. Onlar qarşı tərəfə göndərilən malları hərbi hissənin qəbul etməməsi ilə bağlı məlumat vermişdir. Şifahi olaraq malların geri götürülməsini bildirmişlər. Yenidən göndərilən mallar da standartlara uyğun gəlməmişdir. Cavabdehə ümumilikdə 24220 ədəd dəyərində daş verilmişdir.Tikinti hazırda başa çatmışdır. 3 maşın qum verilmişdir, lakin 4 maşının elektron qaiməsi göndərilmişdir. 3 maşın qumu qəbul edirlər, lakin 1 maşını qəbul etmirlər. Bundan əlavə 24220 ədəd dəyərində daş göndərilmişdir. 24220 ədəd daş göndərilməsini qəbul edirılər, lakin tələb olunan ölçüdə göndərilməmişdir, ölçülər standartlara uyğun olmamışdır. Lakin nəzərdə tutulan divar hörgüsü 40 sm olduğu və hörgü zamanı iddiaçı tərəfdən göndərilən mişar daşları ölçüyə uyğun olmadığı üçün iki daş arasında məsafə 10 sm qalmış və oranı sement-qum ilə doldurulması sifarişçi tərəfindən cavabdehdən tələb olunmuş və onlar tərəfindən icra olunmuşdur. Nəticədə cavabdehə 7141.6 manat əlavə zərər yaranmışdır. Malların təhvil verilməsini sübut edən təhvil-təslim, üzləşmə aktı və ilkin təsdiq edici uçot sənədlərinin olmaması, materialların keyfiyyət üzrə uyğunluq sertifikatı təqdim edilmədiyi və keyfiyyətsiz mal təqdim etdikləri üçün keyfiyyətsiz göndərilmiş məhsula görə cavabdehə dəyən faktiki zərərə görə, onlayn qaydada malların artıq yazılmış hissəsinin geri qaytarılması üzrə yazılmış e-qaimə fakturanın iddiaçı tərəfindən təsdiq edilməməsi, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli qaimə üzrə daşlarin sifarişsiz göndərilməsi, keyfiyyətsiz daşlarin geri qaytarılması üçün iddiaçıya şifahi olaraq xəbərdarliq olunmasına baxmayaraq elektron qaimənin ləğv edilməməsinə görə cavabdeh tərəfindən onlayn qaydada qaimə ləğvə göndərilmişdir və həmin ləğvə göndərilmiş qaimənin satıcı tərəfindən vergi sistemində təsdiq edilməmişdir. 897 m2 hörgü işləri yerinə yetirilmişdir və bu hörgü üzrə nə qədər daşlar istifadə edilmişdirsə, onun ödənişi edilmişdir. E-qaimə vurulan zaman hər dəfə akt olmalı idi. Həm də cavabdeh tərəf hesab edirdi ki yenidən normativ ölçülərə uyğun daş göndəriləcəkdir. Sifarişlər şifahi formada verilmişdir. Qum cəmi 3 maşın sifariş vermişdir, qalan sifarişlər ancaq daş olmuşdur. 4-cü maşını artıq göndərmişdilər və o da onlara geri qaytardığını bildirmişdir və gəlib həmin qum maşınını götürmələrini tələb etmişdir. Həmin müddət ərzində rəsmi olaraq malların keyfiyyəti, qüsuru barədə tərəfə müraciət etməmişdir. 1 maşın qumun ümumiyyətlə qaiməsi yoxdur, təhvil-təslim aktları yoxdur. Elektron qaimə təsdiq olunmamışdır. Hər hansı mallar veriləndə təhvil-təslim sənədləri, elektron qaimələr olmalıdır. xx.xx.2024-cü il tarixli eqaimədə 2 maşın qum gəldiyi qeyd olunmuşdur. Eyni vaxta eyni saatda, bir gündə 2 maşın qum gəlməmişdir. Onlara ümumilikdə 3 maşın qum verilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli qaimə fakturada 3 maşın kubik təhvil verildiyi qeyd olunmuşdur, lakin 1 maşın daşın qarşısında cavabdehin işçilərinin imzası yoxdur, həmçinin həmin malların kimə təhvil verilməli olan yerə "xxxx" MMC-nin adı yazılmışdır. Digər qaimədə də müəyyən qüsurlar vardır. Axırıncı göndərilən 4 qaimədə də imzalar yoxdur. Malların kim tərəfindən təhvil alınması məlum deyildir. Elektron qaimələrin göndərilməsi malların keyfiyyəti üçün kifayət deyildir. E-qaimələrdə çox şey yazıla bilər. E-qaimə malların təhvil verilməsini sübut etmir. Malların təhvil verilmə sənədləri mövcud olmalıdır. Cavabdeh tərəfindən iddiaçıya etirazlar şifahi şəkildə bildirilmişdir. Mallar cavabdehin nümayəndəsi Cəmil tərəfindən qəbul edilmişdir və onun tərəfindən narazılıqlar iddiaçı tərəfə bildirilmişdir. Son məhkəmə prosesindən sonra etirazda qeyd etdikləri əlaqədar dəqiqləşdirmə zərurəti yaranmışdır. Belə ki, ilk gələn 3 maşın mal keyfiyyətli məhsul olmadığı üçün cavabdeh tərəfindən qəbul olunmamış və qarşı tərəfin nümayəndəsinə bu barədə məlumat verilmişdir. Qarşı tərəfin göndərdiyi qaimə ciddi uçot sənədi hesab edilmir. Hər maşının qaiməsi ayrı-ayrı olmasına baxmayaraq eyni şəxs tərəfindən imzalanıbdır. Bütün bunların hamısı cavabdeh tərəfdə şübhə yaradır. İlkin göndərilən 3 maşın daş da qəbul edilməmişdir. 2650 ədəd daş qəbul edilməmişdir. 29 mart mart tarixli qaimə var ki, həmin qaimə başqa hüquqi şəxsə yazılmış qaimədir. Bütün bunlara əsasən cavabdeh yenidən tədqiqat aparmışdır. Yekun olaraq 18770 ədəd daş cavabdeh tərəfindən təhvil götürülmüşdür. 18770 ədəd daşı cavabdeh qaimə üzrə hesablamışdır. Əvvəlcə 24220 ədəd daş verildiyini demişdir və səhvə yol verilmişdir. Təxmini 160 kvadrat metrə yaxın hörgü kərpiclə hörülübdür. İlkin fərq də ona görə yaranıbdır. Cavabdehin nümayəndəsi də bildirmişdir ki, ilk 3 maşın malı qəbul eləməmişlər. Mart ayında 17 maşın malı qaimə üzrə qəbul etmişlər. 2650 ədəd daşın verilməsini qəbul edirlər.1014 manat məbləğ də qəbul edirlər. Bəli, 400 manat məbləği nəzərə almamağı əvvəlki iclasda qeyd etmişlər. Həmin məbləğ kart vasitəsi ilə köçürülmüşdür. Onun hesabı ilə 3276 manat məbləğdə borc qalmalıdır. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, Cavabdeh MMC-nin rəhbərliyi bildirir ki, İddiaçı MMC ilə xx.xx.2024-cü il AVŞ-02-17-01/24 saylı alqı-Satqı müqaviləsinə əsasən satıcı tərəf alıcının xüsusi təyinatlı hərbi hissədə (Z.Tağiyev qəsəbəsində yerləşəm HHQ) podrat müqaviləsinə əsasən apardığı tikinti işlərində “ALlCİ”-nı tələb olunan tikinti materialları ilə mişar daşı və qum ilə təchiz edir. İlkin olaraq 6-7 maşın daş göndərməyi öhdəsinə götürür. Lakin Hərbi hissəyə “kamaz ”markalı özüboşaldan yük maşınları ilə daşınan mişar daşları standart ölçüyə və keyfiyyətə uyğum olmamışdır. Keyfiyyət üzrə uyğunluq sertifikatı təqdim etməmiş, alqısatqı müqaviləsinin 3.2 maddəsinin tələbini pozmuşdur.Ona görə də Sifarişçi tərəfindən cavabdeh işləri dayandırılmışdır. Bu haqda satıcı tərəfi keyfiyyətli daş göndərilməsi ilə bağlı şifahi olaraq məlumatlandırmışlar. Satıcı tərəf sonradan başqa ölçüyə uyğun mişar daşı göndərmişdir. Sifarişçi tərəfdən razılıq aldıqdan sonra işlərini davam etdirmişlər. Lakin nəzərdə tutulan divar hörgüsü 40sm olduğu üçün hörgü zamanı satıcı tərəfdən göndərilən mişar daşları ölçüyə uyğun olmadığı üçün iki daş arasında məsafə 10 sm qaldığı üçün oranı sement-qum (beton) məhlulu ilə doldurulması Sifarişçi tərəfindən tələb olunmuş və cavabdeh tərəfindən icra olunmuşdur. Ümumilikdə 897 m2 40 sm-lik hörgü işləri yerinə yetirilmişdir ki, nəticədə 897 m2 x l0 sm= 89.7 m3 beton alınır və onun dəyəri qədər 89.7x80.0 manat = 7176.0 manat əlavə zərər yaranmışdır. AR MM-nin 21.1 və alqı-satqı müqavilənin 3.2-ci maddəsinə əsasən satıcı yaranan zərəri ödəməyə borcludur. Cavabdehin hesabına Sifarişçinin göndərmiş olduğu 24220 ədəd x 0.60 = 14532 ümumi daşın 2%i 14532x0.02=290.64 manat ümumi borcdan çıxılır. Satıcının göndərdiyi malın yekun dəyəri - Daş - 24220x0.60-290.64 (2%)man=14241.36 manat, Qum -39x26 man=1014,0 manat, yekun verilən mallaın cəmi: 14241.36+1014.0=15255.36 manat təşkil edir. Ödənilən vəsait - 5000.0 manat(bank)+4000.0 manat(bank)+400.0 manat (karta)= 9400.0 manat. Bütün bunları nəzərə alaraq hesab edir ki, qeyd olunan səbəblərə görə “SATİCİ”-nın iddiası əassızdır: Malların təhvil verilməsini sübut edən Təhvil-təslim akı,üzləşmə aktı və sair ilkin təsdiq edici uçot sənədin olmaması; Materialların keyfiyyət üzrə Uyğunluq sertifikatı təqdim edilmədiyi və keyfiyyətsiz mal təqdim etdiyi üçün; Keyfiyyətsiz göndərilmiş məhsula görə “ALİCİ”-ya dəyən faktiki 7136.0 manat zərərə, həmçinin Alıcının əldən çıxan 20000.0 manat faydaya (mənfəətə) görə; Onlayın qaydada malların artıq yazılmış hissəsinin geri qaytarıması üzrə yazılmış Elektron Qaimə fakturanın “SATİCİ” tərəfindən təsdiq edilməməsi (xx.xx.2024-cü il tarixli EBDZ 987240 qaimədə artıq göndərilən 13m3 qumun dəyəri nəzərə alınmamsı); Satıcı tərəfdən sonuncu yazılmış xx.xx.2024-cü il tarixli EBED ******* (məbləğ: 1798.0 -ƏDV -siz ) sayli qaimə üzrə daşlarin sifarişsiz göndərilməsi və həmin daşlarin geri qaytarılması üçün “satıcıya” şifahi olaraq xəbərdarliq olunmasına baxmayaraq elektron qaimənin ləğv edilməsi satıcı tərəfdən icra edilməməsinə görə cavabdeh tərəfindən onlayın qaydada qaimə ləğvə göndərilmişdir və həmin Ləğvə göndərilmiş qaimənin satıcı tərəfindən vergi sistemində təsdiq edilməməsi. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Satıcı” olaraq İddiaçı MMC ilə “Alıcı” olaraq Cavabdeh MMC arasında bağlanmış 08 yanvar 2024-cü il tarixli AV-02-17-01/24 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Satıcı Alıcıya Tikinti materialları satmağı, Alıcı isə həmin malı qəbul edib, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməyi şərtləşdirmişdir. Müqavilənin 1-2-ci maddəsinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. Müqavilənin 2-2-ci bəndinə əsasən malın Alıcının ünvanına çatdırılması ilə əlaqədar xərclər sifariş edilən Malın həcmi 12 m3, həmçinin 850 ədəd yaxud bundan artıq olduqda Malın qiymətinə daxildir. Sifariş edilən malın həcmi 12 m3-dən yaxud 850 ədəddən az olduqda 12 m3-dən yaxud 850 ədəddən əksik olan hər m3-ə 12 AZN, hər 100 ədədə 36 AZN hesablanaraq sifariş edilən malın qiymətinə əlavə ediləcəkdir. Müqavilənin 2-4-1-ci bəndinə əsasən Alıcı hər ayın əvvəlində müqavilədə göstərilən elektron poçt vasitəsilə ay ərzində alınacaq Malı sifariş edir və sifariş edilən malın 50 %-ni Satıcının bank hesabına Avans olara ödəyir. Müqavilənin 2-4-2 və 2-4-3-cü bəndinə əsasən Satıcı, Alıcının sifariş etdiyi malların razılaşdırılmış tarix ərzində daşıyıb təhvil verir, malın daşınması tamamlandıqdan sonra, Alıcı və Satıcı birlikdə təhvil-təslim aktı tərtib edirlər. İstənilən bir səbəbdən Akt tərtib edilməzsə Alıcının sifariş üçün göndərdiyi mail Aktı əvəz edəcəkdir. Müqavilənin 2-4-5-ci bəndin əsasən Aktın tərtib edilməsi üçün nəzərdə tutulan tarix tamamlandıqdan sonra Satıcı tərəfindən elektron qaimə tərtib edilir. Müqavilənin 2-5-ci bəndinə əsasən ödəniş üçün razılaşdırılmış tarix bitdikdən sonra ödəniş həyata keçirilmədikdə ödənişlərin gecikdiyi hər təqdim günü üçün ödənilməmiş məbləğin 1 %-i qalan məbləğə əlavə ediləcəkdir. 17 yanvar 2024-cü il tarixli AV-02-xx-xx/2024 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı 17 yanvar 2024-cü il tarixli Əlavədən görünür ki, tərəflər aralarında mişar daşı, atsep, qum və qırma daş (şeben) materiallarının satış qiymətini razılaşdırmışlar. EBDZ seriyalı, 987240 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 8335,52 manat, EBEB seriyalı, 371499 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 10407,60 manat, EBED seriyalı, 077721 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2121,64 manat dəyərində müxtəlif mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli 000İPX12415577CB saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin Expressbank ASC-də olan hesabına 4000 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli 000İPX12411440EO saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin Expressbank ASC-də olan hesabına 5000 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 720 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 900 manat məbləğində ödəniş olunmuşdur. 28 yanvar 2024-cü il tarixli ******* saylı, 29 yanvar 2024-cü il tarixli ******* saylı, 29 yanvar 2024-cü il tarixli ******* saylı, 30 yanvar 2024-cü il tarixli ******* saylı, 02 fevral 2024-cü il tarixli ******* saylı, 02 fevral 2024-cü il tarixli ******* saylı, 02 fevral 2024-cü il tarixli ******* saylı, 03 fevral 2024-cü il tarixli ******* saylı, 05 fevral 2024-cü il tarixli ******* saylı, 07 mart 2024-cü il tarixli ******* saylı, 08 mart 2024-cü il tarixli ******* saylı, 09 mart 2024-cü il tarixli ******* saylı, 11 mart 2024-cü il tarixli ******* saylı, 11 mart 2024-cü il tarixli ******* saylı, 12 mart 2024-cü il tarixli ******* saylı, 12 mart 2024-cü il tarixli ******* saylı, 12 mart 2024-cü il tarixli ******* saylı, 12 mart 2024-cü il tarixli ******* saylı, 13 mart 2024-cü il tarixli ******* saylı, 14 mart 2024-cü il tarixli ******* saylı, 14 mart 2024-cü il tarixli ******* saylı, 15 mart 2024-cü il tarixli ******* saylı, 10 aprel 2024-cü il tarixli ******* saylı qaimə fakturalardan görünür ki, müxtəlif ölçüdə və miqdarda materiallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixində 0D1 saylı ödəniş tapşırığına əsasən Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğ ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 119 manat dövlət rüsumu ödəmişdir. 1 ədəd “flash card”da olan məlumatlardan görünür ki, “WhatsApp” şəbəkəsi vasitəsi ilə iddiaçı cavabdehə göndərilən malların cədvəllərini, qaimələrini, elektron qaimələrini, hesab nömrəsi göndərərək malların dəyərinin ödənilməsini tələb etmiş, cavabdeh malların dəyərinin ödənilməsinə imtina etməmiş, göndərilmiş elektron qaimələrə və cədvəllərə etiraz etməmiş, borcu ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadə verərək bildirmişdir ki. cavabdeh tərəfə bir neçə dəfə mal vermişlər. Hazırkı cavabdehin nümayəndəsini indi görmüşdür. O, mişar daşı və qumu Tağıyev qəsəbəsi ünvanına aparmışdır. Ona malları aparmağı iddiaçının nümayəndəsi bildirmişdir və Tağıyev qəsəbəsi ünvanına aparmışdır. Onları cavabdehin nümayəndəsi qarşılamışdır və qaimələrə imza atmışdır. Elə olmuşdur ki, 1 ayda 10 dəfə mal aparmışdır. Yanvar, aprel, mart aylarında material aparılmışdır, lakin fevral ayında aparmamışlar. Malları başqa sürücü də daşımışdır. Onun maşınının nömrəsi 518-dir. Başqa hansı maşınların mal aparmasını dəqiq bilmir. Ondakı maşın “Euro-1” markalı Kamazdır və onunla qum da aparmışdır. Qumun həcmi 13 kub tutmuşdur. Digər sürücü qardaşı olmuşdur və ikisi bir yerdə 4-5 maşın qum aparmışlar. 619 nömrəli Kamaz qardaşına məxsusdur. Ümumilikdə nə qədər material verildiyini dəqiq bilmir. Təxmini ola bilər ki, aya 10 reys mal aparmışdır. Malları həmişə eyni adama vermişdir, həmin şəxsi görsə tanıya bilər. Təxmini 17/20 ölçüdə mişar daşı aparmışdır. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadə verərək bildirmişdir ki, o həm qum, həm də daş daşımışdır. Mallar Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi ünvanına daşınmışdır. Daşları Qaradağdakı daş karxanasından götürmüşdür. Təxmini 20-dən çox maşın daşımışdır və bununla da bağlı qaimələr olmalıdır. Cavabdehin hazırkı nümayəndəsi də ondan mal götürmüşdür. Həm qardaşı, həm də o, mal daşımışdır. Elə olub ki, bir gündə 4- 5 maşın və ya 2 maşın mal daşınmışdır. O, 1 dəfə qum boşaltmışdır. Bunda sonra neçə dəfə qum aparmağı dəqiq yadında deyildir. Tərəf narazılıq bildirdiyi təqdirdə maşını boşaltmadan geri qayıtmalı idi, lakin belə bir halla qarşılaşmamışlar. Malları qaiməyə uyğun vermişlər və sayında problem olmamışdır. Məhsulların hamısı standart olmuşdur. Yanvarda, apreldə, martda mal aparmışdır, o, bir dəfə qum boşaltmış, sonrakıları dəqiq xatırlamır. Daşların ölçüsü standart olmuşdur, bununla bağlı hər hansı etiraz olmamışdır, belə ki, daşın eni 15 sm, hündürlüyü 19 sm olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3-cü maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 632.3-cü maddəsinə əsasən əgər göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı göndərilməsi gecikdirilmiş malların qəbulundan mal göndərənə bildiriş verməklə imtina edə bilər. Alıcı mal göndərənin bildirişi aldığı vaxtadək göndərdiyi malları qəbul etməyə və ödəməyə borcludur. 634-cü maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. Malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. Göndərilmiş malları nəqliyyat təşkilatından aldıqda alıcı (mal alan) malların nəqliyyat və müşayiət sənədlərində göstərilmiş məlumatlara uyğunluğunu yoxlamalı, habelə nəqliyyat təşkilatından bu malları nəqliyyatın fəaliyyətini tənzimləyən qanunvericilikdə nəzərdə tutulan qaydaları gözləməklə qəbul etməlidir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. 639.1-ci maddəsinə əsasən lazımi keyfiyyətli olmayan malların göndərildiyi alıcı (mal alan) mal göndərənə qarşı bu Məcəllənin 587-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 641.3-cü maddəsinə əsasən malların qüsurları aradan qaldırılanadək və komplekti tamamlananadək və ya mallar dəyişdirilənədək alıcı (mal alan) lazımi keyfiyyətli olmayan və komplektsiz malları ödəməkdən imtina edə bilər, malları ödəmiş olduqda isə ödədiyi məbləğlərin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərrə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq 27120 mişar daşı və 4 maşın qum təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərindən 9000 manat iddiaçının bank hesabına, 1620 manat isə sub ƏDV hesabına ödəmiş, qalan ƏDV daxil 10244,76 manatı isə müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt qaimələr, elektron qaimələr, telefon yazışmaları, şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Cavabdehin nümayəndəsinin ilkin olaraq təhvil verilmiş mallara görə 6546 manat borcu qaldığını qəbul etməsi, sonradan isə həmin məbləğin 3276 manat olduğunu bildirməsi, onun ifadəsinin səmimi olmadığını, borcun ödənilməsindən yayınmağa çalışdığını göstərir. Cavabdeh etirazının əsası kimi göndərilmiş daşların qüsurlu olmasına, ölçülərinin standart olmamasına, buna görə əlavə xərc çəkərək ziyana düşdüyünə istinad etmiş, 1 maşın qumun isə ümumiyyətlə göndərilmədiyini bildirmişdir. Halbuki tərəflər arasında olan “WhatsApp” şəbəkəsi vasitəsi ilə yazışmalardan görünür ki, iddiaçının nümayəndəsi cavabdehin nümayəndəsinə ümumilikdə ƏDV daxil 20864,76 manat dəyərində elektron qaimə, həmçinin göndərilən daşların və qumun siyahısını göndərmiş, borcu tələb etmiş, cavabdehin nümayəndəsi isə həmin malların qüsurlu olmasına və ya miqdarına, borcun məbləğinə etiraz etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi həmin yazışmaların iddiaçının nümayəndəsi tərəfindən onun telefon nömrəsinə göndərildiyini təsdiq etmişdir. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında suallara cavab verərkən iddia qaldırılana qədər, həmçinin telefon yazışmaları zamanı elektron qaimələrə və malların siyahısına etiraz etməməsinin səbəbini ağlabatan şəkildə izah edə bilməmiş, əsaslı arqumentlər göstərməmişdir. Cavabdehin nümayəndəsi göndərilən malların qüsurlu olması barədə iddiaçı tərəfə şifahi qaydada məlumat verdiyini bildirsə də, bu faktı təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Əgər, həqiqətən iddiaçının göndərdiyi mallar qüsurlu idisə, cavabdehin, vaxtında Mülki Məcəllənin 639.1-ci maddəsinə əsasən həmin Məcəllənin 587-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürmək hüququ var idi ki, cavabdeh həmin hüququndan istifadə etməmişdir. Bu isə, yəni malların qüsuru barəsində cavabdeh tərəfindən vaxtında bildiriş verilməməsi Mülki Məcəllənin 634.2-ci maddəsinə əsasən iddiaçının göndərdiyi malların cavabdeh tərəfindən qəbul edildiyini təsdiq edir. Həmçinin cavabdehin nümayəndəsi etirazında malların təhvil-təslim aktı əsasında təhvil verilmədiyinə, bu barədə sənədlər olmadığına, razılaşmaya əsasən malların təhviltəslim aktı əsasında verilməsinə istinad etmişdir. Halbuki iddiaçının təhvil verdiyi malların dəyərinin bir hissəsinin, 10620 manatının ödənilməsi, mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür, yəni təhvil-təslim aktı olmadan elektron qaimələr əsasında malların təhvil verilməsi kimi işgüzar adət, praktika və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşdığını təsdiq edir. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini tam, 10244,76 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də 10244,76 manat (ƏDV) borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı cavabdehdən 15367 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış 08 yanvar 2024-cü il tarixli AV- 02-17-01/24 nömrəli müqavilənin 2.5-ci bəndində ödənişin gecikdirildiyi təqdirdə gecikmə faizinin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 500 manat müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə vəkil üçün tələb edilən 320 manat xidmət haqqının hazırkı işin hallarına uyğun olaraq ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, 320 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 170 manat dövlət rüsumunun 122,24 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 08 yanvar 2024-cü il tarixli AV-02-17-01/24 nömrəli alqı-satqı müqaviləsinə əsasən 10244,76 manat (ƏDV daxil) əsas borc, 500 manat dəbbə pulu, ümumilikdə 10744 (on min yeddi qırx dörd) manat 76 (yetmiş altı) qəpik məbləğində pul vəsaiti, habelə hüquqi yardım üçün ödənilmiş 320 (üç yüz iyirmi) manatın və ödənilmiş dövlət rüsumunun 122 (bir yüz iyirmi iki) manat 24 (iyirmi dörd) qəpiyinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar