Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7663/2025 16.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta, subroqasiya hüququ) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə müraciət edərək, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 582 manat məbləğində əsas və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 612 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən sığortalı X1 istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (Xəlifə çay evi) əmlak yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2024-cü il tarixində “daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2024-cü il tarixində X1 istifadəsində olan qeyri-yaşayış sahəsi (Xəlifə çay evi) binanın kanalizasiya xəttində yaranan nasazlıq səbəbilə subasma hadisəsi nəticəsində zərər görmüşdür. İş materiallarında olan 36 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən binanın şaquli olan kanalizasiya dayaq borusundan çirkab suyunun davamlı axıdılması X1 istifadəsində olan qeyri-yaşayış obyektinə maddi ziyan yetirmişdir. Arayışa əsasən, binanın su və kanalizasiya xətləri Nərimanov Rayon Su Kanal İdarəsinin balansındadır. İş materiallarında olan xx.xx.2024cü il tarixli dəymiş zərərin hesabatı ilə bağlı 2501 nömrəli rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (Xəlifə çay evi) subasma nəticəsində 1.082 (bir min səksən iki) manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2025-ci il tarixli, CFİ-0142/2024-AKT154/25 nömrəli aktla 500 (beş yüz) manat azadolma məbləği çıxılmaqla, 582 (beş yüz səksən iki) manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.2, 54.4, 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1111.2-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, qeyd edilən tarixdə qəza baş verməsi ilə bağlı cavabdehə hər hansı bir rəsmi müraciət daxil olmamışdır. Digər tərəfdən binanın daxili su və kanalizasiya xəttlərinə cavabdeh tərəfindən xidmət göstərilmir. Cavabdeh tərəfindən kanalizasiya xəttinə yalnız binanın girişinədək olan xətlərə xidmət göstərilir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bundan sonra təyin ediləcək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, lakin məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq iş üzrə hadisəni təsdiq edən foto, video görüntülərin olmamasını nəzərə alaraq iştirakı olmadan işə baxıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, işə əlavə edilmiş akt bir tərəfli qaydada tərtib edilmiş, cavabdehin nümayəndəsinin hadisə yerində iştirakı təmin edilməmişdir, iştirak etsəydilər binadaxili xətlərin cavabdehin balansında olmadığı qeyd edilərdi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: 36 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli subasma hadisəsinə dair arayışında qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən binanın şaquli olan kanalizasiya dayaq borusundan çirkab suyunun davamlı axıdılması nəticəsində X1 istifadəsində olan qeyri-yaşayış obyektinə ziyan dəymişdir. Binanın su və kanalizasiya xətləri Nərimanov Rayon Su Kanal İdarəsinin balansındadır. xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (Xəlifə çay evi) subasma nəticəsində 1082 (bir min səksən iki) manat məbləğində zərər vurulmuşdur. xx.xx.2025-ci il tarixli, CFİ-0142/2024-AKT154/25 nömrəli sığorta aktının “sığorta hadisəsinə və ödənişinə aid məlumatlar” hissəsində müəyyən edilmiş zərərin məbləği 1082 manat, azadolma məbləği 500 manat, hesablanmış sığorta ödənişi 582 manat, faktiki ödənilən məbləğ 582 manat qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli, 005XOH********** nömrəli qəbzə əsasən "xxxx" ASC tərəfindən X1 hesabına xx.xx.2025-ci il tarixli, CFİ-0142/2024-AKT154/25 nömrəli akt üzrə 582 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.4-cü maddəsinə əsasən faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: 1.2.8. balans mənsubiyyəti sərhədi – STKM tərəfindən suyun istehlakçıya çatdırılma məntəqəsində STKM və istehlakçı arasında müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir. 2.1. STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək... 9.9. STKM müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən binanın şaquli olan kanalizasiya dayaq borusundan çirkab suyunun davamlı axıdılması nəticəsində X1 istifadəsində olan qeyri-yaşayış obyektinə ziyan dəymiş, "xxxx" ASC tərəfindən X1 hesabına 582 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır. Çünki iddiaçı iddia ərizəsinin əsaslandırılmasında "xxxx" ASC tərəfindən sığortalı X1 istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (Xəlifə çay evi) əmlak yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2024cü il tarixində “daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalandığını qeyd etsə də, "xxxx" ASC ilə X2 arasında bağlanmış sığorta müqaviləsini (sığorta şəhadətnaməsini) iş materiallarına əlavə etməmişdir. Belə ki, sığorta müqaviləsi olmadığı halda iddiaçı ilə sığortalı E.Dəmirov arasında hansı şərtlərlə müqavilə bağlandığını müəyyənləşdirmək mümkün deyildir. Bundan başqa iddiaçı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (Xəlifə çay evi) sığortalı X1 mülkiyyətində olması və ya icarə müqaviləsi əsasında istifadəsinə verilməsi barədə heç bir sübut təqdim etməmişdir. Belə olan halda isə E.Dəmirovun cavabdehdən dəymiş ziyanın ödənilməsini tələb etmək üçün subyektiv hüququ yaranmamışdır. Halbuki Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən iddiaçı subroqasiya qaydasında cavabdehdən zərərçəkmişə ödədiyi sığorta ödənişini tələb etməsi üçün ilk növbədə, cavabdehin zərərçəkmiş E.Dəmirov qarşısında məsuliyyəti və sonuncunun cavabdehdən ziyanı tələb etmək hüququnun olması müəyyənləşdirilməlidir ki, E.Dəmirovun cavabdehə qarşı malik olduğu hüquqlardan və vasitələrdən iddiaçının istifadə etmək hüququ əmələ gəlsin. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qəza baş verməsi ilə bağlı hər hansı bir rəsmi müraciətin daxil olmadığını, binanın daxili su və kanalizasiya xətlərinə cavabdeh tərəfindən xidmət göstərilmədiyini, cavabdeh tərəfindən kanalizasiya xəttinə yalnız binanın girişinədək olan xətlərə xidmət göstərildiyini, iş üzrə hadisəni təsdiq edən foto və videogörüntülərin iddiaçı tərəfin iş materiallarına əlavə edilmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə 2 hazırlıq, 1 baxış iclası keçirilsə də, iddiaçı məhkəmə iclaslarının heç birində nümayəndəsinin iştirakını təmin etməmiş, sığorta hadisəsinin (subasmanın) baş verməsində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 məsuliyyət daşıdığını və təqsiri olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, baş vermiş subasmanın mənzil daxili kanalizasiya xəttindən, yoxsa ümumi istifadədə olan xətdən olması, həmin xətdin cavabdehin balansında olması, hadisə zamanı cavabdehə müraciət olunması və s. kimi hallara dair heç bir sənəd təqdim edilməmişdir. Odur ki, iddiaçı iddia tələbinin əsasın təşkil edən halları sübut edə bilməmiş, iddia tələbinin dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin iddiaya münasibəti bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 təqsiri nəticəsində ziyan dəydiyi bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddianın rədd edilməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumuna görə ödəniş iddiaçıya aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7663/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7663/2025
16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver