Məhkəmə qərarları › İş №e-2-2(113)-7665/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7665/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7665/2025 16.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair kommersiya mübahisəsi üzrə Açar sözlər: daşıma müqaviləsi, daşıma haqqı Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X8, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 2024/M-25 nömrəli Nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə (bundan sonra – Müqavilə) imzalanmışdır.

2. Müqavilənin: 2.1. 1.1-ci bəndinə əsasən Ekspeditor yalnız Müqaviləyə əlavə edilmiş sifariş forması, kommersiya təklifi və ya qiymət razılaşma protokolu əsasında Sifarişçi üçün və onun hesabına ölkədaxili və beynəlxalq nəqliyyat - ekspedisiya xidmətləri (bu zaman həyata keçirilən nəqliyyat marşrutunun keçdiyi ölkələrin qanunvericiliyi, beynəlxalq konvensiyalar, məcəllələr və digər qaydalar əsas götürülür) göstərir. Sifarişçinin ayrıca sifarişinə əsasən Ekspeditor bu Müqavilə üzrə həmçinin terminal əməliyyatları, gömrük və digər rəsmiləşdirmələrin həyata keçirilməsi ilə bağlı xidmətləri göstərə bilər; 2.2. 1.2-ci bəndinə əsasən sifarişdə yükün xarakteri, etiketlənıvıəsi, çəkisi, həcmi, bağlamaların sayı, habelə yükgöndərəıı və yükalan haqqında məlumatlar, tarix və tonaj üzrə planlaşdırılan daşınma müddəti və xidmətlərin göstərilməsi üçün zəruri olan digər məlumatlar etibarlı və dolğun şəkildə göstərilir; 2.3. 2.1.7-ci bəndinə görə göstərilən xidmətlərin qarşılıqlı razılaşması və hesablaşması məqsədilə Sifarişçinin təsdiqi üçün “Göstərilən xidmətlərə dair akt” hazırlayıb göndərir. “Göstərilən xidmətlərə dair akt” Sifarişçi tərəfindən qəbul edildiyi gündən 15 iş günü ərzində imzlanıb geri göndərilmədikdə və ya əsaslandırılmış etiraz təqdim edilmədikdə Akt Sifarişçi tərəfindən imzalanmış hesab olunur və Ekspeditorun uçotunda əks olunmaq üçün “imzalanmış” kimi qəbul edilir. 2.4. 3.1-ci bəndinə əsasən sifarişçi Ekspeditor tərəfindən təqdim edilmiş hesabtaktura əsasında, nəqliyyat-ekspedisiya xidməti başlanmazdan ən azı 3 (üç) iş günü əvvəl, göstəriləcək xidmətlər üzrə ödənişi (bütün bank xərcləri və komissiyaları Sifarişçinin hesabına olmaq şərtilə) 100% avans olaraq Ekspeditorun bank hesabına həyata keçirir və elektron poçt vasitəsilə ödəniş tapşırığının surətini və ya SWİFT-dən çıxarışım Ekspcditora göndərir; 2.5. 3.4-cü bəndinə əsasən göstərilən xidmətlərin hesablaşması məqsədi ilə, hər bir rüb bitdikdən sonra, tərəflər 5 (beş) iş günü müddətində ''Üzləşmə Akt "nı (bundan sonra - Üzləşmə Aktı) imzalayırlar. Ekspeditor tərəfindən hazırlanmış və göndərilmiş X7 tərəfindən qəbul edildiyi gündən 5 (beş) iş günü ərzində imzalanıb geri göndəriİmədikdə və ya əsaslandırılmış etiraz təqdim edilmədikdə. Akt Sifarişçi tərəfindən imzalanmış hesab olunur və Ekspeditorun uçotunda əks olunmaq üçün “imzalanmış" kimi qəbul edilir; 2.6. 3.5-ci bəndinə əsasən ekspeditor birtərəfli qaydada Müştəridən alınan avans ödənişinin məbləğini bu Müqaviləyə əsasən Müştərinin Ekspeditor qarşısında mövcud borcuna hesablamaq hüququna malikdir. Eyni zamanda, bundan sonra Müştərinin vəsaiti bu müqavilə üzrə Müştəriyə xidmətlərin göstərilməsi üçün kifayət etmədikdə. Ekspeditor çatışmayan avans ödənişinin məbləği üçün hesab-faklura verir və Müştəri həmin hesabfakturanı Müqavilənin 3.1-ci bəndində göstərilən müddətdə ödəməyə borcludur.

3. Müqavilə əsasında ƏDV daxil – xx.xx.2024-cü il tarixdə 16529,1 manat məbləğində, xx.xx.2024-cü il tarixdə 5185 manat məbləğində və xx.xx.2024-cü il tarixdə 13005 manat məbləğində daşınmanın yerinə yetirilməsi barədə X4 tərtib edilmiş, həmin protokollar yalnız iddiaçı tərəfindən imzalanmaqla möhürlə təsdiq edilmişdir.

4. Yenə də, yalnız iddiaçının nümayəndəsi tərəfindən imzalamaqla ƏDV daxil – xx.xx.2024-cü il tarixdə 16529,1 manat məbləğində, xx.xx.2024-cü il tarixdə 5185 manat məbləğində və xx.xx.2024-cü il tarixdə 13005 manat məbləğində “Göstrilmiş xidmətlərin təhvil verilməsi haqqında Aktlar tərtib edilmişdir.

5. Həmçinin, iddiaçı tərəfindən cavabehə 3 daşıma üzrə - 5185 manat ödənişə dair xx.xx.2024-cü il tarixdə 10497402 saylı, 16529,1 manat ödənişə dair xx.xx.2024-cü il tarixdə 11877781 saylı və 13005 manat ödənişə dair xx.xx.2024-cü il tarixdə 11890388 saylı elekton qaimə-fakturalar göndərilmişdir.

6. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2024-cü il tarixdə 11877781 saylı elektron qaimə-faktura (məbləği 16529,1 manat) üzrə 8264,55 manat, xx.xx.2024-cü il tarixdə 10497402 saylı elektron qaimə-faktura (məbləği 5185 manat) üzrə 2592,5 manat və xx.xx.2025-ci il tarixdə 11890388 saylı elektron qaimə-faktura (məbləği 13005 manat) üzrə 5000 manat ödəniş edilmişdir.

7. Bundan başqa, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6529/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2024/M-25 nömrəli müqavilə üzrə (İddiaçı MMC) öhdəliklərini pozması nəticəsində vurulmuş zərərin əvəzinin cəmi 71.012,16 manat məbləğində pulun, 304 manat dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 1745 manat məbləğində pulun cavabdeh İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC iddia həmin iş üzrə ərizəsində qeyd etmişdir ki, İddiaçı MMC xx.xx.2024-cü il tarixli X2 əsasında yükləri Çin Xalq Respublikasından Azərbaycan Respublikasına daşıyarkən ciddi səhlənkarlığa yol verilmiş, işini düzgün qurmamış və nəticədə yüklər 6 ay gecikmə ilə təhvil verilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6529/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin iddiası təmin edilməmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

8. İddiaçı xx.xx.2024-cü il tarixli, 2024/M-25 saylı müqavilə üzrə 18862,05 manat məbləğində əsas borcun, 4715 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 775 manat pulun və 181 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 2024/M-25 saylı “Nəqliyyat Ekspedisiya Xidmətinə dair” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı müştəri cavabdehin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində ekspeditora bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış yuxarıda qeyd edilən müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi nəqliyyat-ekspedisiya xidməti başlamazdan ən azı 3 iş günü əvvəl göstəriləcək xidmətlər üzrə ödənişi 100 % avans olaraq ekspeditorun bank hesabına həyata keçirməli idi. İddiaçı öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, cavabdeh öhdəliklərini tam yerinə yetirməyərək xidmət müqabilində verilməli olan 18862,05 manat məbləğində xidmət haqqını ödəməkdən boyun qaçırır. Borc məbləği iddia ərizəsinə əlavə edilmiş müqavilə, tərəflər arasında tərtib edilmiş qaimələr və xidmətin göstərilməsinə dair olan aktlar, habelə digər sənədlər ilə təsdiq edilir. Bu əsasla cavabdehə xx.xx.2025-ci il tarixdə məhkəmə kabineti vasitəsilə, xx.xx.2025-cü il tarixində isə İnternet Vergi İdarəsi vasitəsilə 3 iş günü müddətində borc məbləğini tələb etmələri barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək borc şirkətə ödənilməmişdir. Müqavilənin 5.14-cü bəndinə görə müştəri hər ləngidilmiş günə görə ekspeditora ödənilməmiş məbləğin 0.1%- i miqdarında dəbbə pulu ödəyəcək. Müqavilənin həmin bəndinə əsasən cərimə məbləği 5657,55 manat təşkil etsə də, güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈25 %-i həcmində, yəni cəmi 4715 manat dəbbə pulu tələb edilməkdədir. Cavabdehin ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həlledilməlidir. Tərəflər arasında olan müqavilənin 2.1.7-ci maddəsinə əsasən ekspeditor tərəfindən göndərilən “göstərilən xidmətlərə dair akt” 5 iş günü ərzində imzalanıb geri göndərilmədikdə və ya əsaslandırılmış etiraz təqdim edilmədikdə, akt sifarişçi tərəfindən imzalanmış hesab olunur və ekspeditorun uçotunda əks olunmaq üçün imzalanmış kimi qəbul edilirş

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

10. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

11. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi

12. Cavabdehin vəkili və nümyəndəsi əvvəlki məhkəmə iclaslarında iştirak edərkən iddianı qəbul etmədiklərini bildirərək qeyd etmişdir ki, iddiaçı tərəfindən 2024-cü ilin oktaybr ayı üzrə X2 üzrə daşınan yüklər onlara 6 ay gecikmə ilə təhhvil verilmiş və təhvil verilərkən yüklər zədəli olmuşdur.

13. Cavabdehin vəkili və nümyəndəsi sonrakı məhkəmə iclaslarının vaxtı barədə məlumatlandırılsa da, iştirak etməmişdir.

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

19. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

20. Maddə 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

21. Maddə 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.

22. Maddə 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.

23. Maddə 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

24. Maddə 859.5. Daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; 859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Maadə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

30. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

31. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

32. MM-nin 386.1-ci maddəsindən də, göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gəlməklə əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

33. İşin mübahisəsiz hallarından da göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2024/M-25 nömrəli Nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə əsasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı mövcud mübahisə isə daşınma haqqının ödənilməməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığının yoxlanılması üçün daşınmanın iddiaçı tərəfindən həyata keçirilbkeçirilməməsinin müəyyən edilməsinin iş üçün əhəmiyyəti vardır.

34. Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

35. Qeyd edilən müddəanın mənasından görünür ki, tərəflər arasında müqavilə olduğu halda, daşıyıcıya münasibətdə daşıma haqqının tələb edilməsi hüququnun yaranması özündə üç elementi – daşıma üçün daşıyıcıya sifarişin verilməsini, daşıyıcı tərəfindən daşımanı icra etməsini və yükün razılaşdırlmış təyinat məntəqəsinə çatdıraraq, əvvəlcədən müəyyən edilmiş qaydada sifarişçiyə təhvil verilməsini ehtiva edir. Sifarişçinin (yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs) daşınma haqqını ödəməklə bağlı öhdəliyinin əmələ gəlməsi isə yükün ona əvvəlcədən razılaşdırılmış təyinat yerində təhvil verilməsi və razılaşdırılmış qaydada qəbul edilməsi ilə şərtləndirilir.

36. İşin məhkəmə araşdırması zamanı cavadeh tərəfindən yüklərin sifariş verilməsi ilə bağlı mübahisənin olmaması müəyyən edilmişdir. İşin bu halı, eyni zamanda 3 ədəd xx.xx.2024-cü il tarixli (16529,1 manat məbləğində yükün daşınması barədə), xx.xx.2024cü il tarixli (5185 manat məbləğində yükün daşınması barədə) və xx.xx.2024-cü il tarixli (13005 manat məbləğində yükün daşınması barədə) X1 tərtib edilməsi və cavabdeh tərəfindən də onların qəbul edilməsi ilə öz təsdqini tapır.

37. Yükün əvvəlcədən müəyyənləşdirilmiş təyinat məntəqəsinə çatdırılması ilə bağlı da tərəflər arasında mübahisə yoxdur. Buna baxmayaraq, yükün fiziki olaraq təhvil verilməsini cavabdeh qəbul etsə də, onun vaxtında təhvil verilməməsini və daşımanının qüsurlu icra edilməsini mübahisələndirir və bunun da qarşılığında daşıma haqqının ödənilməsindən imtina edir. Bununla bağlı cavabdeh məhkəmədə iddia qaldıraraq tərəflər arasında bağlanmış müqavilə öhdəliklərini pozaraq yükün vaxtında təhvil verilməməsi, habelə daşınma zamanı yükün zədələnməsi nəticəsində dəymiş zərərin ödənilməsini iddiaçıdan tələb etmiş, lakin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6529/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir.

38. Məhkəmə cavabdehin qeyd edilən dəlili ilə (yükün vaxtında təhvil verilməməsi və daşımanının qüsurlu icra edilməsi nəticəsində ona dəymiş zərər görə daşıma haqqının ödənilməsindən imtina etmək) razılaşmır, belə ki, Mülki Məcəllənin 850.1-ci maddəsindən də görünür ki, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs daşımanın dəyərini ödəmək öhdəliyi daşıyırlar. Mülki Məcəllənin 859.5-ci maddəsində də daşıyıcının yükü çatdırması, zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıması nəzərdə tutulmuşdur. Həmçinin, Mülki Məcəllənin 859.2ci maddəsində qeyd edilir ki, daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir.

39. Göstərilən müddəaların mənasından da görünür ki, daşıma haqqının ödənilməsi ilə yükün vaxtında daşınmaması və ya dşaıma zamanı qismən zədələnməsinə görə dəymiş zərərin tələb edilməsi bir-birindən asılı olmayan müstəqil hüquqi hərəkətlərdir və qanunda sifarişçiyə qeyd edilən əsaslarla zərər dəydiyi halda, həmin zərərin daşıma haqqı ilə əvəzləşdirilməsi (kompensasiya edilməsi) nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndində isə qeyd edilmişdir ki, sifarişçi ekspeditor tərəfindən təqdim edilmiş hesab-taktura əsasında, nəqliyyat-ekspedisiya xidməti başlanmazdan ən azı 3 (üç) iş günü əvvəl, göstəriləcək xidmətlər üzrə ödənişi (bütün bank xərcləri və komissiyaları Sifarişçinin hesabına olmaq şərtilə) 100% avans olaraq Ekspeditorun bank hesabına həyata keçirir və elektron poçt vasitəsilə ödəniş tapşırığının surətini və ya SWİFT-dən çıxarışını Ekspcditora göndərir.

40. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən X3 ilə üzrə verilmiş hə üç sifarişlərə görə daşma haqqı qismən ödənilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə 11877781 saylı elektron qaiməfaktura (məbləği 16529,1 manat) üzrə 8264,55 manat, xx.xx.2024-cü il tarixdə 10497402 saylı elektron qaimə-faktura (məbləği 5185 manat) üzrə 2592,5 manat və xx.xx.2025-ci il tarixdə 11890388 saylı elektron qaimə-faktura (məbləği 13005 manat) üzrə 5000 manat ödəniş cavabdeh tərəfindən edilmişdir.

41. Beləliklə, məhkəmə şərh edilənləri əsasən belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı öz öhdəliyini yerinə yetirərək cavabdeh tərəfindən sifariş edilmiş yükləri daşıyaraq ona təhvil versə də, cavabdeh daşıma haqqını tam ödəməməklə öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 425.1-ci maddəsi tələb edir ki, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Odur ki, iddiaçı daşıma haqqının qalıq hissəsini cavabdehdən tələb etməkdə haqlıdır.

42. Məhkəmə hesabedir ki, iddia tələbi dəbbə pulunun tələb edilməsi hissəsində qəismən təmin edilməlidir.

43. Dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

44. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 943 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.

45. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən (təqribən 84% həddində) dövlət rüsumu da ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, 2024/M-25 saylı müqavilə üzrə 18862,05 manat əsas borc, 943 manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 775 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 152 manat hissəsi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 29 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar