Məhkəmə qərarları › İş №e-2-2(113)-7698/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-7698/2025

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7698/2025 19.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, 1302/2022WPM saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin: 1.1. 2.1-ci bəndinə əsasən, Satıcı (iddiaçı) Alıcının (cavabdehin) sifarişinə (tələbatına) uyğun olaraq ona məxsus olan malları satmaqla Alıcının mülkiyyətinə verir, Alıcı isə malı qəbul edərək bunun müqabilində bu müqaviləyə uyğun şərtlərlə və məbləğdə pul vəsaitini satıcıya ödəməyi və həmin malları yalnız işlətməkdə olduğu market və ya marketlər zəncirində üçuncü şəxslərə satmağı öhdəsinə götürür. 1.2. 3.1 və 3.2-ci bəndlərinə əsasən, Satıcı malları Alıcı tərəfindən Sifariş verildikdən sonra 2 (iki) gün ərzində təhvil verməyi öz öhdəsinə götürür. Satıcı Alıcının qanunvericilikdə müəyyən edilmiş normalara uyğun keyfiyyətdə Mal ilə təmin etməlidir. 1.3. 4.1-ci bəndinə əsasən, Alıcı Satıcıdan aldığı malın dəyərini bu müqavilənin 5.2-ci maddəsində göstərilən müddətdə ödəməlidir. 1.4. 5.1-ci bəndinə əsasən, Malın qiyməti Alıcının sifarişinə (tələbatına) uyğun olaraq tərəflər arasında tərtib və təsdiq edilmiş faktura ilə müəyyən edilir. 1.5. 5.2 və 5.3-cü bəndlərinə görə, Bu Müqavilə ilə nəzərdə tutulan Malların dəyəri Malın Alıcıya təhvil verildiyi vaxtdan etibarən 30 (otuz) təqvim günü ərzində ödənilməlidir. Alıcı Satıcıya ödəməli olduğu vəsaiti nağd və ya köçürmə yolu ilə həyata keçirə bilər 1.6. 5.4 və 5.5-ci bəndlərinə əsasən, Alıcı Satıcıya ödəməli olduğu nəğd vəsaiti Satıcının təqdim etdiyi qaimə-faktura, elektron qaimə-faktura və ya vergi hesab fakturası əsasında ödəyir. Bank vasitəsilə köçürmə zamanı pul vəsaitinin Satıcının bank hesabına daxil olduğu zaman ödəniş icra olunmuş hesab olunur

2. İddiaçı tərəfindən cavabdehə cəmi 62000 manat məbləğində EBCN seriyalı, 178075 nömrəli elektron-qaimə göndərilmişdir. İş materialalrına əlavə edilmiş internet vergi idarəsinin elektron saytından çıxarışdan görünür ki, həmin elektron-qaimə xx.xx.2023-cü il, saat 12:57 tarixində cavabdeh tərəfindən təsdiqlənmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdehdən icra edilməmiş müqavilə öhdəliyi üzrə 62000 manat, öhdəliyin gecikdirilməsinə görə 8266,64 manat dəbbə pulu, vəkilə ödənilən 320 manat olmaqla ümumilikdə 70586,64 manat məbləğin və 301,77 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında malların alınmasına dair 17 yanvar 2023-cü il - tarixində 1302/2022WPM nömrəli ümumi əsasları müəyyən edən alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sifarişə uyğun olaraq cavabdehə 4000 ədəd 5 litrlik "Teplo Kubani” markalı günəbaxan yağları 3cü şəxslərə satış məqsədilə təqdim edilməsi razılaşdırılmışdır. Müqaviləyə və sifarişə uyğun olaraq ümumi dəyəri ƏDV daxil 62.000 (altmış ıkı mm) manat olan məhsul cavabdehə təhvil verilmiş və ödənişin həyata keçirilməsi üçün 18 yanvar 2023-cü il tarixli EBCN seriyası və 178075 nömrəli elektron qaimə-faktura təqdim edilmişdir. Cavabdeh sözügedən elektron qaimə-fakturanı şəxsi kabineti vasitəsilə qəbul edərək sifarişin yerinə yetirildiyini və məhsulların ona təhvil verildiyini təsdiq etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron qaimə-fakturanı aldıqdan və təsdiq etdikdən sonra 30 gün ərzində ödənişi həyata keçirməli idi. Lakin bu günədək dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh ödənişi müxtəlif bəhanələrlə icra etməmişdir. Dəfələrlə edilən xəbərdarlıqlara baxamayaraq öhdəliyin səbəbilə yaranan mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədilə 07 08.202 tarixdə P10868/2025 nömrəli pretenziya məktubu ilə cavabdehə müraciət edərək 20 günü ərzində 62.000 manat məbləğin iddiaçının bank hesabına ödənilməsi istənilmişdir. Cavabdeh öhdəliyi icra etməkdən boyun qaçıraraq mübahisəm, həll edilməsinə cəht etməmiş və öhdəliyini icra etməkdən əsasız olaraq yayınmaqda davam edir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək işə qiyabi icraat qaydasında baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

8. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Maddə 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

14. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. Maddə 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.

20. Məhkəmə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

21. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

22. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın dəyərinin əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

23. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 1302/2022WPM saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin predmetinə əsasən, iddiaçı cavabdehin sifarişinə (tələbatına) uyğun olaraq ona məxsus olan malları satmaqla cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə malı qəbul edərək bunun müqabilində bu müqaviləyə uyğun şərtlərlə və məbləğdə pul vəsaitini iddiaçıya ödəməyi və həmin malları yalnız işlətməkdə olduğu market və ya marketlər zəncirində üçuncü şəxslərə satmağı öhdəsinə götürmüşdür. 24.Tərəflər arasında bağlanmış müqavilənin 3.1–ci bəndinə əsasən, iddiaçı malları cavabdeh tərəfindən Sifariş verildikdən sonra 2 (iki) gün ərzində təhvil verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə cəmi 62000 manat məbləğində EBCN seriyalı, 178075 nömrəli elektron-qaimə göndərilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş internet vergi idarəsinin elektron saytından çıxarışdan görünür ki, həmin elektron-qaimə xx.xx.2023-cü il, saat 12:57 tarixində cavabdeh tərəfindən təsdiqlənmişdir.

25. Məhkəmə qeyd edir ki, elektron-qaimə fakturanın göndərilməsi özlüyündə malların cavabdehə çatdırılmasını təsdiq edən sənəd qismində qiymətləndirilə bilməz. Lakin tərəflər müqavilə bağlayaraq cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi qaiməfaktura, elektron qaimə-faktura və ya vergi hesab fakturası əsasında ödənişlərin edilməsini şərtləndirdiklərindən, o cümlədən elektron-qaimə xx.xx.2023-cü il, saat 12:57 tarixində cavabdehin özü tərəfindən təsdiq edildiyindən məhkəmə hesab edir ki, qeyd edilən növdə mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş hesab edilməlidir.

26. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqe də bundan ibarətdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

27. Şərh edilənlər əsasında məhəmənin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçı aralarında bağlanmış müqavilə üzrə öhdəliyini yerinə yetirmişdir. Lakin mallar təhvil verilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini icra etməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malı almaq hüququna malik olduğu kimi, eyni zamanda onların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında malı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla da öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı 62000 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.

28. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir.

29. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).

30. İş materiallarından görünür ki, hüquqi xidmət göstərilməsi məqsədi ilə iddiaçı tərəfindən Hümbətov və Partnyorları Vəkil Bürosunun hesabına 320 manat, işə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 301,77 manat (qəbz nömrəsi: **********) dövlət rüsumu ödənilmişdir.

31. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin və dövlət rüsumunun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh 62000 manat məbləğində əsas borc, öhdəliyin gecikdirilməsinə görə 8266,64 manat dəbbə pulu, ödənilmiş 320 manat vəkil xərci olmaqla, cəmi 70586,64 manat məbləğində pul və ödənilmiş 301,77 manat dövlət rüsumu tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar