Məhkəmə qərarları › İş №e-2-2(113)-77/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-77/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-77/2022 01.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (QSC BOKT) və "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması və lizinq obyektinin alınması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 iyul 2014-cü il tarixli, 627/45/2014 saylı “X10” müqaviləsi üzrə yaranmış 410000 ABŞ dolları əsas borc, 177821,58 ABŞ dolları faiz borcu, sığorta haqqı əvəzi olaraq ödənilmiş 4646 ABŞ dolları, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla ümumilikdə 592467,58 ABŞ dolları pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 ASC-dən birgə tutularaq iddiaçının xeyrinə ödənilməsi və 2 ədəd HP2/52C modelli, spesifikasiya 5gg, 6 ədəd HP2/52C modelli, spesifikasiya 7 gg, 8 ədəd HP2/52C modelli spesifikasiya 12 gg, 4 ədəd HP2/52C modelli, spesifikasiya 14 gg olan düz örgü maşınları və toxuculuq maşınları üçün yardımçı ehtiyat hissələrinin (sap yönləndirən rolikləri və iynələri) tam işlək vəziyyətdə cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (əvvəlki adı “X11”) QSC ilə Lizinq alan - Cavabdeh2 ASC arasında bağlanılmış 17 iyul 2014-cü il tarixli, 627/45/2014 saylı X9 Müqaviləsinə əsasən 2 ədəd HP2/52C modelli, spesifikasiya 5 gg, 6 ədəd HP2/52C modelli, spesifikasiya 7 gg, 8 ədəd HP2/52C modelli, spesifikasiya 12 gg, 4 ədəd HP2/52C modelli, spesifikasiya 14 gg olan düz örgü maşınları və toxuculuq maşınları üçün yardımçı ehtiyat hissələri sap yönləndirən rolikləri və iynələri) “İnter Textile" ASC-yə lizinqə təhvil verilmiş və qeyd edilən müqavilə üzrə cavabdeh lizinq haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. Bundan başqa digər Cavabdeh1 ilə iddiaçı arasında 627 saylı, 17 iyul 2014cü il tarixli zaminlik müqaviləsi bağlanılmış və zamin Cavabdeh1 digər cavabdeh Lizinq alan Cavabdeh2 ASC ilə birgə məsuliyyət daşıdığını öhdəlik olaraq qəbul etmişdir. Lizinq verən İddiaçı QSC müqavilə üzrə ödəliklərini tam icra etsə də, cavabdehlər lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmir və bundan qərəzli olaraq boyun qaçırır. Lizinq müqaviləsi üzrə yaranmış lizinq borcunun ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə şifahi müraciətlər edilmiş, pretenziya məktubu göndərilsə də nəticəsi olmamışdır. Cavabdeh2 ASC-nin pretenziya göndərilmiş tarixədək 627/45/2014 saylı “X9” Müqaviləsi üzrə əsas borc 410000 ABŞ dolları, faiz borcu 177821,58 ABŞ dolları, sığorta haqqı üzrə borcu 4646 ABŞ dolları təşkil edir. “Aqrarkredit" QSC BOKT və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar. İddiaçının nümayəndəsi X3 məhkəmə iclaslarında iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq, izahatında göstərdi ki, Cavabdeh2 ASC-nin iddiaçıya olan borcu əsas borc 410000 ABŞ dolları, faiz borcu 177821,58 ABŞ dolları, sığorta haqqı üzrə borcu 4646 ABŞ dolları təşkil edir. Cavabdeh2 ASC tərəfindən “Aqrarkredit" QSC BOKT-a verilmiş əmlak iddia ərizəsi üzrə tələb olunan əmlakla eynilik təşkil etmir. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək iddianı qəbul etmədiyini bildirmiş və etirazını onunla əsaslandırmışdır ki, 17 iyul 2014-cü il tarixli, 627/45/2014 saylı “X9” Müqaviləsinin 1.4-cü bəndinə görə lizinq müqaviləsinin müddəti 36 ay təşkil edir və müddəti 2017-ci il tarixdə başa çatır. Daxili lizinq müqaviləsinə 2 №-li əlavəyə əsasən lizinq verən “X11” QSC və lizinq alan Cavabdeh2 ASC arasında razılaşmaya görə lizinq müqaviləsinin müddəti 25.02.2018-ci il tarixə qədər uzadılmışdır. Halbuki, Cavabdeh1 zamin qismində həmin əlavəyə razılığı olmamış və zamin qismində lizinq verənlə zamin arasında və ya həmin əlavənin özündə onun razılığının ifadəsinə yer ayrılmamışdır. Bu səbəbdən, zaminlik müqaviləsi üzrə tələb etmə hüququ zaminə münasibətdə lizinq verən üçün ötürülmüş hesab olunmalıdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, "xxxx" ASC – yə məxsus bütün əmlaklar, o cümlədən iş üzrə mübahisə predmeti olan toxuculuq maşınları "xxxx" QSC tərəfindən Azərbaycan Sənaye Korporasiyasına təhvil verilmişdir və hal – hazırda sonuncunun balansındadır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT QSC-nin nümayəndəsi X5 izahatında göstərdi ki, Cavabdeh2 ASC-dən borcun ödənilməsini tələb etmək hüququ 41 saylı akt üzrə "xxxx" QSC BOKT-a ötürülmüşdür. Bundan sonra borcun ödənilməsi ilə bağlı Cavabdeh2 ASC-yə qarşı iddia qaldırılmış və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-1607/2016 saylı, 06 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 86252284,49 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 ASC-yə məxsus torpaq sahəsinə, müəssisəyə və müəssisəyə aid cavabdehə məxsus daşınar əmlaklara yönəldilməsi qət edilmişdir. Qətnamənin icra mərhələsində sorğular göndərilmiş, Cavabdeh2 ASC-yə məxsus əmlakların siyahısı müəyyən edilmişdir. Daha sonra əmlaklar "xxxx" ASC-yə ötürülmüşdür. Qurğuların adı dəqiq göstərilməsə də bütün əmlaklar Cavabdeh2 ASC-yə məxsus olmuşdur. Qurğular "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir. Əmlakların siyahısında avadanlıqların adı qeyd edilməmişdir və bu siyahı ümumi siyahıdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi izahatında göstərmişdir ki, "xxxx" ASC-nin balansına yalnız Cavabdeh2 ASC-nin mülkiyyətində olan əmlaklar keçirilmiş, İddiaçı QSC-yə məxsus avadanlıqlar aşkar edilməmişdir. İnvertarizasiya aktında da İddiaçı QSC-yə məxsus avadanlıqlar qeyd olunmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, iddia ərizəsi üzrə tələb olunan əmlaklar "xxxx" ASC-nin balansında aşkar olunmamışdır. İş materiallarında olan: - 17 iyul 2014-cü il tarixli, 627/45/2014 saylı “X9” müqaviləsinə əsasən “Lizinq verən” - “X11” QSC 2 ədəd HP2/52C modelli, spesifikasiya 5 gg, 6 ədəd HP2/52C modelli, spesifikasiya 7 gg, 8 ədəd HP2/52C modelli, spesifikasiya 12 gg, 4 ədəd HP2/52C modelli, spesifikasiya 14 gg olan düz örgü maşınları və toxuculuq maşınları üçün yardımçı ehtiyat hissələri sap yönləndirən rolikləri və iynələri) “Lizinq alan” - “İnter Textile" ASC-yə təhvil vermiş, “Lizinq alan” qeyd edilən müqavilə üzrə lizinq haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. - 17 iyul 2014-cü il tarixli, 627/45/2014 saylı “X9” müqaviləsinin 2 nömrəli əlavəsinə əsasən müqavilənin müddəti 25 fevral 2018-ci il tarixinədək uzadılmışdır. - 02 mart 2015-ci il tarixli X9 müqaviləsinin ödəniş cədvəlindən göründüyü kimi avadanlığın alqı-satqı müqaviləsi üzrə dəyəri 410000 manat, sığorta haqqı 6970 manat və maliyyə lizinqi üzrə kreditin məbləği 410000 manatdır. - 24 noyabr 2014-cü il tarixli təhvil-təslim aktına əsasən lizinq müqaviləsinin predmeti olan 2 ədəd HP2/52C modelli, spesifikasiya 5 gg, 6 ədəd HP2/52C modelli, spesifikasiya 7 gg, 8 ədəd HP2/52C modelli, spesifikasiya 12 gg, 4 ədəd HP2/52C modelli, spesifikasiya 14 gg olan düz örgü maşınları və toxuculuq maşınları üçün yardımçı ehtiyat hissələri sap yönləndirən rolikləri və iynələri) lizinqverən tərəfində təslim edilmiş və lizinq alan tərəfindən təhvil alınmışdır. - 06 avqust 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ASC-nin əsas borcu 410000 ABŞ dolları, faiz borcu 177821,58 ABŞ dolları olmaqla ümumilikdə 592467,58 ABŞ dolları və sığorta borcu 4646 ABŞ dolları təşkil edir. - 17 iyul 2014-cü il tarixli 627 nömrəli zaminlik müqaviləsinə əsasən zamin - Cavabdeh1 Cavabdeh2 ASC-nin öhdəliklərinin tam icrasına görə müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə “Lizinq verən” - İddiaçı QSC qarşısında məsuliyyət daşıyır. “Lizinq alan” tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və lazımınca yetirilmədiyi təqdirdə “Zamin” və “Lizinq alan” “Lizinq verən” qarşısında birgə məsuliyyət daşıyırlar. - Sumqayıt İnzibati – İqtisadi Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli, 2-2(85)- 1607/2016 saylı qətnaməsinə əsasən 86252284,49 manat məbləğində pul vəsaitinin Cavabdeh2 ASC-dən tutularaq "xxxx" QSC BOKT-un xeyrinə tutulması və müəssisəyə məxsus əmlaklara yönəldilməsi qət edilmişdir. - 23 iyul 2018-ci il tarixli təhvil-təslim aktına və əlavə olunmuş siyahıya əsasən ümumi dəyəri ******* manat olan - binalar, qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, digər əsas vəsaitlər, o cümlədən toxuculuq maşınları "xxxx" QSC tərəfindən Cavabdeh2 ASC-nin iştirakı ilə "xxxx" ASC-yə təhvil verilmiş, sonuncu tərəfindən təhvil alınmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1 və 747.2-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. İşin hallarından göründüyü kimi Cavabdeh2 ASC tərəfindən müqavilə üzrə heç bir ödəniş olunmamışdır və bu xüsusat işin mübahisələndirilməyən halıdır. Bakı Kommersiya Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, e-2-2(113)-942/2021 saylı qərardadına əsasən borcun məbləğinin müəyyən olunması üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişlir. Məhkəmə-mühasibatlıq ekspertizasının 09 iyul 2021-ci il tarixli, 9/2149 №-li rəyində qeyd olunmuşdur ki, 17 iyul 2014-cü il tarixli 627/45/2014 nömrəli daxili lizinq müqaviləsi və ona əlavə edilmiş 02 mart 2015-ci il tarixli 02 nömrəli əlavə üzrə Cavabdeh2 ASC-nin lizinq müqaviləsinin müddətinin bitdiyi 25 fevral 2018-ci il tarixə iddiaçıya əsas borc üzrə 410000 ABŞ dolları, lizinq şirkətinin gəliri üzrə (faiz borcu) 110034 ABŞ dolları müəyyən olunur. Məhkəmə hesab edir ki, Cavabdeh2 ASC-dən 17 iyul 2014-cü il tarixli, 627/45/2014 nömrəli “X9” Müqaviləsi üzrə ekspert rəyinə uyğun olaraq əsas borc 410000 ABŞ dolları, lizinq mükafatı üzrə 110034 ABŞ dolları olmaqla ümumilikdə 520034 ABŞ dolları məbləğində pul vəsaiti tutulmalıdır. İddianın “2 ədəd HP2/52C modelli, spesifikasiya 5gg, 6 ədəd HP2/52C modelli, spesifikasiya 7 gg, 8 ədəd HP2/52C modelli spesifikasiya 12 gg, 4 ədəd HP2/52C modelli, spesifikasiya 14 gg olan düz örgü maşınları və toxuculuq maşınları üçün yardımçı ehtiyat hissələrinin (sap yönləndirən rolikləri və iynələri) tam işlək vəziyyətdə cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması” barədə hissəsi ilə bağlı müəyyən olunmuşdur ki, qeyd olunan avadanlıqlar - 23 iyul 2018-ci il tarixli təhvil-təslim aktına və əlavə olunmuş siyahıya əsasən "xxxx" QSC tərəfindən "xxxx" ASC-yə təhvil verilmişdir. Belə ki, Sumqayıt İnzibati – İqtisadi Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli, 2-2(85)-1607/2016 saylı qətnaməsinə əsasən 86252284,49 manat məbləğində pul vəsaitinin Cavabdeh2 ASC-dən tutularaq "xxxx" QSC BOKT-un xeyrinə tutulması və müəssisəyə məxsus əmlaklara yönəldilməsi qət edildikdən sonra həmin qətnamənin icrasının həyata keçirilməsi məqsədilə mübahisə predmeti olan avadanlıqlar 23 iyul 2018-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC tərəfindən "xxxx" ASC-yə təhvil verilmişdir. Həmin aktı nəzərdən keçirərkən görünür ki, Cavabdeh2 ASC həmin aktı yalnız iştirakçı kimi imzalamış, avadanlıqların təhvil verilməsində onun iradə ifadəsi mövcud olmamışdır. Həm "xxxx" QSC BOKT, həm də "xxxx" ASC tərəfindən götürülmüş avadanlıqların iddianın predmetini təşkil edən avadanlıqlar olması mübahisiləndirildiyindən avadanlıqların yerləşdiyi (əvvəllər Cavabdeh2 ASC-yə məxsus olmuş) binada yerində müayinəsi aparılmış və müəyyən olunmuşdur ki, orada olan yeni avadanlıqların həm sayı, həm də xüsusiyyətləri (2 ədəd HP2/52C modelli, spesifikasiya 5gg, 6 ədəd HP2/52C modelli, spesifikasiya 7 gg, 8 ədəd HP2/52C modelli spesifikasiya 12 gg, 4 ədəd HP2/52C modelli, spesifikasiya 14 gg olan düz örgü maşınları) iddia ərizəsində qeyd olunan avadanlıqlarla eynidir və başqa yeni avadanlığın olması müəyyən edilmir. Keçmiş “X11” QSC (hazırkı İddiaçı ASC) tərəfindən təsdiq olunmuş 23 iyul 2018-ci il tarixli təhvil-təslim aktına əlavə edilən siyahıda 410-429-cu sıralarda əmlakların xüsusiyyətləri qeyd olunmasa da, 20 ədəd toxuyucu maşının təhvil verildiyi əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsində lizinq alanın iradəsindən asılı olmayan səbəblərdən lizinq obyektinin üçüncü şəxs tərəfindən götürülməsi ilə bağlı münasibətləri tənzimləyən norma mövcud olmasa da, lizinqin obyektinin itirilməsi zamanı lizinq alanın vəzifələrini müəyyən edən 748-9-cu maddəsində qeyd olunmuşdur ki, əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. Normanın məzmunundan da görünür ki, lizinq obyektinin itirilməsi və ya öz funksiyalarının itirməsi yalnız lizinq alanın günahı üzündən baş verdikdə məsuliyyət yaradır. Yuxarıda qeyd olunduğu kimi mübahisə predmeti olan avadanlıqların 23 iyul 2018-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC tərəfindən "xxxx" ASC-yə təhvil verilməsində Cavabdeh2 ASC-nin iradə ifadəsi olmadığından məhkəmə hesab edir ki, avadanlıqların qaytarılması hissəsində iddia təmin oluna bilməz və İddiaçı ASC-nin öz mülkiyyətində olan əmlakın qaytarılması tələbi ilə müvafiq hüquqi şəxslərə qarşı iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə yuxarıda qeyd olunan hallardan İddiaçı ASC-nin məlumatsız olmasını da inandırıcı hesab etmir. Belə ki, Cavabdeh2 ASC tərəfindən lizinq müqaviləsi üzrə heç bir ödəniş aparılmadığı və həm müqavilənin 5.4-cü bəndində, həm də Mülki Məcəllənin 748- 1-ci maddəsinə əsasən müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ olduğu halda bu hüquqlarından və məhkəməyə müraciət etmək hüququndan istifadə etməmiş, iddia müddətinin bitməsinə təxminən 1 ay qalmış iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, zərərin həcminin artmasına şərait yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-6-cı maddəsinə əsasən Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. Sahibkarlıq (maliyyə) risklərinin sığortası lizinq müqaviləsi tərəflərinin razılığı ilə həyata keçirilə bilər. Sığorta edənin öhdəliklərini yerinə yetirən və qazanc götürən tərəflər, həmçinin sığortanın müddəti lizinq müqaviləsi ilə müəyyənləşdirilir. Lizinq alan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən hallarda, lizinq obyektinin istifadəsi prosesində digər şəxslərin həyatına, sağlamlığına və ya əmlakına dəyən ziyan nəticəsində yaranan öhdəliklərin yerinə yetirilməsinə görə öz məsuliyyətini sığortalamalıdır. Lizinq alanın lizinq müqaviləsinin pozulmasına görə öz məsuliyyətinin riskini lizinq verənin xeyrinə sığortalamaq hüququ vardır. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndində qeyd olunmuşdur ki, “Lizinqalan lizinq obyektinin icbari sığortasını öz vəsaiti hesabına həyata keçirməlidir. Lizinqalan bu maddənin şərtlərinə uyğun olaraq lizinq obyektini sığortalamadıqda və ya sığortalamaqdan imtina etdikdə və ya sığorta ödənişlərini gecikdirdikdə və ya bu maddədə göstərilən sığorta şərtlərini pozmaqla lizinq obyektini sığortaladıqda lizinq verən öz hesabına lizinq obyektini itirilmə (məhv olma) və ya zədələnmə risklərindən sığortalamaq hüququna malikdir. Belə olan halda lizinqverən bu müqavilənin müddəti üçün benefisiar və sığorta olunmuş qismində (özününü seçdiyi sığorta şirkəti ilə sığorta müqaviləsinin həcmini və şərtlərini müəyyən edərək) lizinq obyektini sığorta edir. Bu zaman lizinqverən həyata keçirdiyi bütün sığorta ödənişlərinin əvəzini lizinqalandan heç bir məhudiyyətsiz tələb etmək hüququna malikdir.” Tərəflərin müəyyən etdiyi müqavilə şərtinə əsasən lizinqverən yalnız həyata keçirdiyi sığorta ödənişlərinin əvəzini tələb edə bilər. Lakin lizinq obyektinin lizinq verən tərəfindən sığortalanması ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia sığorta haqqının ödənilməsi hissəsində də rədd olunmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin yönədiyi digər Cavabdeh1 münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “X11” QSC ilə Cavabdeh1 arasında bağlanmış 17 iyul 2014-cü il tarixli 627 nömrəli zaminlik müqaviləsinin 1-ci bənidnə əsasən zamin - Cavabdeh1 Cavabdeh2 ASC-nin öhdəliklərinin tam icrasına görə müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə “Lizinq verən” qarşısında məsuliyyət daşıyır. “Lizinq alan” tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və lazımınca yetirilmədiyi təqdirdə “Zamin” və “Lizinq alan” “Lizinq verən” qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;. - 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. 17 iyul 2014-cü il tarixli, 627/45/2014 saylı “X9” Müqaviləsinin 1.4-cü maddəsinə görə lizinq müqaviləsinin müddəti 36 ay müəyyən olunmuş, 02 mart 2015-ci il tarixdə bağlanmış “X9” müqaviləsinin 2 nömrəli əlavəsinə əsasən müqavilənin müddəti 25 fevral 2018-ci il tarixinədək uzadılmışdır. Belə olduğu halda zaminliklə təmin olunan öhdəliyi baş çatması vaxtı müvafiq olaraq 17 iyul 2017-ci il və 25 fevral 2018-ci il hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələblərinə görə bu müqavilənin icrası ilə bağlı Cavabdeh1 qarşı iddia həmin tarixlərdən 1 il ərzində irəli sürülə bilərdi. Lakin iddia İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə 12 yanvar 2021-ci il tarixdə müraciət etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Plenum qərarında ifadə olunan mövqe əsas götürülməklə 02 mart 2015-ci il tarixdə “X9” müqaviləsinin 2 nömrəli əlavəsi bağlanılarkən müqavilənin müddəti uzadıldığıdan zamin kimi fiziki şəxs olaraq Cavabdeh1lə də müqavilə bağlanmalı olduğu halda, bu tələbə də riayət olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia Cavabdeh1 aid hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15 manat məbləğində pul vəsaiti Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən iddiaçının xeyrinə tutulmalı, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaitinin 132 manat məbləğində hissəsi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən, 18 manat məbləğində hissəsi iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı və "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması və lizinq obyektinin alınması barədə iddiası qismən təmin edilsin. 17 iyul 2014-cü il tarixli, 627/45/2014 nömrəli “X9” Müqaviləsi üzrə yaranmış əsas borc 410000 ABŞ dolları, lizinq mükafatı üzrə 110034 ABŞ dolları olmaqla ümumilikdə 520034 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 15 manat məbləğində pul vəsaiti Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə - mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaitinin 132 manat məbləğində hissəsi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən, 18 manat məbləğində hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar