Məhkəmə qərarları › İş №e-2-2(113)-771/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-771/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-771/2021 30.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə Cavabdehin iştirakı olmadan İddiaçı MMC-nin cavabdeh Əziz-zadə Nicat Etibar oğluna qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Əziz-zadə Nicat Etibar oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 19,200 manat məbləğində pul vəsaitinin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında qarşılıqlı razılaşma əsasında xx xxxxxxx 2019-cu il tarixli, 3317/19 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, satıcı İddiaçı MMC istehsal və ya idxal etdiyi müxtəlif növ məhsulları satmış, alıcı Əziz-zadə nicat Etibar oğlu həmin məhsulları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, 19200 manat məbləğində olan müxtəlif çeşidli məhsulları iddiaçıdan alaraq onların dəyərini ödəməmişdir. Cavabdehə dəfələrlə yazılı müraciət olunsa da, o borcunu qaytarmaq niyyətində deyil. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Bir tərəfdən alıcı qismində Əziz-zadə Nicat etibar oğlu ilə digər tərəfdən satıcı qismində İddiaçı MMC arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli 3317/19 nömrəli müqaviləyə əsasən satıcı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və ya digər hüquqi formada ticarət predmeti olan məhsulu alıcıya satır, alıcı isə məhsulu satıcıdan qəbul edir və müqabilində satıcıya məhsulun qiymət təklifində nəzərdə tutulmuş dəyərini ödəyir. 1.2. Məhsulun alıcıya məxsus ictimai iaşə, ticarət obyektlərində, habelə restoranlar/mehmanxanalar zəncirindən kənarda və topdan satış yerlərində satılması yol verilməzdir. Bu şərtin pozulması hazırki müqavilənin ləğv edilməsi və ya alıcıya hazırki müqavilə üzrə satış qaydası pozulan məhsulun ümumi dəyərinin 1%-i məbləğində cərimə tətbiq edilməsi üçün əsasdır. Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində seçim hüququ satıcıya məxsusdur. 3.3. Məhsulun təhvil-təslimi çatdırılma məntəqəsində tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Alıcı (səlahiyyətli nümayəndəsi) məhsulu satıcının müvafiq mobil POS terminaldan çıxarışısatış fakturası, təhvil-təslim aktı, qaimə-faktura və ya müvafiq elektron qaimə-faktura əsasında qəbul edir. 4.1. Müqavilənin dəyəri alıcının sifarişlərinin cəmi əsasında müəyyənləşdirilir və satıcının alıcıya ünvanladığı qiymət təklifində müəyyən olunan qiymətlərə əsasən razılaşdırılır. - EBAB seriyalı 660778 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, ”İddiaçı” MMC tərəfindən Əziz-zadə Nicat Etibar oğluna satılan malların miqdarı 13,200 manat təşkil etmişdir. - EBAB seriyalı 684600 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, ”İddiaçı” MMC tərəfindən Əziz-zadə Nicat Etibar oğluna satılan malların miqdarı 6000 manat təşkil etmişdir. - İddiaçı MMC tərəfindən xx xxxx 2020-ci il tarixdə Əziz-zadə Nicat Etibar oğluna pretenziya qaydasında 289 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, xx xxxxxxx 2019-cu il tarixli 3317/19 nömrəli alqı-satqı müqaviləsinə əsasən Əziz-zadə Nicat Etibar oğluna ümumi dəyəri 19,200 manat dəyərində mallar verilməsinə baxmayaraq, malların dəyəri ödənilməmişdir. Odur ki, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli, 3317/19 saylı alğı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-nin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin hallarından məlum olur ki,tərəflər arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli, 3317/19 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 19,200 manat təşkil edən mallar satılmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 19,200 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əziz-zadə Nicat Etibar oğlundan 19,200 (on doqquz min iki yüz manat) borc məbləği və 30 ( otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar