Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7713/2025 26.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 496,89 manat əsas borc, 150 manat cərimə borcu, 260 manat (110 manat vəkil xidmət haqqı, 150 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) 20 mediasiya rüsumunun, 40 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 192361 saylı xx.xx.2020-ci il tarixli “Məhsulların alğı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq Satıcı ("xxxx" MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri Alıcıya Cavabdeh onun mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, nisyə alğı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. İddiaçı"xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2020 ci il və xx.xx.2020 ci il tarixlər aralığında 644,02 manat məbləğində spirtsiz içkilər Alıcıya təhvil verilmişdir, hazırki vəziyyətdə cavabdehin "xxxx" MMC-yə 496,89 manat ödənilməmiş pul məbləği borcu qalmışdır. “Məhsulların alğı-satqı” Müqaviləsinin 6.2-ci bəndinə görə Ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə bir tərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin Müqavilənin 6.3-ci bəndinə görə X1 faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2% miqdarında dəbbə pulu ödənilməlidir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 (beş) gün ərzində ödənilməsi tələb olunmuşdur. Əksi təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır. Buna görə iddiaçı "xxxx" MMColaraq pozulmuş hüquqlarımızın bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3808/2023 saylı xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə İddia təmin edilmiş, Cavabdeh 496,89 manat məbləğində əsas borc, 150 manat məblğində dəbbə pulu, vəkil xidmətlərinin əvəzi olaraq 110 manat, işə baxılması ilə bağlı digər məsrəflərin əvəzi olaraq və 150 manat, çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 20 manat və dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, İddia verilərkən artıq ödənilmiş 2 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qət edilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7713/2025 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2-2(113)- 3808/2023 saylı qiyabi qətnaməsi ləğv edilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.
11. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəf "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 192361 saylı alqı-satqı müqaviləsi bağlandığını qeyd edərək, müqavilə üzrə Cavabdeh dəyəri 644,02 manat olan malların verildiyini və lakin 496,89 manat məbləğində malların dəyərinin ödənilmədiyini bildirərək, cavabdehdən ödənilməsini tələb edir.
12. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə bağlanmadığını, imzanın cavabdehə məxsus olmadığını bildirmişdir.
13. Məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli məhsulların alqı-satqı müqaviləsindəki imzanın Cavabdeh, yoxsa başqa şəxs tərəfindən icra olunmasını müəyyən etmək məqsədilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
14. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1908 saylı ekspert rəyinə əsasən xx.xx.2020-ci il tarixli məhsulların alqı-satqısı müqaviləsində “12.2. Alıcı bölməsində “İmza:” sözünün qarşısındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
15. Belə olan halda, Məhkəmə hesab edir ki, tərəflər arasında ümumiyyətlə müqavilə münasibətləri yaranmamış və iddiaçı tərəfindən cavabdehə mallar verilməmişdir.
16. Belə olan halda, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
17. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. VI. Nəticə:
18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov