Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7719/2025 21.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 668-A/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin: 1.1. 1.3-cü bəndinə əsasən, tərəflər müqavilənin Əlavələrdə göstərilmiş malları, onların saylarını, bir vahidi üçün qiymətlərini, ümumi dəyərini, çeşidlərini, göstəriləcək xidmətləri,nəzərdə tutulmuş endirimləri, hesablanmış ƏDV-ni (bundan sonra – Satış şərtləri) və onların müddətlərini öz aralarında öncədən razılaşdıraraq təhvil-qəbul prosedurunu həyata keçirməyə razıdırlar. 1.2. 2.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən tərəflərin müqaviləni təsdiqlədiyi andan etibarən, satıcı (iddiaçı) rəsmi distribütoru olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli, spirtsız içkilər və s. məhsulları (bundan sonra – mallar) alıcının (cavabdehin) sifarişlərinə əsasən, qaimə-faktura, təhvil-qəbul aktı və (və ya) elektron-qaimə (bundan sonra – faktura) əsasında alıcıya satmağı öz öhdəsinə götürür. 1.3. 2.2-ci bəndinə əsasən, müqavilənin 2.1-ci maddəsinə əsaslanaraq alıcıya təhvil veriləcək malların Satış şərtlərini müvafiq Əlavələrlə müəyyən edir. 1.4. 2.4-cü bəndinə əsasən, alıcıya faktura təqdim olunan gündən hesablanmaqla, 30 (otuz) təqvim günü müddətinə faktura üzrə göstərilən ümumi məbləği nağdsız qaydada və tam şəkildə satıcının xeyrinə ödənilməlidir 1.5. 2.5-ci bəndinə əsasən, müqavilənin 2.4-cü bəndinin tələbləri pozulduqda , ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,5% (sıfır tam onda beş) faiz həcmində peniya ödəyir. 1.6. 2.7-ci bəndinə əsasən, Bu müqavilə üzrə ödəniləcək dəbbə pulunun və (və ya) peniyanın ümumi məbləği faktura üzrə təhvil alınmış malların ümumi məbləğindən artıq olmamalıdır. 1.7. 3.1-ci bəndinə əsasən, satıcı tərəfindən təchiz olunacaq malların Satış şərtləri alıcı ilə razılaşdırılır və müqavilənin müvafiq Əlavələri ilə müəyyən edilir 1.8. 3.2-ci bəndinə əsasən, Sifariş qəbul edildikdən sonra, malların təchizi 3 (üç) iş günü ərzində həyata keçirilir. 1.9. 3.3-cü bəndinə əsasən, alıcı tərəfindən sifariş olunmuş malların satıcı tərəfindən təhvil verilməsi zamanı tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-qəbul aktı və ya qaimə-faktura əsasında həyata keçiriləcək . 1.10. 3.9-cu bəndinə əsasən, tərəflər razıdırlar ki , təhvil-qəbulun həyata keçiriləcəyi gün və məkanda təhvil-qəbulu həyata keçirən şəxslər tərəflərin səlahiyyətli nümayəndələridirlər Nümayəndələr tərəflərin adından malların təhvil-qəbul prosedurunu həyata keçirməkdə müvafiq sənədlərin imzalanmasında və bundan irəli gələn digər məsələlərdə səlahiyyətlidirlər
2. İş materiallarına əlavə edilmiş və hər iki tərəfdən imzalanmış xx.xx.2024-cü il tarixli malların təhvil qəbul aktı ilə 304,59 manat, xx.xx.2024-cü il tarixli malların təhvil qəbul aktı ilə 58 manat, xx.xx.2024-cü il tarixli malların təhvil qəbul aktı ilə 235 manat, xx.xx.2024cü il tarixli malların təhvil qəbul aktı ilə 95,11 manat, xx.xx.2024-cü il tarixli malların təhvil qəbul aktı ilə 235 manat olmaqla, cəmi 927,7 manat məbləğində içki məhsulları cavabdehə təhvil verilmişdir.
3. Həmçinin, iddiaçı tərəfindən cavabdehə cəmi 927,7 manat məbləğində elektronqaimələr göndərilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı 927,70 manat əsas borcun, 927,70 manat dəbbə pulunun, ümumilikdə 1855,40 manat borcun və ödənilmiş 39 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı ərizəsində göstərmişdir ki, tərəflər arasında malalrın alqı-satqı qaydaları haqqında” 03 noyabr 2022-cü il tarixli, 668-A/22 nömrəlimüqavilə bağlanmışdır. Bağlanmış müqavilənin 2.4-cü maddəsinə əsasən, “Alıcı”ya faktura təqdim olunan gündən hesablanmaqla 30 təqvim günü müddətinə “Faktura” üzrə göstərilən ümumi məbləğ nağdsız qaydada və tam şəkildə “Satıcı”nın xeyrinə ödənilməlidir. Cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, borcu ödəməkdən imtina etmişdir. Belə ki, xx.xx.2024cü il tarixli № STF-17080 nömrəli, xx.xx.2024-cü il tarixli №STF-17205 saylı, xx.xx.2024-cü il tarixli № STF-18603 nömrəli, xx.xx.2024-cü il tarixli № STF-19133 saylı, xx.xx.2024-cü il tarixli № STF-19892 saylı təhvil-qəbul aktına əsasən, mallar cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş EBED seriyalı 611692 nömrəli elektron qaiməyə əsasən 304,60 manat, EBED seriyalı 645001 nömrəli elektron qaiməyə əsasən 58 manat, EBEE seriyalı 012285 nömrəli elektron qaiməyə əsasən 235 manat, EBEE seriyalı 155536 nömrəli elektron qaiməyə əsasən 95,10 manat, EBED seriyalı 320127 nömrəli elektron qaiməyə əsasən, 235 manat, ümumilikdə cəmiyyətə 927,70 manat borcu yaranmışdır. Bundan əlavə, cavabdehlə bağlanmış 19 iyul 2023-cü il tarixli, 438-A/23 saylı müqavilənin 2.5-ci maddəsinə əsasən,“müqavilənin 2.4-cü bəndinin tələbləri pozulduqda, ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,5% faiz həcmində peniya ödəyir”. Eyni zamanda, həmin müqavilənin 2.8-ci bəndinə əsasən, bu müqavilə üzrə ödəniləcək dəbbə pulunun və ( və ya) penyanın ümumi məbləği “faktura” üzrə təhvil alınmış “Mallar”ın ümumi məbləğindən artıq olmamalıdır. Cavabdeh şəxsin EBED seriyalı 611692 nömrəli elektron qaimə üzrə xx.xx.2024-cü il tarixindən 500 gün üçün ödənilməli dəbbə pulu 761 manat təşkiletsə də, müqavilə üzrə razılaşdırıldığından hazırda penya məbləği olaraq 304,60 manat, EBED seriyalı 645001 nömrəli elektron qaimə üzrə xx.xx.2024-cü il tarixindən 500 gün üçün ödənilməli dəbbə pulu 145 manat təşkil etsə də, müqavilə üzrə razılaşdırıldığından hazırda penya məbləği olaraq 58 manat, EBEE seriyalı 012285 nömrəli elektron qaimə üzrə xx.xx.2024-cü il tarixindən 485 gün üçün ödənilməli dəbbə pulu 570 manat təşkil etsə də, müqavilə üzrə razılaşdırıldığından hazırda penya məbləği olaraq 235 manat, EBEE seriyalı 155536 nömrəli elektron qaimə üzrə xx.xx.2024-cü il tarixindən 492 gün üçün ödənilməli dəbbə pulu 233 manat təşkil etsə də, müqavilə üzrə razılaşdırıldığından hazırda penya məbləği olaraq 95,10 manat, EBED seriyalı 320127 nömrəlielektron qaimə üzrə xx.xx.2024-cü il tarixindən 498 gün üçün ödənilməli dəbbə pulu 585 manat təşkiletsə də, müqavilə üzrə razılaşdırıldığından hazırda penya məbləği olaraq 235 manat tələb edilir. Yuxarıda qeyd olunan qaimə üzrə əsas borcu və dəbbə pulunu nəzərə alsaq, hazırda cavabdehin Şirkətə ümumilikdə 1855,40 manat borcu vardır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim etməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
7. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir.
8. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
1. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
2. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
3. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
4. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
5. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
6. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
7. Maddə 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
8. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
10. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
11. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
12. Maadə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
13. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.
15. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
16. MM-nin 386.1-ci maddəindən də göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
17. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
18. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 668-A/22 saylı alqı-satqı müqaviləsinin bağlanması ilə müqavilə üzrə öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, tərəflər müqaviləni təsdiqlədiyi andan etibarən, satıcı (iddiaçı) rəsmi distribütoru olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli, spirtsız içkilər və s. məhsulları alıcının (cavabdehin) sifarişlərinə əsasən, qaimə-faktura, təhvil-qəbul aktı və (və ya) elektron-qaimə əsasında alıcıya satmağı, alıcı isə müqavilədə göstərilən müddətdə və qaydada onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
19. İş materiallarına əlavə edilmiş və hər iki tərəfdən imzalanmış xx.xx.2024-cü il tarixli malların təhvil qəbul aktı ilə 304,59 manat, xx.xx.2024-cü il tarixli malların təhvil qəbul aktı ilə 58 manat, xx.xx.2024-cü il tarixli malların təhvil qəbul aktı ilə 235 manat, xx.xx.2024cü il tarixli malların təhvil qəbul aktı ilə 95,11 manat, xx.xx.2024-cü il tarixli malların təhvil qəbul aktı ilə 235 manat olmaqla, cəmi 927,7 manat məbləğində içki məhsulları cavabdehə təhvil verilmişdir. Həmçinin, iddiaçı tərəfindən cavabdehə cəmi 927,7 manat məbləğində elektron-qaimələr göndərilmişdir.
20. Beləliklə, iddiaçı müqavilə ilə üzərinə götürdüyü spirtli içki məhsullarının təhvil verilməsinə dair öhdəliyini lazımınca icra etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilənin 2.4-cü bəndinə əsasən, ona faktura təqdim olunan gündən hesablanmaqla, 30 təqvim günü müddətinə faktura üzrə göstərilən ümumi məbləği nağdsız qaydada və tam şəkildə satıcının xeyrinə ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında malları almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməyərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Odur ki iddiaçı 927,7 manat məbləğində əsas borcun cavabdeh tərəfindən ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.
21. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
22. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
23. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq gecikdirilmiş borc məbləğinə illik 5% məbləğində hesablanmaqla 46 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.
24. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən (təqribən 52% həcmində) dövlət rüsumu da ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 927,70 manat əsas borc, 46 manat dəbbə pulu olmaqla, ümumilikdə 973,70 (doqquz yüz yetmiş üç manat yetmiş qəpik) manat borc və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 19 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı