Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-772/2024 18.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdеh Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdеh Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə 24744,54 manat əsas borc və 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 24744,54 manat əsas borc və 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ASTS-AS-007-21 saylı alqı-satqı müqaviləsinə əsasən tikinti materialları iddiaçı tərəfindən cavabdehə satılmışdır. İddiaçı malları vaxtında və müqaviləyə uyğun olaraq təhvil versə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək,yaranmış 24744,54 manat bəbləğində borcu ödəməkdən imtina edir. Tərtib olunmuş elektron qaimələrdən görünür ki, cavabdehin iddiaçıya olan borcu 24744,54 manat təşkil edir. Bununla əlaqədar olaraq tərəflər arasında xx.xx.2023-cü il tarixində mediasiya prosesi keçirilmiş və Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Hazırda cavabdeh iddiaçıya olan 24744,54 manat borcu ödəməkdən imtina edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli ASTS-AS-007-21 saylı alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı müəyyən olunmuş malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdələrinə götürmüşlər.
10. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.
11. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
12. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli ASTS-AS-007-21 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır.
13. İddiaçı cavabdehə 28984,96 manat məbləğində satılmış malların dəyərindən 24744,54 manat ödənilmədiyini iddia edir.
14. İddiaçının dəlillərindən biri bundan ibarətdir ki, malların cavabdehə verildiyi sübut qismində təqdim edilmiş elektron qaimələrlə təsdiq edilir.
15. Bundan başqa, elektron qaimə-fakturalar faktiki olaraq 2021-ci ilin may ayı ərzində cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, satılmış malların təhvil verilməməsi ilə bağlı dəlili göstərilən elektron qaimələrlə bağlı Qaydalara uyğun olaraq etiraz etmək hüququndan istifadə edilməməsi baxımından ağlabatan hesab edilə bilməz.
16. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müqavilə, elektron qaiməfakturaların mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
17. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.
18. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir.
19. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaiməfakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
20. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt;
21. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.
22. Qeyd edilən Qaydalara əsasən vergi ödəyiciləri arasında olan münasibətlər zamanı xidmətlərin kağız daşıyıcıda tərtib edilmiş qaimə əsasında təqdim edilməsi qanun pozuntusu hesab edildiyindən elektron qaimələr məhkəmə tərəfindən işin hallarından asılı olaraq xidmətlərin təqdim edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilər.
23. Cavabdehin 24744,54 manat dəyərində malların verilməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin dəyərdə malların verilməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə əsasən sifariş verilmiş 24744,54 manat dəyərində satılmış mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
24. Həmçinin cavabdeh tərəfindən qeyd edilsə də ki, iddiaçı tərəfindən elektron qaimələr üzrə heç bir malın verilməsi baş tutmayıb, bununla bağlı iş materiallarında və ya məhkəməyə heç bir sübut təqdim etməmişdir.
25. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 210 manat məbləğində pul Bakı 10 saylı Mediasiya təşkilatına ödənilmişdir.
26. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 210 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
VI. Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdеh Cavabdehndən 24744,54 manat əsas borc və 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev