Məhkəmə qərarları › İş №e-2-2(113)-7727/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7727/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7727/2025 25.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı MMC qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən onun xeyrinə 1807778,88 manat məbləğin iddiaçının bank və ƏDV hesablarına köçürülməsinin təmin edilməsi, iş üzrə çəkilmiş dövlət rüsumu və məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Çünki İddiaçı MMC tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Belə ki, iddiaçı ərizəyə vəsatət əlavə edərək İddiaçı MMC-nin debitor borclara dair təqdim etdiyi iddialar üzrə dövlət rüsumunun ödənilməsindən azad edilməsinə, əgər bu mümkün olmazsa, ən azı ödənilməsinin təxirə salınmasına və ya hissə-hissə ödənilməsinə dair qərar qəbul edilməsini, müəssisənin faktiki maliyyə çətinliyi nəzərə alınaraq işin icraata qəbul edilməsinə şərait yaradılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, şirkət 2025-ci ilin yanvar ayından etibarən faktiki fəaliyyətini dayandırmışdır. Bank hesablarında uzun müddətdir heç bir əməliyyat aparılmır, hesablar blok vəziyyətindədir. Müəssisənin 500.000 (beş yüz min) manat banka kredit borcu, həmçinin vergilərə görə borcu mövcuddur. Anbarda satılmayan mallar qalıb, likvidlik yoxdur. Debitor borcların yığılması məqsədilə məhkəməyə müraciət edilsə də, ilkin mərhələdə rüsumların ödənilməsi mümkünsüzdür. Mövcud şəraitdə dövlət rüsumunun ödənilməməsi şirkətin hüquqlarının müdafiəsinə mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 96 və 108-ci maddələrinə əsasən, məhkəmə müraciət edən tərəfin maddi vəziyyətini nəzərə alaraq dövlət rüsumundan tam və ya qismən azad edə bilər, yaxud onun ödənilməsini təxirə sala bilər. Vəsatəti nəzərdən keçirərək hesab edirəm ki, iddiaçının vəsatəti təmin ediləməməli, iddia ərizəsi dövlət rüsumu ödənilmədiyi üçün geri qaytarılmalıdır. Çünki iddiaçının istinad etdiyi Mülki Prosessual Məcəllənin 96 və 108-ci maddələrində, ümumiyyətlə isə qanunvericilikdə hazırkı əsasla iddiaçının dövlət rüsumundan azad edilməsi və ya rüsumun ödənilməsinin təxirə salınması və ya hissəhissə ödənilməsi nəzərdə tutulmamışdır. Əvvəla, MPM-nin 96-cı maddəsi “Səs və video yazıların saxlanılması və qaytarılması” ilə bağlıdır, həmin maddənin dövlət rüsumunun ödənilməsinə, azad olmaya və s. aidiyyəti yoxdur. Digər tərəfdən MPM-in 108.2-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Dövlət rüsumunu ödəməkdən azad olunanların siyahısı “Dövlət rüsumu haqqında” Qanunun 9-cu maddəsində göstərilmişdir. Həmin Qanunda isə iddiaçının maddi vəziyyətinin aşağı olmasına görə dövlət rüsumunu ödəməkdən azad olunması nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.5-ci maddəsinə əsasən iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) miqdarında dövlət rüsumu ödənilməlidir. Beləliklə, dövlət rüsumunun ödənilməsi barədə sənədin təqdim edilmədiyini nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı MMC-nin vəsatəti təmin edilməsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar