Məhkəmə qərarları › İş №e-2-2(113)-7751/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7751/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7751/2025 09.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 21 fevral 2024-cü il tarixli, 11723 saylı “Yanacağın pərakəndə satışı müqaviləsi” üzrə yaranmış 67 295.64 manat məbləğində pulun və 292.00 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 67587.64 manat pulun cavabdehdən tutularaq ona barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında 21 fevral 2024-cü il tarixli, 11723 saylı “Yanacağın pərakəndə satışı” müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində əsasən, Satıcı müvafiq dövlət standartlarına cavab verən dizel yanacağın “SMART” kartlar vasitəsilə Alıcıya satışını, Alıcı isə, yanacağın dəyərinin ödənilməsini və kartın qəbul edilməsini öz öhdələrinə götürürlər. Sözügedən müqavilənin 3.2.2-ci bəndinə əsasən, Alıcı (Cavabdeh MMC) Yanacağın dəyərini Satıcı tərəfindən verilən hesab – faktura əsasında sonradan ödəyir. Lakin, Cavabdeh MMC tərəfindən müqavilənin 3.2.2-ci bəndi kobud şəkildə pozulmuş, müqavilə üzrə ödənilməli olan ümumi məbləğdən cavabdehin 67295.64 manat məbləğində borcu qalmış və bu günə kimi sözügedən məbləğ ödənilməmişdir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 21 fevral 2024-cü il tarixli, 11723 saylı “Yanacağın pərakəndə satışı müqaviləsi”nə əsasən tərəfimizdən Cavabdeh MMC-yə 358561.70 manat məbləğində yanacaq satılmış, həmin məbləğ üzrə cavabdeh tərəfindən Şirkətimizə müxtəlif vaxtlarda hissə-hissə, son ödəniş 30 yanvar 2025-ci il tarixində həyata keçirilməklə 291 267.16 manat ödəniş edilmiş və bununla da Şirkətimizə 67295.64 manat məbləğində borcu yaranmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianı müdafiə etmiş, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əvvəlcə ödəniş edildiyini, daha sonra yanacaq verildiyini, tərəfin bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən yanacağın satışı hər ayın 5-nə kimi ən çoxu 45 000 manat məbləğədək olan yanacağın təqdim edilməsi şərtinə əsasən öncə yanacaqdan istifadə etdiyini, daha sonra ödənişi etməkdən yayındığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etmədiklərini, yalnız ödədikləri məbləğ üzrə yanacağı qəbul etdiklərini bildirmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 21 fevral 2024-cü il tarixli, 11723 saylı “Yanacağın pərakəndə satışı müqaviləsi”nin 1-ci bəndinə əsasən müqaviləyə görə Satıcı müvafiq dövlət standartlarına cavab verən dizel yanacağın "Smart" kartlar vasitəsilə Alıcıya satışını, Alıcı isə, yanacağın dəyərinin ödənilməsini və kartın qəbul edilməsini öz öhdələrinə götürürlər. 2.1-ci bəndə əsasən yanacağın satışı hər ayın 5-nə qədər təqdim edilmiş yanacağın ödənilməsi şərti və ən çoxu 45000 (qırx beş min) manat məbləğədək olan yanacağın təqdim edilməsi şərti ilə aparılır. Alıcı kartı qəbul etdiyi tarixdən etibarən Müqavilənin qüvvədə olduğu müddət ərzində karta yüklənmiş məbləğə uyğun yanacağı almaq hüququ əldə edir. 2.3-cü bəndə əsasən karta yüklənmiş yanacağa mülkiyyət hüququ yanacaq Satıcının yanacaqdoldurma məntəqələrində faktiki götürülən andan Alıcıya keçir. Yanacağın dəyəri Alıcının yanacağı faktiki qəbul etdiyi vaxtda mövcud olan qiymətlər əsasında hesablanır. 2.4-cü bəndə əsasən hər bir kartın nominal dəyəri (ƏDV daxil olmaqla) müvafiq hesab-fakturada müəyyən edilir və Alıcı tərəfindən ayrıca olaraq ödənilir. 2.10-cu bəndə əsasən kart YDM-də istifadə olunarkən, Alıcıya buraxılmış yanacağın növünü və miqdarını əks edən qəbz verilir. Alıcı ümumi hesab haqqında məlumatı Satıcının Mərkəzi ofisindən və ya onlayn şəkildə vasitəsi ilə öz şəxsi kabinetindən əldə edə bilər. 3.1.1-ci bəndə əsasən alıcının sifarişində göstərilmiş sayda kartı ona təqdim edir. 3.1.2-ci bəndə əsasən alıcıya təqdim edilmiş kartla Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən Satıcıya məxsus bütün YDM-lərdə yanacağın xidmət rejimində buraxılmasına təminat verir. 3.2.2-ci bəndə əsasən yanacağın dəyərini Satıcı tərəfindən verilən hesab-faktura əsasında sonradan ödəyir. MT2407 seriyalı, 11934443 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 94472.80 manat, MT2408 seriyalı, 10237757 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 28.9999 manat, MT2408 seriyalı, 11730900 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 48 manat, MT2501 seriyalı, 12010381 nömrəli, xx.xx.2025-cü il tarixli, dəyəri 9257.70 manat, MT2502 seriyalı, 10180398 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 10220.90 manat, MT2502 seriyalı, 11984205 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 30187.59 manat, MT2503 seriyalı, 11413352 seriyalı, xx.xx.2025-ci il tarixli, dəyəri 666.00 manat, MT2504 seriyalı, 10331367 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 4430.29 manat, MT2504 seriyalı, 12309336 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 242.5 manat olan elektron qaimə-fakturalar ödəniş edilməsi üçün iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. "xxxx"MMC (VÖEN **********) ilə "xxxx" MMC-də (VÖEN: **********) arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aparılmış qarşılıqlı əməliyyatlara dair Şirkətin bank hesabına köçürülmüş məbləğlərinin siyahısına əsasən cavabdeh tərəfindən əsas borc üzrə 247579,05 manat pul ödənmişdir. İşdə olan ƏDV sub-uçot hesabından köçürmələrin siyahısından görünür ki, cavabdeh tərəfindn ƏDV borcu üzrə cəmi 43688,11 manat pul ödənmişdir. Göndərilən qaimələrin siyahısından görünür ki, iddiaçı tərəfindən cavabdehə 19 sayda cəmi dəyəri 358561,70 manat olan elektron qaimə-fakturalar göndərilmiş, həmin qaimələr üzrə cavabdeh tərəfindən 296929,24 manat məbləğində pul ödənmiş, cavabdehin müqavilə üzrə cəmi 67295,64 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixli, 10-1785 nömrəli maliyyə arayışda qeyd olunmuşdur ki, 21 fevral 2024-cü il tarixli, 11723 saylı “Yanacağın pərakəndə satışı müqaviləsi”nə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə borcu 67295,64 manat təşkil edir. xx.xx.2022-xx.xx.2025 dövrü əhatə edən kartlar üzrə hesabatdan görünür ki, ümumi 358651,70 manat dəyərində yanacaq verilmiş, cavabdeh tərəfindən 291267,16 manat ödənilmiş, 67294,54 manat qalıq borc qalmışdır. İddiaçı MMC tərəfindən birtərəfli qaydada imzalanmış xx.xx.2025-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixə borcu 67294,54 manat təşkil edir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 292 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq 358651,70 manat məbləğində yanacaq satmış, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı yanacağın dəyərini müəyyən olunmuş müddətdə tam, 67295,64 manatı ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimələr, ödəniş cədvəlləri, hesabat) öz təsdiqini tapmışdır. Buna görə də, iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Cavabdehin nümayəndəsi ödəniş etdikləri həcmdə yanacaq aldıqlarını, qalan yanacağın verilmədiyini bildirsə də, iddiaçının sistemlərindən çıxartdığı hesabatdan qalan 67295,64 manat həcmində də yanacaq verdiyi məlum olur. Eyni zamanda cavabdehin nümayəndəsi ödəniş etdiyi hissədə yanacağın verilməsi ilə bağlı tərəflər arasında hər hansı təhvil-təslim aparılmasını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Bu da onu göstərir ki, iddiaçı tərəfindən yanacağın verilməsi sistemdəki hesabatla təsdiq olunur. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, iddiaçının öhdəliyin icrasını, satdığı yanacağın dəyərini tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 67295,64 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 292 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən qaydada 67295 (altmış yeddi min iki yüz doxsan beş) manat 64 (altmış dörd) qəpik borc və ödənilmiş 292 (iki yüz doxsan iki) dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar