Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-777/2022 22.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi və iddia tələbinin azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, 16.11.2018-ci il tarixli, 938-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 02.09.2021-ci il tarixə hesablanmış 384,12 manat cərimə borcu və 15.02.2019-cu il tarixli, 307-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 02.09.2021-ci il tarixə hesablanmış 2761,26 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın cəmi 3495,38 manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 16.11.2018-ci il tarixli, 938-GL/18 nömrəli və 15.02.2019-cu il tarixli, 307-GL/19 nömrəli müqavilələrə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 02.09.2021-ci il tarixə əsas borc vaxtından ödənilmədiyinə görə 16.11.2018-ci il tarixli, 938-GL/18 nömrəli müqavilə üzrə 384,12 manat 15.02.2019-cu il tarixli, 307-GL/19 nömrəli müqavilə üzrə 2761,26 manat cərimə borcları yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin nümayəndəsi, Vəkil tələbi müdafiə edərək izahatında iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək tələbin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Aqroservis” ASC ilə Cavabdeh arasında bağlanmış 16.11.2018-ci il tarixli, 938-GL/18 nömrəli və 15.02.2019-cu il tarixli, 307-GL/19 nömrəli müqavilələrə əsasən Cavabdeh satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür.Müqavilələrin 4.2-ci bəndinə əsasən Lizing alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləğinə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş müqavilə üzrə cərimənin hesablanması qrafikindən və təqdim edilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh 02.09.2021-ci il tarixə 16.11.2018-ci il tarixli, 938-GL/18 nömrəli və 15.02.2019-cu il tarixli, 307-GL/19 nömrəli müqavilələr üzrə müvafiq olaraq 384,12 və 2761,26 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 462.1, 465.2, 467-ci və 747.1-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh lizinq obyektlərinə görə vaxtında ödənişləri etmədiyinə görə öhdəlikləri yerinə yetirməmiş və nəticədə 16.11.2018-ci il tarixli, 938- GL/18 nömrəli müqavilə üzrə 02.09.2021-ci il tarixə 384,12 manat, 15.02.2019-cu il tarixli, 307-GL/19 nömrəli müqavilə üzrə isə 2761,26 manat məbləğində cərimə borcu yaranmışdır. İddiaçının 16.11.2018-ci il tarixli, 938-GL/18 nömrəli və 15.02.2019-cu il tarixli, 307- GL/19 nömrəli müqavilələr üzrə cəmi 3145,38 manat məbləğində cərimə tələbi ilə bağlı məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 150 manat məbləğində müəyyən edilməlidir Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 16.11.2018-ci il tarixli, 938-GL/18 nömrəli və 15.02.2019-cu il tarixli, 307-GL/19 nömrəli müqavilələr üzrə olan 150 manat məbləğində cərimə borcu və hüquqi yardımla bağlı olan 350 manat, cəmi 500 manat məbləğində pul cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. QƏT ETDİ: İddia qismən təmin edilsin. 16.11.2018-ci il tarixli, 938-GL/18 nömrəli və 15.02.2019-cu il tarixli, 307-GL/19 nömrəli müqavilələr üzrə 150 manat məbləğində cərimə borcu və hüquqi yardımla bağlı 350 manat, cəmi 500 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-777/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-777/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver