Məhkəmə qərarları › İş №e-2-2(113)-777/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-777/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-777/2024 07.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ı İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, illik beş faizin ödənilməsi) X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iştirakı ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları:

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 97565,54 manat əsas borcun və 7317,41 manatın 18 ay üçün vurulmuş ziyana görə pul məbləğinin, cəmi 104 882,95 manatın və 400 manat ilkin mediasiya sessiyası üçün xərcin cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 2022-ci il 13 may tarixli 31/22 nömrəli müqavilənin şərtlərinə əsasən, İcraçı X2 əks olunmuş malları (xidmətləri) sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə malların qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öz öhdəliyinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişlər), müqavilənin şərtləri ilə müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (E-qaimə, hesab-faktura, aktlar və s.) əsasında sifarişçi tərəfindən ən qısa müddət ərzində, lakin 10 bank günündən gec olmayaraq ödənilir. Həmin müqavilənin xx.xx.2022-ci il tarixli 1 saylı əlavəsinə əsasən icraçı tərəfindən sifarişçiyə 70425,54 manat dəyərində, 2 saylı əlavəsinə əsasən isə icraçı tərəfindən sifarişçiyə 27140 manat dəyərində malların (qiyməti və alqı-satqının ümumi dəyəri razılaşdırılmaqla) verilməyi təsdiq edilmişdir. Həmin mallar sifarişçiyə xx.xx.2022-ci il tarixində təhvil verilmiş təhvil-təslim aktları və malların təhvil alınması barədə sifarişçi tərəfindən elektron-qaimələr imzalanmışdır. Lakin, cavabdeh öhdəliyi yerinə yetirməmiş və 97565,54 manat məbləğində borcu qalmışdır. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi barədə "xxxx" MMC-yə pretenziya göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini artıq 18 aydır ki, icra etməkdən qəsdən yayınmışdır. Qüvvədə olan qanunvericiliyin tələbinə əsasən iddiaçı 400 manat rüsum ödəyərək, Mediasiya Şurasına ərizə ilə müraciət etmiş və Mediasiya Şurası tərəfindən təyin olunan mediator X4 tərəfindən xx.xx.2023-cü il tarixdə “pul məbləğinin tələbi” üzrə ilkin mediasya sessiyası təşkil olunmuş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Hesablanmış ziyanın izahı: 97565,54*5%=4878,28 manat / 12ay = 4 878,28 manat/ 1ay * 18 ay = 7 317,41 manat.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 21.1, 21.2, 439.3, 442, 445.2.1, 445.7, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, 7317,41 manat pulun vurulmuş ziyana görə illik 5% ilə hesablanmış məbləğ olduğunu bildirmiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İş materiallarına əlavə edilmiş “Sifarişçi” Cavabdeh MMC ilə “İcraçı" İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 31/22 nömrəli müqavilədən görünür ki, bu müqavilənin predmetini, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X2 (Əlavə) əks olunan malların (xidmətlərin) (bundan sonra “Mallar”) “İcraçı" tərəfindən “Sifarişçi”nin mülkiyyətinə verilməsi, “Sifarişçi" tərəfindən isə bu Malların haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Bu müqavilənin predmetinə uyğun olaraq alınan Malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan X3 ilə müəyyənləşdirilir. Müqavilə üzrə ödənişlər (o cümlədən avans ödənişlər), müqavilənin şərtləri ilə müəyyənləşdirilmiş qaydada və məbləğdə, “İcraçf’nm təqdim etdiyi sənədlər (E-qaimə, hesab-faktura, aktlar və s.) əsasında “Sifarişçi” tərəfindən ən qısa müddət ərzində, lakin 10 bank günündən gec olmamaq şərti ilə aparılır. “Sifarişçi" tərəfindən ödənişin həyata keçirilməsi, “İcraçı”nın təhvil verdiyi mallara görə göndərdiyi E-qaimənin göndəriş tarixindən 30 bank günündən sonra baş tutarsa, ödəniş aşağıda qeyd olunduğu kimi icra olunmalıdır: AR Mərkəzi Bankı tərəfindən xarici valyutalarla bağlı (USD, EUR, RUR və s.) Azərbaycan manatına qarşı təyin edilmiş məzənnəsində əhəmiyyətli dərəcədə (ən azı 2% nisbətində) dəyişiklik (azalma və ya artma) baş verdiyi təqdirdə, “Sifarişçi” ödənişi AR Mərkəzi Bankının ödəniş tarixinə olan rəsmi məzənnəsini nəzərə almaq şərti ilə həyata keçirir, “İcraçı” isə göndərdiyi E-qaimədəki malların dəyərində (xidmətlərin dəyəri istisna təşkil edir) müvafiq düzəlişlər edir. “Sifarişçi” satın alınan Mallarla bağlı işlərin yerinə yetirilməsi üçün “İcraçı”ya qarşılıqlı razılaşma əsasında müəyyən edilmiş qaydada və məbləğdə avans ödəyə bilər. Avansın məbləği satın-alınan Malların müqabilində azaldılır. Müqavilə 1 (bir) il müddətinə bağlanır. “İcraçı” avansı yalnız nəzərdə tutulmuş məqsəd üçün istifadə edə bilər. “İcraçı” avansı göstərilən məqsədlər üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və “Sifarişçi”nin istəyi ilə sənədlərin surətlərini ona təqdim etməlidir. “Sifarişçi" müqavilənin icrasının təmin etmək məqsədi ilə hər ödənişdən, qarşılıqlı razılaşma əsasında müəyyən edilmiş məbləği tuta bilər. Belə olan halda, həmin vəsait müqavilənin icrası tam başa çatdırıldıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) 10 bank günü müddətində “İcraçı”ya ödənilir. Müqavilə “İcraçı” və ya “Sifarişçi” tərəfindən ləğv olunarsa, tərəflər bu müqaviləyə əsasən həyata keçirilmiş ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasinda müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir. “Sifarişçi” müqavilə üzrə, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan (aşkar olunan qüsurların “İcraçı” tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsinin və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Müqavilənin şərtlərinin pozulmasına görə müqavilənin ləğv edilməsi müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, “Sifarişçi” və ya “İcraçı" qarşı tərəfə 30 gün əvvəl yazılı xəbərdarləq etmək şərti ilə müqaviləni bütövlüklə və ya qismən ləğv edə bilər. Aşağıdaki pozuntular əsaslı sayılır: “İcraçı”nin müqavilədə nəzərdə tutulmadığı hallarda və ya “Sifarişçi" ilə razılaşmadan 15 gündən artıq müddətə işləri dayandırması; “Sifarişçi”nin verdiyi təminat əsasında işlər 15 gündən artıq müddətə dayandırıldıqda, “İcraçı” ilə işlərin dayandırılması ilə əlaqədar gecikdirmələrin xərclərinin ödənilməsi üçün razılığın əldə edilməməsi; “Sifarişçi” və ya “İcraçı"nin iflasa uğraması və ya ləğv oluması (müəssisə və təşkilatların yenidən qurulması halları istisna edilməklə); “Sifarişçi”nin müqavilənin pozulmasına səbəb ola biləcək qüsurlar haqqında yazılı bildirişinə baxmayaraq, “icraçı”nin təqdim edilmiş sənəd əsasında 30 gün müddətində tədbir görməməsi; Müqavilənin xüsusi şərtlərində göstərilən qaydada vurulmuş ziyanların maksimum həddi aşması; Müqavilə ləğv olunarsa, “İcraçı” 15 gün müddətində müqavilənin icrasını dayandırır və müqavilənin icrası nəticəsində əldə edilmiş malları (işlərin və xidmətlərin) qorunmasl üçün təxirə salınmaz tədbirləri görərək, onları “Silarişçi”yə təhvil verir.

7. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Əlavə 1 və Əlavə 2 X1 görünür ki, müxtəlif adda malların cəmi qiymətləri müvafiq olaraq 27140 manat və 70425,54 manat məbləğində müəyyən olunmuşdur.

8. İş materiallarında olan xx.xx.2022-ci il tarixli malların təhvil-təslim aktlarından görünür ki, 27140 manat və 70425,54 manat məbləğində müxtəlif adda məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq edərək möhürləmişlər.

9. İş materiallarında olan EBBW seriyalı, 521947 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 70425,54 manat, EBBW seriyalı, 525847 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 27140 manat İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə ödənilməsi üçün təqdim edilmişdir.

10. 05 dekabr 2023-cü il tarixli MŞB/10-00718 nömrəli mediasiya arayışından məlum olurki, ilkin mediasiya xərci olaraq 400 manat ödəniş həyata keçirilmişdir.

11. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı razılaşdırılmış malları cavabdehə təhvil vermiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nisyə alqısatqı müqaviləsi əsasında təhvil verilmiş malların dəyərini razılaşdırılmış müddət ərzində iddiaçıya tam ödəməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən nisyə verdiyi malların ödənilməsini tələb etmək hüququ yaranmışdır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

15. İddia tələbinin bir hissəsini cavabdehdən 97565,54 manat məbləğində müqavilə üzrə qalıq borcun tutulması təşkil edir.

16. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslıdır, buna görə də 97565,54 manat məbləğndə borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

17. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə üzrə ödənişlərin 18 ay gecikməsinə görə hesablanmış 7317,41 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.

18. Tərəflər arasında imzalanmış müqavilənin 2.2-ci bəndində müqavilə üzrə ödənişlərin, müqavilənin şərtləri ilə müəyyənləşdirilmiş qaydada və məbləğdə, “İcraçı”nın təqdim etdiyi sənədlər (E-qaimə, hesab-faktura, aktlar və s.) əsasında “Sifarişçi” tərəfindən ən qısa müddət ərzində, lakin 10 bank günündən gec olmamaq şərti ilə aparılması razılaşdırılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə təhvil-təslim aktlarını və elektron qaimələri almasına baxmayaraq öhdəliklərini vaxtında yerinə yetirməmiş, bu günə kimi müqavilə üzrə ödənişlərini icra etməmişdir. Belə olan halda isə məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi 18 aydan artıq müddəti də nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli və gecikdirilmiş 18 aya illik 5% ilə hesablanmış 7317,41 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Eləcə də, iddiaçı ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

20. Məhkəmə iddianın təmin olunmasını və mediasiya xərcinin iddiaçı tərəfindən ödənilməsini, cavabdehin mediasiya prosesində üzrsüz səbəbdən iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, 400 manat mediasiya xərci cavbdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 97 565,54 manat əsas borc və illik 5% ilə hesablanmış 7317,41 manat olmaqla cəmi 104 882 (yüz dörd min səkkiz yüz səksən iki manat) 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti və 400 (dörd yüz) manat mediasiya xərcinin əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar