Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7798/2025 05.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "UNİCAL PHARMAM" əhdud Məsuliyyətli Cəmiyyətidən 421547,15 manat əsas borc, 101059,45 manat dəbbə pulu, 815 manat dövlət rüsumu cəmi 523,421,60 (beş yüz iyirmi üç min dörd yüz iyirmi bir manat 60 qəpik) manat pul tutulub İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cabdeh Cavabdeh (Alıcı) ilə İddiaçı (Təchizatçı) arasında 15/M2024 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən təchizatçı alıcını mallar ilə təchiz etməyə, alıcı isə müqavilə əsasən malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Təchizatçı öhdəliklərini icra edərək vaxtında və keyfiyyətli malları alıcıya təhvil vermiş lakin alıcı aldığı malın dəyərini tam ödəməmişdir. Hazırda Cavabdeh İddiaçınə 421547,15 (dörd yüz iyirmi bir min beş yüz qırx yeddi manat 15 qəpik) manat əsas borcu vardır. Tərəflərindən dəfələrlə həmin borcun ödənilməsi ilə bağlı şifahi və yazılı tələblər göndərilsə də cavabdeh ödəniş etməkdən mtina etmişdir. xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərsək də cavabdeh yenə ödəniş etməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci maddəsinə əsasən Alıcıalınmış malların dəyərinielektron qaimə təqdim edilən gündən 5 iş günü ərzində ödəməyə borcludur. Həmin müqavilənin 4.2-cimaddəsinə görə hər ödənməyən gün üçün Alıcı Təchizatçıya 0,1 % dəbbə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Ona görə də hazırkı iddia üzrə dövlət rüsumu və dəbbə pulu da cavabdehdən tutularaq ddiaçıya ödənilməlidir. Belə ki, iş üzrə iddia nın verilməsi üçün 815 manat dövlət rüsumu ödənilmişdir. Müqaviləyə əsasən gecikdirilmiş ödəniş günlərinə görə xx.xx.2025-ci il tarixədək (pretenziyanın göndərildiyi tarix) dəbbə pulu hesablandıqda 101059,45 (yüz bir min əlli doqquz manat 45 qəpik) manat edir. Ona görə də cavabdeh "UNİCAL PHARMAM" əhdud Məsuliyyətli Cəmiyyətindən ümumilikdə 523,421,60 (beş yüz iyirmi üç min dörd yüz iyirmi bir manat 60 qəpik) manat İddiaçınə ödənilməlidir.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC onlara qarşı pul tələbi barədə məhkəməyə iddia ərizəsi vermiş və onlardan 421547,15 manat əsas borc, 101.059,45 manat dəbbə pulu 815 manat dövlət rüsumu olmaqla ümumilikdə 523421,60 manat məbləğində pulun tutulmasını xahiş edir. Qeyd dir ki, İddiaçı MMC-nin onlara qarşı olan bu iddiası tamamilə əsassız və qanunsuzdur. Belə ki, onlar tərəfindən İddiaçı MMCnin əvvəlki tək təsisçisi və direktoru olmuş Şahid arasında həmin bu müqavilə bağlanmış və onlar tərəfindən üzərlərinə götürdükləri öhdəliklər yerinə yetirilərək aldıqları malın dəyəri İddiaçı MMC-nin həmin vaxt təsisçisi və direktoru olan Şahid nağd şəklində ödənilmişdir. Cavabdeh MMC-nin İddiaçı MMC-yə yalnız xx.xx.2025-ci il tarixində götürülmüş mala görə 31150 manat məbləğində borcu qalmışdır. Bundan başqa onların İddiaçı MMC-yə hər hansı bir borcu yoxdur. Ona görə də İddiaçı MMC-nin bizə qarşı olan 523421,60 manat məbləğində iddiasını qəbul etmir. Onlar yalnız bu iddianın 31150 manat məbləğində olan hissəsini qəbul edirlər.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin səhlənkarlığı ucbatından məhkəmə prosesləri uzanır, şahidlə bağlı vəsatət təmin olunsa da, şahid məhkəmə iclasına gətirilmir, ona görə də işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş edir. Müqavilədən əlavə cavabdehə yeni mal vermişlər, bu qaimələrlə öz təsdiqini tapır, ona görə müqavilədən daha artıq məbləğ cavabdehdən tələb olunur. Cavabdehin etiraf etdiyi 31.000 manat son dövrlərdə verilmiş mallara aiddir. Bu müqavilə üzrə cavabdeh tərəfindən əvvəllər ödəniş olunmuşdur. Dəbbə pulu müqavilənin 4.2-ci maddəsinə əsasən tələb olunur.
5. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, iddianı qismən, yəni iddia tələbinin 31150 manat hissəsini qəbul edir. 421.547,15 manat malın təhvil verilməsi mübahisə edilmir. Aprel ayında təsisçi dəyişməsi ilə əlaqədar ödənişi keçmiş təsisçiyə nağd formada etmişdir. Yalnız iyul ayında verilən malların dəyəri ödənməmişdir. Digər ödənişlər işgüzar münasibətlər olduğu dövrdə olan keçmiş təsisçi və direktora ödəndiyi üçün həmin şəxsin çağırılıb dindirilməsini xahiş edir. Həmin şəxs hazırda təsisçidir, lakin direktor deyil.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 15/M2024 nömrəli xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsinə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən təchizatçı dərman və qeyri-dərman vasitələri ilə alıcını təchiz etməyə, Alıcı isə müqavilədə bəyan edilmiş, qaydada malı qəbul etməyə və dəyərini ödəməyə borcludur.
11. Müqavilənin 1.2 -ci bəndinə əsasən mallar alıcının sifarişi əsasında malın adı, kəmiyyəti, çeşidi və qiyməti göstərilən, tərəflərin hər birinin təsdiqlədiyi və imzaladığı mal fakturası ilə müəyyən edilir. Təchiz edilən mal öz keyfiyyətinə görə dövlət standartlarına, onun istehsal edildiyi sahədə mövcud olan texniki şərtlərə uyğun gəlir.
12. Müqavilənin 1.3-cü bəndinə əsasən sifariş alıcı tərəfindən faks, e-mail və ya tərəflər arasında razılaşdırılmış digər vasitə ilə göndərilir. Sifariş alıcının sifariş verdiyi tarixdən ən gec 2 (iki) gün müddətinə çatdırılmalıdır.
13. Müqavilənin 1.4-ci bəndinə əsasən müqavilənin ümumi məbləği ƏDV daxil - 400000.00 (Dörd yüz min) manat 0,00 qəpik təşkil edir.
14. Müqavilənin 2.1-ci bəndinə əsasən mal təchizatçının anbarından Alıcının ünvanına çatdırılması məqsədilə göndərilir.
15. Müqavilənin 2.3-cü bəndinə əsasən mal üzərində mülkiyyət hüquq təchizatçı tərəfindən təqdim edilən elektron qaimə üzrə ödənişin edildiyi andan alıcıya keçir.
16. Müqavilənin 2.4-cü bəndinə əsasən mal təhvil verilərkən təshizatçı malı müşayiət edən aşağıdakı sənədləri alıcıya təqdim edir: Elektron qaimə, Elektron vergi hesab fakturası.
17. Müqavilənin 4.1-ci bəndinə əsasən alınmış malların dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymət cədvəlinə uyğun olaraq Elektron qaimə təqdim edilən gündən 5 iş günü ərzində ödəməyə borcludur.
18. Müqavilənin 4.2-ci bəndinə əsasən hər ödənməyən gün üçün Alıcı Təchizatçıya 0,1% dəbbə ödəməyə borcludur.
19. Müqavilənin 4.3-cü bəndinə əsasən alıcı tərəfindən ödəmə təchizatçının hesabına pul vəsaitlərinin bank vasitəsilə köçürülməsi yolu ilə həyata keçirilir.
20. Müqavilənin 4.4-cü bəndinə əsasən ödəniş tarixi pul vəsaitlərinin təchizatçının bank hesabına köçürüldüyü gün sayılır.
21. İddiaçı tərəfindən cavabdehə satılmış mallara dair xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixə qədər 421547,13 manat məbləğində e-qaimə göndərilmişdir.
22. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
26. 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
27. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
28. 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
30. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
32. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında 15/M2024 nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən təchizatçı dərman və qeyri-dərman vasitələri ilə alıcını təchiz etməyə, Alıcı isə müqavilədə bəyan edilmiş, qaydada malı qəbul etməyə və dəyərini ödəməyə borcludur. İddiaçı iddia edir ki, müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 421547,15 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC-yə yalnız xx.xx.2025-ci il tarixində götürülmüş mala görə 31150 manat məbləğində borcu qalıb, qalan məbləği nağd formda iddiaçının əvvəlki təsisçi və direktoru olan Şahid ödəyib, ona görə də iddianı yalnız 31150 manat hissədə qəbul etdiyini bildirir. Həmçinin cavabdehin nümayəndəsinin vəsatətinə əsasən Şahid qismində məhkəmə iclasına çağırılsa da, cavabdehin nümayəndəsi və şahid iki məhkəmə baxışı iclaslarında iştirak etməmişdilər.
33. Cavabdehin etirazından göründüyü kimi qeyd edilən e-qaimələrdə göstərilən malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi işin mübahisə edilməyən haldır. Cavabdeh tərəf nə malların həcmini, giymətini, nə də ki, təhvil verilməsini mübahisələndirmir. Əksinə bildirir ki, həmin malların dəyərini iddiaçı şirkətin əvvəlki direktoru və təsisçisi olan şəxsə ödəyib və qeyd edilən malların dəyərindən cəmi 31150 manat borcu qalıb.
34. Lakin, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Müqavilənin 2.4-cü bəndinə əsasən mal təhvil verilərkən təshizatçı malı müşayiət edən aşağıdakı sənədləri alıcıya təqdim edir: Elektron qaimə, Elektron vergi hesab fakturası. Yəni, tərəflər arasında malların təhvil-təslimi e-qaimə əsasında aparılması razılaşdırılmışdır. Və həmin müqavilənin 4.3-cü bəndinə əsasən Alıcı tərəfindən ödəmə təchizatçının hesabına pul vəsaitlərinin bank vasitəsilə köçürülməsi yolu ilə həyata keçirilir. Müqavilənin 4.4-cü bəndinə əsasən ödəniş tarixi pul vəsaitlərinin təchizatçının bank hesabına köçürüldüyü gün sayılır. Cavabdeh isə malın dəyərinin müqavilədə nəzərdə tutulmuş qaydada ödənilməsini təsdiq edən hər-hansı sənədi məhkəməyə təqdim etməmişdir.
35. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
36. Göründüyü kimi, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə (müqavilə şərtləri), e-qaimələr, tərəflərin şifahi və yazılı izahatları ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 421547,15 manat manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
37. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 421547,15 manat bоrcun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 421547,15 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
38. Bundan əlavə iddiaçı müqavilə şərtinə istinad edərək 101059,45 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.
39. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
40. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
41. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
42. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (421547,15 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı, tutulacaq dəbbə pulu 21077 manat məbləğində müəyyən edilməlidir.
43. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 815 manat dövlət rüsumu ödənilmişdir.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaqismən təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 733 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 421547,15 manat əsas borc, 21077 manat dəbbə pulu olmaqla cəmi 442.624,15 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 733 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova