Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-78/2021 26.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı (X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “borcun ödənilməsi” tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.05.2018-ci il tarixli 025 A saylı müqavilə üzrə 408280 (dörd yüz səkkiz min iki yüz səskən) ABŞ dolları pul məbləğinin, 01.09.2018-ci ildən halhazıradək 408280 ABŞ dolları məbləğin üzərinə gələn (altmış dörd min altı yüz qırx dörd) ABŞ dolları faiz borcunun ödəniş gününə manat məzənnəsinə uyğun olaraq və vəkilə ödənilmiş 200 (iki yüz) manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" MMC ilə "Cavabdeh" MMC arasında bağlanmış 01 may 2018-ci il tarixli 025-A saylı müqavilənin 2.1-ci bəndinə əsasən, İddiaçı MMC əlavə Razılaşmada göstərilən məhsulları satmağı, Alıcı isə dəyərini ödəyib qəbul etməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqaviləyə 01 saylı əlavəyə əsasən, 100 ton Polietilen (black) və 120 ton Polietilen (white) məhsulları "İddiaçı" MMC tərəfindən "Cavabdeh" MMC-yə təqdim edilib. X14 Razılaşmanı imzalamaqla da bunu qəbul edərək, təsdiq edib. Tərəflər arasında balanmış Müqavilənin 3.1-ci bəndinə əsasən, Alıcı ödəməni Əlavə Sazişdə göstərilən qiymətlə həyata keçirməyə razılıq verir. 01 saylı Əlavəyə razılaşmaya əsasən isə təqdim edilmiş malların ümumi dəyəri 408280 USD (dörd yüz səkkiz min iki yüz səksən) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Müqavilənin 3.3-cü bəndinə görə, müqavilə üzrə ödəniş Azərbaycan manatı ilə ödəniş gününə (faktiki ödəniş günü) olan USD/AZN məzənnəsinə uyğun olaraq həyata keçirilir. Müqavilənin 3.5-ci bəndinə əsasən, tərəflər Əlavə Razılaşmada göstərilənlərə uyğun olaraq ödənilir. Əlavə Razılaşmada qeyd olunanlara uyğun olaraq, ödəniş qaydası - 100 faiz əvvəl həyata keçirilməlidir. Lakin borclu "Cavabdeh" MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də "Cavabdeh" MMC müqavilənin şərtlərini pozaraq borcun qaytarılmasına dair öhdəliyini vaxtında və lazımi qaydada icra etmir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərilmiş, həmin pretenziya məktubu qəbul edilsə də, pretenziya qaydasında həll olunmadığından iddiaçı mübahisənin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında imzalanmış 01 may 2018-ci il tarixli 025-A saylı alqı-satqı müqaviləsindən görünür ki, bir tərəfdən gələcəkdə "Alıcı" adlandırılacaq "Cavabdeh" MMC-nin X1 şəxsində, Azərbaycan Respublikası, Bakı, Binəqədi şossesi 33 ünvanında yerləşən, digər tərəfdən gələcəkdə "Satıcı" adlanacaq, "İddiaçı" MMC, Azərbaycan Respublikası, AZ1010, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25E, Ağ Şəhər ofis binası ünvanında yerləşən, şirkətini təmsil edən X12, arasında aşağıda göstərilən şərtlərlə Bakı şəhərində Müqavilə imzalamışlar. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən İddiaçı MMC əlavə Razılaşmada göstərilən məhsulları satmağı, Alıcı isə dəyərini ödəyib qəbul etməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən məhsulların çatdırılması və ya çatdırılma seriyaları əlava razılaşmalara əsasən həyata keçirilir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən əlavə razılaşmada aşağıdakılar göstərilməlidir. Məhsulun adı; Məhsulun kodu/sayları; həddi hər göndərilmə zamanı say və məbləği; Məhsulun ümumi məbləği; Məhsulun çatdırılma vaxtı və müddətləri və digər tələb olunan müddət və şərtlər. Həmin Müqavilənin 3.6-cı bəndinə əsasən satıcı alıcıya hesabı müəyyən edilmiş vaxt çərçivəsində və əlavə razılaşmada göstərilmiş məbləğlərdə təqdim edilir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən satıcı müqavilə üzrə məhsulun təhvil verilməsi müddətində gecikdirmələr ilə üzləşdikdə, o derhal Alıcını yazılı şəkildə, gecikməni əks etdirən faktlar, onun səbəbləri, təxmini çatma vaxtları göstərməklə xəbərdar etməlidir və alıcı ilə gələcək addımları yazılı şəkildə raşılaşdırılmalıdır. Həmin Müqavilənin 10.1-ci bəndinə əsasən əlavə razılaşma, Alıcının və Satıcının bir və ya bir neçə məhsulun alınmasını təsdiq edən sənəddir. 01 may 2018-ci il tarixli 025-A saylı alqı-satqı müqaviləsi 01 nömrəli Əlavə Razılaşmadan görünür ki, birtərəfdən gələcəkdə "Alıcı" adlandırılacaq "Cavabdeh" MMCnin X2 şəxsində, digər tərəfdən gələcəkdə "Satıcı" adlanacaq, "İddiaçı" MMC-nin, X3 arasında, aşağıda göstərilən sayda, keyfiyyətdə, spesifikasiyalarda və digər şərtlərdə məhsulun təhvil verilməsi və Alıcı tərəfindən həmin məhsulun təhvil alınması və qəbul edilməsi və aşağıda göstərilən şərtlərlə və qaydada ödənişlərin edilməsi öhdəliklərini özündə əks etdirən 025-A saylı, 01 May 2018 tarixli müqaviləyə aşağıdakı əlavə razılaşmanı bağlamışdılar. Eyni zamanda qeyd olunan razılaşmada “Politilen (black)” 100 ton və “Politilen (white)” 120 ton olmaqla ƏDV daxil 408280 ABŞ dolları dəyərində məhsulun alınması razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 25.11.2019-cu il tarixli 10 nömrəli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə əsasında satılmış malların dəyəri olaraq 408280 ABŞ dolları pulun ödənilməsi dair Cavabdeh MMC tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsini tələb etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 01 may 2018-ci il tarixli 025-A saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən satıcı sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və ya digər hüququi formada ticarət predmeti olan malları alıcıya satmağı, alıcı isə malı qəbul etməyi və müqabilində satıcıya bu müqavilə əlavə razılaşmada nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini iddia edərək cavabdehdən 408280 ABŞ dolları məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qaimədə əks olunmuş malların cavabdehə verilməsini, onların təhvil-təslimini təsdiqləyən hər hansı sübut məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. Eyni zamanda iddiaçı tələbinin əsası olaraq tərəflər arasında bağlanmış müqaviləyə əlavə razılaşmaya əsaslanmışdır. Məhkəmə qeyd edir həmin razılaşma üzrə göstərilən mallar, onların çeşidi və miqdarı müəyyən edilməsi üçün tərəflər arasında tərtib edilmişdir. Belə ki, qeyd olunan razılaşmanın mətnindən göründüyü kimi tərəflər bu razılaşmada malların çeşidi, miqdarı, spesifikasiyası, ödəniş qaydası və təhviltəslim tarixini müəyyən etmişlər. Belə olan halda qeyd olunan əlavə razşılaşmanın iddiaçı tərəfindən müvafiq malların cavabdehə təqdim edilməsinə dair sübut kimi qəbul edilmir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə yuxarıda qeyd olunan əlavə razılaşmada göstərilmiş malların cavabdehə təqdim edilməsinə dair kserosürətdə təhvil-təslim aktı təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı qeyd olunan aktı əslinin təqdim edilməsi təklif edilməsinə baxmayaraq iddiaçı tərəfindən həmin aktın əsli məhkəməyə təqdim edilməmişdir. Bundan başqa tərəf hər iki tərəf vəsatət ilə məhkəməyə müraciət edərək, X5 hərəkətlərində cinayət əlamətləri olduğuna görə, onun barəsində xüsusi qərardad çıxarılmaqla prokurorluğa göndərilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qəradad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Məhkəmə araşdırması zamanı bu hallar təsdiq edilməmiş, habelə tərəflər qeyd olunan halların müəyyən və təsdiq edilməsi üçün sübutları məhkəməyə təqdim etməmişlər. Aşağıda qeyd olunan maddi hüquq normalarını əsas tutaraq məhkəmə iclasının protokol qərardadı ilə xüsusi qərardadın qəbul edilməsi barədə vəsadətləri təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, iddiaçı tərəfindən iddia tələbi üzrə tələb edilən hallara dair sübutlar təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı (X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı MMC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-78/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-78/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver