Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7819/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ("xxxx" QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2900 manat borc məbləğinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 16 iyun 2023-cü il tarixli SA23/00149 saylı “Təchizat” müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hər bir ədədinin qiyməti 17 manat olmaqla, cəmi 11900 manat dəyərində 700 ədəd qulaqlı, süni dəridən papaqları hazırlamağı, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti isə papaqların dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər. Müqavilənin 3.4a bəndinə əsasən papaqların ümumi dəyəri olan 11900 manat məbləğində pul papaqlar təhvil verildikdən sonra 10 gün ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cəmiyyətin bank hesabına köçürülməli idi. Müqavilə şərtlərinə əsasən papaqlar tam sayda tədarük edilib "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə vaxtında təhvil verilmişdir. Papaqlar təhvil verildikdən sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cəmiyyətin bank hesabına 9000 manat pul köçürülmüş, qalıq borc məbləği olan 2900 manat isə bu günə kimi ödənilməmişdir. Bununla da "xxxx" Qapalı Səhmdar Cəmiyyəti müqavilənin 3.4a bəndində nəzərdə tutulmuş şərti pozmuşdur. Dəfələrlə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və rəhbərliyinə edilmiş şifahi və rəsmi müraciətlərimizin (pretenziyanın) bir nəticəsi olmamış, qalıq borcun ödənilməsi müxtəlif bəhanələrlə gecikdirilmiş, hüquqi və faktiki ünvanına göndərilmiş pretenziya və iddia ərizəsinin qəbul etməkdən imtina edərək cəmiyyətin rəhbərliyi iddiaçı ilə əlaqə yaratmaqdan yayınmışdır. Pretenziya və iddia ərizəsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə cavabdehə təqdim olunmuşdur. Bununla da, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müqavilə şərtləri pozularaq borc ödənilməmiş və nəticədə cəmiyyətin biznes imici ilə yanaşı maddi vəziyyətinə də zərər vurulmuşdur. Odur ki, 2900 manat borc məbləğinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq cəmiyyətin bank hesabına köçürülməsinin təmin edilməsinə zərurət yaranmışdır
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 442, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, alıcı qismində "xxxx" MMC ilə satıcı qismində "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, SA23/00149 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər təsdiq edir ki, müqavilənin şərtlərinə əsasən təchizatçı alıcıya hazırkı müqavilənin ayrılmaz hissəsini təşkil edən alış/təchizat sifarişində nəzərdə tutulan malları tədarük etmək, alıcı isə bu ümumi şərtlər və bu müqaviləyə əlavə edilən və imzalanan alış/təchizat sifarişinin şərtləri əsasında belə malları qəbul edib onların razılaşdırılmış dəyərini təchizatçıya ödəmək barədə öhdəlik götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən təchizatçı malın istehsalı, qablaşdırılması və çatdırılması və yerinə yetirilməsinə dair bütün tətbiq edilə bilən normativlərə əməl edir. Həmin müqavilənin 3.4a bəndinə əsasən satınalma qiymətinin 100% alıcı malı qəbul etdikdən sonra 10 (on) iş günü ərzində və sənədlərin əsli alıcıya çatdırıldıqdan sonra təchizatçının bank hesabına edilməlidir. Həmin müqavilənin 8.1-ci maddəsinə əsasən tərəflər razılığa gəlirlər ki, hazırkı müqavilədən və ya onunla əlaqədar meydana gələn və onların arasında aparılan danışıqlar nəticəsində həllini tapmayan mübahisəli məsələlərə Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanlarında Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılacaq.
6. İddiaçının cavabdeh tərəfindən edilən ödənişlərlə bağlı bank hesabından çıxarış təqdim edilmişdir.
6. xx.xx.2023-cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırılması protokolundan müəyyən edilir ki, 16 iyun 2023-cü il tarixli SA23/00149 nömrəli müqavilədə nəzərdə tutulmuş malların qiyməti 11900 manat təşkil edir.
7. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 01-24 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
10. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında 16 iyun 2023-cü il tarixli SA23/00149 saylı “Təchizat” müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və halhazırda iddiaçıya borcu yaranmışdır.
11. İddia tələbi cavabdehdən əsas borca görə 2900 manat məbləğində pul vəsaitinin tutulmasından ibarətdir.
12. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 2900 manat (iki min doqquz yüz) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtindən gördündüyü kimi, satınalma qiymətinin 100% alıcı malı qəbul etdikdən sonra 10 (on) iş günü ərzində təchizatçının bank hesabına edilməlidir. Cavabdeh tərəfindən edilən ödənişlə bağlı iddiaçının bank hesabından çıxarış təqdim edilmişdir. həmin hal malın verildiyini təsdiq edir. Cavabdeh tərəfindən də hazırkı iddiaya qarşı etiraz daxil olmamışdır. Ona görə də məhkəmə qeyd olunan nəticəyə gəlmişdir.
13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 2900 (iki min doqquz yüz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova