Məhkəmə qərarları › İş №e-2-2(113)-7826/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7826/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7826/2024 13.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, icranın gecikdirilməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, 121/23 saylı müqavilə üzrə 2430 manat məbləğində əsas borc, 486 manat məbləğində cərimə-dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablamaqla, 118,26 manat məbləğində pulun və 61 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, 121/23 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi "xxxx" MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, "xxxx" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2430 manat məbləğində borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş təhvil-təslim aktları ilə təsdiq edilir. Bu əsasla İddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində 2430 borc məbləğini tələb etmələri barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq, bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli, 121/23 saylı müqavilənin 5.4-cü bəndinə əsasən hər gecikən gün üçün ümumi borca 1% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən cərimə məbləği 8633,40 manat təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas məbləğin 20%-i həcmində, yəni cəmi 486 manat dəbbə pulu tələb edilməkdədir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.7, 448.1,-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. İddiaçı Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, daşıyıcı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 121/23 nömrəli evakuasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci madəsinə əsasən daşıyıcı xidmət haqqı müqabilində sifarişçinin sərancamında olan nəqliyyat vasitələrini və digər yükləri sifarişçidən və ya sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü evakuator tipli nəqliyyat vasitəsi ilə daşımağı və sifarişçinin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı öhdəsinə götürür. Sifarişçi isə bunun müqabilində daşıyıcıya xidmət haqqını müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı əlavəsinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2.1-ci maddəsinə əsasən sifarişçinin daşıyıcı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin gecikdirilmədən ödənilməsi vəzifəsi vardır. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən hər bir daşımanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən, əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq müqavilənin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə müəyyən edilir. Tərəflər razılaşır ki, icra edilmiş xidmətlərə görə ödəniş zamanı manatın 10%-i ötən devalvasiyası müşahidə edilərsə, hesablanmış həmin fərq məbləği sifarişçi tərəfindən icraçıya əlavə olaraq ödəniləcəkdir. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 1%-i miqdarında dəbbə pulu hesablanacaq. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən tərəflər müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və ya lazımınca yerinə yetirmədiklərinə görə mülkihüquqi məsuliyyət daşıyırlar və bunun nəticəsində digər tərəfə dəymiş ziyanın əvəzini ödəməlidirlər.

7. İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından məlum olur ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 121/23 saylı müqavilə üzrə ümumilikdə 7510 manat dəyərində xidmət göstərilmiş, bu müddət ərzində xidmət üzrə Cavabdeh MMC tərəfindən 5080 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə xx.xx.2023-cü il tarixli, 121/23 saylı müqavilə üzrə borcu 2430 manat, cərimə borcu 8633,4 manat və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 118,26 manat təşkil edir.

8. xx.xx.2023-cü il tarixli, 063529 nömrəli təhvil-təslim aktından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 940 manat olan xidmət göstərilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.

9. xx.xx.2023-cü il tarixli, 064190 nömrəli təhvil-təslim aktından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 1490 manat olan xidmət göstərilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 940367 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 940 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 583557 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1490 manat (ƏDV daxil) təşkil edir.

12. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış borcun 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

15. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023cü il tarixli, 121/23 nömrəli evakuasiya xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

16. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2023-cü il tarixli, 121/23 nömrəli xidmət müqaviləsi üzrə 2430 manat məbləğində əsas borcun tutulması təşkil edir.

17. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 2430 (qaimələr və təhvil-təslim aktları üzrə: 1490+940=2430) manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, həmin borcun mövcudluğu işdə olan, yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapır.

18. İddia tələbinin digər hissəsini cavabdehdən 486 manat məbləğində cərimə-dəbbə borcunun tutulmasını xahiş etmişdir.

19. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.

20. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 120 (yüz iyirmi) manat cərimə manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

21. İddia tələbinin digər hissəsini cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 118,26 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir.

22. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, ona görə həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən 118,26 manat (yüz on səkkiz manat iyirmi altı qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

23. Eləcə də, iddaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 manat pulun tutulmasını xahiş etmişdir.

24. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44,3 manat (qırx dörd manat otuz qəpik) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 2430 (iki min dörd yüz otuz) manat əsas borc, 120 (yüz iyirmi) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 118,26 manat (yüz on səkkiz manat iyirmi altı qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,3 manat (qırx dörd manat otuz qəpik) manat olmaqla, cəmi 2712,56 manat (iki min yeddi yüz on iki manat əlli altı qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar