Məhkəmə qərarları › İş №e-2-2(113)-783/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-783/2022

01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-783/2022 01.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X1 Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı X3 (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 60 (registr № ***-*******5-002) ünvanında yerləşən ümumi sahəsi 82 kv.m təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, Xətai rayonu MKTB-nin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə onun (icarəçinin) müddətli olan qeyri yaşayış obyektinə 08 avqust 2017-ci il tarixli №-08791 saylı AKT-a əsasən hesablanmış 901 manat məbləğinə cərimənin abunə hesabından silinməsi, mediasiyaya ödədiyi 60 manat dövlət rüsumunun və ödənilmiş 250 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sədrinin 01.03.2006-cı il tarixli, 54 saylı Sərancamına əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 60 (registr № ***- *******5-002) ünvanında yerləşən ümumi sahəsi 82 kv.m təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, Xətai rayonu MKTB-nin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə onun (icarəçinin) müddətli istifadəsinə verilmişdir. İstifadəsində olan qeyri-yaşayış sahəsində kafe açıb qeyri yaşayış obyekti kimi kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur və 2002-cı ildən sudan istifadə edilir. Cavabdeh tərəfindən 01 noyabr 2002-ci il tarixdə müqavilə əsasında sayğac quraşdırılmışdır. 08 avqust 2017-ci il tarixdə cavabdehin əməkdaşları o işdə olmayan vaxtı gəlib sayğaca baxış keçirmiş, kafenin qarşısında su trubasına baxıb bildiriblər ki, guya sayğacdan kənar d-15 mm-lik boru vasitəsi ilə kafenin həyatyanı sahəsini və ağaclarını suvarılması aşkarlanmışdır. Kafedən kənar boru xəttində su sızmasının onun aidiyyatı yoxdur. Boru xəttinin müəyyən istifadə müddəti vardır. Həmin gün Sudan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər, ona bildirmişlər ki, sudan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 901 manat cərimənin ödənilməsindən sonra su veriləcək. Akt tərtib olunduğuna görə bu aktı o, imza etməmiş və hal şahidlərinin iştirakları olmadan qanunsuz tərtib edilmişdir. Həmin cərimə qeyri-qanuni olduğundən keçən dövr ərzində müraciətlərinə baxmayaraq, ona bildirmişlər ki, cərimə silinəcək, sonradan isə hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Keçən dövr ərzində suyu kəsilməmiş və sudan istifadə edir. Yaxın gündə suya 250 manat pul ödədiyində ödədiyi pul guya borca çıxılmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, yaşayış binasının aşağı mərtəbəsində olan qeyri-yaşayış sahəsindən kafe kimi istifadə edir, onun məlumatı və iştirakı olmadan həmin binanın həyətyanı sahəsinə baxış keçirilmişdir. Həmin binanın sakinləri tərəfindən orada olan bulaq suyundan ağacların suvarılması üçün istifadə edilir. Lakin aktda əsassız olaraq həmin su xəttindən onun istifadə etdiyi göstərilmişdir. Həmin su xəttindən o, istifadə etməmiş, su xəttinin ona aidiyyatı yoxdur. Akt tərtib edildikdən uzun müddət sonra ona həmin akt əsasında 549 manat dəyərində cərimə hesablandığı, həmin cərimənin onun abonent hesabına iki dəfə yazıldığı cavabdeh orqanın əməkdaşları tərəfindən bildirilmişdir. Cərimənin artıq onun smart kart hesabından tutulduğu, lakin konkret olaraq hansı məbləğin borca silindiyinin ona məlum olmadığını bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi M.Alıyev iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus obyektdə cavabdehin nümayəndələri tərəfindən yoxlama keçirilmiş, nəticədə sayğacdan kənar boru vasitəsilə sudan qeyri-qanuni istifadə edilməsi müəyyən edilmişdir. Həmin yoxlamaların nəticəsində 08.08.2017-ci il tarixli akt əsasında 549 manat, obyektdə kanalizasiya xidmətləri olmadığı üçün əlavə olaraq da 549 manat, ümumilikdə 1098 manat borc hesablanmışdır. Həmin borc “Sudan istifadə Qaydaları”na əsasən hesablanmışdır, lakin hazırda əlavə olaraq hesablanmış 549 manatın hesablanmasını özündə əks etdirən sənədləri təqdim edə bilmir. Bundan əlavə, iddiaçıya məxsus obyektdə yoxlamalar keçirilərkən dövlət reyestrində müvafiq qeydiyyat aparılmamışdır, lakin aşkar edilmiş qanunsuz su xəttindən iddiaçı tərəfindən istifadə edilməsi onlarda şübhə doğurmamışdır. Təqdim edilmiş abonet haqqından məlumata əsasən iddiaçıya hesablanmış 1098 manat borcun bir qismi, yəni 197 manat artıq iddiaçının hesabından tutulmuş, 901 manat ödənilməmiş borc qalmışdır. İddiaçı əlavə olaraq hesablanmış 549 manat borcun silinməsi ilə bağlı onlara rəsmi müraciət etməyibdir, belə müraciət olsaydı, həmin borc silinərdi. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 01 mart 2006-cı il tarixli 1074 nömrəli icarə müqaviləsindən görünür ki, bu müqaviləyə görə icarəyəverən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilmiəsi üzrə Dövlət Komitəsi sədrinin 01.03.2006-cı il tarixli 54 saylı Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 60 ünvanında yerləşən, ümumi sahəsi 82 m2 təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, Xətai rayon MKTB-nin balanasında olan qeyriyaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin müddətli istifadəsinə verir. İddiaçı ilə cavabdeh arasında bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan 22.02.2021-ci il tarixli 19173591 nömrəli müqavilədən görünür ki, bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST 2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş 08 avqust 2017-ci il tarixli 08791 saylı akta əsasən hesablanmış 901 manat məbləğində cərimənin onun abunə hesabından silinməsi və ödənilmiş 250 manat pulun geri qaytarılmasının 2 gün müddətində təmin edilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. 082886 nömrəli abonent haqqında məlumatdan görünür ki, 01.01.2021-ci il tarixə 901,81 manat qalıq borcu mövcuddur. 082886 nömrəli abonent haqqında məlumatdan görünür ki, iddiaçı tərəfindən MXD- 8791 nömrəli akta əsasən, ümumilikdə, 1098 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən tərtib olunmuş 08791 nömrəli 08.08.2017-ci il tarixli inventar aktından görünür ki, Bakı şəhəri, Babək pr. 60 ünvanında yerləşən kafeyə baxış keçirilən zaman məlum olmuşdur ki, fiziki şəxs Məmmədov Məhərrəmə məxsus kafedə sayğacdan kənar d=15 mm-lik boru vasitəsi ilə qeyri-qanuni olaraq kafenin həyətyanı sahəsini və ağaclarını suvarması aşkarlanmışdır. Cavabdeh tərəfindən tərtib olunmuş 08.08.2017-ci il tarixli MXD 8791 nömrəli qeyriqanuni istifadə nəticəsində itirilmiş su hesabatı barədəsində aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 60 ünvanında yerləşən fiziki şəxs Məmmədov Məhərrəmə məxsus kafe 549 m3 miqdarında 549 manat dəyərində sudan qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 02 noyabr 2021-ci il tarixli 2021-006049 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 08 avqust 2017-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 60 ünvanında yerləşən obyektə baxış keçirilmiş, baxış nəticəsində obyektdə sudan qeyriqanuni istifadə halları müəyyən olunmuşdur. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar boru vasitəsilə qeyri-qanuni istifadə edilməsi nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçı tərəfindən həmin su xəttindən istifadə edildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş Cavabdeh Sumqayıt Sukanal İdarəsi tərəfindən tərtib edilmiş 08 avqust 2017-ci il akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçı tərəfindən sudan qeyri-qanuni istifadə faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi, cavabdeh su təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya 1098 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. İddia ərizəsində əsassız olaraq hesablanmış 901 manat borcun silinməsi tələb edilir. Məhkəmə bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya əsassız olaraq hesablanmış borc məbləği 1098 manat olmasına baxmayaraq iddia ərizəsində göstərilmiş 901 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İddia ərizəsinin ödənilmiş 250 manat pulun geri qaytarılması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 082886 nömrəli abonent haqqında məlumatdan, eləcə də iddiaçının nümayəndəsinin izahatından məlum olur ki, iddiaçı tərəfindən MXD-8791 nömrəli akta əsasən ümumilikdə 1098 manat borc hesablanmış, həmin borcun bir qismi 197 manat artıq cavabdehdən tutulmuşdur. Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya qaytarılmalı olan vəsait 197 manat (1098-901=197 manat) müəyyən edilməlidir. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya hesablanmış 901 manat məbləğində borc silinməli və ödənilmiş 197 manat məbləğində pul iddiaçıya qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı X2 əsassız olaraq hesablanmış 901 (doqquz yüz bir) manat məbləğində borcun silinməsi və borcun tutulması ilə əlaqədar olaraq ödənilmiş 197 (bir yüz doxsan yeddi) manat məbləğində pulun iddiaçı X2 qaytarılması öhdəliyi Cavabdeh ASC-yə həvalə edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq iddiaçı X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar