Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7833/2024 26.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21486,84 manat məbləğində borcun və 155 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sifarişçı” (alıcı) Cavabdeh MMC “İcraçı” (satıcı) "xxxx" MMC arasında bağlanmış 06/24-25 nömrəli 25 iyun 2024-ci il tarixli müqaviləyə əsasən satıcı satış üçün nəzərdə tutulan malı (sonralar “Mallar” adlandırılacaq) Müqavilənin 2.1 bəndində göstərilmiş müddətdə alıcının ünvanına çatdırmağı və sonuncuya təhvil verməyi öz öhdəsinə götürür. Yuxarıda qeyd edilən müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə müxtəlif tikinti avadanlıqları verilmişdir. Ancaq Cavabdeh MMC tərəfindən bu günə kimi 21486,84 manat borc ödənilməmişdir. İddiaçı tərəfindən dəfələrlə borcun ödənilməsinə dair müraciət edilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Z.Qədirov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə cəmi bir dəfə mal göndərilmiş və bununla bağlı zəruri sənədləşmələr aparılmışdır. Müqavilə üzrə yazışmalar iddiaçının nümayəndəsi olan Etibar Əliyev ilə cavabdehin qanuni təmsilçisi arasında olmuşdur. Cavabdehin direktoru Nuranə xanım dəfələrlə borc məbləğini ödəyəcəyini bildirmiş, lakin bu günə qədər heç bir ödəniş edilməmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsi Z.Qədirovun yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 06/24-25 nörməli alqı-satqı müqaviləsinə görə satıcı satış üçün nəzərdə tutulan malı müqavilənin 2.1-ci maddəsində göstərilmiş müddətdə alıcının ünvanına çatdırmağı və sonuncuya təhvil verməyi, alıcı isə malları təhvil almağı və müqavilənin 3-cü maddəsinə uyğun olaraq malların dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür.
9. Müqavilənin 2.1-ci bəndinə görə satıcı malları sifariş tarixindən etibarən 3 gün ərzində müqavilənin 2.2-ci bəndində göstərilən qaydada təhvil verməlidir.
10. Müqavilənin 3.1-ci bəndinə görə malların dəyəri mallar alıcıya müqavilənin 2.2-ci maddəsində göstərilən qaydada təhvil verildikdən sonra satıcı tərəfindən təqdim olunacaq hesab-faktura (elektron qaimə-faktura və EVHF) sənədi əsasında sonuncu təqdim olunduğu tarixdən etibarən 5 (beş) bank günü ərzində ödəniləcəkdir.
11. xx.xx.2024-cü il tarixli, 1 nömrəli qiymətləri razılaşdırılması protokoluna görə xx.xx.2024-cü il tarixli, 06/24-25 nörməli müqavilə üzrə təhvil veriləcək malların ümumi məbləği 21486,85 manat təşkil edir.
12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2406 114122 nömrəli 21486,8482 manat məbləğində elektron qaimə təqdim olunmuşdur.
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 06/24-25 nörməli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra edərək müvafiq malları cavabdehə təhvil verməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlik lazımınca icra edilməmiş, cavabdehin iddiaçıya 21486,85 manat məbləğində borcu yaranmışdır. İddiaçı hazırda həmin borcu cavabdehdən tələb etməkdə haqlıdır.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
16. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə malların ödənişlərinin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli qaimə təqdim olunmuşdur.
19. Həmçinin cavabdehin sözügedən borc məbləğini ödəməməsi iş materiallarında olan, iddiaçının nümayəndəsi ilə cavabdehin direktoru arasında aparılmış yazışmalarda da öz təsdiqini tapmışdır.
20. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarı).
21. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan borcu iş materialları ilə öz təsdiqini tapdığı üçün iddia tələbi əsaslıdır və təmin edilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 155 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 21486,84 manat məbləğində pul, 155 manat dövlət rüsumu, ümumilikdə 21641,84 (iyirmi bir min altı yüz qırx bir manat səksən dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova