Məhkəmə qərarları › İş №e-2-2(113)-784/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-784/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-784/2022 12.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı “İddiaçı” şirkətinin cavabdeh “Cavabdeh Limited” şirkətinin qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” şirkəti cavabdeh “Cavabdeh Limited” şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialından 13 may 2019-cu il tarixli PO000002497 saylı Spesifikasiya üzrə 14041,50 avro əsas borc və 1404,15 avro cərimə məbləği olmaqla, cəmi 15445,65 avro məbləğin, o cümlədən, 1010 manat həcmində göstərilmiş hüquqi xidmətə görə məbləğ və 200 manat dövlət rüsumunun tutularaq iddiaçı “İddiaçı” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, pretenziya məhktubunun cavabdehə göndərilməsini təsdiq edən sübut iddia ərizəsinə əlavə edilməmişdir. Tərəflər arasında bağlanmış 15.04.2014-cü il tarixli müqavilənin 9-cu bəndi müqavilə üzrə yaranan mübahisələrin həlli qaydasını tənzimləyir. Həmin bənddə deyilir ki, tərəflər aralarında yaranan mübahisələri danışıqlar yolu ilə həll etməyə səy göstərməlidirlər. Tərəflər arasında razılıq əldə edilmədiyi təqdirdə, mübahisələrin həllinin pretenziya qaydasına məcburi əməl etməklə qanunla müəyyən edilmiş qaydada mübahisələr Azərbaycan Respublikasının yerli iqtisad məhkəməsində baxılmağa verilə bilər. Pretenziyaya cavab vermə müddəti onun alındığı vaxtdan 20 gün təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) sənəd iddia ərizəsinə əlavə edilməlidir. 150.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddiaçı tərəfindən elektron qaydada verilmiş iddia ərizəsinin tərəflər bölməsində və ərizənin mətni hissəsində cavabdeh qismində “Cavabdeh Limited” şirkəti yazılsa da, iddia tələbində “cavabdeh “X1 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialından 13 may 2019-cu il tarixli PO000002497 saylı Spesifikasiya üzrə 14041,50 avro əsas borc və 1404,15 avro cərimə məbləği olmaqla, cəmi 15445,65 avro məbləğinin, o cümlədən, 1010 manat həcmində göstərilmiş hüquqi xidmətə görə və 200 manat dövlət rüsumunun tutularaq iddiaçı “İddiaçı” şirkətinə ödənilməsi” barədə qətnamə qəbul edilməsi xahiş edilmiş və bununla da, iddia tələbi cavabdeh qismində göstərilmiş şirkətə qarşı deyil, şirkətin filialına qarşı yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində öz əksini tapmalıdır. 149.2.3-ci maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “İddiaçı” şirkətinin cavabdeh “Cavabdeh Limited” şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar