Məhkəmə qərarları › İş №e-2-2(113)-7856/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7856/2024

28.10.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7856/2024 28.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Ərizəçinin iştirakı olmadan, maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinə olan ümumilikdə 728668,35 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 631115,35 manat, İşsizlikdən sığorta fonduna olan 8731,75 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxxxx 1965-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, BAKİ, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "ASLİFT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0 manat, İşsizlikdən sığorta fonduna 0 manat, BAKLİFT-2 İXTİSASLAŞDİRİLMİŞ İSTEHSALAT İDARƏSİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 631115,35 manat, İşsizlikdən sığorta fonduna 8731,75 manat, dövlət büdcəsinə 728668,35 manat məbləğində (o cümlədən, vergilər üzrə 466798,42 manat, faizlər üzrə 261429,93 manat, maliyyə sanksiyası üzrə 440 manat) olmaqla, ümumilikdə 1368515,45 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********809100, xx.xx.2024-cü il tarixli ******************.07.2024-cü il tarixli **********413500, xx.xx.2024-cü il tarixli **********123700, xx.xx.2024-cü il tarixli **********860400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs BAKİ şəh., YASAMAL ray., Ə.HÜSEYNZADƏ KÜÇ.DAL.6, ev.6 ünvanında yaşayır. Maraqlı şəxsin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Həmin ərizəsinin verilməsinə səbəb, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "ASLİFT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0 manat, İşsizlikdən sığorta fonduna 0 manat, BAKLİFT-2 İXTİSASLAŞDİRİLMİŞ İSTEHSALAT İDARƏSİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 631115,35 manat, İşsizlikdən sığorta fonduna 8731,75 manat, dövlət büdcəsinə 728668,35 manat məbləğində (o cümlədən, vergilər üzrə 466798,42 manat, faizlər üzrə 261429,93 manat, maliyyə sanksiyası üzrə 440 manat) olmaqla, ümumilikdə 1368515,45 manat borcu vardır. Ərizə əsassız və qanunsuzdur, ona görə də, rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinin tələblərinə görə vergi ödəyicisinin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur. Həmin maddələrin dispozisiya şərtlərindən də görünür ki, vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə yalnız hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırıla bilər. Bu baxımdan, vergi ödəyicisi hər hansı müəssisə və ya idarə olduğu halda, vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə həmin müəssisə və ya idarənin rəhbərinin deyil, onun tabe olduğu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırıla bilər. Hazırkı işdə isə maraqlı şəxs hüquqi şəxsin icra orqanın rəhbəri deyil, belə ki, “Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin nizamnaməsindən görünür ki, “Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsi “Lifttəmir” İstahsalat Birliyinin nəzdində 1991-ci il tarixli əmrə əsasən yaradılmışdır. İdarə öz fəaliyyətini mövcüd nizamnamə əsasında həyata keçirir. Həmin nizamnamə “Lifttəmir” İstahsalat Birliyi tərəfindən təsdiq edilmiş, nizamnamədə “Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin hüquqi şəxs olması qeyd edilməmiş və idarə kimi funksiyaları və hüquqları müəyyən edilmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş hüquqi şəxs haqqında məlumatda isə qeyd edilmişdir ki, “Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin yuxarı təşkilatı “Lifttəmir” İstahsalat Birliyi, tabeçiliyi Bakı şəhər İcra Hakimiyyətidir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, “Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsi hüquqi şəxs deyil, “Lifttəmir” İstahsalat Birliyinin idarəsidir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinin tələblərinə görə idarənin rəhbərinin deyil, məhz hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması imkanı nəzərdə tutulduğundan, oğlu isə idarənin rəhbəri olduğundan ona münasibətdə ərizə təmin edilə bilməz, ona görə də, ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. AR MPM-nin 355-5-ci maddəsinə əsasən, Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Baklift-2 İxtisaslaşdırılmış İstehsalat İdarəsinin yuxarı təşkilatı Bakı şəhəri İcra Hakimiyyəti, tabeçiliyi AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. Həmin idarənin rəhbəri isə Maraqlı şəxsdur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, idarənin əsas fəaliyyət növü lift və eskalatorların quraşdırılmasından ibarətdir. Bundan başqa, Baklift-2 İxtisaslaşdırılmış İstehsalat İdarəsi dövlət büdcəsi hesabına maliyyələşir, hər hansı əlavə gəlir və ya mənfət yeri yoxdur, hər hansı kommersiya fəaliyyəti ilə məşğul deyil. Bundan başqa, AR Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən də dəfələrlə müvafiq idarənin rəisinin vergidən yayınma hallarının olmasının araşdırılması zamanı hər hansı qanun pozuntusu aşkarlanmadığından araşdırmaya xitam verilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir. Baklift-2 İxtisaslaşdırılmış İstehsalat İdarəsi ilə eyni hüquqi statusa malik olan və “Lifttəmir” İstehsalat Birliyinin tabeliyində olan digər idarələrin (“Bakılift-1” İİİ; “Bakımənzilavtomat” İİİ və "xxxx" Dövlət Müəssisəsinin) rəisləri barədə ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş ərizələr təmin edilməmiş və həmin qətnamələr qanuni qüvvəsini alaraq preyudisial qərar olmuşdur. Bütün bunları nəzərə alaraq, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi əsassız və qanunsuz olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi etirazın məzmununa uyğun çıxış edərək ərizənin rədd edilməsini xahiş etdi. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: xx.xx.2017-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərara əsasən Bakı Şəhər İcra Hakimiyyətiinin “Lifttəmir” İB-nin “Bakılift-2” ixtisaslaşdırılmış istehsalat idarəsinin büdcə təşkilatı olduğu qeyd olunmuşdur. Hüquqi şəxs haqqında məlumatdan göründüyü kimi “Bakılift-2” ixtisaslaşdırılmış istehsalat idarəsinin tabe olduğu qurum kimi Bakı ŞİH, yuxarı təşkilatı “Lifttəmir” İB, təşkilatı-hüquqi forması digər kommersiya təşkilatı və mülkiyyət növü kimi isə dövlət mülkiyyəti, o cümlədən rəhbərinin adı kimi Maraqlı şəxs qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli, **********4 saylı bildirişə əsasən Bakı Lift-2 İİİ-nə vergirlər üzrə 790648,74 manat, maliyyə sanksiyası üzrə 440 manat və faizlər üzrə 414,069.29 manat məbləğində borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, ərizəçi vergi ödəyicisi olan idarə tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 728668,35 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 631115,35 manat, İşsizlikdən sığorta fonduna olan 8731,75 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hüquqi şəxs haqqında məlumatdan göründüyü kimi “Bakılift-2” ixtisaslaşdırılmış istehsalat idarəsinin tabe olduğu qurum kimi Bakı ŞİH, yuxarı təşkilatı “Lifttəmir” İB, təşkilatı-hüquqi forması digər kommersiya təşkilatı və mülkiyyət növü kimi isə dövlət mülkiyyəti, o cümlədən rəhbərinin adı kimi Maraqlı şəxs qeyd olunmuşdur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, idarənin əsas fəaliyyət növü lift və eskalatorların quraşdırılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, dövlət orqanı üçün hüquq və vəzifələr onun səlahiyyətlərini təşkil edir və dövlət orqanları yalnız bu səlahiyyətlər çərçivəsində fəaliyyət göstərə bilər. Bu yanaşmanın konstitusion əsasını isə Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 71-ci maddəsinin X hissəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Beləliklə, barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanının ərizə ilə müraciət edə biləcəyi şəxslərin dairəsi qanunvericilikdə fiziki şəxslər və hüquqi şəxsin icra orqanının rəhbəri olaraq müəyyən edilmişdir. Hazırkı iş üzrə isə ərizəçi hüquqi şəxsin idarəsinin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosialmədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.1-ci maddəsinə əsasən həmin Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Məcəllənin 13.2.2-ci maddəsinə əsasən hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır. Həmin Məcəllənin 13.2.41 ci maddəsinə əsasən kommersiya hüquqi şəxsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. Göründüyü kimi, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxsə münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsində digər məna nəzərdə tutulmamışdır. Hüquqi şəxs haqqında məlumatdan həmçinin görünür ki, Baklift-2 İxtisaslaşdırılmış İstehsalat İdarəsinə xx.xx.2005-ci il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Həmin Məcəllənin 33.2-ci maddəsinin 3-cü bəndinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin həmin Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir. Həmin Məcəllənin 13.2.39.3-cü maddəsinə əsasən .... həmin Məcəllənin 13.2.39.1ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri müəssisə anlayışı ilə əhatə olunur. Məhkəmə xüsusilə vurğulayır ki, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə sərbəst balansa, cari və ya digər hesablara malik olan hüquqi şəxsin digər ayrıca bölməsinin (idarəsinin) uçota alınaraq ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməsi idarənin müstəqil hüquqi şəxs kimi çıxış etməsi anlamına gəlmir. Göründüyü kimi, Baklift-2 İxtisaslaşdırılmış İstehsalat İdarəsi müstəqil hüquqi şəxs deyildir. Ona görə də, qeyd edilmiş İdarənin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsaslar yoxdur. Belə ki, qanunda İdarənin rəhbərinin deyil, məhz hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması imkanı nəzərdə tutulmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsində qeyd edilmişdir ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsiszlik və ictimai arayışın maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxsləriun hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar