Məhkəmə qərarları › İş №e-2-2(113)-7871/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7871/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7871/2024 20.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, faiz borcu və dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-dən 18 iyul 2024-cü il tarixli, SPARK- 076/2024 saylı alqı-satqı müqaviləsi üzrə 5125,92 manat əsas borc, 50 manat cərimə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanmış 31,59 manat faiz məbləği, 72,08 manat dövlət rüsumu,cəmi ümumilikdə 5279,59 manat məbləğində pulun tutularaq iddiaçı ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 18 iyul 2024-cü il tarixli, SPARK-076/2024 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə cavabdehin mülkiyyətinə ümumi dəyəri 7485,92 manat olan B-22.5 (M-300) markalı beton məhlulu təhvil verilib. Təhvil verilən malın dəyərinin 2360 manatı ödənilsə də, halhazırda cavabdehin iddiaçıya 5125,92 manat borcu qalmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli (onlayn kargüzarlıq və elektron məhkəmə vasitəsi ilə) pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Müqavilənin 9.4-cü bəndinə əsasən cavabdehə 50 manat cərimə, Mülki Məcəllənin-nin 445.7-ci maddəsinə əsasən 488,04 manat faiz hesablanmışdır. Faiz məbləği üzləşmə aktı imzalandığı tarixdən hesablanmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa alıcı hər ay üzrə ona təhvil verilmiş malın dəyərini, mallar təhvil verildikdən sonra 30 gün ödəməyi öhdəsinə götürür. Müqavilənin 9.4-cü bəndinə əsasən alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% faiz məbləğində cərimə ödəyir.

II. Məhkəmə baxışının hədləri:

3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

5. İddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 18 iyul 2024-cü il tarixli, SPARK-076/2024 saylı alqı-satqı müqaviləsinə əsasən:

6. Müqavilənin 2.1-ci bəndinə əsasən Bu Müqavilənin şərtlərinə əsasən Satıcı Müqavilənin əlavəsi hesab edilən X1 (bundan sonra “Əlavə”) göstərilən müxtəlif növ beton/tikinti məhsullarını (bundan sonra - Mallar) razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları qəbul edib dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür.

7. Müqavilənin 3.4-cü bəndinə əsasən satıcı Malların Alıcıya təhvil verilməsini Tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-Təslim Aktı və/və ya elektron qaimə fakturalar əsasında həyata keçirəcək. Elektron qaimə-faktura Alıcıya təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində Alıcının hər hansı bir etirazı olmazsa mallar Alıcıya təhvil verilmiş hesab ediləcək.

8. Müqavilənin 4.1-ci bəndinə əsasən müqaviləyə əsasən Satıcı tərəfindən təchiz olunacaq Malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri Alıcı ilə razılaşdırılır və Müqavilənin müvafiq Əlavələrində müəyyən edilir. Qiymət dəyişikliyi yalnız Tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər.

9. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa Alıcı satıcı tərəfindən ona təhvil verilmiş Malın dəyərini, mallar təhvil verildikdən 30 gün ərzində ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 4.3-cü bəndinə əsasən malların adı, çeşidi, qiyməti və çatdırılma müddəti Müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək müvafiq əlavə - Qiymətlərin razılaşdırılması protokollarında göstərilir.

11. Müqavilənin 9.4-cü bəndinə əsasən alıcı Malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01 % (sıfır tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyəcək.

12. 18 iyul 2024-cü il tarixli, SPARK-076/2024 saylı alqı-satqı müqaviləsinə əlavə olan xx.xx.2024-cü il tarixli SPARK-076/2024 №:1 və SPARK-076/2024 №:2 saylı qiymət razılaşdırma protokollarına əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların (beton) növü və qiyməti barədə razılaşmışlar.

13. 08.08.2024-cü il tarixli MT2408 saylı 10473238 nömrəli e-qaiməyə əsasən”Spark” MMC tərəfindən Cavabdeh MMC-yə 7485,92 manat dəyərində mallar satılmışdır.

14. Tərəflər arasında cari balansın müəyyən edilməsinə dair tərtib edilmiş sənəddə Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-yə olan borcunun 5125,92 manat olması müəyyən edilmiş və sənəd hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

15. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

18. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

20. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

23. Tərəflər arasında bağlanmış 18 iyul 2024-cü il tarixli, SPARK-076/2024 saylı alqısatqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Bu Müqavilənin şərtlərinə əsasən Satıcı Müqavilənin əlavəsi hesab edilən X1 (bundan sonra “Əlavə”) göstərilən müxtəlif növ beton/tikinti məhsullarını (bundan sonra - Mallar) razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları qəbul edib dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

24. Qeyd olunanlardan göründüyü kimi iddiaçı şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirdikləri, buna dair sübutları təqdim etdikləri halda, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir.

25. İşdə olan sübutlar, yəni müqavilə, qiymət razılaşma protokolu, e-qaimə, borcun qarşılıqlı müəyyən edilməsinə dair sənəd və qismən ödəniş iddiaçı tərəfin üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə sübutdur.

26. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması təqdim olunmuş sübutlara təsdiqini tapdığı üçün, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə və satılmış mallara görə cavabdeh tərəfindən ödənilməli olduğu halda bugünə kimi ödənilməmiş pul məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

27. İddiaçı həmçinin əsas borcun gecikdirilməsinə görə 50 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüş və əsas olaraq müqavilənin 9.4-cü bəndinə istinad etmişdir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

29. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

30. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

31. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

32. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu 50 manat məbləğində müəyyən edilməlidir.

33. Bundan başqa iddiaçı tərəfindən əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla 31,59 manat məbləğində borc hesablanmışdır və onun xeyrinə tutulmasını xahiş etmişdir.

34. Məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.

35. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

37. Məhkəmə qeyd edilənlərə əsasən iddiaçının bu tələbini də əsaslı hesab edərək 31,59 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməlisi qənaətinə gəlir.

38. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 5125,92 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5125,92 manat əsas bоrc, 50 manat dəbbə pulu, 5% olmaqla 31,59 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 72,08 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

IV.Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehndən SPARK-076/2024 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 5125,92 manat əsas borc, 50 manat dəbbə pulu, borcun ödənişinin gecikdirilməsinə görə 31,59 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 72,08 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar