Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7887/2025 16.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qanunçuluq, legitim məqsəd, mütənasiblik) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) dövlət büdcəsinə olan 1492,25 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 658,68 manat, İşsizlikdən Sığorta Fonduna olan 31,33 manat, İcbari Tibbi Sığorta Fonduna olan 130,01 manat, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “X1” MMC) Dövlət Sosial Müdafiə Fonduna olan 1,62 manat, İşsizlikdən Sığorta Fonduna olan 0,13 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,42 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Dövlət Sosial Müdafiə Fonduna olan 658,03 manat, Maraqlı şəxs dövlət büdcəsinə olan 1,83 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 0,7 manat, İşsizlikdən Sığorta Fonduna olan 0,8 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,2 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri və fərdi sahibkar olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 130,01 manat, İşsizlikdən Sığorta Fonduna 31,33 manat, dövlət büdcəsinə 1492,25 manat məbləğində (o cümlədən vergilər üzrə 1297,53 manat, faizlər üzrə 194,72 manat), Dövlət Sosial Müdafiə Fonduna 658,68 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 1,83 manat məbləğində (o cümlədən faizlər üzrə 1,83 manat), Dövlət Sosial Müdafiə Fonduna 0,7 manat, İşsizlikdən Sığorta Fonduna 0,8 manat, İcbari Tibbi Sığorta Fonduna 0,2 manat, “X1” MMC-nin (VÖEN: **********) ) İşsizlikdən Sığorta Fonduna 0,13 manat, İcbari Tibbi Sığorta Fonduna 0,42 manat, Dövlət Sosial Müdafiə Fonduna 1,62 manat, "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 658,03 manat olmaqla ümumilikdə 2976 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********372300, xx.xx.2025-ci il tarixli **********374700, xx.xx.2023-cü il tarixli **********838200, xx.xx.2023-cü il tarixli **********356100, xx.xx.2024-cü il tarixli **********362400, xx.xx.2025-ci il tarixli **********731400, xx.xx.2024-cü il tarixli **********293200, xx.xx.2025-ci il tarixli **********730700, xx.xx.2021-ci il tarixli **********851700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.
II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:
3. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Maraqlı şəxsə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
6. Maraqlı şəxs “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki: – ərizəçi məhkəməyə müraciət edərək maraqlı şəxsin ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi buna əsaslanmışdır ki, maraqlı şəxsin icra orqanının rəhbəri olduğu hüquqi şəxslərin dövlət büdcəsinə öhdəlikləri yaranmış, büdcəyə olan borcların ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Lakin ərizədə mühüm hallar, büdcəyə artıq ödəmələr barədə məhkəməyə məlumat verilməmişdir. Aşağıda göstərilən dəlillərə, faktlara əsasən ərizə əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. – Ərizəçinin istinad etdiyi "xxxx" MMC-nin (VÖEN **********) borcu vaxtı keçmiş borc sayılır (öhdəlik 2019-cu ildə yaranmışdır) və qanunvericiliyə uyğun silinməlidir. Ərizəçinin istinad etdiyi Maraqlı şəxs (VÖEN **********) hal-hazırda büdcəyə olan borc məbləğləri cari ilin sentyabr və oktyabr ayında ödənilmişdir. Ərizədə göstərilən məbləğlər köhnə tarixə aiddir, aktual deyildir. Ərizəçinin istinad etdiyi “X1” MMC-nin də (VÖEN **********) halhazırda büdcəyə hər hansı borcu yoxdur. Əksinə şəxsi vergi hesab vərəqəsi ilə təsdiq olunur ki, dövlət büdcəsinə hazırda 3538,40 manat artıq ödəmə mövcuddir. Ərizəçi məhkəməyə təqdim etdiyi cədvəl-siyahıda sözügedən hüquqi şəxs barədə məlumatı, yəni büdcəyə olan 3538,40 manat məbləğdə artıq ödəməni ümumiyyətlə göstərməmişdir. – Bunlardan əlavə, maraqlı şəxsin icra orqanının rəhbəri və həmçinin təsisçisi olduğu "xxxx" MMC-nin (VÖEN **********) şəxsi vergi hesab vərəqəsindən görünür ki, hüquq şəxsin dövlət büdcəsinə 4257 manat artıq ödəməsi mövcuddur. Ərizəçi məhkəməyə təqdim etdiyi cədvəl-siyahıda sözügedən hüquqi şəxs barədə məlumatı, yəni 4257 manat büdcəyə artıq ödəməni göstərməmişdir. "xxxx" MMC-nin (VÖEN **********) həqiqətən vergilər və sosial ödənişlər üzrə borcu yaranmışdır. Qeyd edilənlərdən məlum olur ki, maraqlı şəxsin icra orqanının rəhbəri olduğu iki hüquqi şəxsin 7795,40 manat məbləğdə dövlət büdcəsinə artiq ödəmələri mövcuddur. Belə olan halda hansısa borcun ödənməsini təminat altına alıb maraqlı şəxsin ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir. – Qeyd etmək vacibdir ki, ərizəçi vaxtı keçmış (Vergi Məcəlləsi, maddə 85.4), vergi qanunvericiliyinə əsasən (Vergi Məcəlləsi, maddə 93.1.1) silinməli borc məbləğini siyahıya əlavə etmiş, lakin büdcəyə artıq ödəmələr barədə hər hansı məlumatı cədvəl-siyahısında əks etdirməmiş və tam olmayan məlumatlarla məhkəməyə ərizə ilə müracət etmişdir. Beləlikə, dəlillər və faktlar bu nəticəyə səbəb olur ki, ərizə həqiqətə uyğun olmayan məlumatlar əsasında tərtib edilmişdir, əsassızdır.
7. Maraqlı şəxs məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edərək ərizəyə etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda hüquqi şəxslərin əmlaklarının olmadığını göstərdi.
III. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Konstitusiyasının: – 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. – 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; – 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
9. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”.
10. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: – 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. – 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
11. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. – 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. – 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. – 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. – 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi ilə bağlı
13. Məhkəmə ilk növbədə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır.
14. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı icraat üçün qanunverici tərəfindən müəyyən edilmiş dar çərçivədə vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olub-olmaması məsələlərinin araşdırılmasına yol verilmir.
15. Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, Maraqlı şəxs "xxxx" MMC, “X1” MMC, "xxxx" MMC-nin icra orqanının rəhbəridir.
16. Fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2007-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir.
17. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 1705,04 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 830,72 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 40,5 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu 161,97 manat təşkil edir.
18. “X1” MMC-nin xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun Dövlət Sosial Müdafiə Fonduna olan borcu 0,27 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 0,15 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu 0 manat təşkil edir.
19. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun Dövlət Sosial Müdafiə Fonduna olan borcu 658,03 manat təşkil edir.
20. Maraqlı şəxs xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 0 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 0 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu 0 manat təşkil edir.
21. Vergi orqanı tərəfindən vergi ödəyicilərinə ünvanlanmış xx.xx.2025-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il və xx.xx.2021-ci il tarixli bildirişlərin surətindən görünür ki, "xxxx" MMC, “X1” MMC, "xxxx" MMC və Maraqlı şəxs borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
22. Ərizəçinin təqdim etdiyi vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan aydın olur ki, bildirişlər vergi ödəyicilərinin elektron kabinetinə yerləşdirilmişdir.
23. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyiciləri olan "xxxx" MMC, “X1” MMC, "xxxx" MMC və Maraqlı şəxs vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icabri tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların müvafiq olaraq dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcları yaranmışdır.
24. Hazırda Maraqlı şəxs xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsinə əsasən borcu mövcud deyildir, lakin "xxxx" MMC-nin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna, “X1” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna, "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna borcu mövcuddur. Odur ki "xxxx" MMC, “X1” MMC, "xxxx" MMC-nin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.
25. Maraqlı şəxsin etirazlarına münasibətdə isə göstərilməlidir ki, "xxxx" MMC-nin məcburi dövlət sosial sığorta haqqı üzrə borcu ümidsiz borc hesab oluna bilməz.
26. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.
27. Həmin Məcəllənin 85.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına (bu sığorta haqları ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlər istisna olmaqla), habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir.
28. Belə olan halda, maraqlı şəxsin "xxxx" MMC-nin məcburi dövlət sosial sığorta haqqı üzrə borcunu Vergi Məcəlləsinin 85.4-cü maddəsinə istinadla ümidsiz borc hesab etməsi əsassız olmuşdur.
29. Maraqlı şəxsin icra orqanının rəhbəri olduğu hazırkı işlə bağlı olmayan hüquqi şəxslərin dövlət büdcəsinə artıq ödəməsinin olması isə "xxxx" MMC, “X1” MMC, "xxxx" MMC-nin borclarından azad edilməsi əsası ola bilməz. Eləcə də “X1” MMC-nin dövlət büdcəsinə artıq ödəməsinin olması sonuncunun müvafiq fondlara olan borclarının əvəzləşdirilməsi anlamına da gəlmir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 4.4-cü bəndinə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir. Məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta haqları, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, işsizlikdən sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin icbari tibbi sığorta haqları, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin işsizlikdən sığorta haqları, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir.
31. Məhkəmə xüsusilə vurğulayır ki, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda hüquqi dövlətin əsas prinsiplərindən olan mütənasiblik prinsipi üzrə də yoxlama aparılmalıdır.
32. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir.
33. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).
34. Bundan başqa, mütənasiblik meyarı ilə bağlı AİHM-in mövqeyinə görə, hərəkət azadlığının məhdudlaşdırılması ilə bağlı hüquqi prosedur aydın və proqnozlaşdırıla bilən olmalıdır. İşin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət yolverilməzdir (Sarkizov və digərləri Bolqarıstana qarşı iş üzrə 17 aprel 2012-ci il tarixli, § 67-68, Nalbantski Bolqarıstana qarşı iş üzrə 10 fevral 2011-ci il tarixli, § 66 Qərarlar).
35. Məhkəmə qeyd edir ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir.
36. Qeyd olunan hallar, eləcə də müvafiq borcun ödənilməsi ilə bağlı ərizəçi tərəfindən bildiriş (xəbərdarlıq) göndərildikdən sonra borcun ödənilməməsi, maraqlı şəxsin məhkəmə iclasında iştirak edərək həmin hüquqi şəxslərin əmlakının olmadığını bildirməsi nəzərə alındıqda məhkəmə qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuna uyğun olmaqla legitim məqsəd güdür və demokratik cəmiyyətdə zəruri – mütənasibdir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, vergi ödəyiciləri olan "xxxx" MMC, “X1” MMC, "xxxx" MMC-nin müvafiq olaraq dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ məhdudiyyətin qoyulmasına səbəb olmuş əsaslar aradan qalxanadək müvəqqəti məhdudlaşdırılmalıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
40. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.
41. Həmin Qanunun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.
42. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
Ərizə təmin edilsin. xx.xx.2025-ci il tarixə "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə olan olan 1492,25 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 658,68 manat, İşsizlikdən Sığorta Fonduna olan 31,33 manat, İcbari Sığorta Fonduna olan 130,01, “X1” MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 0,27 manat, İşsizlikdən Sığorta Fonduna olan 0,13 manat, "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 658,03 manat borclarının ödənilməsini təmin etmək üçün xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AA*******) ölkədən getmək hüququ məhdudiyyətin qoyulmasına səbəb olmuş əsaslar aradan qalxanadək müvəqqəti məhdudlaşdırılsın. Dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova