Məhkəmə qərarları › İş №e-2-2(113)-790/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-790/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-790/2025 14.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2” MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 50051,6 manat borc, 9009,28 manat ƏDV olmaqla, ümumilikdə 59060,88 manat pul məbləği və 267,18 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq “X2” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2” MMC ilə Cavabdeh MMC arasında kommersiya münasibətləri (alqı-satqı müqavilələri) mövcud olmuşdur. Müqavilələrə əsasən satıcı malları alıcının təqdim etdiyi sifarişə əsasən müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə alıcıya təhvil verməyi öz öhdəsinə götürür və alıcı malları satıcıdan təqdim etdiyi sifariş əsasında tələb etdiyi keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində bu müqaviləyə əlavə olunmuş qiymətlərin razılaşma protokolunda göstərilən qaydada, müddətdə və ünvanlarda ödəniş etməyi üzərinə götürür. Belə ki, müqavilənin predmeti üzrə “X2” MMC tərəfindən Cavabdeh MMCyə xx.xx.2022-ci il tarixli, 064834 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV-141,04 manat olmaqla, cəmi 924,64 manat, xx.xx.2022-ci il tarixli, 064876 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 1519,2 manat olmaqla, cəmi 9959,2 manat, xx.xx.2022-ci il tarixli, 997220 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 745,2 manat olmaqla, cəmi 4885,2 manat, xx.xx.2022-ci il tarixli, 193575 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 1252,62 manat olmaqla, cəmi 8211,62 manat, xx.xx.2022-ci il tarixli, 774116 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 67,68 manat olmaqla, cəmi 443,68 manat, xx.xx.2022-ci il tarixli, 064900 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 432 manat olmaqla, cəmi 2832 manat, xx.xx.2022-ci il tarixli, 286423 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 505,26 manat olmaqla, cəmi 3312,26 manat, xx.xx.2022-ci il tarixli, 193646 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 2387,88 manat olmaqla, cəmi 15653,88 manat, xx.xx.2022-ci il tarixli, 714521 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 535,5 manat olmaqla, cəmi 3510,5 manat, xx.xx.2022-ci il tarixli, 921794 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 1422,9 manat olmaqla, cəmi 9327,9 manat məbləğində vəsait ödənilməli olmuşdur. Lakin göndərilən mallar üzrə ödənişlər və bu ödənişlərin 18 % ƏDV məbləği bu günə qədər Cavabdeh MMC tərəfindən həyata keçirilməmişdir. Belə ki, Cavabdeh MMC tərəfindən alqı-satqı müqavilələrinin şərtləri pozulmuş və müqavilə üzrə ödənişlər icra olunmamışdır. Ödənişlərin edilməsi tələbi ilə bağlı xx.xx.2024-cü il tarixində Dövlət Vergi Xidmətinin elektron kabineti vasitəsilə qarşı tərəfə pretenziya göndərilmiş və 2 iş günü ərzində ödəniş edilməsi tələb edilmiş, lakin qarşı tərəf pretenziya tələbini icra etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bildirilmişdir ki, qeyd olunan vəsaitdən heç bir ödəniş həyata keçirilməmişdir. Hazırkı iş üzrə elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilmiş və ləğv edilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 425.1, 425.2, 442, 443.1, 700.1-ci maddəsinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, "X2" MMC ilə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 22556,6 manat borc və 4060,19 manat ƏDV olmaqla, ümumilikdə 26616,79 manat pul vəsaiti və 267,18 manat dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq "X2" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı borcun odənilməsi tələbinə dair iddia ərizəsinə əlavə təqdim edilməsi zərurəti yaranmışdır. Belə ki, “X2” MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqavilələrinin predmeti üzrə “X2” MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli 064834 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV-141.04 AZN, cəmi 924,64 AZN, xx.xx.2022-ci il tarixli 064900 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 432 AZN olmaqla, cəmi 2832 AZN, xx.xx.2022-ci il tarixli 193646 nömrəli üzrə ödənilməli ƏDV 2387,88 AZN olmaqla, cəmi 15653,88 AZN, xx.xx.2022-cı ıl tarixli 331824 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 594 AZN olmaqla, cəmi 3300 AZN, xx.xx.2022-ci il tarixli 286423 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 505.26 AZN olmaqla, cəmi 3312.26 AZN məbləğində, umumilikdə isə 26616,79 AZN məbləğində vəsait ödənilməli olmuşdur. Qeyd edilən qaimələr uzrə təhviltəslim aktları, o cümlədən qiymət razılaşdırma protokolları mövcuddur və tərəfimizdən məhkəməyə təqdim edilmişdir. Lakin göndərilən mallar uzrə ödənişlər və bu ödənişlərin 18 % ƏDV məbləği bu günə qədər cavabdeh tərəfindən həyata keçirilməmişdir. Cavabdeh tərəfindən alqı-satqı müqaviləsinin şərtləri pozulmuş və müqavilə üzrə ödənişlər icra olunmamışdır.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

8. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi və bildirdi ki, iddianı qəbul etmir. Tərəflər arasında müqavilə bağlanılmayıb və mallar təhvil alınmayıb. Bizim hazırda müqavilənin saxtalaşdırılması və ya digər məsələlər barədə məlumatımız yoxdur. Cavabdehin qanuni təmsilçisi ilə iddiaçı şirkətin rəhbəri arasında qohumluq münasibətləri olub və işçi vasitəsi ilə münasibətlər qurulubdur. Bütün bunların nəticəsi olaraq hazırkı hallar meydana çıxıbdır. 2020-ci ildə müqavilə imzalanıbdır, lakin hər hansı əməliyyatlar həyata keçirilməyibdir. Qəti şəkildə məbləğlərlə razı deyillər. Mühasibin elektron qaimələri qəbul edib-etməməsini bilmir. Hazırda şirkətdə işçilər tərəfindən hər hansı nöqsanlara yol verilib-verilməməsi aydınlaşdırılır.

9. Məhkəməyə cavabdeh tərəfindən yalnız iddiaçı tərəfindən imzalanmış alqı-satqı müqaviləsi təqdim olunmuşdur.

10. xx.xx.2022-ci il tarixli, GCP/060 nömrəli müqaviləyə 1 nömrəli Əlavədə xx.xx.2022-ci il tarixli, 21 nömrəli X1 məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 2832 manat (ƏDV-432 manat) olan və protokolda adıçəkilən malların İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə verilməsi barədə razılığa gəlinmişdir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmçinin həmin protokolda göstərilmiş malların təhvil-təslimi barədə hər iki tərəfin təsdiq etdiyi akt təqdim olunmuşdur.

11. xx.xx.2022-ci il tarixli, GCP/060 nömrəli müqaviləyə 1 nömrəli Əlavədə xx.xx.2022-ci il tarixli, 20 nömrəli X1 məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 924,65 manat (ƏDV-141,05 manat) olan və protokolda adıçəkilən malların İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə verilməsi barədə razılığa gəlinmişdir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmçinin həmin protokolda göstərilmiş malların təhvil-təslimi barədə hər iki tərəfin təsdiq etdiyi akt təqdim olunmuşdur.

12. xx.xx.2022-ci il tarixli, GCP/060 nömrəli müqaviləyə 1 nömrəli Əlavədə xx.xx.2022-ci il tarixli, 30 nömrəli X1 məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 3312,26 manat (ƏDV-505,26 manat) olan və protokolda adıçəkilən malların İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə verilməsi barədə razılığa gəlinmişdir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmçinin həmin protokolda göstərilmiş malların təhvil-təslimi barədə hər iki tərəfin təsdiq etdiyi akt təqdim olunmuşdur.

13. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 15653,88 manat olan (ƏDV-2387,88 manat) və aktda adıçəkilən mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 3894 manat olan (ƏDV-594 manat) və aktda adıçəkilən mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 3312,26 manat olan (ƏDV-505,26 manat) və aktda adıçəkilən mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. İddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələr təqdim edilmişdir. Belə ki:

17. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 064834 nömrəli elektron qaimədə "X3" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 924,64 manat (ƏDV-141,04 manat) təşkil etdiyi qeyd olunur.

18. xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 193646 nömrəli elektron qaimədə "X3" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 15653,88 manat (ƏDV-2387,88 manat) təşkil etdiyi qeyd olunur.

19. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 286423 nömrəli elektron qaimədə "X3" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3312,26 manat (ƏDV-505,27 manat) təşkil etdiyi qeyd olunur.

20. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 064900 nömrəli elektron qaimədə "X3" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2832 manat (ƏDV-432 manat) təşkil etdiyi qeyd olunur.

21. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 59060,88 manat borcun 2 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

24. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən (məhkəməyə hər iki tərəfin təsdiq etdiyi yazılı müqavilə təqdim olunmamışdır) irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin hal işdə olan sübutlarla: hər iki tərəfin təsdiqlədiyi təhvil-təslim sənədləri, qiymət-razılaşdırma protokolları, elektron qaimələrlə öz təsdiqini tapır. Təhvil-təslim sənədləri, qiymətrazılaşdırma protokollarında xx.xx.2022-ci il tarixli, GCP/060 nömrəli müqaviləyə istinad olunsa da, həmin müqavilə məhkəməyə təqdim olunmamışdır. Həmin halla bağlı iddiaçı tərəf bildirmişdir ki, müqavilə onlarda yoxdur, ola bilsin ki, itibdir və tərəflər arasında şifahi müqavilə də bağlanıla bilər. Cavabdeh tərəf tərəflər arasında müqavilə bağlanılmadığını, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin mövcudluğunu qəbul etməmişdir. Lakin belə münasibətlərin olması iş materialları ilə öz təsdiqini tapır.

25. Tərəflər arasında mövcud olmuş razılaşmaya əsasən satıcı olan iddiaçı əşyanı alıcının mülkiyyətinə versə də, alıcı olan cavabdeh qəbul etdiyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürsə də, ödəməmişdir. Həmin hal iş materiallarında olan təhvil təslim aktları ilə öz təsdiqini tapır.

26. İddia tələbi 22556,6 manat borc və 4060,19 manat ƏDV olmaqla, ümumilikdə 26616,79 manat pul vəsaitinin cavabdehdən tutulmasından ibarətdir.

27. Məhkəmənin qənaətinə əsasən iddia təmin olunmalıdır. Belə ki, iddiaçı 5 elektron qaimə üzrə əsas borc və ƏDV məbləğlərini hesablayaraq ümumilikdə 26616,79 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçının qeyd etdiyi bir qaimə xx.xx.2022-cı ıl tarixli, 331824 nömrəli elektron qaimə məhkəməyə təqdim edilməsə də, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı məhkəməyə təqdim edilmişdir ki, həmin aktdan müəyyən olunur ki, ƏDV məbləği 594 manat, əsas məbləğ 3300 manat olmaqla, ümumilikdə 3894 manat məbləğində mallar cavabdehə təhvil verilmişdir. Ona görə də məhkəmənin qənaətinə əsasən həmin elektron qaimənin təqdim edilməməsi əsası ilə həmin hissədə iddia təmin olunmaya bilməz.

28. Məhkəməyə təqdim olunan 4 elektron qaimə və xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı üzrə əsas borc məbləği cəmi 22556,6 manat (3300+13266+2807+783,6+2400=22556,6), ƏDV məbləği 4060,19 manat (594+2387,88+505,27+141,04+432=4060,19) təşkil edir.

29. Beləliklə, məhkəmə qanunvericilik normalarını, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 22556,6 manat (iyirmi iki min beş yüz əlli altı manat altmış qəpik) əsas borc, 4060,19 manat (dörd min altmış manat on doqquz qəpik) ƏDV məbləği olmaqla, 26616,79 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

30. Eyni zamanda cavabdehin nümayəndəsinin iddiaya etirazı əsassız sayılmalıdır (yazılı etiraz olmasa da, iddianı qəbul etmədiyini bildirmişdir). Cavabdeh izahatında qeyd etdiyi hallarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

31. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 267,18 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.

32. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 169,85 manat (yüz altmış doqquz manat səksən beş qəpik) pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Qeyd edildiyi kimi, iddiaçı əvvəlcə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə təkrar müraciət edərək iddia tələbini azaltmışdır. Sonuncu iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 169,85 manat təşkil edir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 22556,6 manat (iyirmi iki min beş yüz əlli altı manat altmış qəpik) əsas borc, 4060,19 manat (dörd min altmış manat on doqquz qəpik) ƏDV məbləği, ödənilmiş dövlət rüsumuna görə 169,85 manat (yüz altmış doqquz manat səksən beş qəpik) olmaqla, cəmi 26786,64 manat (iyirmi altı min yeddi yüz səksən altı manat altmış dörd qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar