Məhkəmə qərarları › İş №e-2-2(113)-792/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-792/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-792/2021 24.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh X2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdeh X3 qarşı pul tələbinə dairkommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 10.600 manat tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə X4 arasında 30.07.2020-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh satış məqsədi üçün iddiaçıya reklam kateqoriyalı malları iddiaçının sifarişi ilə göndərir. İddiaçı tərəfindən ödənişin cavabdehə təqdim olunmasına baxmayaraq, cavabdeh tərəfindən mallar sifariş üzrə tam həmcdə çatdırılmamışdır. Müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdehin bank hesabına müxtəlif vaxtlarda olmaqla – 2500, 3900, 2000, 4000, 2200 – olmaqla, ümumilikdə 14.600,00 manat məbləğdə vəsait köçürülmüşdür. Lakin qeyd edilməlidir ki, cavabdeh tərəfindən sifarişlərin yalnız bir hissəsi icra edilmişdir. Beləliklə, 10.600manat məbləğində vəsaitin iddiaçı tərəfindən cavabdehə ödənilməsinə baxmayaraq, cavabdeh tərəfindən bu ödəniş qarşılığında öhdəliklər icra edilməmiş, sifarişlər iddiaçıya çatdırılmamışdır. Qeyd olunanlara əsasən, cavabdeh tərəfindən ödənilməli olan vəsait - 10.600 manat təşkil edir. İddiaçının nümayəndəsi və vəkilli məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında sifariş olunmuş malların bir neçəsini hazırladığı halda iddiaçının malları qəbul etməkdən imtina etdiyini, eləcə də qabaqcadan ödənilmiş məbləğin mal-materialların alınmasını xərclədiyini bildirmiş və iddiaya etiraz edərək rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı QSC (alıcı) ilə X4 (satıcı) arasında 30 iyul 2020-ci il tarixdə 300720 saylı alqısatqı müqaviləsindən müəyyən edilir ki, həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı satış məqsədi üçün alıcıya “reklam” kateqoriyalı mallar, bu müqavilənin ayrılmaz hissəsi olan invoysa əsasən alıcının sifarişinə uyğun formalaşdıraraq göndərir. 5.1-ci bəndinə əsasən malların qəbulu alıcı və satıcının rəsmi nümayəndələrinin iştirakı ilə keçirməlidir. 6.1-ci bəndinə əsasən qəbul olunan malların miqdarına görə ödəniş aparılacaqdır. 6.2-ci bəndinə əsasən ödəmə şərtləri hər sifarişdə ayrı ayrıca invoysda qeyd olunması və müqaviləyə əlavə olunması nəzərdə tutulmuşdur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 21.05.2020-ci il tarixli 005XOH********** saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı QSC tərəfindən X2 hesabına 2.500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 27.07.2020-ci il tarixli 212OPXO202090525 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı QSC tərəfindən X2 hesabına 2.200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 27.07.2020-ci il tarixli 366658/00520 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı QSC tərəfindən X2 hesabına 3.900 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 27.07.2020-ci il tarixli 623 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı QSC tərəfindən X2 hesabına 4.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 30.04.2020-ci il tarixli 366658/00476 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı QSC tərəfindən X2 hesabına 2.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı QSC tərəfindən tərtib edilmiş sifariş aktından müəyyən olunur ki, İddiaçı QSC tərəfindən Nural Mirhadiyevdən 1 ədədin dəyəri qiyməti 3.550 manat olan 11 ədəd ATM bankomat üçün 1-li köşk, 1 ədədin qiyməti 450 manat olan 7 ədəd divariçi bankomat üçün çətir (735*1340 mm), 1 ədədin qiyməti 450 manat olan 5 ədəd divariçi bankomat üçün çətir (790*1400 mm), cəmi 44.450 manat məbləğində olan mal sifariş edilmişdir. ATM bankomat üçün 1-li köşkün 1 ədədi təhvil verilmiş, faktiki istehsal olunacaq say 10 ədəd təşkil edir. İddiaçı QSC tərəfindən X3 ünvanlanmış 17.11.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı QSC N.Mirhadiyevlə ilə aralarında bağlanmış müqaviləyə tərəflərindən birtərəfli qaydada xitam verildiyini bildirmiş və sonuncudan 15.11.2020-ci il tarixinədək müəssisəyə olan 10.600 manat məbləğində borcun ödənilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edlməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə cavabdeh X4 arasında 30.07.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən təqdim ediləcək malların dəyəri olan 14.600 manat məbləğində pulu cavabdehə qabaqcadan ödəmiş, cavabdeh isə sifariş edilmiş cəmi 44.450 manat məbləğində malları son təhvil tarixinədək, yəni 05.09.2020-ci il tarixədək iddiaçıya təqdim etməli olduğu halda hal-hazıradək yalnız 3.550 manat qiyməti olan 1 ədəd köşkü və 450 manat qiyməti olan 1 ədəd çətiri iddiaçıya təhvil vermişdir. Cavabdehin iddiaya etirazına əsas kimi istinad etdiyi iddiaçı tərəfindən sifariş olunmuş mallardan bir ədəd köşkün və bir ədəd köşkün karkasının hazır olması, lakin iddiaçının həmin malları təhvil almaqdan imtina etməsi, eləcə də 14.600 manat məbləğində qabaqcadan ödənişi köşk və çətirlərin hazırlanması üçün zəruri malmateriallara xərcləməsi barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh yuxarıda göstərilən halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdehin məhkəməyə təqdim etdiyi whatsapp yazışmalarına münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 89.2-ci maddəsinə görə faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Hazırkı halda isə məhkəməyə təqdim edilmiş yazışmaların həqiqiliyi müəyyən edilmədiyindən həmin yazışmalar məhkəmə tərəfindən sübut qismində qəbul edilmir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi sözügedən yazışmalar cavabdehin iddiaya etirazına əsas kimi istinad etdiyi halları, eləcə də ümumiyyətlə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən faktiki halları təsdiq edən məlumatları özündə əks etdirmir. Belə olan halda isə göstərilən yazışmaların həqiqi olması ehtimal edilsə belə onların MPM-in 76.1-ci maddəsinin tələbləri baxımından hazırkı mübahisə üzrə sübut hesab edilməsi üçün əsas yoxdur. MPM-in 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, 14.600 manat məbləğində qabaqcadan ödəmənin müqabilində cavabdeh X4 tərəfindən İddiaçı QSC-yə yalnız 4.000 manat dəyərində mal təqdim edilmişdir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə alqı-satqı müqaviləsinə əsasən təqdim edilməli malların dəyəri olan 10.600 manat məbləğində pul vəsaiti İddiaçı QSC tərəfindən cavabdeh X3 qabaqcadan ödənilsə də, həmin pulun müqabilində müvafiq malların iddiaçıya təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən malın dəyəri olaraq qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 10.600 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 10.600 manat (on min altı yüz manat) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar