Məhkəmə qərarları › İş №e-2-2(113)-793/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-793/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-793/2024 05.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən (kommersiya qurumunun adı dəyişmədən öncə - “X1” MMC) 12698,24 manat (on iki min altı yüz doxsan səkkiz manat iyirmi dörd qəpik) məbləğində ödənilməmiş borc vəsaiti, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, ümumilikdə 12898,24 manat (on iki min səkkiz yüz manat iyirmi dörd qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC (kommersiya qurumunun adı dəyişmədən öncə - “X1”) arasında BAND 001/22 nömrəli, xx.xx.2022-ci il tarixli təchizat müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1.-ci bəndinə əsasən təchizatçı İddiaçı MMC alıcı Cavabdeh MMC tərəfindən sifariş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci və 3.4-cü bəndinə əsasən hesab-fakturada göstərilən ödənişlərin elektron-qaiməyə əsasən yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Müqavilə xx.xx.2022-ci il tarixdə imzalandıqdan sonra xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixə kimi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə dəyəri 14792,97 manat məbləğində müxtəlif adda və çeşiddə mal göndərilmişdir. Hazırkı vəziyyətdə qeyd olunan müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 12698,24 manat (on iki min altı yüz doxsan səkkiz manat iyirmi dörd qəpik) məbləğində ödənilməmiş borcu qalmışdır. Qeyd olunan borcun mövcud olmasını təsdiq edən müqavilə, elektron qaimələr, çıxış qaimələri, üzləşmə aktı və vergi ödəyicinin tarixçələri iddia ərizəsinə əlavə olunaraq məhkəməyə təqdim olunur. Həmin borc məbləğinin ödənilməsi ilə bağlı Cavabdeh MMC-nin məsul şəxsləri ilə dəfələrlə üzbəüz şəxsən, mobil telefon vasitəsilə əlaqə saxlanılıb, müqavilə öhdəliklərini icra etmələri xahiş edilmiş, hər dəfə cavabdeh tərəfindən ona möhlət verilməsi, ən qısa zamanda borcun ödəniləcəyi bildirmişdir. Lakin buna baxmayaraq, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra olunmamış, borc ödənilməmiş, son vaxtlar isə cavabdehlə nə şəxsən, nə də telefon vasitəsilə əlaqə saxlamaq mümkün olmamışdır. Mübahisəli məsələnin məhkəmədən kənar qaydada həlli üçün rəsmi pretenziya məktubu göndərilsə də, mediator vasitəsilə ilkin mediasiya sessiyasında iştirak edilsə də, cavabdeh həm pretenziya məktubuna cavab verməmiş, həm də ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmiş, mübahisənin müsbət istiqamətdə məhkəmədən kənar qaydada həlli üçün heç bir addım atmamışdır. Yalnız bundan sonra iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 445.2.1, 425.1, 430.1, 442.1, 462.1, 567-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, təchizatçı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə BAND001/22 saylı təchizat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən təchizatçı alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən xüsusi şərtlərə (kommersiya şərtlərinə) uyğun olaraq malın təchizatı müqabilində ödəniş edəcək. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bütün ödənişlər hesab-faktura əsasında alıcı tərəfindən təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən hesab-fakturada göstərilən ödəniş günləri təqvim günüdür. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən elektron qaimədə müqavilənin nömrəsi və mal sifarişinin nömrəsi göstərilməlidir. Əgər hesabfaktura periodik olaraq göndərilibsə o zaman üzləşmə üçün müvafiq açıqlama məlumatlarında (e-mail vasitəsilə və elektron daşıyıcı ilə) qeyd edilməlidir, əks halda bununla bağlı ödənişlərdə baş verə biləcək gecikmələrə görə alıcı məsuliyyət daşımayacaq. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən hesab-fakturada mal sifarişinin nömrəsi, malın dəqiq təsviri, miqdarı, qiyməti və ştrix kodu, alıcının dəqiq adı və s. məlumatlar göstərilməlidir. Malın qiyməti ƏDV xaric olmaqla göstərilməlidir. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən mal sifarişi qiymətlər və qəbuletmə ilə bağlı aşağıdakı müddəaları əhatə etməlidir: - hesab-fakturada qeyd olunan qiymətlərlə mal sifarişlərində qeyd olunan qiymətlər arasında hər hansı uyğunsuzluq olarsa, fərq alıcının mənafeyinə uyğun şəkildə (sifarişdə göstərilən qiymətlər əsas götürülməklə) həll ediləcəkdir. Mübahisə yarandığı halda mal alıcı tərəfindən qəbul edilməyəcəkdir; - çatdırılmış malın miqdarı mal sifarişində razılaşdırılmiş miqdardan az olduğu təqdirdə, dövriyyə və bütün endirimlər mal sifarişində göstərilən miqdar əsasında hesablanacaqdır. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən təchizatçı müqavilə ilə bağlı alıcı tərəfindən kəsilmiş istənilən hesab-fakturanı belə hesab-fakturanın təqdim edildiyi gündən etibarən 14 təqvim günü ərzində ödəməyi öhdəsinə götürür. Hesab-fakturanın təqdim edildiyi gündən etibarən 10-cu gün alıcı tərəfindən mail (elektron poçt) vasitəsilə təchizatçıya xatırlatma göndərilir. Bundan sonra qeyd olunan müddətdə ödəniş olunmazsa alıcı tərəfindən təchizatçıya ödəniləcək məbləğ də həmin müddətə qədər gecikdirilir.

8. İddiaçı tərəfindən iş materiallarına malların təhvil-qəbul aktları, yol nəqliyyat qaimələri, giriş və çıxış qaimələri, elektron qaimələr əlavə edilmişdir.

9. "xxxx" ASC tərəfindən tərtib edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2022-ci il tarixdə 2586,43 manat (ödənişin təyinatı: xx.xx.2022-ci il tarixli BAND001/22 saylı müqavilə) məbləğində vəsait köçürülmüşdür.

10. xx.xx.2024-cü il tarixli ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2022-ci il tarixdə 465,56 manat (ödənişin təyinatı: xx.xx.2022-ci il tarixli BAND001/22 saylı müqavilə) məbləğində vəsait köçürülmüşdür.

11. İddiaçı MMC və “X1” MMC (indiki Cavabdeh MMC) arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2022-cü il tarixinə “X1” MMC-nin (indiki Cavabdeh MMC) İddiaçı MMC-yə 12698,24 manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və “X1” MMC-nin (indiki Cavabdeh MMC) möhürü ilə təsdiq edilmişdir.

12. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilən xx.xx.2023-cü il tarixli, P- 113/23 nömrəli pretenziya məktubundan görünür ki, borcun ödənilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

14. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

15. İddia tələbini Cavabdeh MMC-dən 12698,24 manat borc məbləğinin tutulması təşkil edir.

16. Müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddaçı həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh tərəfindən öhdəliklər lazımınca icra olunmamış, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

17. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə mallar göndərilmiş, lakin onların dəyərinin yalnız az bir hissəsi ödənilmiş, bir hissəsi də qaytarılmışdır. Qalan borcla bağlı tərəflər arasında üzləşmə aktı tərtib edilmişdir. Üzləşmə aktından göründüyü kimi, xx.xx.2022-ci il tarixə qalıq borc məbləği 12698,24 manat təşkil etmişdir. Üzləşmə aktı ilə yanaşı, sübut qismundə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən müqavilə, malların təhvil-qəbul aktları, yol nəqliyyat qaimələri, giriş və çıxış qaimələri də iddia tələbinin əsaslı olmasını göstərir.

18. Beləliklə, məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 12698,24 manat (on iki min altı yüz doxsan səkkiz manat iyirmi dörd qəpik) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

19. İddiaçı həmçinin 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

20. Məhkəmə hesab edir ki, 200 (iki yüz) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 12698,24 manat (on iki min altı yüz doxsan səkkiz manat iyirmi dörd qəpik) əsas borc, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 12898,24 manat (on iki min səkkiz yüz doxsan səkkiz manat iyirmi dörd qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar