Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-794/2021 12.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxx 2017-ci il tarixli alqı-satqı və xidmət müqavilələrinə əsasən yaranmış 26.084 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx xxx 2017-ci il tarixli alqısatqı müqaviləsini bağlamışdır. Həmin malların dəyərinin bir qismi iddiaçıya ödənilsə də, 21.927 manat məbləğində pul vəsaiti bu günə qədər də ödənilməmişdir. Bundan başqa xx xxx 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən sifarişçiyə -Cavabdehnə məxsus Beton Zavodunda qeyd olunan tarixdən etibarən qurğu və avadanlıqların idarə edilməsi, istehsal avadanlıqlarına montaj olunması, istehsaldan əvvəl və sonra avadanlığa təhlükəsizlik qaydalarına riayət etməklə texniki baxışın, qulluğun və qeyd olunan işlərlə əlaqədar digər xidmətlərin göstərilməsini təmin etməli idi. Həmin müqavilə əsasında da tam 1 ay üçün iddiaçıya 1.650 manat məbləğində xidmət haqqı ödənilməli idi. Qeyd edir ki, həmin xidmət müqaviləsi üzrə qaimələrdən də göründüyü kimi 2017-ci il dekabr ayının, 2018-ci ilin yanvar ayının və 2018-ci ilin fevral ayının xidmət haqları, cəmi 4.157 manat məbləğində xidmət haqqı bu günə qədər də ona ödənilməmişdir. Hal-hazırda alqı-satqı və xidmət müqavilələri üzrə borc məbləği 26.084 manat təşkil edir. Göründüyü kimi xx xxx 2017-ci il tarixli alqı-satqı və xidmət müqaviləsinin və Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Həmin borcun ödənilməsi və mübahisənin barışıq yolu ilə həll edilməsi üçün cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh MMC-nin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2017-ci il tarixində ödəniş olunmuş, iddiaçı isə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Yekunda iddia tələbi üzrə iddia müddətinin keçməsini nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC tərəfindən iddia ərizəsinə yazılı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddianı qəti şəkildə qəbul etmir. Şirkətlə İddiaçı arasında müqavilələr bağlansa da, həmin müqavilələr üzrə hər hansı xidmət göstərilməmiş, mallar alınmamışdır. Belə ki, iddiada qeyd etmişdir ki, guya cavabdeh tərəfindən ona müəyyən vəsait ödənilmişdir. Lakin bundan əvvəlki prosesdə iddiaçıya ünvanladığı bir neçə sualı və cavablarını diqqətə çatdırır:- Bağladığınız alqı-satqı müqaviləsi üzrə cavabdeh indiyədək vəsait ödəyib mi və ödəyibsə qədər nə qədər vəsait ödəyib?cavab: -Bəli ödəyib, qədərini bilmirəm- Həmin vəsait üzrə ən son nə vaxt ödəniş edilmişdir? cavab: -2017-ci ilin dekabrı -Ümumi borcun nə qədəri alqı-satqı müqaviləsi üzrədir? cavab: -4157 manat hissəsi xidmət üzrədir, qalan -21.927 manat isə alqı- satqı müqaviləsi üzrə?-Siz nə vaxt məhkəməyə müraciət etmisiniz? cavab: -dəqiq xatirlamıram. Məhkəməyə təqdim edilən arayışdan bəlli olur ki, bu alqı-satqı müqaviləsi üzrə borc sonuncu dəfə -2017-ci il tarixində ödənilmişdir. Ümumiyyətlə isə, alqı satqı müqaviləsi üzrə malın təhvil-təslim aktları saxtadır. Cavabehə təqdim edilməyib, malın alınması ilə bağlı olaraq elektron hesab-fakturalar onlar göndərilməyib. Həmçinin iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Həmçinin bildirir ki, xidmət müqaviləsi üzrə verdiyi sualları və cavabları təqdim edir:- İndiyə qədər xidmət üzrə sizə nə qədər vəsait ödənilib? Cavab: - Xatırlamıram. - Xidmət haqqı üzrə sonuncu dəfə nə zaman ödəniş edilib?- cavab: - Xatırlamıram. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx xxx 2017-ci il tarixli 01 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı İddiaçı alıcı Cavabdeh MMC-yə müqaviləyə əlavədə göstərilən mal-material dəyərlərini satır, alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin müddəti xx.xx.2017-ci ilədək müəyyən edilmişdir. Müqavilə hər iki tərəfin imzası, alıcının möhürü ilə təsdiq edilmişdir. İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx xxx 2017-ci il tarixli XM 002 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçiyə məxsus beton zavodda qeyd olunan tarixdən etibarən qurğu və avadanlıqların idarə edilməsi, istehsal avadanlıqlarına nəarət və avadanlıqlarının montaj olunması, istehsaldan əvvəl və sonra avadanlığa təhlükəsizlik qaydalarına riayət etməklə texniki baxışın, qulluğun və qeyd olunan işlərlə əlaqədar digər xidmətlərin göstərilməsini təmin edir, bunun müqabilində sifarişçi icraçıya istehsalat təqviminə əsasən hər aya görə 1.650 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası, sifarişçinin möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən 2017-ci ilin dekabr ayında göstərilmiş 1476 manat dəyərində xidmətlərə dair xx.xx.2017-ci il tarixli 064812 saylı, FÇX seriyalı qaimə-faktura tərtib edilmiş və Cavabdeh MMC-yə təqdim edilmişdir. İddiaçı tərəfindən 2018-ci ilin yanvar ayında ƏDV daxil 1650 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAH seriyalı, 263481 saylı elektron qaimə tərtib edilmiş və elektron sistem vasitəsilə Cavabdeh MMC-yə təqdim edilmişdir. İddiaçı tərəfindən 2018-ci ilin yanvar ayında ƏDV daxil 1.031,25 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 552272 saylı elektron qaimə tərtib edilmiş və elektron sistem vasitəsilə Cavabdeh MMC-yə təqdim edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə müraciət edilərək, xx xxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə və xx xxx 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən cəmi 26.084 manat məbləğində pulun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh MMC adından tərtib edilmiş və Apaydin Turkay, Vəliyev Eldəniz və İddiaçı tərəfindən imzalanmış aktlardan müəyyən edilir ki, aktı imzalamış şəxslər Gəncə layihəsi üzrə işlər aparılarkən cəmi 28.497,3 manat və 4.300 ABŞ dolları məbləğində xərc çəkilməsini təsdiq edirlər. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı iddiası iki tələbdən – xidmət müqaviləsi üzrə borc tələbindən və alqı-satqı müqaviləsi üzrə borc tələbindən ibarətdir.
1. Xidmət müqaviləsi üzrə borc tələbi İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış xx xxx 2017-ci il tarixli XM 002 saylı xidmət müqaviləsi üzrə 2017-ci ilin dekabr-2018-ci ilin fevral aylarında (birinci 20 gün) göstərdiyi xidmətin dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini əsas göstərərək xidmət haqqına görə 4.157 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə 2017-ci ilin dekabr ayı üçün qaimə-fakturada nəzərdə tutulmuş 1.476 manat dəyərində göstərilmiş xidmətin haqqının ödənilmədiyini qəbul etsə də, 2018-ci ilin yanvar və fevral aylarında iddiaçı tərəfindən xidmətin göstərilmədiyini bildirir. Cavabdeh iddiaçı tərəfindən 2018-ci ilin yanvar və fevral aylarında xidmətin göstərilməməsi barədə dəlilini əsaslandırmaq üçün həmin aylarda xidmətlərin göstərilməsi barədə təhvil-təslim aktlarının mövcud olmamasına istinad edir. Məhkəmə əvvəla qeyd edir ki, tərəflər arasında mübahisəli xidmət müqaviləsi xx xxx 2017-ci ilin may ayından bağlanmış və həmin vaxtdan etibarən 2017-ci ilin dekabr ayınadək cavabdeh tərəfindən xidmət göstərilməsi və həmin xidmətə görə iddiaçıya aylıq xidmət haqqınin ödənilməsi işin mübahisə edilməyən halı olsa da, cavabdeh tərəfindən hər hansı ay üzrə tərəflər arasında imzalanmış xidmətlərin təhvil-təslim aktı məhkəməyə təqdim edilməmişdir. Belə olan halda aydın olur ki, tərəflər arasında müqavilədə nəzərdə tutulmuş xidmət haqqının ödənilməsinin təhvil-təslim aktı olmadan qaimə-fakturalar əsasında həyata keçirilməsi ilə bağlı işgüzar təcrübə formalaşmışdır. 2017-ci ildə həmin qaimə-fakturalar sifarişçiyə kağız daşıyıcıda təqdim edildiyi halda, 2018-ci ilin yanvar ayından başlayaraq isə Vergi Məcəlləsinə edilmiş dəyişiklərə uyğun olaraq isə elektron qaydada təqdim edilmişdir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsində icraçının göstərdiyi xidmətlərə görə xidmətlərin həcmindən asılı olmayaraq ödənilməli olan aylıq xidmət haqqı məbləği müəyyən edilmişdir. Bu isə o deməkdir ki, müqavilənin qüvvədə olduğu müddət ərzində həmin xidmət haqqı sifarişçi tərəfindən hər ay həmin ayda göstərilmiş xidmətin həcmindən asılı olmayaraq ödənilməli idi. Cavabdeh MMC isə mübahisəli xidmət müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərinə 2018-ci ilin yanvar ayında xitam verilməsini (məsələn, iddiaçıya xidmət müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilməsini) təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdehin 2018-ci ilin yanvar və fevral ayları üçün (birinci 20 gün) müqavilədə nəzərdə tutulmuş xidmət haqqını ödəməkdən imtina etməsi üçün əsasın mövcudluğu məhkəmə tərəfindən müəyyən edilmir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə cavabdehin iddiaçıya 4.157 manat məbləğində xidmət haqqı borcunun yarandığını, eləcə də iddiaçının həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia əsaslıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, artıq qeyd edildiyi kimi iddia tələbinin xidmət müqaviləsindən irəli gələn hissəsi 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar və fevral aylarında göstərilmiş xidmətlərə görə yaranmış borcların tutulması tələbindən ibarətdir ki, həmin borcların ən köhnəsi cavabdehə 2017-ci ilin dekabr ayının 30-da təqdim edilmiş qaimə-faktura əsasında yaranmışdır. Belə olan halda isə aydındır ki, iddiaçı hazırkı iddianı xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etməklə iddia tələbinin göstərilən hissəsinə münasibətdə qanunda müqavilə tələbləri üçün nəzərə tutulmuş 3 illik iddia müddətini buraxmamışdır. 2.Alqı-satqı müqaviləsi üzrə pulun tutulması. İddiaçı həmin hissədə iddiasını Cavabdeh MMC-nin aralarında bağlanılmış xx xxx 2017-ci il tarixli 01 saylı alqı-satqı müqaviləsi üzrə alınmış malın dəyərini ödəməməsi, nəticədə cavabdehin 21.927 manat məbləğində borcunun yaranması ilə əsaslandırmış, lakin həmin alqı-satqı müqaviləsi üzrə cavabdehə hər hansı mal təqdim etməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək üçün iddiaçının təqdim etdiyi aktlara münasibətdə məhkəmə qeyd edir ki, birincisi, həmin aktlar İddiaçı malların alınması ilə bağlı deyil, layihə üzrə xərclərin çəkilməsi ilə bağlı tərtib edilmişdir, bundan əlavə həmin aktlarda göstərilən xərclərin kim tərəfindən çəkilməsi də aydın göstərilməmişdir. İkincisi, həmin aktları cavabdeh Cavabdeh MMC-nin adından imza etmiş şəxslərin sonuncunun adından həmin sənədləri imzalamaq səlahiyyətinin olması iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda isə məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair hissədə iddia tələbi əsassızdır. Bununla yanaşı Cavabdeh MMC-nin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 372.2-ci maddəsi hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən normaların məzmunundan göründüyü kimi iddia müddətinin buraxılması şəxsin hüququnun müdafiəsi üçün məhkəmədə iddia qaldırılmasını istisna etmir. Lakin bu halda cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərsə, iddia əsaslı olmasına baxmayaraq məhkəmə tərəfindən rədd edilir. Başqa sözlə desək, iddia müddəti mahiyyətinə görə şəxsin qanunla qorunan hüquq və maraqlarının pozulmasından irəli gələn əsaslı iddiasının təmin oluna biləcəyi müddəti ifadə etdiyindən yalnız iddia əsaslı olduğu hallarda məhkəmə tərəfindən tətbiq edilir. Göstərilən hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2008-ci il tarixli qərarında, eləcə də bir sıra digər qərarlarında əks edilmişdir. Həmin qərara görə iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Belə olan halda məhkəmə hazırkı iddia tələbinin alqı-satqı müqaviləsindən irəli gələn hissəsinin əsassız olmasının işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyini nəzərə alaraq hesab edir ki, həmin tələbə münasibətdə iddia müddətinin tətbiq edilməsinə ehtiyac qalmır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2017-ci il tarixli XM002 saylı Xidmət Müqaviləsi üzrə 4.157,53 manat (dörd min yüz əlli yeddi manat, əlli üç qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva