Məhkəmə qərarları › İş №e-2-2(113)-7943/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7943/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7943/2024 19.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədə nəzərdə tutulmuş öhdəliyini icra etməyən cavabdeh fiziki şəxs Cavabdeh tərəfindən ödənilməyən 5560 AZN məbləğdə (ƏDV məbləği daxil) əsas borcun və gecikdirilən hər bir günə görə nəzərdə tutulmuş ümumi məbləğin 5%-i miqdarında hesablanmış və güzəşt edilərək ağlabatan məbləğdə müəyyən olunmuş 30.160 AZN məbləğində faiz borcunun (cərimənin) və dövlət rüsumuna görə ödənilmiş 199 AZN, ümumilikdə 35919 AZN məbləğində vəsaitin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bir tərəfdən İddiaçı MMC (VÖEN:**********) və digər tərəfdən fiziki şəxs Cavabdeh (VÖEN:**********) arasında CHC 28/2022 saylı, 13 avqust 2022-ci il tarixli malların alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən müəssisə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən sement məhsullarını (bundan sonra “mallar”) satmaq hüququnu Cavabdeh verir. Cavabdeh Müəssisənin verdiyi malların satışını (bu malların ticarət nişanı və markasını) təşkil edir və müəssisə tərəfindən təchiz edilən malların hazırki müqavilənin müvafiq şərtlərinə əsasən ödənişini Müəssisənin hesabına ödəyir. Müəssisə satılan malın keyfiyyətini təmin etməyi, malı vaxtında təmin etməyi, alıcı isə bu müqavilənin şərtlərinə uyğun olaraq malı vaxtlı-vaxtında qəbul etmək və onun dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müvafiq müqaviləyə 1 nömrəli əlavə razılaşmaya uyğun olaraq, Müəssisənin cavabdeh (alıcı) Cavabdeh verdiyi məhsulların satış qiymətləri də müəyyən edilmişdir. Həmin 1 nömrəli əlavə iddia ərizəsinə əlavə edilir. Həmin müqaviləyə əsasən yazılmış: 1) xx.xx.2022-ci il tarixli EBCC seriyalı, 350610 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə fakturaya əsasən cavabdehə ümumi dəyəri 4060 (dörd min altmış) AZN olan (ƏDV məbləği daxil) 26 ton SEMENT(CEM İİ B-P 32,5 R KİSE (40 KG); CEM İİ BM(PL) 32,5 R KİSE (40 KG)) məhsullarının satışı həyata keçirilərək, təhvil verilmişdir. Bundan başqa həmin müqaviləyə əsasən yazılmış xx.xx.2022-ci il tarixli EBCJ seriyalı, 490808 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə fakturaya əsasən cavabdehə dəyəri 1500 AZN olan (ƏDV məbləği daxil) 10 ton SEMENT(CEM İİ BM (P-L) 32,5 R KİSE (40 KG)) məhsullarının satışı həyata keçirilərək təhvil verilmişdir. 13 avqust 2022-ci ildə bağlanmış malların alqı-satqı müqaviləsinin 9.2.4cü bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq alıcı malı vaxtlı vaxtında qəbul etməyi və onun dəyərini ödəməyi, həmçinin sifariş verdiyi malın dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdən gec ödəyərsə, gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 5%-i miqdarında “satıcı”ya cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 11-ci maddəsində də müqavilə üzrə ödəniş şərtləri nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 11.2-ci bəndinə əsasən Müqavilə imzalandıqdan sonra 5 gün müddətində “Alıcı” tərəfindən malların təchiz olunması üçün “Satıcı”ya yazılı sifariş verilir və “Alıcı” tərəfindən verilmiş sifarişin dəyəri “Satıcı”ya 10 gün müddətində ödənilir. Lakin cavabdeh tərəfindən müqavilənin qeyd olunan şərtləri kobudcasına pozulmuş və müəyyən edilmişdir ki, satış həyata keçirilən gündən alınmış malların dəyəri, yəni 5560 AZN məbləğ (ƏDV məbləği daxil) hələ də ödənilməmişdir. Bundan əlavə müqavilə bağlandığı tarixdən indiyədək heç bir ödənişin edilmədiyini nəzərə alınsa, cavabdehə hər gecikdirilmiş gün üçün (5560x5%)x24 ay=200.160 manat ) ƏDV daxil olmaqla ümumilikdə 200.160 manat faiz borcu olaraq cərimə hesablanmışdır. Lakin buna baxmayaraq cavabdehə güzəşt edilərək ağlabatan məbləğ müəyyən olunmaqla 30.160 (otuz min yüz altmış) AZN məbləğində faiz borcunun (cərimənin) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin 17.1-ci maddəsinə əsasən, müqavilə üzrə bütün mübahisələr danışıqlar yolu ilə həll olunur. Razılıq əldə olunmadıqda mübahisələr AR qanunvericiliyinə müvafiq olaraq məhkəmə yolu ilə həll edilir. Həmin müddəaya uyğun olaraq cavabdeh fiziki şəxsə dəfələrlə telefonla xəbərdarlıq edilməsinə baxmayaraq o, öhdəliyin icrası üçün heç bir addım atmamışdır. Buna görə də qeyd olunan əsas borcun, habelə faiz borcunun (cərimənin) ödənilməsi ilə bağlı Cavabdeh xx.xx.2024-cü il tarixdə yazılı xəbərdarlıq (pretenziya) ünvanlanmış və ödənişlərin həyata keçirilməsi üçün göndərilən pretenziyaya da cavab verilməmişdir. Yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh yenə də ödənişin edilməsi üçün heç birtədbir görməmiş, müqavilə üzrə öhdəliyini icra etməmiş və ödənişlərdən boyun qaçırmışdır.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “Müqavilədə nəzərdə tutulmuş öhdəliyini icra etməyən cavabdeh fiziki şəxs Cavabdeh tərəfindən ödənilməyən 4290 AZN əsas borcun, bundan başqa gecikdirilən hər bir günə görə nəzərdə tutulmuş ümumi məbləğin 5%-i miqdarında hesablanmış (4290x5%)x20 ay= 128.700 AZN) və güzəşt edilərək ağlabatan məbləğdə müəyyən olunmuş 30.700 AZN məbləğində cərimənin və ödənilmiş 199 AZN məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CHC 28/2022 saylı alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-də göstərilən sement məhsullarını satmaq hüququnu alıcıya verir.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən satıcı alıcını bu müqavilənin şərtlərinə uyğun malları tələb olunan həcmi ilə təchiz edir.

11. Müqavilənin 1.4-cü bənidnə əsasən alıcı satıcının göstərdiyi malların satışını təşkile dir və satıcdan təchiz edilən malların hazırkı müqavilənin müvafiq şərtlərinə əsasən ödənişini satıcının hesabına ödəyir.

12. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı təchiz etdiyi malların satışını bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrlə tənzimləyir.

13. Müqavilənin 9.2.5-ci bəndinə əsasən alıcı sifariş verdiyi malın dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdən gec ödəyərsə gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 5%-i miqdarında satıcıya cərimə ödəməyi öhdəsinə götürür.

14. Müqavilənin 11.2-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra 5 gün müddətində alıcı tərəfindən malların təchiz olunması üçün satıcıya yazılı sifariş verilir və alıcı tərəfindən sifarişin dəyəri satıcıya 10 gün müddətində ödənilir.

15. Müqaviləyə xx.xx.2022-ci il tarixli 1 saylı Əlavəyə əsasən tərəflər satılacaq məhsulların həcmi və dəyərini razılaşdırıblar.

16. xx.xx.2022-ci il tarixli EBCC saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən 4060 manat dəyərində və xx.xx.2022-ci il tarixli, EBCJ490808 saylı e-qaiməyə əsasən 1500 manat dəyərində məhsul satışına dair qaimələr tərtib edilmişdir.

17. Təhvil-təslim aktına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi dövrləri əhatə edən illər üzrə mal satışı həyata keçirilmiş və həmin mallara görə qalıq borcun 4290 manat olması Cavabdeh tərəfindən imza edilməklə təsdiq edilmişdir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

20. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

22. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

24. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;

25. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

26. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

27. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

28. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CHC 28/202 saylı alqı-satqı müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-də göstərilən sement məhsullarını satmaq hüququnu alıcıya verir. Müqavilənin 1.2-ci bəndinə əsasən satıcı alıcını bu müqavilənin şərtlərinə uyğun malları tələb olunan həcmi ilə təchiz edir. Müqavilənin 1.4-cü bənidnə əsasən alıcı satıcının göstərdiyi malların satışını təşkil edir və satıcdan təchiz edilən malların hazırkı müqavilənin müvafiq şərtlərinə əsasən ödənişini satıcının hesabına ödəyir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən ödənişlər tam həyata keçirilməmiş və qalıq borc məbləği cavabdeh tərəfindən “Təhvil-təslim” adlı sənədə imza edilməklə təsdiq edilmişdir.

32. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə və təhvil-təslim aktı ilə təsdiq olunduğu üçün 4290 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.

33. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə 4290 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.

34. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə cərimə olaraq hesablanmış 30700 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə qismən əsaslı hesab edir.

35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

36. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

37. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

38. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan 30700 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 215 manat məbləğində müəyyən edilməlidir.

39. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat dövlət rüsumu ödənilmişdir.

40. Azərbaycan Respublikası MPM-in:

41. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

43. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyi üçün iddianın təmin edilmiş məbləğinə mütənasib olaraq dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 66 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 4290 manat əsas borc məbləği, 215 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 66 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar