Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7950/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12408,60 manat məbləğində əsas borcun, 127,23 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli, 514 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları satıcı satmağı, alıc isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Alqı-satqı münasibətlərinin yekununda müştərinin qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə Cavabdeh və iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə “üzləşdirmə aktı” tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli “üzləşdirmə aktı”na əsasən, Cavabdeh İddiaçınə 18092 (on səkkiz min doxsan iki) manat 69 (altmış doqquz) qəpik məbləğində qalıq borcunun olduğu müəyyən edilmişdir. Daha sonra müştəri müəssisəyə müəyyən ödənişlər etdikdən sonra 12408 (on iki min dörd yüz səkkiz) manat 60 (altmış) qəpik icra olunmamış borc öhdəliyi qalmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Lakin alıcı müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəməmişdir. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda AR Mülki prosessual qanunvericiliyinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə pretenziya məktubu cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə İddiaçı MMC-yə 12408,60 (on iki min dörd yüz səkkiz manat altmış qəpik) manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli, 514 saylı alqı-satqı müqaviləsinə görə, satıcı müqaviləyə 1 saylı Əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
8. Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir.
9. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Bu müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir.
10. Müqaviləyə 1 saylı Əlavə ilə, 05 noyabr 2022-ci il tarixli, 514 saylı alqı-satqı müqaviləsinə əsasən satıcının alıcıya təhvil verməli olduğ malların adı, çəkisi, qiyməti, rəngi razılaşdırılmışdır.
11. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli üzləşdirmə aktına görə, xx.xx.2023-cü il tarixinə cavabdehin iddiaçıya əsas borcu 15332,80 manat, ƏDV borcu isə 2759,89 manat təşkil edir.
12. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli təhvil-təslim və üzləşdirmə aktına görə xx.xx.2024-cü il tarixinə cavabdehin iddiaçıya olan borcu 12408,60 manat təşkil edir.
13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli EBEC 156326 nömrəli 1225,17 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDL 005096 nömrəli 686,05 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 798921 nömrəli 1430,51 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 791019 nömrəli 476,84 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 953770 nömrəli 857,03 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 860672 nömrəli 638,79 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 540728 nömrəli 238,42 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 233425 nömrəli 809,78 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDİ 380411 nömrəli 1763,45 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDB 871008 nömrəli 4283,40 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
14. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçı qarşısında pulun ödənilməsi bağlı öhdəliyi tərəflər arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli, 514 saylı alqı-satqı müqaviləsinə əsasən meydana gəlmiş, iddiaçı müqavilədən irəli gələrək öz öhdəliyini icra edib cavabdehə mallar təqdim etməsinə baxmayaraq, cavabdeh müqavilə ilə üzərində düşən öhdəliyi tam şəkildə yerinə yetirməmiş, bununla da iddiaçının təhvil verilmiş malların dəyərinin tələb edilməsi hüququ yaranmışdır.
15. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşdirmə aktı ilə cavabdeh xx.xx.2024-cü il tarixə olan borc məbləğinin 12408,60 manat təşkil etməsini təsdiq etmişdir.
16. Cavabdeh tərəfindən borc məbləği mübahisələndirilməmiş, eləcə də xx.xx.2024cü il tarixdən sonra üzləşdirmə aktında göstərilən borcdan ödəniş edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
17. Buna görə də, iddiaçı tərəfindən təqdim olunan sübutlar nəzərə alındıqda iddia tələbinin əsaslılığı üçün yetərli əsaslar mövcuddur.
18. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 12408,60 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənlməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsi veriləkən ödənilmiş 127,23 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 12408,60 manat əsas borc, 127,23 manat dövlət rüsumu, ümumilikdə 12535,83 (on iki min beş yüz otuz beş manat səksən üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova