Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7952/2024 23.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə ödənilməmiş borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Azərbaycan filialı tərəfindən şirkətin hesabına ödənilməmiş borclu olduqları 10136.52 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, CASPİAN ” MMC inşaaat sahəsində xidmət göstərməklə təsis edilmişdir. Müxtəlif şirkətlərlə əməkdaşlıq etməklə xidmət müqaviləsini başlanır və həmin xidmət müqaviləsinə əsasən tikinti sahəsində işlər görülür. Cavabdeh MMC-nin Azərbyacan filialı ilə şirkət arasında 30.7.2022-ci il tarixdə YXM- 028/2022-1 saylı xidmət müqaviləsi başlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı "xxxx" MMC Cavabdeh MMC ilə birgə əməkdalıq edərək Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi işlərinə yardım etməli, bunun müqavilində isə xidmət müqaviləsinə əsasən cavabdeh təşkilat xidmət haqqını iddiaçının hesabına ödəməli idi. İlk əvvəl ödəmələrdə problemlər olmasa da son vaxtlar ödəmələrdə gecikmələr yaranmış, cavabdeh təşkilat tərəfindən ödəmələr tam şəkildə şirkətin balansına ödənməmişdir. Nəticədə ödənilməmiş 10136.52 manat pul qalmışdır. Dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar xidmət müqaviləsinin şərtlini pozaraq şirkət olan borclarını ödəməmişlər.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-cü il tarixli YX-028/2022- 1 saylı xidmət müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı Sifarişçinin sifarişi əsasında xidmətləri icra edərək Sifarişçiyə verməyi, Sifarişçi isə həmin xidmətləri qəbul etdikdən sonra müqavilə məbləğini ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmətin növləri, xidmət haqqı müqavilənin Əlavəsi olan “X2” ilə müəyyən edilir.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən Bu Müqaviləyə uyğun olaraq Xidmət İcraçı tərəfindən həyata keçirildikdən sonra "X2” ilə müəyyən edilmiş qiymətə uyğun xidmət haqqının ümumi məbləği faktiki görülən xidmətin həcminə mütənasib olaraq hər ay üzrə xidmətlərin göstərilməsi ilə bağlı “Xidmətlərin göstərilməsinə dair AKT” tərtib edilərək müəyyən edilir.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər arasında “Xidmətlərin göstərilməsinə dair AKT” tərtib edilərək yazılı təsdiq edildikdən sonra xidmət İcraçı tərəfindən icra edilmiş hesab edilir.
12. Müqavilənin 2.3-cü bəndinə əsasən “Xidmətlərin göstərilməsinə dair AKT” tərəflər arasında yazılı təsdiq edildikdən sonra İcraçı tərəfindən həmin Akt üzrə düzgün formada təqdim edilən elektron qaimə-faktura əsasında Sifarişçi tərəfindən 30 (otuz) iş günü ərzində Xidmətlərin dəyəri İcraçının bu Müqavilədə göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilir.
13. Müqavilənin 3.1-ci bəndinə əsasən Sifarişçi:
14. Müqavilənin 3.1.4-cü bəndinə əsasən xidmət haqqını bu Müqavilədə göstərilən müddətdə və miqdarda İcraçıya ödənilməsini təmin edir;
15. 21.12.2023-cü il tarixli EBDV633412 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən 17044,44 manat dəyərində və xx.xx.2024-cü il tarixli, EBDX297750 saylı e-qaiməyə əsasən 4916.66 manat dəyərində göstərilmiş xidmətlər üzrə e-qaimələr tərtib edilmişdir.
16. Hesab üzrə xx.xx.2024-cü il tarixli əməliyyatlara əsasən cavabdeh tərəfindən 8473,58 manat dəyərində EBDV633412 saylı e-qaimə üzrə ödəniş edilmiş, o cümlədən 945,19 manat dəyərində ƏDV ödənişi edilmişdir.
17. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
20. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
21. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
23. İddiaçı iddia edir ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki görülmüş, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, cavabdeh tərəfindən təyinatı məhz elektron qaimələr göstərilməklə qismən ödənişlər edilsə də, 10136,52 manat məbləğində borc ödənilməmiş qalmışdır.
24. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli və iddiaçı tərəfindən cavabdehə göstərilən 10136,52 manat məbləğində xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.
25. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 121 manat dövlət rüsumu ödənilmişdir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün 121 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialından xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə 10136,52 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 121 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova