Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-796/2025 04.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “X5” MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 27 iyun 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 4791,0448 manat məbləğində pulun və ödənilmiş 67,9 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı və cavabdeh arasında 27 iyun 2024-cü il tarixdə GMS-ALS-1616 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. 28 iyun 2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 4790,0448 manat olan 240 ədəd, 720 ədəd və 12 000 ədəd olmaqla üç növ mal satılmışdır. Bundan sonra iddiaçı tərəfindən cavabdehə elektron qaimə göndərilmişdir. 28 iyun 2024-cü il tarixdə cavabdehin direktoru Qanuni nümayəndə2 tərəfindən mallar təhvil alınmışdır. Müqavilə bağlandığı tarixdən etibarən cavabdeh və onun direktoruna dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçıya heç bir ödəniş edilməmişdir. Tərəflər arasında məhkəmədən öncə müəyyən danışıqlar aparılmış, lakin heç bir nəticə verməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.1-ci maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi X3 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə bildirişləri cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, hüquqi ünvanına, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İddia ərizəsinə əlavə edilən iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında 27 iyun 2024-cü il tarixdə bağlanmış GMS-ALS-1616 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, Satıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində Alıcının sifarişinə əsasən və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə təqdim olunan malını Alıcıya satır, Alıcı isə həmin Malı öz sərəncamına qəbul edib, onun dəyərini Satıcıya ödəyir (1.1). Malın spesifikasiyası, yəni tam adı, təsviri, miqdarı, qiymətləri və digər xüsusiyyətləri Əlavələrdə öz əksini tapmışdır (1.2). Satıcı sifariş olunan Malı Alıcın sifarişi ona çatdığı andan etibarən maksimum 2 (iki) iş günü ərzində Alıcıya çatdırmalıdır (2.1). Satıcı satdığı Malı Alıcının əvvəlcədən göstərdiyi ünvanına çatdırır (2.2). Malın Alıcıya çatdırılması üzrə bütün xərclər Malın bu Müqavilə ilə müəyyən olunmuş dəyərinə daxildir və Alıcı çatdırılma üçün heç bir əlavə ödəniş həyata keçirmir (2.3). Satıcı Alıcıya çatdırılmış Mal ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: elektron qaimə-faktura; AQTA qeydiyyatı və qida təhlükəsizliyi ilə bağlı aidiyyəti sənədlər (2.4). Mal Alıcıya çatdırıldığı zaman, Satıcı və Alıcının nümayəndələri Malın təhvil-təslim olunmasını sübut edən elektron qaimə-fakturanı birlikdə imzalayırlar. Bu sənəd Alıcıya təhvil verilən Malların çatdırılma tarixini, adlarını, miqdarını və digər təfərrüatlarını əks etdirir və Malların çatdırılmasını sübut edən əsas sənəd kimi qəbul edilir (2.5). X7 tərəfindən hər hansı qüsur aşkar edildikdə və yaxud Mallar bu Müqavilənin müvafiq müddəalarında göstərilən kəmiyyətə və ya keyfiyyətə uyğun gəlmədikdə, Alıcının belə Mallar üçün elektron qaimə-fakturanı imzalamaqdan imtina etmək və onları qəbul etməmək hüququ vardır (2.6). Sifariş olunan Mal Alıcının ünvanına çatdırıldıqdan sonra və Alıcıya bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında təhvil verildikdən sonra həmin Mal üzrə bütün risklər Alıcıya keçir və Malın qorunması öhdəliyi Alıcının üzərinə düşür (2.7). Malın dəyəri üzrə ödəniş həmin Malın Alıcının mülkiyyətinə təhvil verildikdən sonra 10 (on) təqvim günü ərzində Alıcı tərəfindən Satıcının bu Müqavilədə göstərdiyi bank hesablaşma hesabına köçürmə yolu 100% olaraq ödənilir (4.3).
11. Həmin müqaviləyə 27 iyun 2024-cü il tarixli 01 nömrəli əlavədən görünür ki, ayrıayrı içkilərin adı, ölçü vahidi, tarada sayı, qiyməti razılaşdırılmışdır.
12. Məhkəməyə təqdim edilən elektron qaimə-fakturadan görünür ki, xx.xx.2024-cü il tarixli MT2406 11609705 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4790,0448 manat dəyərində malın cavabdehə verilməsi üçün tərtib edilərək sonuncuya təqdim edilmişdir.
13. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2024cü il tarixli MT2406 11609705 seriya və nömrəli elektron qaimə sistem tərəfindən təsdiq edilmişdir.
14. Məhkəməyə təqdim edilən cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 məxsus ***-***-**-** nömrəli (“Elektron məhkəmə” informasiya sistemindən sorğulanaraq məxsusluğu təsdiq edilmiş) mobil telefon nömrəsi ilə iddiaçı tərəfin apardığı vatsap danışıqlarından görünür ki, 30 sentyabr 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixədək cavabdehin qanuni təmsilçisi dəfələrlə iddiaçının nümayəndəsinə borc məbləğini ödəyəcəyini bildirmiş, sonuncudan bank kartının göndərilməsini xahiş etmişdir.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 27 iyun 2024-cü il tarixli GMS-ALS-1616 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində cavabdehin sifarişinə əsasən və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə təqdim olunan malını cavabdehə satmağı, cavabdeh isə həmin malı öz sərəncamına qəbul edib, onun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən MT2406 11609705 seriya və nömrəli elektron qaimə əsasında cavabdehə ƏDV daxil olmaqla 4790,0448 manat dəyərində mal verilmiş, həmin elektron qaimə sistem tərəfindən təsdiq edilmişdir. Həmçinin cavabdehin qanuni təmsilçisinə məxsus mobil telefon nömrəsi ilə aparılan vatsap danışıqları zamanı sonuncu borcu qəbul etmiş, tezliklə ödəyəcəyini bildirmişdir.
16. İddiaçı 27 iyun 2024-cü il tarixli GMS-ALS-1616 nömrəli alqı-satqı müqaviləsi üzrə malların dəyəri olan 4790,0448 manat borcun tutulmasını tələb edir.
17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
22. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
26. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
27. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 4.3-cü bəndinin şərtləri nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
28. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
34. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
35. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 27 iyun 2024-cü il tarixli GMS-ALS-1616 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil olmaqla 4790,0448 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı “X5” MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
36. İddiaçı eyni zamanda ödənilmiş 67,9 manat dövlət rüsumunun da tutulmasını tələb edir.
37. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 67,9 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
38. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67,9 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı “X5” MMC-yə ödənilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 4790,0448 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67,9 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova