Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-797/2021 30.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və ödəniş məbləğinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanılmış 12 oktyabr 2020-ci il tarixli, 412 nömrəli və 21 oktyabr 2020-ci il tarixli, 429 nömrəli müqavilələrin ləğv edilməsi, hər bir müqavilə üzrə müvafiq olaraq 2850 (iki min səkkiz yüz əlli ) manat və 2850 (iki min səkkiz yüz əlli) manat olmaqla, ümumilikdə ödənilmiş 5700 (beş min yeddi yüz) manat xidmət haqqı məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 12 oktyabr 2020-ci il tarixli, 412 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh MMC İddiaçı MMC-nin www.agrovita.az internet saytında bir illik yerləşməsini təmin etməyi, İddiaçı MMC isə əvəzində 2850 manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, İddiaçı MMC və Cavabdeh MMC arasında 21 oktyabr 2020-ci il tarixli, 429 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh MMC İddiaçı MMC-nin www.agrovita.az internet saytında “email”lərin bir illik yerləşməsini təmin etməyi, İddiaçı MMC isə əvəzində 2850 manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış 12 oktyabr 2020-ci il tarixli, 412 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən 412 nömrəli hesab faktura, tərəflər arasında bağlanılmış 21 oktyabr 2020-ci il tarixli, 429 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən 429 nömrəli hesab faktura təqdim edilmişdir. Həmin fakturalar üzrə İddiaçı MMC tərəfindən müvafiq olaraq 13.10.2020-ci il tarixdə 2850 manat, 22.10.2020-ci il tarixdə isə 2850 manat olmaqla, ümumilikdə 5700 manat pul vəsaiti ”Vacancy” MMC-nin bank hesabına köçürülmüşdür. Lakin indiyədək Cavabdeh MMC tərəfindən qeyd olunan müqavilələr üzrə öhdəliklər icra edilməmiş, heç bir xidmət göstərilməmişdir. Müqavilələrin 5-ci maddəsinə əsasən tərəflər bu müqavilələrdən irəli gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edilməsinə üstünlük verirlər. Bir neçə dəfə şifahi müraciətlər edilməsinə baxmayaraq, səylər nəticəsiz qalmışdır. Bu səylər nəticəsiz qaldığı üçün cavabdehə mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsinə dair 10.12.2020-ci il tarixli, 01 nömrəli pretenziya verilmişdir. Pretenziya Cavabdeh MMC-nin vergi orqanlarında qeydiyyatda olduğu hüquqi ünvana göndərilmiş, lakin həmin ünvanda belə bir hüquqi şəxs olmadığı üçün geri qayıtmışdır. Beləliklə, pretenziya qaydasına əməl edilməsinə dair qanunla tələb olunan öhdəliyə riayət edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, müqavilələr “infoportal.az” saytının ana səhifəsində “aqrovita.az” saytının reklamının yerləşdirilməsi ilə bağlı deyil, hostinq xidmətlərinin göstərilməsi ilə bağlıdır. Cavabdeh tərəfindən müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh MMC tərəfindən müqaviləyə uyğun olaraq iddiaçının səhifəsi “infoportal.az” saytının ana səhifəsində yerləşdirilmişdir. Həmin xidmətə görə də iddiaçı tərəfindən ödənişlər edilmişdir. “İnfoportal.az” saytının ana səhifəsindəki reklam 2019-cu ilin oktyabr ayından yerləşdirilmişdir. 2020-ci ilin oktyabr ayına qədər bir il xidmət göstərilmişdir. 2020-ci ilin oktyabrında tərəflər arasında şifahi razılaşmadan əlavə müqavilə bağlanılmış və ödənişlər edilmişdir. Bundan sonra daha bir il müddətinə xidmət göstərilmişdir. Hesab fakturalarda da hansı xidmətin göstərilməsi qeyd olunmuşdur. Hal-hazırda da həmin saytın ana səhifəsində sözügedən reklam qalmaqdadır. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Sifarişçi qismində İddiaçı MMC ilə icraçı qismində Cavabdeh MMC arasında bağlanmış 12 oktyabr 2020-ci il tarixli, 412 nömrəli müqaviləyə əsasən icraçı sifarişçinin www.agrovita.az saytına bir illik yerləşməsini, sifarişçi isə 2850 manat xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. - Sifarişçi qismində İddiaçı MMC ilə icraçı qismində Cavabdeh MMC arasında bağlanmış 21 oktyabr 2020-ci il tarixli, 429 nömrəli müqaviləyə əsasən icraçı sifarişçinin www.agrovita.az e-mailllərinə bir illik yerləşməsini, sifarişçi isə 2850 manat xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. - 12.10.2020-ci il tarixli, EBAR seriyalı, 160894 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2850,00 manat təşkil edir. Elektron qaimənin “Əsas” qrafasında www.agrovita.az saytına bir illik yerləşmə qeyd olunmuşdur. - 21.10.2020-ci il tarixli, EBAR seriyalı, 548902 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2850,00 manat təşkil edir. Elektron qaimənin “Əsas” qrafasında www.agrovita.az e-mailllərinə bir illik yerləşmə qeyd olunmuşdur. - 13.10.2020-ci il tarixli, 117İNTL202870029 nömrəli hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 2850 manat məbləğində vəsait köçürülmüşdür. - 22.10.2020-ci il tarixli, 117İNTL202960010 nömrəli hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 2850 manat məbləğində vəsait köçürülmüşdür. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan 10.12.2020-ci il tarixli 01 pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-yə müraciət edilərək pretenziya üzrə tələblərin 7 gün müddətində icra olunması xahiş edilmişdir. Beləliklə, tərəflər arasında yuxarıda qeyd olunan müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Tərəflər yuxarıda göstərilən müqavilələri bağlamış, müqavilələrin məzmununu müəyyənləşdirmişlər. Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan hansı işlərin görülməsinə dair qaneedici cavabdlar verilməmişdir. Cavabdeh işinin iddiaçının saytının “infoportal.az” saytının ana səhifəsində yerləşdirilməsindən ibarət olduğunu bildirmiş, iddiaçı isə bununla razılaşmayaraq cavabdeh tərəfindən müqavilələrdə nəzərdə tutulan heç bir işin görülmədiyini iddia etmişdir. İddia tələbinin bir hissəsini Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanılmış 12 oktyabr 2020-ci il tarixli, 412 nömrəli və 21 oktyabr 2020-ci il tarixli, 429 nömrəli müqavilələrin ləğv edilməsi təşkil edir. İddia tələbinin göstərilən hissəsinə münasibətdə qeyd olunmalıdır ki, sözügedən müqavilələr 12 aylıq müddətə bağlanılmış və hazırkı vaxtda müqavilələrin qüvvədə olma müddəti qurtarmışdir. Beləliklə ləğv olunması tələb olunan müqavilələrin qüvvədə olma müddəti qurtardığından iddia tələbi qeyd olunan hissədə təmin olunmamalıdır. İddia tələbinin digər hissəsini Cavabdeh MMC-dən hər bir müqavilə üzrə müvafiq olaraq 2850 (iki min səkkiz yüz əlli ) manat və 2850 (iki min səkkiz yüz əlli) manat olmaqla, ümumilikdə ödənilmiş 5700 (beş min yeddi yüz) manat xidmət haqqı məbləğinin tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunmalıdır ki, müqavilələrin 1-ci bəndində nəzərdə tutulan “icraçı sifarişçinin www.agrovita.az saytına bir illik yerləşməsi”, eləcə də “icraçı sifarişçinin www.agrovita.az e-maillərinə bir illik yerleşməsi” işlərinin nədən ibarət olması və həmin işlərin görülməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Tərəflərin razılığına görə abunə haqqı hər müqavilə üzrə 2850 (iki min səkkiz yüz əlli) AZN məbləğində müəyyən edilmiş, həmin məbləğlər əvvəlcədən cavabdehin hesabına köçürülmüşdür. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqavilələrə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilməyən xidmətlərə görə ödədiyi məbləğlərin geri qaytarılmasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən hər bir müqavilə üzrə müvafiq olaraq ödənilmiş 2850 (iki min səkkiz yüz əlli ) manat olmaqla, ümumilikdə 5700 (beş min yeddi yüz) manat xidmət haqqı məbləği iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehndən ümumilikdə 5700 (beş min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 5730 (beş min yeddi yüz otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-797/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-797/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver