Məhkəmə qərarları › İş №e-2-2(113)-797/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-797/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-797/2025 08.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23237,69 (iyirmi üç min iki yüz otuz yeddi manat altmış doqquz qəpik) manat əsas borc, 2330 (iki min üç yüz otuz) manat cərimə, 2323,77 manat (iki min üç yüz iyirmi üç manat yetmiş yeddi qəpik) dəymiş ziyan (əldən çıxmış fayda), ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumu olmaqla, cəmi 28065,46 manat (iyirmi səkkiz min altımış beş manat qırx altı qəpik) məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (əvvəlki adı "xxxx" MMC) (bundan sonra “Alıcı” adlandırılacaq) ilə İddiaçı MMC (bundan sonra “Satıcı” adlandırılacaq) arasında xx.xx.2021-ci il tarixli, 161 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinin şərtinə görə bu müqavilə əsasında satıcı, hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandırılacaq sement, beton və xidmət növünü alıcıya satır. Alıcı isə malı alır və dəyərini ödəyir. Müqavilənin 1.2ci maddəsinə görə alıcının fəaliyyət növü tikintidir. Müqavilənin 2.1-ci maddəsinə görə malın qiyməti satıcı və alıcı ilə razılaşdırılmış formada müqaviləyə əlavədə müəyyən olunur. Satıcı xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək üzərinə düşən öhdəlikləri yerinə yetirərək alıcıya sement satmış və xidmətlər göstərmişdir. Alıcı isə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə İddiaçı MMC-yə ödəməli olan 23237,69 manat (iyirmi üç min iki yüz otuz yeddi manat altmış doqquz qəpik) pulu ödəməmişdir. Məhz buna görə də iddiaçı elektron qaydada göndərilmiş məktubla qalıq pulu cavabdehdən tələb edib, üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyini tələb etmiş, ancaq cavabdeh borcu qaytarmamışdır. İddiaçı hesab edir ki, iddia tələbində göstərilən əsas borcla yanaşı cavabdeh ona vurmuş olduğu ziyanı (əldən çıxmış fayda) və hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1% qədər cərimə də ödəməlidir. Müqavilənin 6.1.1-ci və 6.1.3-cü şərtlərinə görə satılmış malın vaxtlı-vaxtında alıcı tərəfindən qəbul edilməsini və razılaşdırılımış alış qiymətinin ödənilməsini tələb etmək, müqavilə ilə nəzərdə tutulmuş ödəniş şərtlərinin əməl olunmadığı halda, hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1%-i qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri tətbiq və tələb etmək və alınan malın dəyəri alıcı tərəfindən ödənilmədiyi təqdirdə satıcı yaranmış borc məbləğinin qaytarılması məqsədi ilə üçüncü tərəfə müraciət etmək və alıcıdan borc məbləğindən əlavə olaraq üçüncü tərəfin xidmətlərinin dəyərini ödəməyi tələb etmək satıcının hüquqlarından biridir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 425.1, 439.3, 449.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iddianın əsasını nə təşkil etdiyini anlamaq mümkün olmamışdır. Tərəflər arasında müqavilə üzrə münasibətlər mövcud olmuş və öhdəliklər yerinə yetirilmişdir. Qaimələr iddiaçı tərəfindən toplu şəklidə sistemə yüklənmişdir, hansı qaimə üzrə borc yarandığını müəyyən etmək mümkünsüzdür. Əlavə olaraq işgüzar münasibətlər və müqavilə öhdəliklərinə görə (müqavilə 3 maddə) iddiaçı cavabdehin, yəni Cavabdeh MMC-nin sifarişi əsasında 3 gün ərzində təhvil verməlidir. Hazırkı sənədlər arasında nə sifariş sənədləri, nə də ki, təhvil-təslim mövcud deyildir. Münasibətlərin bitməsindən 3 il sonra irəli sürülən borc iddiası düzgün olmamaqla yanaşı, əsassızdır. Həmin dövrdə fəaliyyət göstərmiş bütün heyət, hətta qanuni təmsilçi belə dəyişmişdir. Cavabdeh MMC-nin iddaçıya borcu yoxdur və tərəflər arasında bu, qeyd edilən dövrdə təsdiqini tapmışdır.

5. İddiaçı tərəfindən cavabdehin etirazına etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə ilə bağlı iddiaçı iddia tələbinin əsasını təşkil edən zəruri sənədləri məhkəməyə təqdim etmişdir. Buna baxmayaraq, cavabdeh iddia tələbini qəbul etməmiş və etiraz edərək, malların təhvil verilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sənəd təqdim edilməməsini, iddiaçının borc barədə hər hansı pretenziyasının olmamasını, ümumiyyətlə 3 ildən sonra pul tələb etməsini bildirmişdir. Halbuki, iddia ərizəsinə əlavə olunmuş alqı-satqı müqaviləsi, elektron qaimə-faktura, cavabdehin iddiaçıya bank vasitəsilə göndərmiş olduğu vəsaitlərin ödəniş tapşırıqları, pretenziya, iddia ərizəsinin cavabdehin elektron kabinetinə göndərilməsini təsdiq edən sənədlər cavabdeh tərəfindən həmin malların qəbul edilməsini təsdiq edir. Bundan başqa, iddiaçı qeyd etmək istəyir ki, hesab edilsə ki, iddiaçı cavabdehin sifariş etdiyi malların ona verilməsini təmin etməmişdir. Belə olan halda sual olunur: əgər iddiaçı cavabdehə malların verilməsini təmin etməmişdirsə, bəs onda cavabdeh niyə iddiaçıya bank vasitəsilə vəsaitin köçürülməsini təmin edirdi? Deməli, cavabdehin bu hissədə malları qəbul etməməsi kimi etirazı əsassızdır. Eyni zamanda, iddiaçı cavabdehin iddia ərizəsinə etirazda pulun 3 ildən sonra tələb edilməsi məsələsinə də münasibət bildirərək qeyd edir ki, cavabdehin bu arqumenti də tam əsassızdır. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 161 saylı alqısatqı müqaviləsinin 11.2-ci bəndində qeyd edilmişdir ki, “Bu müqavilənin əsas müddəti bitdikdə tərəflər arasında əlavə və dəyişiklik olmadığı halda müqavilənin müddəti hər il avtomatik olaraq 1 il müddətinə uzadılır”. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim olunmuş rəsmi sənədlərdən görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi üzrə münasibətləri xx.xx.2022-ci il tarixədək davam etmişdir. Bu müddət ərzində tərəflər həmin müqaviləyə əlavə və dəyişikliklər etməmişdir. Buna görə də müqavilədə nəzərdə tutulmuş qaydada müqavilənin müddəti avtomatik olaraq 1 il müddətinə uzadılmışdır. Buna görə də iddiaçı hesab edir ki, cavabdehin iddia müddəti ilə bağlı irəli sürdüyü arqumentin heç bir hüquqi əsası yoxdur. Mübahisənin sülh yolu ilə həll edilməsi üçün tərəflərə verilmiş vaxt ərzində cavabdehin nümayəndəsi ilə danışıqlar aparılsa da, heç bir müsbət nəticə əldə edilməmişdir.

6. Cavabdeh tərəfindən iddiaçının etirazına etiraz daxil olmuşdur. tərəflər arasında münasibətlər mövcud olsa da, faktiki heç bir borc qalmamış, öhdəliklər tam icra edilmişdir. Əlavə olaraq borc olduğu halda malların təchiz edilməsinin davam etdirilərək borcun şişirdilməsi başa düşülən olmamaqla, işgüzar adətlərə ziddir. Hazırkı iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, tərəflər arasında hansı mallar üzrə qalıq borcun yaranmasını sübut edən təhvil təslim aktları, sifariş orderləri və s. sübutlar təqdim edilməmişdir. İddiaçı 3 il ərzində heç bir iddia irəli sürməmiş, pretenziya belə göndərməmişdir. Elektron vergi sistemində avtomatik təsdiqlənmə nəticəsində daxil olmuş qaimələr həmin malların təhvil verilməsini sübut etmir və mövcud qanunvericiliyin, həmçinin işgüzar adətlərin tələbi olaraq təhvil təslim aktlarının, üzləşmələrin və ya sifarişlərin verilməsini təsdiq edən sənədlər zəruridir. Həmçinin borc yarandığı və ödənilmədiyi təqdirdə iddiaçının malları təchiz etməsini davam etdirməsi və borcun böyüməsinə şərait yaratması inandırıcı görünmür. Bu səbədən iddia əsassız olduğu üçün rədd edilməlidir. Tədqiq olunan sübutlar:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 etiraz ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 19 fevral 2021-ci il tarixli, 161 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə əsasında satıcı hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq sement, beton və xidmət növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alıcının fəaliyyət növü: tikinti. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti satıcı və alıcı ilə razılaşdırılmış formada müqaviləyə əlavədə müəyyən olunur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mal alıcı tərəfindən sifariş verildikdən sonra 3 iş günü ərzində (müqavilənin 4-cü maddəsi daxilində) alıcıya təhvil verilir. Ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd olaraq həyata keçirilir. Satıcı ödənişin gecikdirildiyi hər günə görə müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. Həmin müqavilənin 11-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək qüvvədədir. Həmin müqavilənin 11.2-ci bəndinə əsasən müqavilənin əsas müddəti bitdikdə tərəflər arasında əlavə və dəyişiklik olmadığı halda müqavilənin müddəti hər il avtomatik olaraq 1 il müddətinə uzadılır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2021-ci il tarixli, 161 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2021-ci il tarixli, 1 nömrəli əlavədə qeyd edilmişdir ki, tərəflər razılaşırlar ki, müqavilə üzrə satılacaq mallar (qum, Sement Cem İİ BM (P-L) 32,5 R Kisə - Unisem, Sement Cem İİ B-P 32,5 R Kisə - Mastersem, Sement Sulfasem PPS 400 Kisə - Sulfasem, Sement Cem İİ A-P 42,5 R Kisə - Betonsem) və onun qiyməti əlavədə əks olunmuş cədvələ uyğun müəyyən edilir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2021-ci il tarixli, 161 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2021-ci il tarixli, 3 nömrəli əlavədə qeyd edilmişdir ki, tərəflər razılaşırlar ki, müqavilə üzrə satılacaq mallar (qum, Sement Cem İİ BM (P-L) 32,5 R Kisə - Unisem, Sement Cem İİ B-P 32,5 R Kisə - Mastersem, Sement Sulfasem PPS 400 Kisə - Sulfasem, Sement Cem İİ A-P 42,5 R Kisə - Betonsem) və onun qiyməti əlavədə əks olunmuş cədvələ uyğun müəyyən edilir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. Məhkəməyə hazırkı mübahisə ilə bağlı bəzi təhvil-təslim aktları təqdim edilmişdir:

13. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 6829,5 manat olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt İddiaçı MMC-nin möhürü və tərəflərin imzası ilə təsdiq edilmişdir. (ƏDV xaric)

14. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 5630 manat olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt İddiaçı MMC-nin möhürü və tərəflərin imzası ilə təsdiq edilmişdir. (ƏDV xaric)

15. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 1344 manat olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt İddiaçı MMC-nin möhürü və tərəflərin imzası ilə təsdiq edilmişdir. (ƏDV xaric)

16. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 2142 manat olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt İddiaçı MMC-nin möhürü və tərəflərin imzası ilə təsdiq edilmişdir. (ƏDV xaric)

17. Məhkəməyə iddiaçı tərəfindən cavabdehə göndərilən elektron qaimələr təqdim edilmişdir. Hazırkı mübahisə ilə bağlı olan qaimələr aşağıdakılardır:

18. xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 090915 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8058,81 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi 161 nömrəli müqavilə göstərilmişdir.

19. xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 197316 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6643,4 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi 161 nömrəli müqavilə göstərilmişdir.

20. xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 871710 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1585,92 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi 161 nömrəli müqavilə göstərilmişdir.

21. xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 310469 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2527,56 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi 161 nömrəli müqavilə göstərilmişdir.

22. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 889327 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 882 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2021-ci il tarixli, 161 nömrəli müqaviləyə əsasən 001280 nömrəli əmtəə nəqliyyat qaiməsi qeyd edilmişdir.

23. Cavabdeh tərəfindən məhkəməyə sübut qismində göndərilmiş qaimələr üzrə edilmiş ödənişlərlə bağlı ödəniş tapşırıqları təqdim edilmişdir. Həmin qaimələrdəki ödənişin təyinatı və əsası hissəsindən müəyyən olunur ki, həmin ödənişlər hazırkı mübahisə ilə bağlı olmayan, əvvəlki qaimələr üzrə edilmiş ödənişlərdir.

24. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 23237,69 manat borcu vardır.

25. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə cədvəlinin məzmunundan müəyyən olunur ki, 295598,59 manat ümumi borcdan 272360,9 manat ödəniş edilmiş, 23237,69 manat qalıq borc qalmışdır.

26. İddiaçı tərəfindən iş materiallarına qaimə-fakturalar əlavə edilmişdir.

27. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya göndərilmişdir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

30. İşin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq sement, beton və xidmət növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edib, malları alıcıya təhvil versə də, cavabdeh qəbul etdiyi malın dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini lazımınca icra etməmişdir. Həmin hal işdə olan sübutlarla (təhvil-təslim aktları, elektron qaimələr) öz təsdiqini tapır. 31. İddia tələbinin bir hissəsini cavabdehdən tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 161 nömrəli müqavilə üzrə 23237,69 manat borcun iddaçının xeyrinə tutulması təşkil edir.

31. İddiaçının təqdim etdiyi maliyyə cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 090915 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 197316 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 871710 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 310469 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 889327 nömrəli elektron qaimələr üzrə ümumiyyətlə ödəniş edilməmişdir və müvafiq olaraq həmin qaimələr üzrə ümumi məbləğ 19697,69 manat (8058,81+6643,4+1585,92+2527,56+882=19697,69) təşkil edir. Eyni zamanda əvvəlki qaimələr üzrə ödənişlər edilərək (sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edilmişdir), xx.xx.2022-ci il tarixə 3540 manat qalıq borc qalmışdır. Həmin məbləğlər toplananda cəm 23237,69 (19697,69+3540=23237,69) təşkil edir.

32. Cavabdeh həmin borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə cavabdehin etirazını əsassız sayır. Belə ki, göründüyü kimi, iddiaçı cavabdehə elektron qaimələr göndərmiş, cavabdeh həmin qaimələr əsasında ödənişlərini həyata keçirmiş, axırıncı ödəniş xx.xx.2022-ci il tarixdə edilmiş, mübahisəli qaimələrlə bağlı isə iddiaçıya hər hansı etiraz bildirilməmişdir. Qeyd olunmalıdır ki, 2022-ci ildə edilmiş ödənişlər də 2021-ci ilin oktyabr ayına qədər göndərilən elektron qaimələr üzrə olmuşdur.

33. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapdığından iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 23237,69 manat (iyirmi üç min iki yüz otuz yeddi manat altmış doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

34. Eyni zamanda cavabdehin təqdim etdiyi ərizədəki “münasibətlərin bitməsindən 3 il sonra irəli sürülən borc iddiası” ifadəsi ilə bağlı cavabdehin nümayəndəsinə məhkəmə tərəfindən sual ünvanlanmış, nümayəndənin cavabı belə olmuşdur ki, biz ərizəni ona görə təqdim etmişik ki, iddiaçının 3 il ərzində iddia irəli sürməməsi şübhə doğurur, bizim yanaşmamız ondan ibarətdir ki, biz öhdəliyimizi icra etmişik və buna görə də bu əsasa görə də iddia rədd edilməlidir, ərizədə iddia müddətinin tətbiqini nəzərdə tutmamışıq.

35. İddia tələbinin digər hissəsini gecikdirilmiş vaxt üçün hesablanmış 2323,77 manat faiz borcunun cavabdehdən tutulması təşkil edir.

36. Məhkəmənin qənaətinə əsasən iddia həmin hissədə təmin olunmalıdır. Belə ki, borc məbləğinin ödənilməsinin gecikdirilməsi aşkardır. İddiaçı 2 il müddətə gecikdirilmə üçün 5%-lə hesablanmış məbləğin (23237,69x5:100x2il=2323,77) tutulmasını tələb edir. Ona görə də iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməli, cavabdehdən gecikdirilmiş vaxt üçün hesablanmış 2323,77 manat (iki min üç yüz iyirmi üç manat yetmiş yeddi qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.

37. İddia tələbinin digər hissəsini cavabdehdən 2330 manat cərimənin tutulması təşkil edir.

38. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun cərimənin tutulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən satıcı ödənişin gecikdirildiyi hər günə görə müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər.

39. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh MMC-dən 1000 (min) manat məbləğində cərimə məbləği iddiaçının xeyrinə tutulmalıdır.

40. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.

41. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165,40 manat (yüz altmış beş manat qırx qəpik) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 23237,69 manat (iyirmi üç min iki yüz otuz yeddi manat altmış doqquz qəpik) borc, 1000 (min) manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 2323,77 manat (iki min üç yüz iyirmi üç manat yetmiş yeddi qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165,40 manat (yüz altmış beş manat qırx qəpik) olmaqla, cəmi 26726,86 manat (iyirmi altı min yeddi yüz iyirmi altı manat səksən altı qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar