Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7973/2025 11.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, iddia müddətinin axımının kəsilməsi, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 750 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi imzalanmışdır. Qeyd olunan alqısatqı müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıdan müxtəlif mallar alınsa da, həmin malların dəyərinin cəmi 750 manat məbləğində olan hissəsi hazırkı vaxtadək cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Göstərilən məbləğdə malların cavabdeh tərəfindən qəbul edilməsini malların təhvil-qəbul aktları da bir daha sübut edir. Ödənişin həyata keçirilməsi üçün cavabdehə 827432 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə də göndərilmişdir. Ödənişin edilməsi ilə bağlı dəfələrlə cavabdehlə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin cababdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Daha sonra cavabdehin elektron kabinetinə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilmiş, lakin cavabdeh həmin məktubu rəsmi şəkildə qəbul etsə də, borcunu ödəməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443.1, 448.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi X2 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə sonuncu üzləşmə aktı tərtib edilmiş, borc məbləği 7225,1 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən edilən ödənişlər nəticəsində yekun borc 750 manat təşkil etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 225,1 manat ödəniş edilmişdir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, cavabdeh tərəfindən iddia müddətinin axımının kəsilməsi hesab edilən etirafedici hərəkətlər edilmiş, sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. xx.xx.2023-cü il tarixdə hər hansı ödəniş edilməmişdir, kassa mədaxil orderində cavabdehin nümayəndəsinin imzası mövcud deyildir. Üzləşmə aktının tarixindən götürdükdə də iddia müddəti keçmişdir.
8. Cavabdeh nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iddia tələbi üzrə məhkəmə çəkişməsi aparıla bilməz. Belə ki, iddiaçı iddia ərizəsini qanunvericiliklə nəzərdə tutulmuş müddəti keçirməklə vermişdir. 11 yanvar 2021ci il tarixli məhsulların alqı-satqı müqaviləsinə əsasən 28 sentyabr 2021-ci il tarixində EBBJ 827432 seriya və nömrəli elektron qaimə ilə iddiaçı tərəfindən 2 808,51 manat dəyərində müxtəlif qida məhsulları cavabdehə təqdim edilmişdir. Beləliklə, müəyyən edilir ki, iddiaçı öz iddia ərizəsini müqavilədən irəli gələn öhdəliklər üzrə malları təqdim edildiyi gündən 4 il keçdikdən sonra, yəni 25 sentyabr 2025-ci il tarixində vermişdir. Məhz bu səbəbə görə – iddia müddəti keçdiyindən iddiadan məhkəmə qaydasında imtina edilməlidir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli məhsulların alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı mülkiyyətində olan müxtəlif növ malları cavabdehə satmaqla onun mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında 12 aprel 2022-ci il tarixdə borcların qarşılıqlı üzləşməsi aparılaraq cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə olan borcu 7225,1 manat kimi təsdiq edilmişdir.
13. İddiaçı xx.xx.2021-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 750 manat məbləğində pulun tutulmasını tələb edir.
14. Cavabdeh iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini tələb edir.
15. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
16. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
19. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
20. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
21. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
22. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
23. Cavabdehin iddia müddətinin ötməsi ilə bağlı dəlillərinə münasibətdə isə aşağıdakılar qeyd edilməlidir.
24. Əvvəla, göstərilməlidir ki, iddia müddəti cavabdehin iddiaya qarşı fərdi hüquqi müdafiə vasitəsidir. Bu mənada iddia tələbinin faktiki əsasına iddia müddətinin ötməməsi halı daxil deyildir. İddiaçı isə iddia tələbinin faktiki əsasına daxil olan halların mövcudluğu ilə bağlı sübutlar təqdim etməlidir və hazırkı iş üzrə qeyd olunan sübutları təqdim etmişdir. Bu səbəbdən də etirazının əsası kimi istinad etdiyi iddia müddətinin ötməsi halının sübut edilməsi vəzifəsi məhz cavabdehin üzərinə düşür.
25. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
26. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
27. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
28. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).
29. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
30. Lakin mülki qanunvericilikdə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hallar da nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
31. İş materiallarında görünür ki, 12 aprel 2022-ci il tarixdə tərəflər arasında qarşılıqlı üzləmə aktı tərtib edilmiş, cavabdehin nümayəndəsi həmin aktın mötəbərliyini mübahisələndirməmişdir.
32. Belə olan halda həmin akt borcun etiraf edilməsini göstərən hərəkət kimi şərh edilməlidir.
33. Digər tərəfdən, iddiaçının təqdim etdiyi kassa mədaxil orderlərinə əsasən xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 225,1 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 150 manat ödəniş edilmişdir.
34. Sonuncu ödənişin xx.xx.2023-cü il tarixdə edilməsi iddia müddətinin axımının kəsildiyini, xx.xx.2023-cü il tarixdən yenidən başladığını göstərir. Müqavilə tələbləri üzrə iddia müddətinin 3 il təşkil etdiyi, iddiaçının isə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi nəzərə alınarsa, sonuncu tərəfindən iddia müddəti ötürülməmişdir.
35. Eyni zamanda iddiaçının müddətin kəsilməsinə səbəb olan ödəniş sənədi kimi təqdim etdiyi kassa mədaxil orderlərini cavabdehin mübahisələndirdiyini nəzərə alan məhkəmə, cavabdehə sonuncu ödəniş, ümumiyyətlə, üzləşmə aktı tərtib edildikdən sonra ödənişlərin edilmə qaydası və müddətləri barədə məlumatların və onları təsdiq edən sənədlərin təqdim edilməsini təklif etsə də, sonuncu fəaliyyətini dayandırdığına, sənədlərin saxlanılmadığına istinad edərək hər hansı sübutu məhkəməyə verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borcu etiraf etməsini təsdiq edən kassa mədaxil orderlərinin mötəbərliyini şübhə altına alan cavabdehin mövqeyi əsassızdır.
36. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
37. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
38. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
39. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
40. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
41. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2021-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 750 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
42. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
43. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
44. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
45. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMCyə ödənilməlidir.
V. Nəticə:
47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 750 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova